Bizdən salam olsun Musa Yaquba”

 

 

 

Şair Sabir Arazlı Özgünün bu ada olan poeması xırda nöqsanları ilə bərabər məşhur şairimiz Musa Yaquba və Qarabağa, qaçqın və məcburi köçkünlərə, onların ilk vaxtlar çadrlarda yaşanmış məşəqqətli həyatlarına həsr olunan gözəl sənət əsəridir

 

 

 

 Nəhəng, azman şairimiz Musa Yaqub “Xalq şairi” olmasa da, xalqın şairi olduğu şəksizdir. Ömrünün 77-ci baharını yaşayan, təbiət şairi Musa Yaqubu elə yeriyən dağ da adlandırmaq olar. Çünki Vətənin dağlarını, dərələrini, qayalarını, meşələrini, bulaqlarını vəsf edə-edə özü də sanki dağlaşıb, qayalaşıb, daşlaşıb, durulub bulaqlaşıb və Vətənin özü olub. Sonra isə ustad şairimiz Məmməd Araz demiş Vətən daşı olduğundan ölkənin ən məğrur, əyilməz vətəndaşına çevrilib.

 

 

Musa Yaqub yeriyəndə sanırsan ki, nəhəng bir qaya parçası yerindən qopub hərəkət edir. İndi görüm təbi dayazlar, mənəviyyatı cılızlar, nəfsinin quluna çevrilmişlər bu “qaya parçası”nın qabağında dura bilərmi? Əlbəttə, yox! Elə ona görə də xalqın neçə 10 illərdir şairə verdiyi adı rəsmiləşdirə bilmirlər, bu qəlbi boşlar, ürəyi daşlar...

 

 

Ürəyi daş olanlar Vətənin nəhəng qayası olan Musa Yaquba nə verə bilər axı? Elə Musa Yaqubdan da heç nə ala bilməzlər. Yel qayadan nəsə apara bilərmi?

 

 

 

 

 

Qayadı, dağdı, daşdı Musa Yaqub,

 

 

Xalqın şairi, başdı Musa Yaqub!

 

 

(E.M)

 

 

 

 

 

Fizuli rayonundan köçkün düşmüş, ürəyi nisgilli şair Sabir Arazlı Özgün üçün isə Vətən oldu Musa Yaqub...

 

 

Sabir Arazlı xalqın Musa Yaquba olan sonsuz sevgisini, məhəbbətini, sədaqətini özünün şairin 77 illiyinə həsr etdiyi “”Bizdən salam olsun Musa Yaquba” kitabında çox səmimi hisslərlə bildirib. S. Arazlının kitabındakı Musa Yaquba həsr etdiyi poema başdan ayağa bir hissdir, duyğudur, burada həm də şairin özünün doğma yurdu Füzulinin ermənilər tərəfindən necə işğal olunması, sonralar çadırlarda məşəqqətli köçkün həyatını ağrı-acılarla necə yaşaması və s. anlar çox gözəl təsvir olunub. Güclü leysan yağışı zamanı köçkünlərin çadrlarda nələr çəkdiyini S. Arazlı o qədər canlı təsvir edib ki, elə bil o leysan yağışlar bu saat səni də ağuşuna alacaq. Bu səhnələrin belə təbii alınmasının başlıca səbəbi isə şair S.Arazlının o anları birər-birər yaşamasıdır.

 

 

Məşhur İtalyan yazıçısı və rəssamı Covanni Bakkaçonun bu yerdə gözəl bir fikiri yada düşür: “Dərdli adama acımaq, təsəlli vermək insana aid xüsusiyyətdir, lakin biz bunu o adamlardan gözləyirik ki, onun özünün də nə vaxtsa təsəlliyə ehtiyacı olmuş olsun”. Bu baxımdan şair S. Arazlının qaçqın, köçkün həyatını yaşaması təsvir etdiyi səhnələrin də təbii və canlı alınmasını təmin edib. Yaxşı olar poemadan yağış səhnəsini əks etdirən bir hissə ilə tanış olaq:

 

 

 

 

 

“... İri damcılar çadrı deyil,

 

 

Elə bil adamın beynin dəlirdi.

