Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real
vəziyyət və perspektivlər
...Sabunçu Bakının digər rayonlarından həmişə fərqlənib. Əsasən də sənaye rayonu olması ilə. Rayonun ərazisinin böyük bir hissəsinin Xəzərin sahili boyu yerləşməsi də bu fərqi xeyli artırır. Rəsmi mənbələrdən aldığımız bilgiyə görə, 1958-ci ildən Leninin adını daşıyan rayonun bəxti üzünə bir də 1992-ci ildə gülüb-rayon qədim adına bəraət alıb, Sabunçu adlandırılıb... Və açıq deyim ki, rayonun bəxti bir də onda gətirib ki, bu sənaye rayonuna nəhayət ki, neçə il əvvəl məhz uzun illər istehsalatda-neft sənayesi sahələrində çalışmış Adil Vəliyev icra başçısı təyin olundu.
Heç kimə sirr deyil ki, hər bir rayonun rəhbərliyində çalışan məsul şəxslərin həmin rayonun iqtisadiyyatını dərindən bilməsi, böyük istehsalat və idarəçilik təcrübəsinə malik olması vacib şərtdir. Mən bununla Sabunçunun əvvəlki RİH başçılarının fəaliyyyətinə fərqli qiymət vermək fikrindən uzağam. Lakin mənim üçün kifayət qədər fəaliyyətini tanıdığım Adil Vəliyevin istehsalatdan keçən əmək fəaliyyəti diqqəti çəkəndir. Məlumat üçün deyim ki, Adil Vəliyev əmək fəaliyyətinə neft avadanlığı istehsal edən maşınqayırma zavodunda çilingər işləməklə başlayıb, sonralar isə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qazçıxarma İstehsalat Birliyində məsul sahədə işləyib. Lap sonralar isə, təxminən on ilə yaxın, “Euro style” LTD şirkətinin rəhbəri olub, yenə də istehsalatda, sənaye sahəsində fəaliyyətini davam etdirib. Bunları deməkdə məqsədim odur ki, bu gün ölkə prezidenti cənab İlham Əliyevin də xüsusi diqqət verdiyi Sabunçu rayonunda məhz qeyd edilən əmək fəaliyyətli şəxsin rəhbər vəzifədə olması xüsusi əhəmiyyət daşıyır. Ən azı, Adil Əliyevin malik olduğu təcrübə iqtisadiyyatın vacib sahəsi olan sənayenin Sabunçu rayonunda yeni mərhələdə inkişafı və mövcud problemlərin həlli üçün böyük əhəmiyyəti var. Bunu hazırda rayonda həyata keçirilən iqtisadi islahatlar, yeni möhtəşəm sənaye-tikinti layihələri də təsdiqləyir...
Sabunçuda problemlərin həlli mümkünsüz deyil, çünki...
Sabunçu rayonunda 10 qəsəbə vardır ki, onların hər birinin özünə məxsus infrastrukturu, sənaye potensialı, iqtisadi rolu var. Rayonun Sabunçu, Zabrat, Balaxan və Ramana qəsəbələri... Sabunçunun neftçıxarma sənayesi mərkəzi sayılırsa, Pirşağı, Bilgəh, Kürdəxanı və Nardaran qəsəbələri isə əsasən rayonun, eləcə də bütövlükdə paytaxt əhalisinin hələ tarixən istirahət yeri-çimərlik zonası kimi məşhur olub. Bir sözlə, iqtisadi inkişafla əldə olunan uğurların bəhrəsi kimi çəkilən zəhmətin də son nəticəsi-istirahət imkanları rayonda bir-birini tamamlayır. Bunu rayonun ötən ilki iqtisadi göstəriciləri də təsdiqləyir. Məsələn, Sabunçu rayon İcra Hakimiyyətinin rəsmi saytının məlumatına görə, “2013-cü ilin yanvar-dekabr aylarında rayonda 3965518,4 min manatlıq (əvvəlki ilin muvafiq dövrü ilə müqayisədə 122,2 faiz çox) sənaye məhsulu istehsal edilmiş və xidmət göstərilmişdir. 2013-cü ilin yanvar-dekabr aylarında istehlakçılara 400154,7 min manatlıq, o cümlədən sənaye müəssisələrinin öz istehsalı olan 393590,2 min manatlıq malların və ya bütün sənaye istehsalının 99,3 faizi qədər sənaye məhsulu göndərilmişdir. Sənayenin neftçıxarma bölməsi Sabunçu rayonunun iqtisadiyyatında mühüm rola malikdir. Belə ki, əmtəəlik neft hasilatı 380,0 min ton, qaz hasilatı isə 5,1 milyon kub metr olmuşdur”.
