“Burda bir kənd vardı”
Kəlbəcərin Ağdaban faciəsinin 22-ci il dönümünə və bu faciəyə həsr olunmuş kəlbəcərli şair Cabir Umudun bu adda kitabının təqdimat mərasimi keçirildi...
Hər ilin yeni təqvim ayı olan yanvar başlayandan faciələrimizin ildönümləri də sıralanır. 20 yanvar faciəsi, Daşaltı faciəsi, fevralda Xocalı faciəsi, 31 mart soyqrımı, aprelin 2-si Kəlbəcərin işğalı, aprelin 8-i Kəlbəcərin Ağdaban faciəsi, Şuşa, Laçın, Ağdam... faciələri və bu faciələrin ildönümləri bizi qarabaqara izləyir. Biz də hər dəfə bu faciələrin il dönümündə yığışıb, dərdləşib, yenə dağılıb hərə gedir öz işinin dalınca. Bütün faciələrimizdə edilən çıxışlardan, şahidlərin ifadələrindən məlum olur ki, ermənilər həmişə bizə olmazın müsibətlər yaşadıblar. Amma maraqlıdır ki, beynəlxalq aləmdə ermənilər məsum, yazıq, biz isə vəhşi, qaniçən kimi təqdim olunmuşuq. Biz bir yerə yığışıb bu faciələrin il dönümünü qeyd etməkdənsə, gücümüzü, vaxtımızı erməni vəhşiliyini dünya miqyasına çıxarmağa sərf etməliyik.
Düzdür, son illər Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox MDB və Avropa dövlətlərində “Xocalıya ədalət” kompaniyası start götürüb və çox uğurla davam etdirilir. Ancaq həm indiki, həm də keçmişdəki bütün faciələrimizi beynəlxalq aləmə çıxartmalıyıq ki, ermənilərin tarixən hansı xislət sahibi olduqları Avropa xalqlarına da məlum olsun. Buna nail olmaq üçün həmin faciələr mütləq yazılmalıdır, ayrı-ayrı dillərə tərcümə edilib, dünyaya yayılmalıdır. Bu gün işğal olunmuş rayonların faciəsini bu hadisələrin şahidləri yazmayacaqsa, başqa birisinin eşitdiklərini yazmasının heç bir təsiri olmayacaq.
Bu baxımdan Kəlbəcərin sayılıb, seçilən ziyalısı, bacarıqlı həkim, gözəl şair Cabir Umudun “Burda bir kənd vardı” kitabı olduqca diqqətə layiqdir. Kitabdakı poema 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni cəlladlarının Kəlbəcərin Ağdaban kəndində törətdikləri faciədən, qətliamdan bəhs edir.
Bildiyimiz kimi 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər vəhşi kimi sanki qana susayaraq, Ağdaban sakinlərini al qana qərq etdilər. Elə aprelin 8-də Beynəlxalq Mətbuat Mərkəzində bu faciənin 22-ci ildönümündə və Cabir Umudun həmin faciəyə həsr ediyi “Burda bir kənd vardı” kitabının təqdimat mərasimində səslənən müraciətdə də bu barədə çox konkret deyilib: “1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdaban kənd sakinlərinin başına dəhşətli faciə gətirdilər. Kəlbəcər rayonunun 130 evdən ibarət AĞDABAN kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. 33 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər az yaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Bu, bir kəndin sakinlərinə tutulmuş amansız və insanlıq adına sığmayan divan idi”
Mətbuat konfransını idarə edən kəlbəcərli şair, el ağsaqqalı Məmməd Aslanın tövsiyyəsi ilə tədbir iştirakçıları faciəni bir dəqiqəlik sükutla yad etdilər. M.Aslan bütövlükdə Kəlbəcərin və Qarabağın başına gətirilən oyunlardan danışdı. Türkiyə və Kərkük şairlərindən oxşar faciəni yaşayanlardan nümunələr söylədi və ilk sözü Ağdaban faciəsinə həsr etdiyi poemanın müəllifi Cabir Umuda verdi. C.Umud öz çıxışında qeyd etdi ki, bu faciəni qələmə almaqla gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaq istəyib: “Mən bu poemanı yazarkən həmin hadisələr gözümün qarşısına gəlirdi. Mən o hadisələri yaşayanlardan biriyəm. Çalışmışam ki, bu poemada xalqımızın başına gətirilən müsibətlər barədə doğru, dürüst məlumatlar əks olunsun. Bu poemanı yazmaq olduqca mənə çətin idi. Ancaq fikirləşirdim ki, mən mütləq bunu yazmalıyam. Nə dərəcədə istəyimə nail olmuşam, deyə blimərəm. Poema barədə siz oxucuların təbii ki, qiymət verməsi lazımdır, yaxşı, ya pis, hərhalda qiyməti siz verməlisiniz. Dəvətimizi qəbul edib, tədbirə gələn hər bir kəsə təşəkkürümü bildirirəm”.
