Məmməd Arazlı günlərin kitabəsi:
“Ömürdən yarpaqlar”
Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...
(Əvvəli ötən saylarda)
1 avqust - Türkiyədən bizi telefona çağırdılar:
- Alo,
burası Mehmet Arazın evimi? Kiminlə
qonuşuram, ben Saleh Okumuş, telefon nömrənizi Aqildən
aldım.
- Saleh, mənəm,
Gülxanım teyzə, necəsən?
- Teyzə,
türkiyədən danışıram. Məmməd
əminin kitabı ilə əlaqədar bəzi ilgilərim
var. Onları dəqiqləşdirmək istəyirəm
suallara cavab verərsinizmi?
Salehin bütün suallarını cavablandırdım. Yenə də
arayacağını söylədi.
7-9 avqust - Bacı, Buzovnadan zəng çalıram, orada
istirahət edirəm, verilişə baxdınızmı, Məmməd
müəllimin xoşuna gəldimi? - soruşdu
Ağalar.
-
Baxdıq, yaxşı replikaları vardı, Məmmədin də
xoşuna gəldi
- Əsas odur ki, Məmməd müəllimin xoşuna gəlsin. Allah qoysa
kaseti yazdırıb sizə verəcəm.
Ağalar söz verdiyi kimi kaseti gətirdi. Biz təzədən
verilişə baxdıq. Ağalar:
- Məmməd
müəllim, sizin “Dağlar məni tanımadı”
şeirinizi dinləyəndə hətta yaşlı kişilər
də uşaq kimi ağlayır. Veriliş camaat
arasında da yaxşı qarşılanıb. Allah qoysa mənim ayrı fikirlərim də var. Musa
Yaqub deyir ki, bəs mənim şeirlərimi nə vaxt oxuyacaqsan?
Ağalara
Məmmədin iki yarımçıq misrasını oxudum:
Axı
daş beyinləri sən ,
Gərək vaxtında deşəsən.
Ağaların xoşuna gəldi.
11-12 avqust - Məmməd həyətə
çıxıb Günün tutulmasına baxdı, sonra
qayıdıb pəncərəni açmağa
çalışdı.
- Bura gəl,
pəncərəni aç, aça bilmədim.
Pəncərəni
açıb dedim:
-
Görürsən kişi, həmişə
məni haraya çağırırsan, mən olmasaydım
neylərdin?
- Pəncərəni
aça bilməzdim - gülə-gülə cavab verdi.
Sən demə Səbuhi Rəhimli adlı
özünü öncəgörən adlandıran birisi xəbər
veribmiş ki, Gün tutulanda Məmməd Araz öləcək. Bir çox qəzetlər
də bunu şərh edir. Yazılara cavab
verən Aqilin məqaləsindən bir parçanı
köçürürəm. Məqalənin adı belədir:
“Məmməd Araz təhlükədən qurtuldu və Səbuhi
bəy Allahın işinə qarışır”.
“...Verdiyi
proqnozun məsuliyyətini hiss etməyən Səbuhi Rəhimli
bildirib ki, Günəş tutulanda guya müğənni Qədir
Rüstəmovun, şair Məmməd
Arazın, aktrisalar Leyla Bədirbəylinin, Nəsibə
Zeynalovanın səhhətində ciddi problemlər yaranacaq...
Dünən dünəndə qaldı. Günəşi
tutdular, yenə də Günəş günəşliyində
qaldı. Məmməd Araz da Səbuhi bəyin dediyi təhlükədən
qurtuldu...”
(“Ədalət”
12-13 avqust 1999)
14 avqust - Dünən Firəngiz Ulutürk bizə gələndə
Məmmədin “Yol ayrıcında söhbət”
kitabını ona bağışlamışdım. Firəngiz telefonda ürəyini
bu sözlərlə boşaltdı:
-
Kitabı birnəfəsə oxudum. Bu kitab gərək
bütün Azərbaycan xalqının stolüstü
kitabı olsun. Yazıçılar Birliyi
kitabın təqdimatını keçiribmi? Yox? Deyirsən ki, Anara kitab
verilib, nə olsun, gərək yadına salaydın. Əfəllik eləmə. Sən
kitaba niyə o boyda familiya yazmısan?
- Bəs
nə yazım, familiyamdır da.
- Yox, sən
gərək ucalasan, ləqəb götürəsən,
özü də Araz ləqəbi.
- Gülxanım Araz eləmi?
- Əlbəttə, onun davamçısısan, buna
hüququn var.