Onu da deyim ki, rayon iqtisadiyyatının qeyd olunan uğurlarında əsasən neft-mədənçıxarma sənayesi ilə məşğul olan “Balakhanı Operating Company” LTD, “Azgerneft” MMC, emal sənayesi ilə məşğul olan “Bakı Neft Maşınqayırma” TASC, “Bakı Fəhləsi” TASC, “Neftqazmaş” ASC, “Sərham” MMC, “Sun tea” MMC, “Şirin”MMC, “Bakı fındıq emalı”MMC və digər müəssisələrin böyük payı var.
Sabunçu rayonu böyük tikinti meydançasını xatırladır...
Məlum olduğu
kimi, Dövlət başçısı İlham Əliyev Abşeron
yarımadasının ən böyük gölü olan və əsasən
də Sabunçu rayonu
ərazisində yerləşən Böyük
Şor gölünün
idarə edilməsi və istifadə olunması ilə
bağlı fərman imzalamışdır. Fərmanda İqtisadiyyat və Sənaye
Nazirliyinə gölün bərpa
olunmasını təmin etmək, istehsal
və məişət tullantılarını aradan
qaldırmaq, gələcəkdə göldən səmərəli
istifadə etmək, həmçinin onun
saxlanılmasına nəzarəti həyata keçirmək
tapşırılıb. Və 2015-ci ildə Bakıda
keçiriləcək Olimpiya oyunlarına
hazırlıqla bağlı gölün ətrafında
hazırda möhtəşəm tikinti-quraşdırma işləri
görülür. Türkiyənin TOCA (The Office
of Contemporary Architecture) şirkəti hazırda ərazidə tikinti işlərini həyata keçirir. Belə
ki, 2015-ci ildə istifadəyə veriləcək
və daxili sahəsi 120.830 kvadratmetr olan, 65 min tamaşaçı
yeri tutacaq Bakı Olimpiya Stadionunun tikinti işlərindən sonra burada Bakı Olimpiya kəndi salınacaq. Ən vacibi, bu möhtəşəm
tikinti kompleksi-Olimpiya Stadionu Bakıda Böyük Şor gölü ərazisində
əvvəllər neft
məhsulları ilə
çirkləndirilmiş ərazidə
tikilir. Bu işlər isə təbii ki, Sabunçu rayonunun sənaye-tikinti işlərində
mühüm yer tutur. Ümumiyyətlə
isə, ötən il rayonda bütün
maliyyə mənbələri
hesabına 87600,5 min manat əsas fondlar, 2157,6 kv.m. yaşayış evləri istifadəyə verilmiş, əsas kapitala 304676,3 min manat həcmində investisiya yönəldilmişdir. Həmin
dövrdə həm də 230009,4 min manatlıq tikinti-quraşdırma
işləri yerinə
yetirilmişdir. Bir sözlə,
rayonun iqtisadiyyatının
digər sahələrində
də xeyli işlər görülmüş,
bu işlər davamlı olaraq həyata keçirilməkdədir.
Rayon ərazisində böyük yaşayış
komplekslərinin inşası
isə diqqəti çəkməyə bilməz.