Sonra şair həmin poemadan bəzi nümunələri tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Göy qübbəsi altında,
Ağ günlü kənd yanırdı.
Qara tüstü içində
Bir kənd bənd-bənd yanırdı.
Naqasaki pərişan,
Xatın təlaşlı idi.
Oynanılan oyunlar,
Gör neçə başlı idi!
Bağrı qan körpələrin
Dodağı çat-çat idi.
Bu vəhşilik önündə
Ölüm özü mat idi.
Sinələrdən torpağa
Tökülən qan yanırdı.
Bura Dəşti-Kərbəla,
Hər kəs, hər yan yanırdı...
Qatilə ayaq vermək
Dünyanın qırımı idi.
Bu qətliam, bu tarix,
Açıq SOYQIRIMIYDI!
Ucdan-tutma bu qırğın,
Özü soyqırımıydı.
Oda tutuşanların
Közü soyqırımıydı.
Dünya! Danma gerçəyi,
Od alan ağbirçəyi.
Yanan kəndin çiçəyi,
Yazı soyqırımıydı.
Zar olar haqqı danan,
Bəşər! Gəl haqqa inan!
Dədə Şəmşirin yanan
Sazı soyqırımıydı...
Poema beləcə başdan-ayağa od-alov saçan təsirli, poetik nümunələrdən ibarətdir. Bu, başqa cür ola da bilməzdi. Adətən deyirlər aşıq gördüyünü çağırar. Cabir Umud da gördüklərini, başına gələnləri çox poetik bir dillə qələmə alıb. Elə tədbirdə də qeyd olundu ki, poemanın bayatı janrında qələmə alınması olduqca diqqət çəkən məqamdır. Çünki həmişə nənələrimiz bayatı dilində ağı deyib, dərdini danışıb. Uşaqlarımızı həmişə bayatılarla, laylalarla danışdırıb, böyüdüblər. Ona görə də bu janr olduqca dilə yatımlıdır. Cabir Umud da bu janrı seçməklə Ağdaban faciəsini elə təsvir edib ki, poemanı oxuyan hər kəs özünü həmin hadisələrin mərkəzində hiss edir və sanki hansısa bir poema, əsər oxumur, elə öz iç dərdini danışır.
Tədbirdə çıxış edən şair Adil Cəmil, Əlövsət Ağalarov, Moskvada yaşayıb, yaradan, kəlbəcərli ziyalı, şair Nəsib Nəbioğlu və digər qonaqlar həm Ağdaban faciəsindən, həm də Cabir Umudun bu faciəyə həsr etdiyi kitabdan ürək dolusu danışdılar. Şair N.Nəbioğlu qeyd etdi ki, o 21 ildir Moskvada yaşayır: “Biz hər il 2 aprel Kəlbəcərin işğal gününü və 8 aprel Ağdaban faciəsini qeyd edirik. Bu barədə kitablar yazırıq və başqa dillərə tərcümə edib yayırıq. Bir neçə dəfə BMT-nin Moskvadakı nümayəndəliyi qarşısında mitinqlər də keçirmişik ki, dünya birliyi bu faciədən xəbər tutsun. Bizə tədbir keçirmək üçün bəzən yer verilməyəndə, orada açdığımız “Kəlbəcər” kafesində bu faciələri yada salırıq. Cabir Umudun bu kitabı da faciələrimizə həsr olunduğuna görə çox vacibli və sanballı bir vəsaitdir. Biz təbliğatımızda mütləq bu kitabdan da istifadə edəcəyik”.
Məmməd Aslan “Təzadlar”ın əməkdaşı kimi bu sətirlərin müəllifinə də söz verdi. Mən öz çıxışıma əvvəl çıxış edənlərin bir fikrinə münasibət bildirməklə başladım: “Burada belə fikir səsləndi ki, bəzən efirlərdə kəlbəcərliləri, qarabağlıları torpağı qoyub gəlməkdə ittiham edirlər və buna etirazlarını bildirdilər ki, məsələ onların dediyi kimi deyil. Təbii ki, işğal olunuş rayonlardan gələn insanları bu məsələdə ittiham etmək həm ayrıseçkilikdir, həm də böyük yanlışlıqdır. Sadə insanların burada heç bir günahı yoxdur. Ona görə də mən üzümü kəlbəcərliləri və bütövlükdə məcburi köçkünləri aşağılayan ifadələr işlədən insanlara qəzetimizin bu günkü (8 aprel 2014-cü il) sayında cavab vermişəm və fikrimi gözəl şairimiz Söhrab Tahirin “Azərbaycan” poemasından bir bənd verməklə tamamlamışam:
“...Çətindir alçağın kama çatması,
Ucalda-ucalda adam ucalar.
Alçaqlıq özünü uca tutmasın,
Alçaldan, əvvəlcə özü alçalar!”
