Məmməd Arazlı günlərin kitabəsi:
“Ömürdən yarpaqlar”
Ustad
Məmməd Arazın ömür-gün yoldaşı
Gülxanım Fətəliqızının bu kitabı
çox gizli mətləblərin açarıdır, bizim
kim olduğumuzun güzgüsüdür...
(Əvvəli
ötən sayımızda)
24
sentyabr - Gecə yaman yağış yağırdı.
Müxalifət mitinqə ciddi hazırlaşmışdı.
Məmməd:
-
Sabah mitinq olmayacaq
- Nə
bilirsən - təəccübləndim.
-
Çünki müxalifətdəkilərin çoxunun
başı mənim başım kimi dazdır, çöldə
də görmürsən nə güclü yağış
yağır.
Söhbətdən
yarım saat keçmədi ki, ANS-dən mitinqin təxirə
salındığını xəbər verdilər.
-
Gördün? - deyə Məmməd ürəkdən
güldü.
Gündüz
Ağalar zəng etdi.
-
Gülxanım bacı, Məmməd əmi ilə Sərdar Cəlaloğlunun
və İlyas İsmayılovun partiyası görüş
keçirmək istəyir, məndən xahiş etdilər ki,
sizə xəbər verim.
-
Ağalar bu başdan deyirəm, vəziyyəti yaxşı
deyil, görüşə gedə bilmir, buna fiziki gücü
çatmır.
Səlim qoltuğunda papka ilə gələndə
bilirdik ki, şeirlərini oxumağa gətirib. Şeirlərini
Məmmədə oxuduqdan sonra Süleyman Dəmirələ həsr
etdiyi şeirə əl gəzdirməyi Məmməddən
xahiş etdi:
- Məmməd,
bax burada bu sözlər düz gəlmir, mahnı yaxşı
alınmır, bəlkə sən bu bəndi düzəldəsən.
Məmməd
onun mahnısının bir bəndini yazdı.
-
Gülxanım bacı, gəl səni YAP-a qəbul edim.
- Pensioner
vaxtı neyləyirəm, ay Səlim, partiyanı?
- Bileti
sumkanda gəzdirərsən, nəvələrin böyüyər,
deyərsən ki, YAP-ın üzvüyəm, nəvələrimə
iş verin. Mən də bileti sənə təqdim edəndə
deyərəm ki, bax, Məmməd Arazın yoldaşı da
YAP-a keçib.
- Yox, Səlim,
qocayam.
27 sentyabr
- Otağın pərdəsini çəkirdim. Stolun
üstündə bu misralara rast gəldim:
Tül
tutmayın pəncərəmə siz Tanrı
Qoyun
baxım dan yerinə səhər-səhər...
Ayrı
yarımçıq misralar
Hürəyən
itlərin səsi alına,
Burada
tezikmiş pişiklər
quyruğu
kəsik.
Rəngi
yox gecənin
Yarımçıq
misraları Məmmədə oxudum.
-
Yaxşı fikirdir. Bu misranı da ora yaz.
Qəribə
gecə idi bu gecə vallah.
28 sentyabr
- Jurnalın çapına vəsait
çatışmadığına görə Məmməd
yaman çırpınır. Bütün pullulara və
dövlət məmurlarına məktub yazsa da "Azərbaycan
təbiəti" jurnalının çapına heç kim
pul buraxmaq istəmir.
-
İşə gedirsən, orada bir iş görə bilirsən
ki?
-
Yazılara baxıram, Vəlinin başı qarışıb.
İşdən çıxmaq istəyirəm.
Yarımçıq
misralar:
Hər
şeyi anladım uçrum başında,
Yetdim səadətə
uçrum başında,
Yetdim ədalətə
uçrum başında.
Və
Gözüm
yoxdur, gözlüyüm var
Və ya
Mənə
elə gəlir bütün bu dünya
Bir qoca
anamın yerini vermir.
Və ya
Eşitməzdi
dünya, görməzdi dünya
Eşitməz
olanda, görməz olanda.
30 sentyabr
- Məmmədlə Bəxtiyar müəllimin aclıq edənlərin
yanına getməsilə əlaqədar müxtəlif lətifələr
yaranmağa başlanmışdı. Onlardan biri:
"Əbülfəz
Elçibəy aclıq aksiyasına qoşulacaq.