 

 

Çadır şəhərciyi ayaq üstəydi.

 

 

Yaxından, uzaqdan səslər gəlirdi.

 

 

- Fəttula,

 

 

ay kişi,

 

 

yağır eey, oyan!

 

 

El köçsə, vallah duymayacaqsan.

 

 

- Səni kor qalasan,

 

 

işıq da keçdi

 

 

Olacaq işdir?!

 

 

- Allah, özün saxla,

 

 

nədir bu tufan?

 

 

Belə sitəm olar, belə zülm olar?

 

 

Özün öz dərdinə çarə qalmasan,

 

 

Bakıdakı gəlib çarəmi qılar?

 

 

... Lamiyəm diləndi bir az keçməmiş:

 

 

- Döşəyin altına su gəlir, ata.

 

 

-Eybi yox...

 

 

Sevil, sən yorğan döşəyi

 

 

ehtiyyatla yükə

 

 

yığ... qoyma, bax haa

 

 

mitillər islana,

 

 

palçığa bata.

 

 

-Qızım, sən də yavaş,

 

 

su qaçan yerdən

 

 

şeyləri bəri çək,

 

 

palazı qatla.” 

 

 

 

 

 

Olduqca canlı səhnələrdir, deyilmi? Bütün bunlarla bərabər şair S. Arazlı sınmır, əyilmir, hər cür əzaba, məhrumiyyətə sinə gərir. Bu əzablara, ağrılara dözmək üçün S. Arazlı dağ vüqarlı, təbiət şairi Musa Yaqubdan güc, qüvvət alır. S. Arazlının şairlə uzun illərdən sonra təkrar görüşmək üçün İsmayılıya gəlməsi, onunla görüşməsi, şairə olan sonsuz məhəbbətini bildirməsi “Bizdən salam olsun Musa Yaquba” poemasında çox həssaslıqla təqdim edilib:

 

 

 

 

 

“... Bu da Buynuz,

 

 

Şair Musa Yaqubu

 

 

dünyaya bəxş edən El bu, Oba bu...

 

 

Dağlardan baş alıb üzüaşağı

 

 

çay deyil,

 

 

elə bil...

 

 

büllur söz axır.

 

 

Bəs o kimdir, durub dikdə tək- tənha?!

 

 

O...

 

 

Musa Yaqubdur,

 

 

Dünyaya baxır.

 

 

Buluda dirənən zirvə,

 

 

bu dikdir,

 

 

yamac...

 

 

elə bildim Musa Yaqubdur.

 

 

Dayanıb pəjmürdə bu yol gözləyən

 

 

ağac...

 

 

elə bildim Musa Yaqubdur.

 

 

... Şair məni

 

 

 itkin düşən doğmasını tapmış kimi

 

 

 qarşıladı.

 

 

Yüz illərin dostu kimi...

 

 

 çox mehriban,

 

 

çox səmimi qarşıladı.

 

 

Məni görcək üzü güldü,

 

 

Dağı güldü, düzü güldü.

 

 

Şirinləşdi təbəssümü

 

 

işıq saçan gözü güldü.

 

 

Dedi:-Sabir qələm dostum,

 

 

 xoş gəlmisən

 

 

 bu diyarın görüşünə

 

 

Bu elatın görüşünə...

 

 

Gəlişin xoş,

 

 

Var ol, qardaş!

 

 

Buynuza da xoş gəlmisən,

 

 

Nə yaşadıq, nələr gördük,

 

 

olsun yenə,

 

 

Bu da belə bir “yazı”dır...

 

 

Xoş gəlmisən!

 

 

 

 

 

S.Arazlı poemada çox incə bir ədəbi priyom da işlədib və mən deyərdim, çox yaxşı da alınıb. Məsələn, şair poemanın bəzi yerlərində Musa Yaqubun öz şeirlərindən misraları, sətirləri seçdirmə şriflə elə yerləşdirib ki, əgər həmin seçdirmə şriflər olmasa, adam heç vaxt bilməz ki, bu, kənar misralardır. Çünki S. Arazlı onlardan çox ustalıqla istifadə edərək poemanı bir az da oxunaqlı edib. S. Arazlı poemada Musa Yaquba müraciətlə deyir:

 

 

 

 

 

“Sənin dan üzü tək əlvan çöhrəndə,

 

 

Baxışında o nur

 

 

özü şeirdir.