- Firəngiz,
fikrin təmiz ürəkli Xəlilə getməsin. Məmməd çox feodal fikirli adamdır. Belə hərəkətə razı olmaz. Məmmədin Xəlilə yazdığı yeni
şeiri tapıb sənə zəng edərəm.
Yaqub Zurufçu telefonda bəsdələdiyi
mahnını oxudu. Sonra da görüşərik, deyib
telefonu qoydu.
“Space”
telekanalından belə bir xəbərin şahidi olduq:
“Bakıya yaxın, Xəzər dənizinə uçan
boşqab düşüb”.
Məmməd xəbərə güldü.
20 avqust - “Sara” studiyasından Məmmədi çəkmək
üçün bir neçə nəfər gəldi. Yasin Məmmədin
şeirlərini oxudu, amma hiss etdim ki, operator qız hələ
xamdır. Sonra çağırılan ad
gününə getdik. Çoxdan görmədiyimiz
Mikayıl Mirzə ilə rastlaşdıq. Mikayıl
vaxtının olmadığından gileyləndi:
- Bilirsən,
Məmməd, gecə-gündüzlə, ötüb keçən
saatla işim yoxdur. Amma gücüm
çatsaydı, dəqiqəni məhv edərdim. Nə olub axı, tıq, tıq, tıq... adamın
axırına çıxır. Gəlib
kitabdan götürəcəyəm və mümkün qədər
çalışacağam ki, sentyabrın 20-də sarayda
yaxşı bir gecə keçirək.
Məmməd
onun sözlərinə təbəssümlə cavab verdi.
24 avqust - Müxtəlif
şeirlərindən bəndlər:
Mövzularım
tükənəndə bilmirəm nə
dən,
Xətainin son nəğməsi yadıma
düşür.
Əqidəsi
qoltuğunda tövbəyə gedən,
Qalileyin məhkəməsi yadıma düşür.
və
ya
Mənə
bir dərd olur doğru bir sözü,
Yalan
daşlarının batırmağı da
Biçili-ütülü
bir şərəfsizin
Şərəf kürsüsündə oturmağı
da.
Və adsız bir yazı da əlimə
düşdü. Köçürürəm:
“ Əsrin, zamanın mürəkkəb hadisələri göz
qabağındadır. Hadisələr, məsələlər,
vəziyyətlər bəzən elə düyünə
düşür ki, bunları görmək və açmaq
üçün zamanın işığı, zamanın
öz əli lazımdır. Zaman çox
sərt, çoxüzlü, çox səriştəli və
hiyləgər bir hakimdir. Əlindən
tutub sənə mədhiyyələr yazdırır və
öz əlinlə özünə qəbir qazdırır.
Bir vaxt ayılıb görürsən ki, birdən-birə
bir ölkə aldanıb, bir xalq aldanıb. Bir ölkə,
bir xalq ayılıb görür ki, onu cənnət
bağına “aparan” qəfildən keçilməz yarğana
tuş oldu: qabaqdan yenə “dalımca - ura”, arxadan isə
döyürlər - “irəli - ura” hamı üzü
aşağı ölümə doğru xilasını
“tapdı”.
Beləliklə
sosializm-realizm ədəbiyyatı deyilən bir “qüvvə”
Sovet poeziyası deyilən “məhsul istehsalına”
başladı və həqiqətdən uzaq düşən
poeziya, poeziyadan uzaq düşən həqiqət meydana gəldi.
Birdən-birə qeyri-adi iqlimə düşən
bu sənət elə çaşdı ki, heç cür
özünə gələ bilmədi. Ancaq
papaq altında elə oğullar var ki, bu “icarəçilərin”
əlindən bu istehsalı alıb, onu düzgün yola
çıxarmağı bacardılar. Ancaq
heyf, bu “icarəçilərin” içində istedadlar da var
idi. Bunlardan çoxunun “sənəti
ölümə məhkum oldu”. Və zaman
beləcə çoxlarını yaman günə qoydu.
Məncə, indiki poeziya bu böhrandan çıxacaq... Bu yolda Sabir həqiqəti
qolumuzdan tutacaq. Allahın bizə rəhmi
gəlsin.
Məmməd Araz.”
- Məmməd,
bu yazını gündəliyimə köçütdüm.
-
Yaxşı elədin.
30 avqust - Məmməd Amerikada çap olunmuş bir
jurnalın üz qabığını gətirdi. Üz
qabığında Məmmədin “Ayağa dur, Azərbaycan!”
şeiri ingiliscə çap olunmuşdu.
Ay qonaq
otağımızla üzbəüzdür. Şəfəqləri
də düz bir xətt kimi dənizə düşür.
