Məmməd Arazın dəhşətli həyat hekayəsi: “Ömürdən yarpaqlar”

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

 

(Əvvəli ötən saylarımızda)

 

 

 

15 aprel - Elə də oldu. Telefon səsləndi:

 

 

 

- Mən təhsil nazirliyinin işçisi Müslüm müəlliməm. Dünənki görüşlə əlaqədar bir az danışıq olub. Misir Mərdanov çəkilişi istəyir, xahiş edirəm kasetləri verəsiniz, baxsın.

 

 

 

- Müslüm müəllim, bizdə kaset yoxdur, onu çəkən adamdadır. Zəng edərəm, gətirərlər. Axı orada elə bir danışıq olmayıb, ancaq şeir oxunub. Sabir və Əyyubun çıxışları ancaq ədəbiyyatla, Məmmədin yaradıcılığı ilə bağlı olub.

 

 

 

- Bilirəm, mən də orada idim.

 

 

 

- Bəs nə olub, indi  Məmmədə hücumlar davam edir? Kəsəsi, bizdə çəkiliş yoxdur.

 

 

 

Sonra Hüseyn Adıgözəl  narahatlıqla:

 

 

 

 - Xanım,  burada bir şeylər oluyur, lütfən kasetləri  verin, baxsınlar - dedi.

 

 

 

- Hüseyn müəllim, siz narahat olmayın, kasetləri gətirən kimi özüm Misir Mərdanova aparacağam. Şeirlərin hamısı çap olunmuş şeirlərdir. Çıxışlarda da elə narahatlıq doğuran bir söz yoxdur.

 

 

 

Elman kasetləri köçürüb verdi. Onları götürüb litseyin dərs hissə müdiri Əlövsət müəllimlə nazirliyə getdik.

 

 

 

Misir müəllim and içdi ki, mənim burada günahım yoxdur. Nəsiminin icra başçisi  mənə telefon açıb dedi ki, ..xəbərin var, görüşdə dövlətin əleyhinə gedənlər idi. Hətta Heydər Əliyevin əleyhinə  danışıblar. Ramiz Mehdiyevə də belə çatdırıblar. Mən də qorxdum ki, kişiyə də belə çatdırsınlar. Ona görə də sizdən çəkilişi istədim.

 

 

 

- Misir müəllim, 1-si Məmməd müxalifət və ya iqtidar şairi deyil. Bütün Azərbaycan xalqının, Türk dünyasının şairidir. 2-si bu görüşü türk litseyi keçirib, bəs siz niyə  keçirmirsiniz, keçirənlərə də maneçilik edirlər. 65 illiyində də susdunuz. Deyirsiniz ki, Məmmədlik heç bir iş yoxdur, bəs onunla görüş keçirən məktəb direktorunu çarmıxa çəkirlərsə, bu, Məmmədə vurulan zərbə deyilmi? Sizlərə də, prezident aparatına da dəvətnamə verilmişdi, bütün iqtidar, müxalifət partiyaları da dəvət edilmişdi. Deməli, belə çıxır ki, sizlər Məmmədi saymadınız, indi bu danışıqlar niyə lazım. Kim gəlibsə, Məmmədə ehtiramını bildirib. Gəlsəniz də, görüşdə iştirak etməsəniz də... Məmməd Araz elə xalqın sevdiyi Məmməd Arazdı...

 

 

 

Misir Mərdanovun yanından çıxıb Xalidə xanımın yanına getdim. Gileyləndi:

 

 

 

- Keçən il anam rəhmətə getdi, ağlamadım, amma indi məni ağlatdılar. Halbuki mən təşəkkür gözləyirdim ki, xalq şairinin görüşünə şagirdləri belə yaxşı hazırlamışam. Nə isə, indi bildim ki, siz illərlə nə qədər haqsız hücumlara məruz qalmısınız.

 

 

 

“Musavat” və “Azadlıq” qəzetlərində görüş ətraflı işıqlandırılmışdı...

 

 

 

27 aprel - Vaqif Arzumanlı “Vətəndaş” adlı veriliş aparırdı. Verilişin axırını Məmmədə həsr etmişdi.  Arif Əmrah oğlu Məmməd haqqında danışdı.

 

 

 

Vaqif Arzumanlı Məmmədin şeirlərini  XX və XXI əsrin möcüzəsi adlandırdı.