Bu misralar başda Məmməd Aslan olmaqla hamının alqışına səbəb oldu və bildirdim ki, kim köçkünləri aşağılamaq fikrinə düşsə, bu misraları onlara söyləsinlər. Mən özüm Aran bölgəsindən olsam da, könüllü olaraq döyüşlərdə iştirak etməyi özümə borc bilmişəm. 1992-93-cü ilərdə Haramı düzündən Xocavənd istiqamətində, daha sonra Zəngilan, Qubadlı, Laçın, Füzulidə topçuların komandiri olaraq döyüş yolu keçmiş bir insan kimi bildirirəm ki, yerli sakinlərin həmin dövrdə hər biri bir qəhrəman idi. Qubadlının Hat kəndində mən 70-dən yuxarı yaşı olan bir qoca qarının əlində avtomat görmüşəm. Belə xalq torpaq qoyub qaça bilməzdi. Bu, başqa bir oyun idi, başqa bir siyasət idi. Burada dediyim kimi, sadə insanların heç bir günahı yoxdur və məcburi köçkünləri aşağılamaq istəyənlər təbii ki, bunlardan xəbərsiz adamcığazlardırlar. O ki, qaldı Cabir Umudun “Burda bir kənd vardı” poemasına, oxumasam da, deyə bilərəm ki, o yüksək peşəkarlıqla yazılıb. Çünki şairin bundan əvvəlki kitablarında oxuduğum şeirlər deməyə əsas verir ki, C.Umud öz iç səsini, ağrı-acılarını çox gözəl və poetik bir dillə qələmə almağı bacarır. Onun “Mənim bu millətə yazığım gəlir”, “Araba kölgəsində yatan it”, “Son qərar” və digər ictimai-siyasi şeirləri sadəcə ağrı-acımızın tərənnümü yox, eyni zamanda düşməndən qisas almağa bir çağırışdır. Ona görə də icazənizlə Cabir Umudun “Son qərar” şeirini diqqətinizə çatdırım”.
“Şair xalqıq” deyə-deyə,
olan-qalan nə vardısa
bada verdik.
Zaman-zaman,
qarış-qarış itirilən torpaqları
birdəfəlik yada verdik.
“Müdrik xalqıq” deyə-deyə
vuruşmadıq, döyüşmədik,
Şərəf itdi, namus itdi,
itənləri bircə ovuc
qanımıza dəyişmədik.
“Səbirliyik” deyə-deyə,
bir töhmətin yedəyində
qula döndük.
Vədə keçdi, il dolandı,
bizsə, ancaq
öz yerini vaxtdan-vaxta dəyişdirən
çula döndük.
“Dözümlüyük” deyə-deyə,
dözülməyi məhvimizə qərar verən
olaylara dözdürdülər.
Savaş, düşmən unuduldu,
Özümüzü özümüzdən bezdirdilər.
Uca-uca kürsülərdən söz eşitdik,
uca-uca kürsülərdən
Vətən dərdin, xilas yolun,
Nə yazıq ki, az eşitdik.
“Lazım gəlsə döyüşərik”
-dedilər də arada bir.
Tapdaq altda qalan yurdun
sərkərdəsi-
gərək olsun əsgərləyə sırada bir.
“Lazım gəlsə...”
sözə baxın...
Beşdə biri əsir olan,
milyonlarla vətəndaşı yesir olan
məmləkətin insanında
üzə baxın.
Demək, hələ lazım deyil
on illərlə qalaqlanmış
bu töhmətdən xilas olmaq.
Demək hələ lazım deyil,
On illərlə batdığımız
çirkablardan təmizlənib
xilas olmaq.
Demək, hələ lazım deyil,
Torba ilə daşınan yurd yarasına
dərman olmaq
Demək, hələ lazım deyil,
Ləkələnən namus, qeyrət qisasına
şərəfli bir fərman olmaq
Lazım gəlsə...
ünvanına yetişməyən
bu fikirin qayəsi nə?
Yastıq kimi baş altına pərçim olan
bu sözlərin mayəsi nə?!
Əsir qalmış yurd yerindən
axşam-səhər səda gəlir.
Ər kişilər ucaltdığı qalalardan
qınaqlı bir nida gəlir-
Xilas... xilas...
Vətən oğlu, zaman keçir
nə yatmısan,
tələs! Tələs!
Üryan olan bu vətənin libasına
Ölçü, biçim səninkidir!
İtən namus, itən şərəf xilasına
indi seçim səninkidir!
Ya şərəfli, baş ucaldan
Zəfər deyib haray çəkən
o yolu seç,
Ya da elə birdəfəlik
dünənindən, bu günündən,
özündən keç.
Şeir hamı tərəfindən çox rəğbətlə qarşılandı və bildirdim ki, Qarabağın azad olunması üçün son qərarı prezident cənab İlham Əliyev verəcək. Elə demək olar ki, bununla da tədbir yekunlaşdı. Tədbirin aparıcısı şair Məmməd Aslan gələn qonaqların hər birinə öz təşəkkürünü bildirdi.
Eflçin
MƏMMƏDLi
Təzadlar.-
2014.- 10 aprel.- S.7.