 

 

O... qaltanlı s

 

əsin,

 

 

 məğrur görkəmin,

 

 

Bal söhbətin şəkər sözün şeirdir.

 

 

Şair gərək torpaq kimi bar versin.

 

 

Şair gərək bayraq kimi ucalsın,

 

 

yazanda da...

 

 

xalqdan, eldən güc alsın.

 

 

Şair gərək öndə getsin dar gündə,

 

 

Vətəndaşlıq ruhu olsun könlündə

 

 

Daş kimi ovulsun, su tək içilsin...

 

 

“Şair ürəyi ki məşəl olmadı,

 

 

Yanmırsa, közün də kömürdür adı...”

 

 

Səngər nəmi çəkən dözüm şeirdir

 

 

 

 

 

Yaxud digər bir misala nəzər yetirək:

 

 

Musa Yaqubun məşhur “ Bir günah sənin, bir günah mənim” şeirinin sonuncu bəndində deyilir:

 

 

 

 

 

“Orda bulanıq su hopur torpağa,

 

 

Burda üzə çıxıb dönür bulağa.

 

 

Hələ ki, vaxtımız var durulmağa,

 

 

Bir sabah sənindir, bir sabah mənim”.

 

 

S. Arazlı isə poemada yazır:

 

 

“... Şair!

 

 

İstədiyin düzlük, təmizlik,

 

 

Nə yalan söyləyim, deyildi bizlik...

 

 

Olmayıbdır, bəlkə

 

 

heç olmadı da!

 

 

Bəlkə heç... bu sular durulmadı da!

 

 

“Hələ ki, vaxtımız var durulmağa...”

 

 

Yəni...

 

 

deyirsən ki, o süd bulağı,

 

 

Axıb gələ bilər bizim də bağa?!”

 

 

 

 

 

Göründüyü kimi birinci misalda sonuncu sətirdən əvvəlki iki misra Musa Yaqubundur. Amma S. Arazlı həmin misraları öz misralarının arasına, el dili ilə desək, elə pərçim edib ki, heç burada kənar misraları seçmək olmur. İkinci misalda isə M. Yaqubun “Hələ ki, vaxtımız var durulmağa...” sətrini yenə öz misralarının arasına çox orjinal bir variantda yerləşdirib. Nəticədə çox maraqlı bir mənzərə yaranıb.

 

 

Daha sonra S. Arazlı Musa Yaqubla deyişməyə bənzər səhnələr də yaradıb ki, bu da çox maraqlıdır. Məsələn, şair S. Arazlı Musa Yaqubun müxtəlif illərdə yazdığı şeirlərindən bəzilərini poemada yazaraq ona cavab verməklə canlı səhnələr yaradıb ki, bu da çox diqqət çəkəndir. Məsələn poemada Musa Yaqubdan belə bir nümunə yazılıb:

 

 

 

 

 

“... Hanı qeyrətimiz ay Vətən oğlu,

 

 

Düşmən hiyləsinə yetdi təzədən.

 

 

Səhl İbn Sumbatın çiyinlərində

 

 

Babəkin qolu

 

 

Düşmənə muştuluq getdi təzədən

 

 

Daha Qarabağın nəyi bizimdir?”

 

 

 

 

 

S. Arazlı isə buna cavab olaraq poemada belə yazıb:

 

 

-”Torpaqlar gedəndən qeybətlər artıb.

 

 

Sığallı, tumarlı söhbətlər artıb.

 

 

Çeynəmiş söz... gör ha!...

 

 

həddə çatıb...

 

 

Dərə xəlvət, şələquyruq bəy.

 

 

Qarabağ yağıya, yada qalıbdır.

 

 

Qarabağın təkcə adı qalıbdır.

 

 

“Nədən bildiklərin sərsəm müsyo jan,

 

 

Bu saxta “erməni soyqırımı”ndan?...

