Məmməd Arazın dəhşətli həyat
hekayəsi: “Ömürdən yarpaqlar”
Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...
(Əvvəli ötən saylarda)
4 dekabr - Yarımçıq misralar:
Qayalara, daşlara söykəncək olun,
Qıvraq qalın, oynaq qalın son günəcən.
Özünüzü saxlayın, səsinizi axlayın,
Qılıncınızı saxlayın...
- İnsan payız ölə, yazda dirilə; Zimistanda boran, qarı çəkməyə - insanda arzuya bax, - dilləndi Məmməd.
- Nə olub, Ələsgər hardan yadına düşdü?
- Nə bilim. Hüseyn Arif həmişə mənə deyirdi ki, sənin şeirlərin kəşfdir, məsələn, “Sən kimə gərəksən, mən kimə gərək”. Bunu heç kim deyə bilməyib, ancaq sən demisən. Rəhmətlik şeirlərini gəzə-gəzə beyninə yazardı. Musa Yaqub da elədi. O da gəzərkən yazır.
Özünə həsr olunmuş şeiri mənə verdi. Başlıq belə idi: Xalq şairimiz Məmməd Arazın “Bəlkə bu yerlərə bir də gəlmədim” şerinə cavab:
Daha gəl-gəl demir güllər, çiçəklər,
Nidamı yarımçıq kəsir küləklər.
Yaman nisgillidir indi ürəklər,
Dağlar yetim qalıb, dağlara gəlmə.
Qıy
vuran qartallar yoxdur, köçübdür,
Əliklər,
ceyranlar, bizdən hürkübdür,
Kimsəsiz
bənövşə boynun bükübdür,
Dağlar yetim qalıb, dağlara gəlmə.
Buludlar su
səpmir, quruyub gözü,
Ocaq
tüstülənmir sovrulub közü,
Aşıq
oxumur tükənib sözü,
Dağlar yetim qalıb, dağlara gəlmə.
Düşmənlər
toxtayıb bizim oylağa,
Aranı, elatı qalxır yaylağa.
Alagöz
pəri də düşüb girova,
Dağlar yetim qalıb, dağlara gəlmə.
Yarpızın,
nanənin dəyişib təmi,
El köçüb yurdunda yoxdur həmdəmi.
Gəlsən
çox olacaq, artacaq qəmin,
Dağlar yetim qalıb, dağlara gəlmə.
Ay elin nəhəngi,
ay Məmməd Araz,
Ay
şeir çələngi, ay Məmməd Araz.
“Özü
yıxılanın özü ağlamaz”
Dağlar yetim qalıb, dağlara gəlmə.
Xeyrulla Culfa rayonu, Qazançı kəndi, müəllim.”
Səmimi şeirdir, sənin sözlərini tərsinə
çeviriblər.
- Hə,
işə göndərmişdi.
7 dekabr -
İlyas Tapdıq zəng çaldı:
-
Gülxanım, Məmmədin tələbə vaxtı
Moskvadan mənə yazdığı məktublarını
tapmışam. Ancaq Gültəm
qızımın dovşanı ora-burasını
didişdirib.
- Oxunurmu?
- Hə,
bərpa etmək mümkündür.
Axşam İlyas məktubların əslini və surətini
gətirdi. Cavanlıq vaxtlarımızdan xeyli
danışdıq. Söhbətarası İlyas bildirdi:
- Münəvvərin
şeir və hekayələrini çap etdirirəm. Qoy onun da zəhməti heç olmasın.
-
Çox sağ ol İlyas, vallah, açığı
paxıllığım tutdu.
13 dekabr -
Axşam Sevda xanım telefonla danışdı:
-
Gülxanım bacı, sizi nə vaxtdan arayırdım. Cavab yox idi, indi də cavab verməsəydiniz
Yazıçılar Birliyindən soruşacağdım.
Burada yox idim. 6 aydan yuxarıdır ki,
yoldaşım infarkt keçirib, az qala onu
itirəcəkdim. Mahnılardan xəbərim
yoxdur. Yaqubu görmüsünüzmü?
- Yaqub
kaseti göndərdi, Sevda xanım, mahnılar bir o qədər
də mənə çatmadı.
- Mənsiz
işləyib, ona görə. Mahnılarımı
mən müğənnilərlə özüm işləyirəm.
Kaseti göndərin. 60
illiyimi keçirəcəyəm. İstəyirəm
zalda siz də olasınız.
- Gələrəm Sevda xanım, mütləq gələrəm. Amma Məmməd
gələ bilməz.
Yaqubun telefonunu Sevda xanıma verdim. Axşam Yaquba dedim:
- Yaqub sənə
20 dənə kitab verəcəyəm, apar Amerikaya. Oradakı azərbaycanlılara payla. Bilsinlər ki, onların Məmməd Araz kimi
şairləri var.
- Allah
razı olsun, xanım. Sabah adam göndərərəm
kitabları verərəsən, sən məni çox
sevindirdin.
