Məmməd Arazın dəhşətli həyat
hekayəsi: “Ömürdən yarpaqlar”
Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...
(Əvvəli ötən saylarda)
17 aprel - Kitabın arasından Naxçıvanla bağlı iki məktub çıxdı. Bu məktubları naxçıvanlı Vaqif bəylə (şair), ayrı bir qız Naxçıvanda mənə vermişdilər. 12 mart Naxçıvandakı görüşdə Vaqif belə çıxış etmişdi: Lap cavan yaşlarda Məmmədə Məmməd əmi deyirdik. Məmməd əmi, bu gecə sizin 68-ci ildə mənə yazdığınız məktubunun surətini indi sizə təqdim edirəm.
Məktubun məzmunu belə idi:
“Hörmətli Vaqif!
Səmimi salamlar, zəhmət çəkib mənə məktub yazdığınıza görə təşəkkür edirəm, ancaq gec cavab yazdığım üçün üzr istəyirəm, çünki burada yox idim. İndi də bir qədər xəstəyəm və müalicə ilə məşğulam. Sizə dediyiniz şeirləri göndərə bilmirəm. Onu deyim ki, həmin şeirlər və başqa yazılarım “Ömür karvanı” adlı kitabımda bu yaxınlarda çapdan çıxıb. Yəqin ki, Naxçıvana gəlib çıxar. Sonra qismət olsa həmin kitabı avtoqrafla sizə verərəm. Hələlik: Məmməd İbrahim
Bakı. 7. 2. 68”
O biri oxucunun Məmmədə verdiyi məktub isə şeirlə başlanmışdı:
Baş əyirik Məmməd Araz böyüklüyü önündə biz,
Zəhmətindir, qürurundur, bu müstəqil dövlətimiz.
Yaşa xalqım, Azərbaycan
Vətən oğlu Məmməd Araz.
Zaman səndən ötüb keçdi
Sən zamanla qocalmadın.
Dərdlər əydi vaxtsız səni-
ürəyinlə bacarmadın.
Min taleyə boyun əydik, Araz boyu
Kədər səpdin öz
ömrünə ömrün
boyu.
Ulu torpaq!
Doğma
diyar, ayağa qalx!
Azərbaycan, Ana Vətən! - ayağa
qalx!
Bəşəriyyət elim-obam,
Qızım-oğlum, anam-bacım, ayağa qalx!
Vətən oğlu - vətəndədir
Məmməd Araz - vətəndədir
Məmməd Araz varlığı
ilə
Nəfəsimdə, səsimdədir.
Sevinc yaşı gözlərimdə,
Sevgim bitməz ürəyimdə.
Məmməd Araz görüşündə,
Bütün dünya mənimlədir!
Azərbaycan mənimlədir!
Dahi şəxsiyyət! - ulu nəsldən bəşəriyyətə
bir varlıq gətirən Vətən
oğlu!
Doğma
torpağımızın müqəddəs,
unudulmaz, yenilməz qürurlu şair oğlu, Məmməd Araz! Bu ad sənətsevərlərin,
vətənsevərlərin ürəyində daim var olan, düşünən,
qürur duyan, fərəh hissi ilə yaşanan bir addır.
Ən gözəl nəğmələrin
səsində dinləyirik
bu adı, ən şirin laylaların mürgüsündə
duyuruq bu əziz, bu doğma
Vətən oğlumuzun
adını!
Yazı
burada bitir. Çalışıram həmin
məktub verilən anı yadıma salam. Bu bizə ramkada özünün çəkdiyi şəkli
verən qız idimi. Yadıma sala bilmədim. Bu yadıma düşdü:
Bir qadın görüş qurtarandan sonra mənə yaxınlaşdı
və ucadan dedi: - Xoşbəxt qadınsan!
Hansı
mənada, bilmədim.
Nə isə... keçmişə qayıtdım.
19-20 aprel - Yenə də yarımçıq
misralar əlimə keçdi:
Çoxdandır qaralmır ağ
varaqlarım
Söz ilə üz-üzə oturmaq çətin.
- Yarımçıq misralar
deyib dad qılırsan.