 

 

Bunu adam kimi, -Qanunla, Haqqla

 

 

gedib Sarkozidən soruşan yoxdur.

 

 

Gedib BMT-nin baş meydanında

 

 

üz-üzə,

 

 

göz-gözə dirəşən yoxdur?

 

 

Niyə bu işlərə qarışan yoxdur?!

 

 

 

 

 

Doğulub boya-başa çatdığı Füzuli kimi bir yurdu itirən S.Arazlının Qarabağ yanğısı, Qarabağ harayı, təbidir, başa düşüləndir. Amma bu harayı həm də Musa Yaqub şeiri ilə uzlaşdırması isə poemanın təsir gücünü bir az da artırır.

 

 

Bütün bunlarla yanaşı S.Arazlının “Bizdən salam olsun Musa Yaquba” poeması nöqsanlardan da xali deyil. Düzdür son illər bizdə ədəbi tənqid ədəbi tərifə çevrilib. Çünki heç kəs kiminsə şeirinin, nəsr əsərinin nöqsanını göstərmək istəmir. Necə deyərlər, heç kəs özünü pis kişi etmək istəmir. Amma çox nahaq! Belə yanaşma təbii ki, ədəbiyyatın inkişafına əngəl olur. Ona görə ki, tənqid və özünü tənqid olmasa, heç bir sahədə inkişaf ola bilməz. M.S. Ordubadinin çox gözəl bir kəlamı var: “O kəs ki, mənim eybimi məndən gizlədir, istəkli gözüm də olsa, düşmənimdir”. Odur ki, Sabir Arazlı Özgün də gərək deyəcəyim bəzi nöqsanlara görə məndən inciməsin.

 

 

Şairin “Bizdən salam olsun Musa Yaquba” poeması doğrudan da çox səmimi, içdən gələn hiss və duyğu ilə, Musa Yaquba hədsiz məhəbbətlə yazılıb. Ancaq poemanın dili çox bəsitdir. Burada poetik dil, bədilik demək olar ki, yoxdur. Poemanı oxuduqca sanırsan ki, hansısa poeziya nümunəsini yox, nəsr əsəri ilə üzbəüzsən. Sözlər şeir dili ilə yox sanki nağıl kimi səslənir. Burada şeirin bölgüsündən, hecasından, qafiyəsindən isə ümumiyyətlə danışmağa  dəyməz. Elə yuxarıda misal gətirdiyimiz nümunələrin hamısında bu deyilənləri görmək olar. Poema nə heca vəznindədir, nə də sərbəst... Məsələn kitabın 78-ci səhifəsində S. Arazlı şeirin qanunlarına əməl etməyən bəzi şairlərə müraciətlə deyir:

 

 

 

 

 

“Yenidən”, “dilimdən” qafiyə deyil,

 

 

“Sevdi”, “bitdi”, “gəldi”, yazırsan. Axı...

 

 

“Gəzdim Lənkəranı, gəzdim Qaxı” -

 

 

Sən şeiri bu halda yazırsan axı!

 

 

yanır ürəyim,

 

 

Çırpınır gözlərim,

 

 

Allahım, neyləyim,                 

 

 

“Tək onu sevdim...”

 

 

Buna şeir demək günahdır bil ki.

 

 

belə şer olar, nə belə bölgü.

 

 

Sözün kökü gərək qafiyə ola,

 

 

Cümlən ayaq başdır sənin, a bala.

 

 

Harda “ki” gəldiysə vergül qoyulmaz!

 

 

... Musa Yaqub, belə olarmı?-

 

 

Olmaz!

 

 

 

 

 

İndi şair qardaşım Sabir Arazlı, özün de görək “ bil ki,”  ilə “bölgü” necə həmqafiyə olur? Və ya “qoyulmaz”la “olmaz” həmqafiyə sayılırmı? Axı özün yazırsan sözün kökü qafiyələnməlidir. Amma özün də bu şərti pozursan. Poemanın 102-ci səhifəsində yazılmış daha bir nümunəyə diqqət verək:

 

 

 

 

 

“... Qarabağ savaşı zamanı kəndim

 

 

üç şəhid veribdir:

 

 

Rəhman Ocaqov,

 

 

Əfqan Yarəliyev,

 

 

İlham Ocaqov,

 

 

onları yad edir, ehtiram ilə

 

 

bu eldə, obada hər ocaq, hər ev.