Gözünüzün
qabağına gətirin: Elçibəy - ... (sadalanır
partiya liderləri) aclıq eləyirlər. Bir dəfə 11
gün aclıq aksiyası keçirdiyindən İsa Qəmbərin
vecinə deyil. Elçibəy aclığa davam gətirə
bilmir, geri çəkilməyi də təbii ki, özünə
sığışdırmır. Görkəmli şairimiz B.
Vahabzadəyə əl altdan xəbər göndərir:
"İki məktəbli gəncdən aclığı
dayandırmağı xahiş etmənizi
yamanlamışdım və sizə əsəbiləşmişdim.
Əgər dünyanın hər əziyyətinə
düşüb-çıxmış mən aclığa
davam gətirə bilmirəmsə, gör o iki məktəbli
gənc nə əziyyət çəkirmiş?! Xahiş edirəm
bir bizə də baş çəkəsiniz və məndən
aclığı dayandırmağı təkidlə tələb
edəsiniz. Qoy sonra camaat desin ki, Elçibəy neyləsin ki,
o boyda ağsaqqal şair xahiş elədi, o da məcbur olub
aclığı dayandırdı."
Bəxtiyar Vahabzadə Məmməd Arazı da götürüb Elçibəyin sözünü yerə salmır, durub gəlir aclıq keçirənlərin qərargahına. Bir az ordan danışırlar, bir az burdan danışırlar. Xudahafizləşəndə Bəxtiyar müəllim deyir:
- Heç kəs Elçibəyə üz vurmasın, çünki xeyri yoxdur, dedi qurtardı. Mən də inanıram ki, Elçibəy ölüm aclığınacan gedəcək. Elçibəyin ölüm aclığına getməsi də dünyada həngamə qoparacaq, - sonra Məmməd Arazın qolundan tutub qalxır ayağa, - gedək, Məmməd, üz vurma ey, xeyri yoxdur. Elçibəyi heç kim yolundan döndərə bilməz.
Xalq şairləri qalxırlar ayağa. Çıxanda Bəxtiyar müəllim üzünü İsa Qəmbərlə, Əli Kərimə tutub xahiş edir: - Balalarım, siz cavansınız, xalqın ümidisiniz, sizdən xahiş edirəm aclığı dayandırasınız.
Məmməd Araz da deyir:
- Qoy Etibar Məmmədov da aclığı dayandırsın. O, da cavandır, o, da xalqın ümididir".
Bu sözləri də olduğu kimi qəzetdən köçürmüşəm.
1-2 oktyabr - İsa müəllim AMİP-in qurultayına çağırış və anket gətirdi. O, isə səhhəti ilə əlaqədar gələ bilməyəcəyini söylədi. İsa anketi doldurdu və Məmməd qol çəkdi. İsaya Məmmədin təzə yazdığı "Dünya ağır eşidir" şeirini oxudum. Sonra İsa bir də özü oxudu:
...Yol kəsən bələdçi: yol azanlara.
Gördüm: görünməzdi haqq işin sənin,
Bir gediş onundu, bir gediş mənim,
Gördüm: əl tutanın əltutanı yox.
Gördüm: ədaları göydə gedənin,
Yer üstə bir sınıq nərdivanı yox...
...Sığmaz dediyimə deyəcəklərim,
Dünyanın qulağı qurğuşun dolu.
Eşidə-eşidə kardı bu dünya,
Və görə-görə də kordu bu dünya.
Çox səbri, dözümü yordu bu dünya.
Eşitməz olanda, görməz olanda...
Mən öz gördüyümü görmürəm, Allah!
Mən də bu dünyanı görə bilmədim,
Mən də bu dünyaya baxa bilmədim.
- Məmməd Araz, harda gizlədib bu fikirləri şeirdə üzə çıxarırsan? - dedi İsa.
Məmmədin üzünə xoş bir təbəssüm yayıldı.