Neftlə
çirklənmiş əraziləri
yaşıllığa çevirən
təşəbbüslər...
Sənaye
rayonu olan Sabunçuda Sovetlər dönəmində neftçıxarma
sənayesinin xüsusi
çəkisi sənayenin
digər sahələrini
üstələmişdir... Lakin mərkəzi büdcəyə hər il milyon tonlarla
neft verən və bundan qat-qat çox qaz hasil edən,
çoxnövlü neft
avadanlığı istehsal
edən rayonun ekoloji problemləri barədə düşünən
olmamışdır. Daha doğrusu,
rəsmi Moskva nədənsə Azərbaycandan
aldığı varidatın
bir hissəsinin bölgənin ekologiyasınan
bərpası və qorunması üçün
sərf etməkdə
xəsislik nümayiş
etdirmişdir. Lakin SSRİ dağılandan
sonrakı ötən
dövrdə, xüsusən
də son illərdə
Bakının, ümumiyyətlə
isə Abşeron yarımadasının ekologiyasının
qorunması və saxlanması üçün
böyük işlər
görülməkdədir. Bu sırada Sabunçu
rayonu xüsusilə fərqlənir. Rayonda kifayət
qədər ekoloji narahatlıq yaradan mənbələr və neftlə çirklənmiş
ərazilər vardır.
Bu ərazilərin bərpası
və ekoloji durumunun yaxşılaşdırılması
üçün vacib
olan çirkab sularının axıdıldığı
kiçik göl və kölməçələrin
qurudulması, çirkab
sularının axınının
idarə olunmasıdırsa,
bundan da vacib məsələ çirklənmiş ərazilərdə
yaşıllıqların salınmasıdır...
Leyla Əliyevadan gələn təşəbbüsün bəhrəsi...
...Neçə gün əvvəl-aprelin
ilk günlərində Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik
etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi
Naminə Beynəlxalq
Dialoq) İctimai Birliyinin, “ASAN xidmət” və “Təmiz Şəhər”
ASC-nin birgə təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək”
adlı müştərək
layihə yeni mərhələyə çatdı.
Maraqlı olan bu idi ki,
fevralın 3-dən başlanmış
layihə çərçivəsində
könüllülər “ASAN xidmət” mərkəzlərinə
müəyyən miqdarda
kağız təhvil
vermiş, əvəzində
isə hər 50 kiloqram kağız tullantısı müqabilində
bir ağacın əkilməsinə imkan əldə etmişdilər.
Ümumilikdə, üç
ay davam etmiş layihə çərçivəsində
toplanmış 78 min 810 kiloqram
kağıza 1576 ağac
alınmış, nəticədə
uzun illər Bakının ekologiyası
üçün “üz
qarası”na çevrilmiş,
tənqid hədəfi
olmuş Balaxanı sənaye və məişət tullantıları
(zibil) poliqonunun 5 min kvadratmetr ərazisi yaşıllaşdırılmışdır.
Bütün bunları həm
də bu ilin martın 29-da Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı
Adil Vəliyevin Balaxanı qəsəbə
sakinləri ilə keçirdiyi səyyar görüşündə sakinlərin
bəzi sosial məsələlərin həlli
ilə əlaqədar
qaldırdığı təşəbbüslərin
və təkliflərin
nəticəsi kimi də dəyərləndirmək
olar.
Bəlkə barsız yolka əvəzinə qiymətli
meyvəsi olan zeytun əkilsin?