 

 

 

 

 

Fikir verin, burada hər hansı şeiriyyət varmı? Şəhidləri ad və soyadı ilə yazmaq burada heç bir məntiqə sığmır. Onların təkcə adları yazılsa kifayət edərdi, bir şərtlə ki, şeirin bölgüsü, hecası, qafiyəsi yerində olaydı. Yaxşı, qafiyəni, bölgünü, hecanı qoyaq bir kənara. Bəs poemada bədiilik, məcazlar, təşbehlər və ən nəhayət, axıcılıq hanı? Axı bunlar şeirin duzu, istiotudur. Bəlkə də hörmətli Sabir Arazlı sən o poemadakı hadisələri nəsrlə yazsaydın daha təsirli, daha sanballı alınardı. Elə poemada da özün gah nəsrə keçirsən, gah da şeirə. Konkret bir janrın üzərində qərar tuta bilmirsən. Amma hiss etdim ki, nəsr janrı səndə yaxşı alınar.

 

 

Hörmətli şair qardaşım Sabir Arazlı mən səninlə bir dəfə də olsa üz-üzə gəlməmişəm ki, hər hansı bir qərəzim olsun. Amma şairin, yazıçının əsəri onun güzgüsüdür. Bununla belə sənin yurd itirən, ürəyində bu itkini ağır daş kimi gəzdirən, eyni zamanda bu dərdi hayqıran qeyrətli  bir Vətən oğlu olmağına heç bir şübhəm yoxdur. Mənim özümün 1992-93-cü illərdə könüllü olaraq Beyləqanın Haramı düzündən başlayan döyüş yolum sonralar Zəngilandan, Qubadlıdan, Laçından və Füzulinin Qoçəhmədli, Mollavəli, Qarğabazar və digər kəndlərindən keçdi. Topçu batareyasının komandiri kimi olduğum yerlərdə, o cümlədən Füzulidə yerli camaat tərəfindən həm özüm həm də əsgərlərim böyük hörmət və qayğı görüblər. İnanıram ki, sən də elini obanı ürəkdən sevən və bu yolda canından keçməyə hazır olan Vətənpərvər soydaşlarımızdan birisən Amma bu Vətənpərvərliyini poetik dilə çevirməkdə çətinlik çəkirsən. Ona görə bir daha deyirəm ki, nəsr janrı səndə çox yaxşı alınar. Elə poemada verdiyin nəsr nümunələri də bunu sübut edir.

 

 

***

 

 

Mən şəxsən bir ədəbiyyat həvəskarı, şeiri və şairləri sevən bir insan kimi bu poemanı Musa Yaqub kimi nəhəng bir şairin adına yaraşdırmadım. Amma bütün bu kəm-kəsirlər Musa Yaqub böyüklüyünün kölgəsində əriyib-gedir. Poema məhz Musa Yaquba həsr olunduğu üçün alqışlanmalıdır. Bununla belə bir daha təkrar etməyi özümə borc bilirəm ki, “Bizdən salam olsun Musa Yaquba” poeması içdən gəldiyinə, Musa Yaquba çox böyük məhəbbətlə yazıldığına görə, Qarabağ hadisələri, döyüşləri, yurdun işğalı, qaçqın və məcburi köçkünlərin dözülməz halı, məşəqqətli günləri, beynəlxalq güclərin dərdimizə biganə qalması və s. hadisələrin çox incə detallarla əks olunması baxımından poema çox qiymətlidir. Mövzu da çox gözəldir. Göstərdiyim nöqsanlar isə inanıram ki, növbəti əsərlərdə nəzərə alınacaq və şair qardaşım Sabir Arazlı bizi yeni-yeni əsərləri ilə sevindirəcək. 

 

 

 

 

 

Elçin Məmmədli

Təzadlar.- 2014.- 5 aprel.- S.12.