Günorta yeməyini hazırlayırdım ki,Yaqub Zurufçu yoldaşı ilə gəldi. Özü ilə "Vətən desin" mahnısı yazılmış kaseti də gətirdi. Mahnı yaxşı alınmışdı, marş şəklində. Amma Yaqub sözləri təhrif edib oxuyurdu. İrad tutanda dedi:
- Bilirsən, söz gərək musiqiyə yatsın. Görünür o sözlər musiqiyə yatmadığı üçün musiqiyə uyğunlaşdırıb oxumuşam. Bu mahnını Müdafiə Nazirliyinə verəcəyəm. "Ayrılmazıq" mahnısı da çox gözəl alınıb. "Ayrılıq" mahnısının klipinə düz 20-30 min dollar xərclədilər. Sağ olsunlar iş adamları. Məmməd əminin sözlərinə həsr olunmuş kasetin şəklini belə istəyirəm - arada çay var, Məmməd əmi əlini mənə uzadır, amma əlimiz bir-birinə çatmır.
Xeyli söhbətdən sonra getdilər.
3 oktyabr - Bazar günü səhər tezdən bir qrup adamla Şamaxıya yola düşdük. Əsl payız günü idi. Yol boyu yaşıl, sarı, qırmızı yarpaqlarla "bəzənmiş" ağaclara baxırıq. Nəhayət, Pirqulu rəsədxanasına çatdıq. Əvvəl rəsədxanaya baxmaq istədik. Rəsədxananın müdiri Mikayılov Xıdırı çağırdılar. Xıdır bizimlə görüşdü:
- Gecə müşahidələr apardığımıza görə yatmamışıq. Deyəndə ki, Məmməd Araz gəlib yuxudan dik atıldım. Tez geyinib gəldim.
- Vəziyyət necədir? - sual verdi Məmməd, sonra gülümsündü - görünən kəndə nə bələdçi - dedi.
Xıdır cavab verdi:
- Rəsədxana 7 il idi ki, işləmirdi. Dəfələrlə hökümətə müraciət etmişdik, heç bir xeyri olmadı. İki ildi direktorumuz dəyişib. Təzə rəhbərliklə əl-ələ verib rəsədxananı əvvəlki hala gətirdik. Heç yerdə görünməyib ki, rəsədxananın ətrafında tikinti getsin, görürsünüz ki, nə qədər tikinti var. Başçılara desək də bir nəticə olmadı. Axı rəsədxananın ətrafında hava titrəyişi olmamalıdır. Bu tikililərin axırı nə olacaq, bilmirik...
Sonra Xıdır əlində bir daş gətirdi:
- Bax, Məmməd müəllim, bu daş dünyamıza qonaq gələn daşdır. İşçilərimiz görüblər ki, çaya şimşək düşdü, tapıb gətirdilər, meteordur, böyük daşı tapmadılar, kiçiyi tapıldı. Maddi imkanımız olsa çox işlər görmək olar. Məsələn, ilk dəfə bizim rəsədxanada görüblər ki, Yupiterin peyki İO-dan buxar qalxır. Bizim alimimiz İbrahimov Nadirin ayda kəşf etdiyi kraterə onun adı verilmişdir.
Xıdırın ürəyi dolu idi. O danışır, Məmməd də mat-mat ona baxırdı.
Bir əhvalatı da danışım. Səhər Şamaxıya çatana yaxın bir kafedə oturduq. Xidmət çox aşağı səviyyədə idi. Bizimlə gedənlər zarafata başladılar. Nemət dedi:
- Bir kəndə toya getmişdik. Oynamaq istəyənlərin hamısı "Ləzginka" havasını sifariş verirdilər. Yanımda oturandan soruşdum ki, bunlar ləzgidirlər?
- İçəndən sonra hamısı ləzgiləşirlər - cavabını verdi. İndi bu xidmətçilər də gərək içsinlər ki, yaxşı xidmət etsinlər.
Bir aşıq da məclisimizə təşrif gətirdi və Məmmədin sözlərini aşıq havasında oxumağa başladı. Xeyli şəkil çəkildi və çəkiliş də edildi.
8 oktyabr - Dünən çıxmış "Yeni Müsavat" qəzetinə baxdım. Birinci səhifəsində "Şəmkirin icra başçısı tutulacaqmı?" sərlövhəli yazını gördüm. Məmmədə oxudum. O əsəbiləşdi:
- Təəssüf ki, danışmağa dilim, getməyə ayaqlarım yoxdur. Aslan olmasaydı Gürcüstanda azərbaycanlı qalmazdı. Tovuz, Qazax, Şəmkir də Laçına dönərdi. Nə isə...