 

 

 

5-7-8 may - İlyas bildirdi ki, Məmmədin ona yazdığı məktubları çap etdirmək istəyir. Yazdığı başlığı da oxudu, səmimi yazılmışdı:

 

 

 

- İstəyirəm ki, “Gün aydın” qəzetinə verim. Bəlkə “525”-ə verdim

 

 

 

Həyətdə gəzişirdik. “Gənclik” nəşriyyatının direktoru Əlicanla qarşılaşdıq. O, Məmmədin “Sevgi nəğməsi” kitabından çoxlu şeir əzbərdən söylədi. Sonra əlavə etdi: - Bir dəfə akademiyada yığışmışdıq. Nazim Hikmət də orada idi. Məmmədin “Rəfiqələr” şeirini oxudum. Nazim Hikmət şeiri dinlədikdən sonra dedi:

 

 

 

- Bu şair şeirin allahı olacaq...

 

 

 

... Yaqub Zurufçu xəbər verdi:

 

 

 

- Ay xanım, xanım, Amerikadan təzə gəlmişəm. Məmməd müəllimin sözlərinə aid artıq kaset çıxıb. Bazar günü Elsevər müəllimlə gələcəyik. Kasetdən də gətirəcəyik. Səhər görüşlərində çıxışım olacaq, baxarsınız.

 

 

 

17-18 may - Bu gün rəssam Adil Rüstəmovun sərgisində olduq. Çoxdan şairi görməyən jurnalistlər arı kimi Məmmədin ətrafına yığışdılar.

 

 

 

 Qərara aldıq ki, sabah Salyana gedək.

 

 

 

Salyanda bizi polis rəisi Hüseyn Allahyarov qarşıladı. Rüşvətdən söz düşdü. Hüseyn zarafatla  söhbətə başladı:

 

 

 

- Keçmişdə rüşvəti əlimizə almağa qorxardıq. Verilən 5-10 manat rüşvəti də görərlər deyə almazdıq. Hərəmizin bir daşı vardı, pulu verən aparıb o daşın altına qoyardı. Arabir həriflər də daşların altını bizdən əvvəl “təmizlərdi”. Verilən rüşvət də əlimizdən çıxardı. İndi isə hələ üstəgəl xəbər də alırlar ki, qəlp olar, ha!

 

 

 

Yaxşı bir gün keçirtdik Salyanda.

 

 

 

20 may - Televizordan bir rejissor gəldi:

 

 

 

- Məmməd müəllim, “Mənsiz” şeirinizə klip çəkmək istəyirəm. Yaqub Zurufçu oxuyacaq. Amerika televiziyasında göstəriləcək. Şeir necə yaranıb? Mən onu qaçqınlarla, dağlarla bağlamaq istəyirəm.

 

 

 

Etiraz etdi Məmməd:

 

 

 

-  Qaçqınlarla bağlamaq düz deyil, burada insanın təbiətlə ünsiyyət məsələsi var...

 

 

 

Yaqub və Elsevərlə belə qərara gəldilər ki, klipin bir hissəsini Qubada çəksinlər.

 

 

 

31 may - Azdramın binasında keçirilən Atatürk litseyinin buraxılış gecəsinə getdik. Bizi Hüseyn Adıgözəl, Halidə xanım və Əlövsət müəllim qarşıladı. Gecə başlanana qədər bir neçə türk millət vəkili və Turan Yazqan Məmmədlə görüşdülər.

 

 

 

 Turan Yazqan:

 

 

 

 - Biz sizi yaxşı tanıyırız - dedi.

 

 

 

Gecə Məmmədin “Ayağa dur, Azərbaycan” şeirilə açıldı.

 

 

 

Türk millət vəkillərindən biri,  təəssüf, adını bilmədim, ağlaya-ağlaya Məmmədin əlini, üzünü öpdü...

 

 

 

Musa Urud “Urud” adlı kitabını bizə bağışladı

 

 

 

Və may 2000-ci ilin tarixinə qovuşdu.

 

 

 

1 iyun - Həyətdə oturmuşduq, Nürəddin Rzayev və qardaşı İsfəndiyar bizimlə görüşdü:

 

 

 

- Heç kimin görə bilmədiyi işi sən öz yaradıcılığınla, vətəndaşlığınla Azərbaycana görmüsən, qardaş, bundan sonra yazmasan da olar, sən də bacı, Məmmədin həm qardaşı, həm bacısı, həm yoldaşı, bir sözlə sağı, solu, ünü, arxasısan, - dedi Nürəddin.