Söz hər qələmin çağrışına səs verib, hər varağa ayaq
qoymur. Söz qolu qatlanmaz gücdür, ilahi bir
varlıqdır. Söz Füzuli sözüdür, Sabir
sözüdür. Sabir baba hansı mövzuya əl atıbsa,
onu əlçatmaz edib. Yurdumuzda nə qədər söz abidələr
yaranıb. Onlardan sonra təzə söz demək çox
çətindir. Füzuli
gör nə deyib, necə deyib:
“Kimi kim
bivəfa dünyada gördüm - bivəfa gördüm”...
Allah,
Allah, sözün tutumuna, fikrin yükünə bax. Adi
görünən bu deyiliş nə qədər qeyri adidir.
Bədii
söz bəşərin ixtirasıdır. Məncə,
sözdən uca zirvə yoxdur.
Mən
demişəm: “Azərbaycan deyiləndə ayağa dur ki!”
- Sənətin
ayağa durğuzmaq vəzifəsi çox mürəkkəbdi,
çətindi. Bu, o zaman olur ki, sənət dili qeyri-adi
danışıq dilini elə cilalayır, elə yöndəmə
salır - daş yerindən tərpənir, çay nəğməsini
kəsib sənə qulaq asır, ürək eşidir, beyin
görür, göz danışır...
Bütün
ağrıları, dəhşətləri gərək
düz yazasan. Poeziya yalan sevmir, ən yüksək “bədii”
yalan belə çılpaq həqiqət önündə
duruşunu itirir.
Həyat
heç vaxt istedadın yoluna xalça, kilim döşəmir.
Çox vaxt mərmərlə üz-üzə gətirib “yar
- keç” deyir. Əsil ədəbiyyat həmişə
öz zamanında da müasir olmuş, dövrünü sənətin
süzgəcindən keçirib dövrünə göstərmişdir.
Ədəbiyyat
tarix olandan sonra onu varaqlayan əsrin adamı birinci növbədə
öz zamanını necə əks etdirdiyini həmin ədəbiyyatdan
soruşacaqdır. Poeziyanı yalanın köləsinə
döndərmək istəyən müəllifdən səmimi və təbii şer
hürküb qaçır, ilham didərgin düşür...
Bu
günün poeziyasında bu gün olur.
Nə
yaxşı, Məmməd, axır vaxtlar mənimlə
söhbətlərin yaman tutur...
A.Blok
demiş: “...Şairə hər şeyi bağışlamaq
olar, zamanın ruhunu təhrifdən başqa...”
Rejissor
Rövşən Almuradlı Naxçıvanda çəkilən
kadrlara baxıb oradan heç nə götürə bilməyəcəyini
söylədi:
-
Gülxanım bacı, mənim beynimdə çox şey
hazırdır. At üstündə, yarıçılpaq,
gözləri işıldayan bir uşaq götürmək istəyirəm.
Dağdan qırmızı almalar üzü aşağı
töküləcək. Qəribə bir şey olacaq və
mayın 15-dən çəkməyə başlayacağam.
Əlimdə Abbas Zamanovun filmi var.
Ürəyimdə
yalan olmasın, dedim.
23-25 aprel
- Dünən danışılmışdı ki, sabah saat 5-də
Əli Həsənovun qəbulunda olmalıyıq. Getdik.
Əli müəllim gəlişin səbəbini soruşdu:
- Əli
müəllim, Məmmədin bir dərdi var, o da “Azərbaycan
təbiəti” jurnalını yaşatmaq arzusu.
Bir az
keçəndən sonra Məmməd aydın
danışdı və söhbətləri baş tutdu.
Əli müəllim söz verdi ki, jurnalın çapı
üçün nə lazımdırsa onu edəcəkdir.
Əlimə Nəriman Həsənzadənin
Məmmədə vurduğu teleqram düşdü. Məmmədin
ad gününə vurulmuşdu.
“Ad
günün mübarək, bu da bir zarafat. Yaşa şeirimizin
şah qolu, yaşa ilhamlı ürək. Vətən Məmməd
deyir, Məmməd.
Nəriman,
Nazim Həsənzadələr.”