Təbii
ki, nəinki ərazilərinin xeyli hissəsi neft məhsulları və paytaxtın məişət
tullantıları ilə zaman-zaman çirkləndirilmiş bir
rayonun, eləcə də Bakının və bütövlükdə
Abşeronun ekologiyası
üçün maraqlı
təşəbbüs olan
“Hər kağızı
bir yarpağa dəyişək” layihəsi
təcrübə kimi
Bakının digər
ərazilərində də
yayılmalıdır. Mən
bura həm də “Hər kiloqram metal tullantısını
bir ağaca dəyişək”
adlı layihənin də həyata vəsiqə almasını
arzu edərdim. Çünki bu yazını çapa hazırlayarkən əvvəlcə
Sabunçu rayonunda istər metal, istərsə
də digər sintetik polietilen torbalar və ya butulkalarla çirklənmiş ərazilərə
çox rast gəldim... Bu narahatlıq
doğuran mənzərəyə
həm də Xəzərin çimərlik
ərazilərində də
rast gəlmək mümkündür. İstərdim
və arzulayardım ki, Sabunçu rayonunun gəncləri həm də bu təşəbbüsdə
olsunlar ki, rayon ərazisində ətrafı
çirkləndirən metal qırıntıları, təkrar
emala yarayan digər sənaye tullantılarını toplayaraq
əvəzində aidiyyəti
ünvanlardan ağaclar
alsınlar, həmin ağaclar rayonunu yaşıllığı az olan ərazilərinə
əkilsin.
Yeri gəlmişkən, hələ də ağac əkilmə kampaniyalarında həmişəyaşıl
yolka və küknar ağaclarına daha çox rast gəlirik (foto-şəkil təqdim olunur). Təklif edərdik ki, bu barsız, az ömürlü və Abşeronun küləkli iqliminə davamsız olan yolka ağaclarının
əvəzinə həmişəyaşıl,
uzun ömürlü və barı-məhsulu çox qiymətli olan zeytun ağacları
əkilsin. Axı zeytun həm
də Abşeronun iqlimi üçün ən əlverişli ağacdır.
Sosial-iqtisadi inkişaf üçün
ciddi əsaslar...
Onu da deyim ki,
Prezidentin 4 may 2011-ci il
tarixli sərəncamı
ilə təsdiq edilmiş “2011-2013-cü illərdə
Bakı şəhəri
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı”na
rəğmən, Sabunçuda
indiyədək çoxsaylı sosial-iqtisadi əhəmiyyətli
obyektlər tikilib istifadəyə verilmiş,
yeni yollar çəkilmiş, elektrik,
qaz, su və
istilik təchizatının
yenidən qurulması
işləri görülmüşdür.
Həmçinin rayonun yol infrastrukturu təzələnmiş,
Sabunçu-Zabrat-Maştağa, Zabrat-Pirşağı və
Bilgəh-Sumqayıt avtomobil
yollarının tikintisi
sürətlə davam
etdirilməkdədir, yolların
böyük bir hissəsi artıq istifadəyə verilmişdir.
Prezidentin 18 iyun
2013-cü il tarixli sərəncamı ilə Maştağa, Zabrat və Nardaran qəsəbələri
yollarının tikintisi
və yenidən qurulması üçün
sonuncu dəfə İcra Hakimiyyətinə
əlavə vəsait
də ayrılmışdır.
Nəticədə adı çəkilən
qəsəbələrin elektirik,
su və qaz verilişi xətləri yenidən qurulmuş, yollar asfaltlanmışdır. Həmin qəsəbələrdə,
həmçinin digər
sosial yönümlü
layihələr də
həyata keçirilmiş,
bir sıra layihələrin icrası
isə davam etdirilməkdədir.
***
Sonda, təbii ki, bir qəzet yazısında Sabunçu
kimi böyük sənaye potensialına malik rayonda indiyədək
görülmüş və
görüləcək kompleks
işlərin hamısından
danışmaq mümkün
deyil... Amma indiyədək görülən
işlərin uğurlu
davamına nəzər
salanda perspektivdə Sabunçu rayonunun hansı iqtisadi yüksəlişə nail olacağını
nəinki görmək mümkündür,
həm də aydın görmək mümkündür...
Asif Mərzili
Təzadlar.-
2014.- 10 aprel.- S.9.