 

 

 

Evdə deyinməyə başladı:

 

 

 

 - Qocalıram, bilirəm, amma qocalığımla barışa bilmirəm...

 

 

 

Saleh Okumuş Türküyədən telefonla bildirdi ki, kitabı tanışla göndərdim, özüm isə əsgərliyim qurtarandan sonra Bakıya gələcəyəm.

 

 

 

8 iyun - Mirşahin Məmmədi “Təmiz söhbət” verilişinə çəkmək istədiyini bildirdi:

 

 

 

- Danışa bilirmi, heç olmasa sözləri az da olsa, anlaşılarmı?

 

 

 

- Bilmirəm, Mirşahin, hərhalda özünüz verlişə qədər bir yoxlayın.

 

 

 

- Məmməd, pasilka sözü dilimizdə işlənir. Həmin sözə Füzuli dilində “barat” deyilirdi. İndi hansı sözlə əvəz etmək olar?

 

 

 

- Pay.

 

 

 

- Axı yerinə düşmür?

 

 

 

- İşlədərik, dilimiz də, qulağımız da alışar...

 

 

 

21 iyun - Saat 12-də fəxri xiyabana - Xəlilin abidəsinin açılışına getdik. Xəlilin qardaşı Rüstəm Xəlilbəyli bizə yaxınlaşdı:

 

 

 

- Allah, qurban olum, sən Məmmədi bizə çox görmə. Sən allah, bacı, bu, yeriyən dahidir, ona yaxşı baxın - Məmmədin əlini öpdü Rüstəm.

 

 

 

İlyas Tapdıq bildirdi ki, Hüseyn Arifin qızı kitab çap etdirir, Məmmədin Hüseynə yazdığı şeiri istəyir, verin, sabah qıza çatdırım. Sonra da Eldar Həsənlinin kitabında çap etdirdiyi Məmmədə həsr olunmuş şeiri oxudu.

 

 

 

Elman Həbibə çatdırdım ki, kitabına aid Məmməd əmin məqalə yazıb, “Naxçıvan” qəzetinə verib.

 

 

 

23 iyun - ANS-dən dünən çəkilmiş verilişi bu axşam verəcəklərini söylədilər. Verilişin çəkilişində danışıq alınmadığına görə sözlərini aşağıda titrlə verirdilər. Bir neçəsi telefonla verilişə baxdıqlarını söylədilər.

 

 

 

Səhərisi Bəxtiyar müəllim telefon açdı:

 

 

 

- Mən burada yox idim, gələndə mənə dedilər ki, Məmməd televizorda çıxış edib.

 

 

 

 - Bəli, Bəxtiyar müəllim, “Təmiz söhbət”ə çəkmişdilər. Sizin də adınızı tutdu. Dedi ki, Bəxtiyar böyük şairdir. Məmmədin sizə böyük hörməti var.

 

 

 

- Elə mənim də, qarşılıqlıdır. Mən ədəbiyyata ondan əvvəl gəlmişəm. Elə ilk şeirlərindən onu sevmışəm...

 

 

 

5 iyul - Televizorun səsinə görə aramızda narazılıq olardı. Məmməd qapıdan boylandı:

 

 

 

- O qıza de ki, bir az yavaş oxusun.

 

 

 

 “Arım, balım, pətəyim” türk filmi idi. Gülüb səsini azaltdım.

 

 

 

Axşam bir neçə qadın bizə gəldi. Məlum oldu ki gələnlərin hamısı ədəbiyyat müəllimləridir. Kim isə çəkirdi.

 

 

 

Səhər İradə məni danladı ki, bəs jurnalist “Speys”də deyib ki, Məmməd Araz ehtiyac içində yaşayır. Elə jurnalisti evə niyə buraxırsınız?

 

 

 

Rəşidə məsələni aydınlaşdırmağı tapşırdım...

 

 

 

16 avqust - Bir həftəliyə kəndə getmişdik. Qayıtdıqdan sonra Ramiz Rövşən və Yusif  İldırımzadə qonağımız oldu.

 

 

 

- Bu günlərdə qəzetdə oxudum ki, Məmməd əmi xəstədir. Yaman pis oldum, gəldim ki, xəbər biləm.

 

 

 

- Ramiz, kitabları necə çap etdirirsən?

 

 

 

- Çox çətindi, bacı, vəsait tapmaq olmur. Ən yaxşı şairlərin əsərləri yatıb qalıb, ancaq elə kitablar çıxır ki... lap mat qalırsan.