Bu teleqram
Məmmədin 65 yaşının təbrikinə aid idi. Səmimi
sözlər olduğuna görə yazdım.
13-14 may -
Bu gün işdən gələndə İsa Həbibbəylinin
çap etdirdiyi fotoalbomdan 10 ədəd, arasında da
İsanın məktubunu gətirdi:
“Əzizimiz
Məmməd müəllim!
Nəhayət
ki, borcumu yerinə yetirib albomu çap etdirdim. Gülxanım
müəllimənin danlağından qurtara bilsək,
çox yaxşıdır. 10 ədəd kitab sizə göndərirəm.
Məncə, pis çıxmayıb. Vaxtımın az,
işimin çox olduğunu nəzərə
almağınızı xahiş edirəm.
Təəssüf
ki, kitabda bir neçə yerdə orfoqrafiya səhvi gedib.
Kitabımız
mübarək olsun!
Sizə
möhkəm can sağlığı, uzun ömür və
daha böyük yaradıcılıq uğurları arzu edirəm.
Şəkillərin
qalan hissəsi az vaxtda sizə çatacaqdır.
Görüşənədək.
Dərin
hörmətlə: İsa Həbibəyli .
12.5.99”
Bu gün Hikmət Ziya yadına
düşmüşdü:
- Hikmət
həmişə mənə deyərdi ki, əmi, mənə
də bir şeir həsr elə.
-
Yazdın ki.
- Hə,
yazdım. Mən ona təmsil janrının
aparıcısısan deyirdim. Bu sözdən yaman xoşu gələrdi.
20-21 may -
Neftçaladan İmamverdi müəllimin oğlu bizə gəlmişdi:
- Məmməd
müəllim, mənə atam da, icra başçısı
Seyfəddin müəllim də dedilər ki, get, Məmməd
müəllimdən bir xəbər bil, vəziyyətini bizə
de. Deyəsən, rayonda görüş keçirmək istəyirlər. Məmməd müəllim,
böyük adamsınız. Yeganə şairsiniz ki, sizi həm
iqtidar, həm də müxalifət çox istəyir.
Məmməd
razılıq etdi:
-
İmamverdi müəllimə salamımızı yetir, de ki,
biz onun xətrini çox istəyirik.
Sonra
Etibar məndən Məmmədin kitabını və şəklini
istədi:
- Müəllimə,
şəkli böyütdürüb divarda vuracağam.
Xahişini
yerinə yetirdim.
Aşıq
Muradın bir cümləsi yadıma düşdü:
Dağlar
ağlamasa aran yanar...
Gözəl
fikirdir. Yarımçıq misralar:
Nəfsimiz
cütləşdi tamahımızla
Mənəmlik
hissi də elə sürüşkən...
Bic də
oldu, gic də oldu mənəmliyimiz
Uçurduq,
dağıtdıq təbərrük nə var...
Əlimiz
çatmadı, - ayağımızla
Və ya
Zirvədən
oyana dağ yoxdur
Məzardan
oyana insan evi.
- Məmməd,
yarımçıq misraları işlə də.
Acıqlı-acqlı
cavab verdi:
- At o tərəfə.
23 may -
Vaxtı yadımda deyil. Azərbaycan respublikası gənclərinin
II ümumrespublika forumu keçirilirdi. Rauf Məmməddən
xahiş etdi ki, foruma teleqram yazsın. Teleqramın mətni:
“Azərbaycan
gənclərinin II ümumrespublika forumu toplanışı
iştirakçılarına!
Əziz gənclər,
hörmətli dostlar! Yurdumuzun möhtəşəmliyi, milli
müstəqilliyimizin daha da möhkəmlənməsi naminə
keçirdiyiniz toplanış üçün sizi ürəkdən
təbrik edirəm. Hər hünərli addımınız,
xoşməramlı çıxış və
çağırışlarınız, inamlı təkid və
tələbləriniz xalqımızda böyük inam
yaradır. Belə qeyrətli və qüdrətli gəncləri
olan xalq məğlubedilməzdir.
