Məmməd Arazlı günlərin kitabəsi:
“Ömürdən yarpaqlar”
Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...
(Əvvəli ötən saylarımızda)
14 iyun - Dünən prezidentə yazdığı teleqramı poçta apardım. Televiziyada gürcülərlə dostluqdan danışılırdı. Məmməd təəssüflə dedi:
- Onlar heç vaxt bizimlə ürəkdən dostluq etməz.
Həyətdə skamyada Şahmar Ələkbərzadə ilə oturub söhbətləşirdilər. Şahmar dilləndi:
- Beyləqan tərəfdə bir qrad alayımız var. Deyirlər ki, ora hər gün neçə ton benzin göndərilir, amma bir litr də gedib ünvanına çatmır. Satılır, pulu xüsusi ciblərə gedir. Əgər sabah ermənilər hücum etsələr oraları da bir göz qırpımında ala bilərlər. Eyni zamanda, bizi öz silahımızla vurarlar. Mən bunların şahidiyəm. Komandirlər əsgərləri evə buraxıb pul alır, yer boş qalır. Eh, nə qədər yazaq, nə qədər deyək, Məmməd müəllim. Xudu, Zeynal müstəqilliyimizi görmədi. Xududan soruşdum, niyə Türkiyəyə getmirsən? Cavabı bu oldu: Qorxuram ki, ürəyimdəki Türkiyəyə xələl gələr.
Şahmarın dərdi açılmışdı, ürəyini boşaltmağa çalışırdı:
- Füzulinin yubileyi əvəzinə Vaqifin, Zakirin yubileyini keçirsinlər, YUNESKO-nu da çağırsınlar, desinlər, hanı Vaqifin, Ələsgərin qəbri?
Danışa bilmədiyinə görə Şahmarın suallarına baş yelləməklə cavab verirdi, Məmməd.
Şahmara Məmmədin yarımçıq misralarını oxudum...
Mənim məhkəmə zalım
Orada özümü ittiham edirəm.
Şahidlər çağırıram,
Kitablar şahidim olur.
və ya
Havada buludda dərələr açmaq.
ya da
Qoyma məndən sonra qala dünyanı.
- Sənin də elə dərdin yarımçıq misralardır - sözümə acıqlandı Məmməd.
Sonra da Şəmkirə vurulacaq teleqramı köçürməyi tapşırdı:
“Şəmkir rayonu icra başçısı
Aslan Aslanov cənablarına
Hörmətli Aslan müəllim, Şəmkirdə çox yüksək səviyyədə keçirilən incəsənət işçilərinin yığıncağı, görüşü, gözəl bayram təntənəsi üçün, ilk növbədə Prezidentimizi, sizi və bütün Şəmkir camaatını ürəkdən təbrik edirəm. Əvvəldən-axıra qədər baxdım, hamısı əla, hamısı alqışa layiq. Bu, Şəmkir səhnəsindən xalqa bir daha göz aydınlığı idi. Sizə dərin hörmətlə.
Məmməd Araz.
15 iyun 1999- cu il.”
16 iyun - Yer üzündə Əlağa Kürçaylı var idi, şair idi, əsl şair, mahnısı da oxunur... “Hara getsən gələrəm, təki sən səslə məni”. Dili köntöy idi. Amma axtarışlı şair idi, yaxşı fikirləri vardı. Amma Əliağa son illər təklənmiş, tənhalaşmışdı. “Azərnəşr”də işləyəndə bəzən tənəffüs vaxtı onlara gedərdim. Yaxşı balıq bişirərdi. Zahirən çox sağlam görünərdi, amma gözlərində dərin bir kədər, izah olunmaz məzhunluq vardı. Özlüyümdə onu səhra ağacı narbəndə oxşadardım. Elə bil sonsuz bir düzəndə tək qalmış nəhəng ağaca bənzərdi. Mübariz idi, qorxmazdı. Sözü üzə deyən idi.
Mən dünyada insana yönələn, ağaca qıcanan tənhalıqdan iti balta tanımıram.
Ümumiyyətlə, yaxşı adamlar başqasının yerini tutmaz, öz yerlərini səxavətlə əlsiz-ayaqsızlara verməyi bacarar. Təbiətdə də böyüklər ekoloji tarazlığı qoruyanlardır. Fil zəhmi, fil təmkini, fil səbri öləndə çaqqal, tülkü dərəbəyliyi meydana çıxır; xırda yırtıcılar böyük fəlakətlərin “müəllifinə” dönür. Bu sözləri Əlağaya da şamil etmək olar. Nədənsə həyatda yaxşılar həmişə tək qalır...
22 iyun-Ağalar telefonla dedi:
-Gülxanım bacı, Məmməd müəllimi narahat eləmə, istəyirik ki, “Yol ayrıcında söhbət” kitabı əsasında bir veriliş hazırlayaq. Televiziyada hamı razılıq verib. Ssenarisini mən yazmışam. Rejissoru Kazımovski olacaq. 27-28-i gəlib Məmməd müəllimi çəkmək istəyirik. Şeirləri mən və Azad oxuyacağıq. Biz təbiətin qoynunda çəkiləcəyik.