 

 

 

- Firəngiz məndən qoçaqdı, Xəlilin kitablarını çap etdirir. Göz dəyməsin - dedim.

 

 

 

- Rəhmətlik Xəlil də fəal idi. Meydan hadisələri başlananda Xəlil də başda olmaqla camaat meydana axışırdı. Xəlil təklif etdi ki, yolumuzu Azərnəşrin qabağından salaq. Elə ki, Azərnəşrə çatdıq bizə təklif gəldi ki, indi də Xəlil Rzanın ikicildliyi çap olunsun, deyib qışqırın.  Əmi, yadındamı “Ulduz” da işləyəndə yanınıza şeirimi gətirmişdim. Oxudunuz, Cabir Novruz dedi ki, Ramiz, şeirlərində həyat yoxdur. Onda, əmi, sən dilləndin, dedin, onun öz həyatıdır şeirlərində, Cabir, başqa hansı həyatı istəyirsən?

 

 

 

Bir xeyli keçmişləri yada salıb getdilər.

 

 

 

21 avqust - “Polis” qəzetindən müsahibə götürən jurnalistin “ Nədən xoşunuz gəlmir” - sualına Məmmədin cavabı belə oldu:

 

 

 

 - Əvvəldən sonu məlum olan sualları xoşlamıram.

 

 

 

Jurnalistin suallarına İsa Məmmədin şeirləri ilə qoşulurdu.

 

 

 

Qardaşxanla qərarlaşdıq ki, məqalələri oxusun, lazım olmayanları çıxaraq.

 

 

 

24-26 avqust - Əbülfəz bəyin ölümü Məmmədə pis təsir etdi.  Əbülfəzin müavini olmuş Ədalət  Elçibəy haqqında xatirə yazmağı ondan xahiş etdi.

 

 

 

Hüseyn Arifin Məmmədə bağışladığı bir kitabında belə bir avtoqraf yazılmışdı:

 

 

 

“Qardaşım Məmməd Araz! Kaş sənin Məmməd İbrahim, mənim Hüseyn Hüseynzadə günlərim olaydı. 25/V-85”

 

 

 

Məmməd:

 

 

 

 - Hərdən mənə elə gəlir ki, “gözə görünməz”, gücü sezilməz bir əl, qeyri-adi bir qüvvə var; bu qüvvə məni qəfil qəzalardan, yıxılma və büdrəmələrdən qoruyur. Başını buladı Məmməd.

 

 

 

14 oktyabr - Məmmədin ad gününə gələn Rza İbadov dünən YAP-ın iclasında çıxış etdiyini söylədi... “ Qeyd etdim ki, sabah bizim dahi şairimiz Məmməd Arazın ad günüdür. Sonra “Qızlar” şeirini oxudum, çünki iclasdakıların çoxu qadın idi”.

 

 

 

Musa Urud “Urud” kitabının təqdimatına Məmmədi dəvət etdi.

 

 

 

Aybəniz Vəkilova özünün nəvəsi Vurğunu Məmmədin görşünə gətirmişdi: “Qoy Səmədin nəvəsi ilə Məmməd Arazın nəvələrinin bir yerdə şəkilləri olsun” - dedi.

 

 

 

21 oktyabr - Məmmədi Əli Bayramlıya dəvət etmişdilər. Gözəl bir gecə keçirildi. Gecə icra başçısı Sədaqət xanımın təşəbbüsü ilə keçirilmişdi. 

 

 

 

Səhər Azay Quliyevin (deputatlığa namızəd) düşərgəsinə getdik. Şəmidənin dayıları da layıqli bir qonaqlıq təşkil etmişdilər... Axşam evimizə qayıtdıq.

 

 

 

25 noyabr - Axşam xəbərlərinə baxırdıq. Gecə 10-da gördüm ki, divan bərk silkələndi:

 

 

 

Məmməd, dur qaçaq, zəlzələdir, - dedim. Ancaq Məmməd yeriyə bilmədiyi üçün qapı ilə onun arasında qaldım. Qapıya çatanda ikinci təkan bizi haqladı. Sakitləşəndən sonra evdən çıxdıq. Məmməd: “Bir də zəlzələ olarsa mənə baxma, sən qaç” əmrini verdi.

 

 

 

2001

 

 

 

17 yanvar - Yeni eraya, yeni əsrə bərabər addımlaya bildik. Fikrimdə vardı ki, Nizami Xudiyevin qəbuluna gedəm.