Sizi
alqışlayıram, hörmətli Prezident! Sizi bir daha təbrik
edirəm, gənc dostlar!
Vətən
oğlu, qılıncını ayıq saxla!
Məmməd
Araz.”
Lakin sonra
teleqramını kiməsə verməyi lazım bilmədi.
24-28 may -
Yenə də yarımçıq misralar? Oxu görək:
Mən
özümü qurban verdim gözəllərə,
Duya bilmədim
çəkdiyin cəfanı, gülüm.
Yoxluğu
varlıq varlığı yoxluq
Bu necə
insandır tanıyırmıyam
Və ya
Ölümün
qapısı üzümə açıq,
Son
ölüm zəngi var
Ya da
Hayıf
bu ömrə, hayıf bu yaşa,
Çatır
bir gədiyi aşası canım
Dedilərmi:
Cabir qardaş, qısa elə:
Kürsüdə
bu çıxışları
Dedilərmi:
Almaniyada şairlər
çox
az danışır.
-
Çox yaxşı.
- Amma tam
deyil axı.
- Onun
gözəlliyi elə tam olmamasındadır.
- Bəs
burda nə demək istəyirsən?
Yeddi Vətən
çiçəyi, yeddi Vətən əsgəri...
- Nə bilim...
Altmış
üçdə oğlum oldu,
Bir
cüt oğlum
Bir
gündə mən paralanıb
Üç
adam oldum.
- Bu isə
əkizlərimizə aid idi.
İsa Məmmədi
təbrik etdi:
- Belə
bir gündə İstiqlal şairinin hüzuruna gəlib onu
bayram münasibətilə təbrik etməmək olmaz.
- Niyə
görünmürsən, ay İsa.
Rüstəm
Behrudi söhbətə qarışdı:
- Məmməd
müəllim XX əsrin poeziya dahisidirsə, Heydər
Əliyev siyasət dahisidir.
Sonra
Rüstəm üzünü mənə çevirdi:
-
Gülxanım bacı, nə yaxşı güllərin var? Mən
hər Türkiyəyə gedəndə oradan ancaq gül gətirirəm.
Sənə də verərəm.
1-2 iyun -
Söhbətarası Aydın, Rauf və Elman bildirdilər ki,
bir qrup gənclər təşkilatı tərəfindən
televiziya başçısına müraciət edilib ki, Məmməd
Araz haqqında sənədli film çəkilsin.
- Bəs,
Rövşən lirik klip-film çəkməli idi. O necə
yalan çıxdı?
- O da
bunun içində gedir, sənədli film çəkiləndə istifadə edəcəklər, -
dedi Elman.
- Məmməd,
bütün nisyə söhbətlərə son qoyaq, gəl
yarımçıq misralar səni dindirsin.
Danışa
bileydim şehin dilində,
Qoparım
günəşdən bir az təbəssüm
və ya
Bir dost tərifi
üçün susuzlamışam
Bir
qız gülüşüçün susuzlamışam.
- Məni
bu misralar dindirmədi...
5-6 iyun -
Çöldə ayaqaltını qaldırıb süpürmək
istədim. Altından ərəb əlifbası ilə
yazılıb qətlənmiş bir kağız
çıxdı. Nə mən, nə də Məmməd ərəb
əlifbasını bilmədiyimiz üçün
kağızdakı sözlərin məzmunun bilmədik.
Cırıb atdım.
Saat 5-də Sumqayıtda Mayıl adlı bir doktorun bağına qonaq getdik. Çox səmimi bir görüş oldu. Həkimin oğlu balaca Allahverdi rusca oxuduğuna baxmayaraq Məmmədin “Araz axır” poemasından bir parçanı əzbər söylədi. Bir azdan Sabir Rüstəmxanlı da gəldi. Söhbət əsnasında Sabir bildirdi ki, Məmmədin yaradıcılığında birdən-birə sıçrayış oldu. Amma Sabirin bu sözlərinə orada iştirak edənlərin hamısı etiraz etdi. Dedilər ki, Məmməd elə ilk qələmdən yaxşı yazmağa başlayıb.
(Ardı var)
Təzadlar.- 2014.- 1 aprel.- S.10.