17 dekabr - Axşam “Ayırılıq” klipinin “Azərbaycan”
kinoteatrında keçirilən təqdimatına getdik. İştirak
edən cavanlı-qocalı adamların hamısı Məmmədə
bir təbəssüm göstərməyə, xidmət etməyə
çalışırdılar. Tədbirin
aparıcısı Səyyad Ağbabalı idi. Rejissor Nizami və Rövşənə suallar
verildi. Bundan da yaxşı çəkə bilərsənmi,
bu mövzuda - sualına Nizami belə cavab verdi:
-
Sualınıza cavab verməmişdən əvvəl qoy həmin
sualla söz nəhəngimiz Məmməd Araza müraciət
edək: Məmməd müəllim,
siz Araz haqqında yazdığınız şeirlərinizdən
daha yaxşısını yaza bilərsinizmi?
- Yazmaq
olar, yaza bilərəm, ancaq o olmaz - dedi Məmməd.
Rövşən
isə sözünü belə yekunlaşdırdı:
- Əgər təzyiqlə üzləşməsək,
daha təsirli, daha yaxşısını çəkəcəyəm.
18 dekabr - “Səsləmələr, söyləmələr”
başlığı altında yazdığım şeirləri
köçür. Görək Qorqud bizi nəyə səsləyir,
nə söyləyib. Dastanda ağaclardan çox bəhs
olunur, bunu heç kim tutmayıb, bu, gələcəyə
böyük yol deməkdir.
-
Yaşıllığın qorunması, eləmi?
- Bir
növ hə.
İsa bayramı təbrikə gəldi:
- Nə
yazırsan, bacı?
- Məmmədin
məqalələrini toplayıram. Bilirsən də
Məmmədin katibəsiyəm.
- Məmməd Araz dövlətinin katibi. Axı Məmməd
Araz bir dövlətdir. Burada onun kiçik
ərazisi, sən də onun katibi.
Sonra “Naxçıvan albomu” ssenarisini götürüb
oxudu.
- “Mənim Naxçıvanım”, - eqoizmə bax ha, niyə
tək sənin, bizim demirsən, mənim
Naxçıvanım, ancaq mənim - zarafat etdi İsa.
Deyəsən,
yeni ili xəstəliklə
qarşılayacağam.
7 yanvar - Hələ bir müddət “2000” sayına əlim
yatmayacaq.
Dünən Məmmədlə görüşmək istədiklərini
bildirən türklər gəlib çıxdılar:
- Türk
vəqfinin türk araşdırmalar mərkəzindənik. Istəyirik ki, bir “Şükran günü”
keçirək. Məmməd müəllimdən
icazə almağa gəlmişik. Əsas məqsədimiz
Məmməd Arazı türk dünyasına yaxından
tanıtmaqdır. Bu görüş
türk telekanallarında da göstəriləcək. Mənim adım Hüseyn Adıgözəldir.
Görüş yaxşı olacaq. Məmməd müəllimin hər bir şeiri bir
abidədir. Türk dünyası bu abidələrlə
yaxından tanış olmalıdır.
İkinci
həmkarı, Elman həkim Məmmədin xeyli təzə
şeirlərini əzbərdən dedi və əlavə etdi:
- “Ulu şahım, qılıncına söykənim”. Bunu ancaq Məmməd
Araz deyə bilər. Bacım, vaxt dardır, Məmməd
Arazın bütün yaradıcılığını əzbər
deyə bilərəm, axı onun elə gözəl şeirləri
kölgədə qalıb ki! Bir də
hamısını demək də mümkün deyil.
- “Şükran günü”
martın 15-də keçiriləcək, - deyib getdilər.
10 yanvar - Məmməd, məni də mətbəənin
direktorunun yanına aparacaqdın?
- Gec gəldi,
ona görə.
- Nə qədər
tirajı olacaq, qiyməti necədən hesablanır?
- Dedim ki,
hər cildi 13 çap vərəqindən götürsün.
- Axı
bu, çox azdı?
- Karlo Kaladzenin böyük bir zal otağı vardı, -
söhbətə başladı Məmməd. Bizim
otağın ikisi boyda. Mirzə İbrahimov, arvadı Sara
xanım, mən və bir neçə başqa
yazıçı onun qonağı olduq. Karlo
bizdən mahnı oxumağı xahiş etdi, biz oxuya bilmədik.
Soruşdum:
- Niyə
oxuya bilmədiz?
- Babadan ayıbdı, atadan
ayıbdı, böyükdən ayıbdı - bizi bu günə
qoydu. Ona görə də oxuya bilmədik.
Elə məclislər olur ki, yeri gələndə
oxumaq da lazım gəlir. Karlo deyirdi ki,
gürcülər mahnı oxuyanda
çığırırlar, ermənilər quruldanırlar,
amma azərbaycanlılar oxuyurlar.
- Məmməd,
artıq 42-ci ili haqlayırıq ki, bir yerdəyik.