Ay bax beləcə Yasamaldakı evimizin pəncərəsindən
içəri düşərdi. Ayla birgə
Hündür çinarların kölgəsi divarda oynardı.
Yadıma
Məmmədin yarımçıq misraları
düşdü:
Bakının
gecəsi nur adlı romandır,
Bakının
gecəsi nur adlı bir dəniz
Mayağı qəlbimiz, eşqimiz, sevgimiz.
-
Görünür, hansısa bəstəkarın sənə
xahişidir, yarımçıq qalıb, eləmi?
- Mənim
axı Bakıya aid şeirim var, bəlkə də onun ilk
variantıdır.
3 sentyabr - Alo, Politexnik İnstitutu Məmmd Araz
haqqında kitab buraxmaq istəyir. Sizinlə danışan Camal
Mustafayevdir, məni tanıdınızmı, mən də məqalə
yazıram, allah qoysa bir-iki aya tamamlaram. Elə böyük şair haqqında tələm-tələsik
kitab buraxılmasının tərəfdarı deyiləm.
O nəhəng haqqında çoxlu araşdırmalar
aparılmalıdır.
Telefonu Məmmədə verdim. Daha onla
rın
nə danışdığını bilmədim.
7 sentyabr- Naxçıvanın payızını
görməmişəm, Naxçıvana
çağırsaydılar gedərdik.
-
Görürsən yerişim necə pisləşib, gedə
bilmərəm axı. Sənə
danışmışam, mən həmişə
Naxçıvana gedəndə baxdığım
işığı elə bil Naxçıvandan borc
almışam və nə vaxtsa geri qaytaracağam. Həmişə
Naxçıvana gedəndə Araz boyu şütüyən qatar Nehrəm dərəsindən burulub Araz dəryaçasının
sahilindən düzənliyə çıxanda qəribə
hislər keçirirəm. Bu işıq dənizini
heç yerin mənzərəsilə müqayisə edə
bilmirəm. Mənə elə gəlir ki,
bu məqamda burda hər şey işıqdır - daş da,
torpaq da, sular da işıqlıdır.
Bu
sözləri dəfələrlə demisən, gedək “o
işığa” bir də bax...
15-16
sentyabr - Yaqub Zurufçunun danışdıqları:
- Bu
televiziyon ki, Amerikada açmaq istəyirik ona çəkilişlər
etməklə məşğulam. Gəncədə
idim, Arazın sahilinə gedə bilmədiyimə görə
Kürün sahilində süni sərhəd yaradıb
“Ayrılıq” mahnısına klip çəkmişik. Xeyli pul xərcləndi. Sizə gəlmək
istəyirdim, ancaq imkan tapmadım. Məmməd
müəllimi də çəkmək istəyirəm. Bəlkə saat beşdə gələrəm.
Bəxtiyar müəllim əvvəl Məmmədlə
danışdı. Onların nə
danışdığını bilmədim. Bir xeyli keçəndən sonra Prezident
Aparatından bir məmurun danışmaq istədiyini bildirdilər.
-
Buyursunlar, gözləyirəm.
- Bir məsələ
ilə əlaqədar olaraq sizə zəng etdim. “Təzadlar” qəzeti ki, var, olub bir faşist qəzeti.
Əvvəl Xudu müəllimin şəkli ilə
çap olunurdu. Onun redaktoru yaman
cığallıq edir. Bir qrup
yazıçı Heydər Əliyevin yanına gəlmişdilər.
Onlar prezidentə dedilər ki, bu necə olur, belə
bir qəzetin redaksiya heyətində Bəxtiyar, Məmməd
Araz kimi şairlərin adı var. Mən Bəxtiyar müəllimlə
də danışmışam. Bəxtiyar
müəllim bildirdi ki, o qəzet çap olunanda biz Xudunun ətrafına
yığışmışdıq. Mənim
sözlərimi Məmməd müəllimə
çatdırın, qoy fikirləşsin, sonra siz mənə
çatdırarsınız.
- Vallah,
bizə lazım olanda sizi bizimlə calaşdırmırlar. Özünüz zəng edərsiniz.
Sözlərini olduğu kimi Məmmədə
çatdırdım.
Bəxtiyar
müəllim təzədən telefonla danışdı:
- Ay
bacım, mən bayaq Məmmədlə də
danışdım. Sən evdə deyildin, sizinlə
danışdılarmı? Onlara dedim ki, demokratiyadır, danışırlar.