Mənə verdiyin misraları işlədim, şeir alındı, köçürərsən. Adını "Dan yerinə boylanım" qoydum. 3 variant yazmışam, hansında son sözünü yazmışamsa onu köçürərərsən.
12 oktyabr - Ağayar müəllim Məmmədi xəbər aldı:
- Gülxanım müəllimə, Məmmədin əhvalını və sizi həmişə İsadan xəbər alıram. Bu yayın istisində Bakıda qalmalı oldum. İstini götürə bilmirəm. Amma Şimali Qafqazı görürsünüzmü nə günə qoydular. Ruslar bütün kiçik xalqları bir-birinə qarşı qoyub qırırlar, qırdırırlar. Allah axırını xeyir eləsin. Məmmədin poeziyasını sevənlərə, onu soruşanlara cavab verirəm.
14 oktyabr - Aslan Aslanov Naxçıvandan Məmmədin ad gününü təbrik etdi:
- Şairi şairin yurdundan təbrik edirəm. Allah bizə onun kimi ağsaqqalları çox görməsin. Kişinin bizim yerimizə üzündən öp. Bizim canlı klassikimizə, dahimizə yaxşı bax, Gülxanım bacı.
Sonra Əmlak Komitəsindən Nadir Nəsibov və bir nəfər başqa adam Məmmədi təbrikə gəldi və bir ağızdan dedilər:
- Çox xoşbəxtik ki, belə bir dahini yaxından gördük.
Təbrikə çox adam gəldi.
1 noyabr - Səhər Elmira xəbər verdi ki, çəkdiyi verilişin vaxtını dəyişdirib gecəyə salıblar.
- Ondansa heç verməsinlər. Saat ikidə ona kim baxacaq, ay Elmira?
- Elədir, onlardan hər şey gözləmək olar.
Səhər yanımda oturdu Məmməd:
- Veriliş çox xoşuma gəldi. Keçən dəfə belə xoşuma gəlməmişdi. Səmimi danışıqlar, gözəl kadrlar var verilişdə. Mənim yerimə Elmiraya təşəkkürümü bildirərsən. Sənə onu da bildirim ki, cildləri necə gəldi çap etdirməyək. Orada xatirə də, məktublardan da verək.
4 noyabr - Məmmədin tərcüməsində Lermontovun "Dəniz qulduru" poemasını yazıram. Televizorda "Araz" bədii təqvimi Məmmədlə açdılar.
- Məmməd, bu qız da səni canlı klassik adlandırdı. Amma onu da deyim, deyəsən, yavaş-yavaş unudulursan.
- Təbiidir, xəstəyəm, insanlarla ünsiyyətdə deyiləm.
Çeçenlər haqqında veriliş gedirdi.
- Rusları ancaq rus şovinistləri və şovinizm məhv edəcək - dedi Məmməd.
Yaqub Zurufçu da Məmməddən çeçenlərə aid mahnı üçün söz istədi. Fikrinə yaxşı musiqi gəldiyini söylədi:
- Yaqub, Məmmədin sənə verdiyim kitabında "Çeçen faciəsi" şeri var. Onu oxu, gör mahnıya yatırmı?
- Məmməd, bilirsən yadıma nə düşdü? Könlümə düşdü ki, səninlə yenə də Kəlbəcərdə olam, dağ başında şəlalənin, bir də sazın səsini dinləyəm.
- Bir az aşağı düş, yıxılarsan, gəl bu qoca vaxtı tək qal, olmaz - zarafatla cavab verdi, Məmməd.
15 noyabr - Məmməd işdən gələndə xəbər verdi ki, Şəhriyarın oğlu Təbrizdən gəlib, mənimlə görüşmək istəyir. Şahmara tapşırdım ki, onları evimizə gətirsin.
Qərarlaşdığı kimi Şahmar Ələkbərzadə, Şəhriyarın oğlu Hadi, bir də Həsən Umudoğlu qonağımız oldu. Həsən Umudoğlu oturmadan birnəfəsə bu sözləri söylədi:
- Bizim ümidimiz bu taya qalıb. Məmməd Arazın şeirlərini maraqla izləyirik. Axırıncı kitabını Naxçıvandan aldıq.
Cənubla bağlı xeyli söhbət etdilər.
(Davamı var)
Təzadlar.-
2014.- 8 aprel.- S.6.