Bu, 42 ildə bir dəfə belə sənin
mahnı oxumağın bir kənara, heç
mızıldandığını belə görməmişəm.
- Şeir
yazmaqla deyil ki... Mənim musiqiyə meylim, səsim,
tutumum yoxdur. Mən yazanda daxilimə
çəkilirəm, danışıram, kövrəlirəm,
ağlayıram. Amma oxuya bilmirəm. Atam haqsız tutulandan sonra ailənin bütün
yükü anamın üstünə
düşmüşdü. Gündüz
işlərini qaydaya salandan sonra cəhrəsini sazlar, əlçimi
iyə ilişdirər, cəhrə ilə birlikdə nəğmələrinə
başlardı.
Anamın nəğməsi tez-tez ahəngini dəyişər,
kövrələr, məni dağdan arana, arandan dənizlər
arxasına, qəriblər sorağına, nakamlar toyuna,
kasıblar qapısına aparardı. Bir də görərdim
ki, anamın gözləri dolub ağlayır.
Mənim də kövrəkliyim, yəqin ki, mənə
anamdan keçib.
Soyuq qış günlərində anamın nəğmələri
həmdəmim olardı.
Aşıq
Ələsgər mənim ilk poeziya əlifbam, ilk ədəbiyyat
müəllimim olub:
Axşamdan
yağan qar çıxıbdı dizə,
Kəsilib
bulaqdan yolu qızların...
Pəncərədən boylanardım. Doğrudan qar
qurşağa çıxıb, yol-riz bağlanıb. Bu soyuqda bulaqdan su gətirən qızlara
yazığım gələrdi.
Sən və
bacıların qaş-qabaqda atanıza
oxşamısınız. Ananız şən,
deyən-gülən, mahnı oxuyan idi.
- Yox, atam
da mahnı oxuyardı, ən çox da dağlara aid sözlər
oxuyardı. Düz deyirsən, qaşqabaqlı
idi, xasiyyətcə anamla fərqli idilər.
Əslində bütün adamlar uşaqlıqda bir
cür yaşayırlar. Böyüdükcə onların müəllimi
olan mühit hərəsinin qulağına bir şey
pıçıldayır. Onun bütün
gələcək əməllərinin baisi o “müəllim”
mühitdir. Hər yerdə onun dərs cədvəli,
çubuğu, yazı taxtası asılıb.
15 yanvar -
Ay xanım, xanım, salam
- Yaqub,
xoş gəlmisən, çoxdan burdasan?
-
Xanım, elə gələn kimi sizə zəng etdim, gəlib
şairlə görüşəcəyəm.
-
Amerikadakı söydaşlarımızdan bizə söhbət
açarsan...
Məmməd yazılarını saf-çürük
edir.
- Məmməd,
məqalələri saf-çürük eləmə,
bütün məqalələrində yaxşı fikirlər
var. Hamısını yığsaq 50 çap vərəqindən
çox olar, ona da pulumuz çatmaz. İki yerə bölərik,
allah kərimdi.
19 yanvar - Məmməd, yadındadı, bir vaxtlar -
Bakı Bakılılarındır - devizi vardı. Deyəsən,
Vəli Axundovun dövrünə düşürdü.
- Hə,
Bakıda, demək olar ki, bütün vəzifələr erməni,
yəhudi və rusların əlində idi. Başqa millətlər
bakılılarda belə bir fikir
formalaşdırmışdılar ki, rayonlular Bakıya gəlməsinlər.
İmam Mustafayev vəzifələrə azərbaycanlıları
çəkməyə başladı, koopirativ evlər tikməyə icazə
verildi və beləliklə, nisbət deyişilməyə
başladı. Amma sonra ona elə
özmüzkülər xələf çıxdılar.
20 -22
yanvar - Gündəlik hadisələrə baxan Məmməd
dedi:
- Axı
xalq qurbansız azad ola bilməz, ağlamaq
qəti olmaz. Mübarızəsiz heç nə əldə
etmək olmaz... Məqalələri oxuyub
qurtarmaq lazımdır, çox hissəsini çıxaraq,
bölmələrə ayıraq. Məsələn: “Sənət
eşqi”, “Xoş gördük, təbiət” və s. bölmələrə
- göstəriş verdi Məmməd.
26 yanvar
-Elman soruşdu:
-Ana, Məmməd
evdədirmi, Zöhrab onunla görüşmək,
buraxdırdığı kaseti hədiyyə etmək istəyir.
Gəldilər. Zöhrab dedi ki, bu kasetdə Məmməd əminin də
iki şeiri var. “Məndən ötdü, qardaşıma
deydi”, “Hardasan”, kaseti dinlərsiniz, görün necə
oxumuşam. Davam gətirməyib maqnitafonu
qoşdu, oxuduğu şeirləri dinlədik. Zöhrab əlavə
etdi:
- Məmməd müəllimin hər
şeiri bir kinodur, kinoya mövzudur.
(Ardı var)
Təzadlar.-
2014.- 10 aprel.- S.6.