Qəzetdə nə yazılıb ki, elə bir
şey deyilmir. Asif Mərzili prezidentə
açıq məktub yazıb. Yazıb
ki, Qarabağ əldən gedir. Bizim varımız
da, əhalimiz də, qoşunumuz da ermənilərdən
çoxdur. Prezidentimiz niyə Köçəryanın
yanında pərt oturmalıdır? Niyə? Dedim ki, burada pis nə var ki? Deyir ki, yox, qəzet Murtuzu da söyür. Mənə həmişə hücumlar olanda “Təzadlar”
qəzeti məni müdafiə edib.
- Sizin
işiniz pis olacaq, Bəxtiyar müəllim. Redaksiya
heyətindən çıxsanız xalq sizi söyəcək,
çıxmasanız hökümət.
- Elədir,
qəzetdə mənim və Məmmədin adını
çəkiblər. Yazırlar ki, biz bu xalq
şairlərindən problemlərin həllində çox
şey gözləyirdik, ancaq onlar susurlar. Sən
bir Asif Mərzili ilə danış, gör nə edirsən.
Hələ bizimlə pişim-pişim
danışıblar, Nurəddinin üstünə isə
hücum çəkiblər.
-
Yaxşı, Bəxtiyar müəllim, danışaram.
- Hə
bala, danış görək.
Axşam
Cəfər və
Hümmət
qonağımız oldu. Cəfər qardaş:
-
Bacı, qardaşın Məmmədə həsr olunmuş 250
şeir toplayıb. 350-ə çatdırmaq istəyirəm,
sponsor da tapmışam.
Hümmət
doktor dilləndi:
- Məmməd Araz elə bir bulaqdır ki, onun suyu
heç vaxt bulanmaz.
17 sentaybr - Qarabağ qaziləri aclıq aksiyası
keçirirdilər. Aqil Məmmədə dedi:
- Əmi, dünən yasda idim, ona görə yanına gələ
bilmədim. Sən özünü elə fağır aparma.
Bu saat bir Məmməd Araz mifi var. Xalq səni elə
sevir ki, səni bütləşdiriblər. Gəl səni
sabah aclıq edənlərin yanına
aparım. Sən və Bəxtiyar müəllim
onlara baş çəkin. Bəlkə
aclığı dayandırdılar.
Sonra həyətə düşüb Bəxtiyar müəllimlə
görüşdülər.
18 sentyabr - Saat 1-də Bəxtiyar müəllimlə
aclıq edənlərin görüşünə getdilər. Gələndə
sürücüdən soruşdum:
- Məmməd
danışa bilmir, nə oldu, aclığı
dayandırdılar?
- İki 14-15 yaşlı uşaq var idi aralarında,
onlar dayandırdılar. Fred Asifin qardaşı Səxavət.
19 sentyabr
- Saat 11-ə yaxın Bəxtiyar müəllim zəng etdi:
- A
bacım, qəzetləri oxuyurdum. “Yeni
Müsavat” qəzetində Əbülfəz Elçibəy mənimlə
Məmmədi tənqid edib. Orada nə mən,
nə də Məmməd aclıq edənlərə heç
nə demədik. Deyəndə də pis oluruq, susanda
da...
Gedib qəzeti Bəxtiyar müəllimgildən
götürdüm, Məmmədə oxudum.
Elçibəy ziyalıları ittiham edir. Köçürürəm:
“Çox
səhv ediblər...?!
BAB-ın yığıncağında BAB gənclər
təşkilatının aclıq elən etmiş üzvlərinin
xalq şairi B. Vahabzədənin və Məmməd Arazın
təkidilə aksiyanı dayandırmaları barədə
danışıldı. Bu barədə məlumatı əsəbiliklə
qarşılayan Elçibəy dedi: - “Çox səhv ediblər,
Bəxtiyar da, elə Məmməd Araz da. Bircə o
qalmışdı ki, Bəxtiyar Vahabzədə əlində
bir dəstə gül gəlib desin ki, ay aclıq keçirənlər,
sizi təbrik edirəm. Niyə gedib Heydərə
demirlər ki, bu nə oyundur açırsan camaatın
başına. AZTV-ə nə vaxt qeyrətə
gəlib o aclıq keçirənləri çəkib efirə
verəcək ki, qoy dünya baxsın ki, xalq öz
torpaqlarını vermir”. Belə davam edərsə, vətəndaş
müharibəsinin labüdlüyünü bir daha
vurğulayan Əbülfəz bəy “İqtidarın bizimlə
qarşı-qarşıya durmağa gücü yoxdur” dedi.
Fəxrəddin
Hacıbəyli”
Olduğu kimi köçürtdüm ki, gələcək
oxucular görsünlər şairləri də tənqid edirlər.
(Ardı var)
Təzadlar.-
2014.- 5 aprel.- S.6.