- Sənə təzə bir əhvalat danışım, - dedi Məmməd. Kommunistlərin iclasında Səmədin də məsələsini müzakirə ediblərmiş. İclas vaxtı Səməd Vurğun yerindən danışanlara replika atıb. Onda Bağırov amiranə Səməd Vurğuna zalı tərk etməyi təklif edir.
Səməd cavab verir:
- Sən də kommunistsən, mən də. Mən zaldan çıxsam, sən də çıxmalısan...Və zaldan çıxmayıb. Bu məsələni Nurəddin Babayevdən eşitmişəm.
- Səməd düz edib, bir ölüm üçün niyə cəsarətindən keçməli idi ki?
- Məsələ ölməkdə deyil, adamın abrını aparırlar, o, ölməkdən də pisdir.
26-30 iyun - Çəkiliş qruppası ilə gələn Ələkbər Kazımovski dedi:
- Mənim məqsədim Məmməd müəllimi
müxtəlif formalarda çəkməkdir.
Ağalar ssenarini
yazıb çoxdan, 6 aydan artıqdır ki, verib.
Sonra çəkilişə başladılar
və saat 1-ə 15 dəqiqə qalmış
çəkiliş qurtardı.
Araz Elsəs Məmmədin görüşünə gəlmişdi.
Xaricə aparmağa latın qrafikasında ona 20 kitab verdim:
- Araz, Məmmədin şeirlərini oradakı
azərbaycanlılar oxusa
ən qatı vətənpərvər olarlar.
- Ya qismət, bir də Azərbaycana
gəlib Məmməd
əmi ilə görüşə biləcəyəmmi?
- təəssüfləndi Araz Elsəs.
Axşam
xəbərlərində Yaqub
Zurufçu danışırdı:
- Bakıya bu dəfə gəlişimin
əsas səbəbi Məmməd Arazın və Tofiq Quliyevin
disklərini buraxmaqdı.
Məmməd müəllimin
sözlərinə yazılmış
mahnıları disk şəklində
buraxdırmaq istəyirəm.
Ağaların dedikləri:
- Məmməd müəllimə
xəbər ver ki, bu gün
şeirlərin oxunuşunun
da çəkilişi
qurtardı. Bir dostumun bağ evində çəkiliş
oldu. Çox gözəl süjet alınıb, lap kino kimi. Gülxanım bacı, sən təzə şeirləri
köçürt mənə
ötür.
6 iyul - İsa yenə də Məmmədin şeirlərini
əzbər deməyə
başladı:
Qurda quzu desəm - bu, qurd arzusu,
Yazığlıq bacarır cəllad
olanlar.
Quzuya qurd desəm - istəməz quzu,
Yazıqlar!
Hər dəmdə yazıqdı onlar.
Taleyim,
taleyin hökmünü çağır,
Ömrümə
qış verdi - qarı yarımçıq...
Könlümə
üz tutdum yır-yığış çağı,
Baharı
yarımçıq, yarı-yarımçıq....
Hardasa
işıqdan çələng toxunur,
Hardasa səsimə
dağ qulaq asdı:
Nə
yaxşı dost sözü palıd toxumu,
Nə
yaxşı tikanı becərən azdı!..
İsanın
oxuduğu “Tikansız yazılar” şeirini dinlədikdən
sonra Məmməd dedi:
- Qeyri-təvazökarlıq olsa da
yazdığım bu şeir bir kitaba dəyən şeirdir.
-Əziz
Şərifdən söhbət düşdü:
- Əziz
Şərifin sənə yazdığı məktublar arxivdə
durur. Bu boyda kişinin adını çəkən də
yoxdur. Yaradıcılığı da itib-batdı.
Böyük bir arxivi vardı deyirdin. Hanı onlar? Yəqin
arvadı başqa millət olduğuna görə heç
arxivə də fikir verməyib. Nəyinə lazım idi bu
millətin mədəni irsi onun. Deyinməyimə fikir vermədi.
- Əziz
Şərif bütün ədəbi məclislərdə
deyirdi ki, “Millət necə tarac olur olsun” şeiri Sabirin yox,
Mirzə Cəlilindir. Və ölənə qədər də
bu əqidədə qaldı. Yadımdadır, bir məclisə
məni də çağırmışdılar, orada Şixəli
Qurbanov da vardı. Ən cavanı mən idim. Həmin məclisdə
də mübahisə düşdü. Əziz Şərif yenə
də öz sözündə
qaldı. Sübut edirdi ki, şeir Mirzə Cəlilindir.
Ən gözəl ziyalımız Abbas müəllim həmişə
Azərbaycandan kənarda yaşayan adamlarla əlaqə
yaratmağa çalışırdı. Əziz Şərifi
gündəliyinin çapına mən həvəsləndirmişəm.
Başqa millətlə evlənənlərə deyərdim, öz millətinizdən al. Səndən
qabaqdakıların aqibəti sənə də dərs olsun.
Şeirimdə də demişəm:
“Aldansan
bu yurdun qızına aldan
Onun da and
yeri bu yurd oğludur”.