 

 

 

Tapşırıldığım üçün içəri tez buraxdılar. Əvvəllər onun köməkçisi Fərmana telefonla Məmmədin təzə şeirlərinin oxunuşunu təşkil etməyi xahiş etmişdim, lakin bir nəticə olmamışdı. Nizami müəllim də özünün xəbəri olmadığını söylədi. Gəlişimin məqsədini bildirdim:

 

 

 

- Nizami, nə qədər ki, Məmməd sağdır, iki saatlıq bir sənədli film çəkib saxlayın, bunu mən xahiş etməməliyəm, özünüz etməlisiniz. Qoy gələcək nəsil üçün qalsın, o, elə-belə şair deyil...

 

 

 

Razılaşsaq da çəkilmədi...

 

 

 

- Şair Səlim Növruz bayramı münasibəti ilə təbrikə gəlmişdi:

 

 

 

- Gülxanım müəllimə, bayramda Məmmədlə heç yumurta döyüşdürmüsənmi?

 

 

 

- Yox, Səlim.

 

 

 

- Hə, sən gündəlik yazırsan, mənim sözlərimi də qeyd et, maraqlı olar...

 

 

 

12 aprel - Məmmədlə bağlı çəkilişə başlamaq istədiklərini bildirdilər:

 

 

 

- Çəkilişə Qubadan başlamaq istəyirik, bir neçə gün orada qalaq və çəkək.

 

 

 

- Ay Camal, axı Quba bu saat yaman soyuqdu, həm   orada yağış yağır.

 

 

 

- Elə biz də soyuq, yağışlı hava istəyirik.

 

 

 

Fikrindən daşındıra bilmədim.

 

 

 

Səhər tezdən Qubaya yollandıq. Yaman yağış idi. Bir neçə gün qalmaq istəyənlər çəkilişi qurtarıb təcili qayıtmaq istədilər.

 

 

 

 Yağışın yağması çəkilişə mane olmadı. Hətta çiçək açmış alma bağı da Məmmədi “salamladı”. İki gündən sonra evimizə döndük.

 

 

 

8 iyun - Qardaşı İbrahimin vəfatı Məmmədin titrəyişlərini bir az da artırmışdı. İmkan daxilində həyətdə gəzdirirdim ki, fikri dağılsın. Bir az gəzəndən sonra məndən soruşdu:

 

 

 

- Sənə Məmməd Əkbərin işdən çıxarılmasını danışmışammı?

 

 

 

- Yox.

 

 

 

- Hüseyn Abbaszadə “Ədəbiyyat qəzetinin redaktoru olanda Məmməd Əkbəri işdən çıxarır. Bu, yaman küyə səbəb olur. O vaxt İttifaqın əmri ləğv etmək ixtiyarı vardı. Mirzə İbrahimov İttifaqın sədri idi. O, əmri ləğv edir və deyir ki, nə qədər mən bu işdəyəm, Məmməd Əkbərin meyidi oradan çıxacaq və o, ölənə qədər orada işlədi.

 

 

 

Amma mənim haqqımdakı haqsız əmri ləğv etdirmədilər, əlavə etdi Məmməd.

 

 

 

- O əmri özü vermişdi, özü verən əmri ləğv etdirməzdi axı - dedim.

 

 

 

22 iyun - Filmin direktoru Aydın zəng etdi ki, filmi yekunlaşdırmaq üçün evdə də bəzi kadrlar götürməliyik. Çəkilişə gələcəyik.

 

 

 

- Camal, kənddəki kadrlar necə alınıb. 

 

 

 

- Çox yaxşı alınıb, mənə elə gəlir ki, samballı bir veriliş alınacaq - cavab verdi Camal.

 

 

 

Filmin kollektivi:

 

 

 

Miri - rejissor

 

 

 

Adil - operator

 

 

 

Qabil - onun köməkçisi

 

 

 

Camal - aparıcı

 

 

 

Aydın - filmin direktoru.

 

 

 

  4 dekabr - Bir neçə il əvvəl Yaşar Aydəmirov Məmmədi əsgərlərlə görüşə çağırmışdı. 30 noyabrda Abdulla Qurbani Məmmədlə danışdı:

 

 

 

- Mən Beyləqandan, səngərdən danışıram, əsgərlər Məmməd müəllimlə görüşmək istəyirlər.