Mənim
“Naməlum qəhrəman” şeirim də Adil Əfəndiyevə
həsr olunub. Bunu bil. Çox gözəl insan idi Adil müəllim.
Qol çəkəndə deyərdi,
“Bu, həm qanunsuzdur, həm də qanunidir”.
9 iyul - Məmməd,
əla demisən:
İş
üstündə boğazıma
Yaman
keçdi zalım oğlu
Çayımı
da qabağımdan
Alıb
içdi zalım oğlu.
Bu,
boşboğaz şeirindəndir?
- Hə,
çap etdirməmişəm.
10 iyul -
Azərbaycan xalqının qonaqpərvərliyindən söhbət
gedirdi. Məmməd belə bir əhvalat danışdı:
- 78-ci illər
idi. Bakıda Sovet ədəbiyyatı günləri
keçirilirdi. Rusiyadan gələn qonaqları qruplara
bölüb yerli yazıçı və şairlərə
tapşırmışdılar, o cümlədən mənə
də. Onda Əliyev bizi çağırıb
tapşırdı ki, ehtiyatlı olun, çox yedirtmiyin, sonra
bizdən haqq-hesab istəyirlər, deyirlər, sizin
üçün bu qədər hardandır?
Yadımdadır
Astavyev familli bir yazıçı da mənə həmin
sualı verdi. Başa saldım ki, bizim xalqın adətidir.
Özü yeməyib qonağa verər. O, özünü elə
göstərdi ki, sözümə inanır, əslində
bizi dövlətli, rusları isə kasıb
görürdü. Ağızdolusu
danışdığımız bu axmaq adətimiz bizə həmişə
baha başa gəlib.
11-13 iyul
- Məmməd, keçid dövrü deyirik. Bu dövrün sənəti,
ədəbiyyatı da keçid dövrünü
yaşayır deyə bilərikmi?
- Vallah, mən
bunu harasa qeyd etmişəm. Bu saat sənət və sənətkar
özü də qeyri-müəyyən vəziyyətdədir.
Sənət həmişə hadisələr tarix olandan sonra
onu yaxşı görür. Sənətin bu saatkı
yaxın məqsədi o olmalıdır ki, vətən
keşiyində, torpaq keşiyində durmaq öyrənsin,
durmaq öyrətsin. Öyrətsin ki, qabağa düşəndə
kimi arxanca aparırsan, arxada gedəndə kimin arxasınca
gedirsən.
- Arxivdə
səndən götürülən müsahibələrin bəzilərinin
sualları, bəzilərinin isə cavabı yoxdur, onlar necə
olsun?
-
Suallsız cavabları yaz, onlar tam fikirlərdir, nə olsun ki,
sualı yoxdur. Cavabdan aydın olacaq ki, söhbət nədən
gedir.
Məmmədi
massaj edən həkim Mürsəl çoxdandır gəlmirdi.
Gələndə soruşdu:
- Bu
gün də gəlməsəydim nə edərdin?
-
Ağlayardım - cavabını verdi Məmməd.
Mürsələ
bu söz yaman ləzzət vermişdi.
Telefon səsləndi:
“Xalq vətənpərvərlər
partiya”sındandır. Məmməd müəllimin ad
günün təbrik edən məktub yazmışıq, onu
necə çatdırmaq olar?
- Ay
oğul, Məmmədin doğum günü 14 oktyabrdır, o
vaxt qeyd edirlər. Həmin gün
çatdırarsınız.
- Bəs
kalendarda 15 iyul gedib?
- Bilmirəm,
kim yazıbsa səhv yazıb.
29-30 iyul
- Yaqub Zurufçunun səsi
eşidildi:
-
Xanım, Məmməd əminin iş yerinə getmişdim,
yox idi. Hardasınız, gəlib çıxın da. Allah
qoysa zəngləşib sizə gələcəyəm.
“Yeni Müsavat” qəzetində Sabir
Rüstəmxanlının müsahibəsi verilib. Həmin
yazıdan bəzi yerləri qeyd edirəm: “...Sabir AXC-nin 10
illik yubileyində hərəkatın əsasını qoyan
İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Məmməd
Araz və özünün unudulmasını
bağışlanmaz sayır.
Hərəkata
dəxli olmayan adamların hərəkat qəhrəmanı
kimi, bəzi AXCP liderlərinin türk dünyasının
lideri kimi təqdim olunmasını da anlaşılmazlıq
sayan Sabir Rüstəmxanlı:
“Hərəkat vaxtı evindən çölə
çıxmayanlar, hərəkata mane olmaq istəyənlər
bu gün özlərini hərəkat qəhrəmanı kimi
təqdim edirlər” - verilən suala cavab verdi: “Yeni
Müsavat”ın əməkdaşının “onlar hazırda
AXCP rəhbərliyində təmsil olunublarmı?” sualına
Sabirin cavabı: “Vaxtilə AXC-in adından qorxan AXC-in əleyhinə
yazan bəzi adamlar bu dəqiqə özlərini AXC-in
ideoloqları kimi təqdim edirlər”.
Yazının müəllifi Nadir Azəridir.
(Davamı var)
Təzadlar.- 2014.- 3 aprel.- S.6.