 

 

 

Məmməd razılıq verdi. Yağışlı soyuq bir gündə  Beyləqana üz tutduq. Ağalar Bayramov da bizimlə idi. İlk görüş Ağcabədidə yerli camaat və əsgərlərlə oldu. Məmmədi görmək hamı üçün maraqlı olduğu üçün soyuq havada çöldə dayanıb Məmmədin çıxmasını həsrətlə gözləyənlər daha çox idi.

 

 

 

Gecə qonaq evində qaldıq. Ağcabədinin icra başçısı Fəxrəddin müəllimin turaclı plovuna qonaq olduq.

 

 

 

Səhər Beyləqana yola düşdük.

 

 

 

Məmməd iki misra pıçıldadı:

 

 

 

Bilmirəm, harasa uzanır bu yol,

 

 

 

Harda qırılacaq söyləmək çətin.

 

 

 

Əsgərləri görən Məmməd sanki xəstəliyini yadından çıxarmışdı. Əsgərlər dövrəmizi bürüdü. Şairi lap yaxından görmək istəyirdilər. Əvvəl bizi düşmənin 100 metrliyində olan səngərə - əsgərlərlə görüşə apardılar. Yolda maşın palçığa batdı. Sürücü özünü itirmişdi. Birdən çoxlu əsgər peyda oldu. Maşını palçıqdan çıxarıb yola qoydular. Və səssiz gəldikləri kimi səssiz də yox oldular. Qaranlıqda səngərə çatdıq. Mən elə bildim ki, yuxu görürəm. Ləmpə işığında ətrafımıza yığışan əsgərləri 11-ci sinif dəcəllərinə oxşatdım. Bu dəcəl balalar harda yatırlar, harda dincəlirlər, üstünü örtən varmı və s. suallar...

 

 

 

Qəhər məni boğurdu, onlar mənə nə qədər doğma idilər. Bu balaca “dəcəllər” Məmmədə sevgilərini heç olmasa balaca bir təbəssümlə də olsa bildirməyə çalışırdılar. Füzuli rayonun Hərami düzündəki bu balaca səngərə “Məmməd Araz səngəri” adını verdilər. Səngərdən çölə çıxanda sehrləndim. Düz səngərin üstündəcə “əlimi uzatsam çatan” ulduzlardan gözümü çəkə bilmirdim. Bu, hansı bürc idi belə, bilmədim. Salamat qal, dəcəllərim, salamat qal... Bu, ulduzlar qədər ömrünüz olsun...

 

 

 

Tankçılarla görüşən Məmməd mənim köməkliyimlə bu sözləri deyə bildi:

 

 

 

- Bu görüş çoxdan olmalı idi, ancaq baş tutmurdu... gah mənim səhhətim ucbatından, gah havaların kəskin dəyişməsindən, gah da elə arxa cəbhənin qeyri-hazır olmaması ucbatından. Molla Nəsrəddin demişkən yağ olanda düyü, düyü olanda yağ, onlar hamısı olanda da mən “olmurdum”. Əslində bu baş tutmamaların hamısında mənim “hava proqnozlarım” səbəbkar idi.Nəhayət, bu ilin dekabr ayının 4-də Abdulla Qurbani “N” hərbi hissənin “təlim və tələbini” bizə yetirdi ki, əsgərlər poeziya - görüş istəyirlər. Daha heç bir “giriş-çıxış” yolumuz qalmadı.

 

 

 

Sən, əsgər oğul, “Vətən mənə oğul desə nə dərdim” misralarını təkrarən oxudun!

 

 

 

Sən dərədə sel, dağda qartal oğulsan!

 

 

 

Mən sizə arxalanıb bu sözləri demişdim:

 

 

 

Nə yatmısan, qoca qartal, səninləyəm,

 

 

 

Ayağa dur, Azərbaycan, səninləyəm.

 

 

 

Sən qara qüvvələrə qarşı həmişə hazır vəziyyətdəsən, yalnız əmr gözləyirsən!

 

 

 

Yerişinə, yürüşünə baxdım - bu qərara gəldim!

 

 

 

Endim səngərlərə - bu qərara gəldim!

 

 

 

Sizdən səngər istədim, əsgər və zabitlərin qərarı ilə mənə bir səngər verdilər!

 

 

 

Lazım gələndə səngərimə yenib bu çevik əsgərlərin qonşuluğunda dediyim qara qüvvələrə qarşı silahımı hazır saxlayacağam!

 

 

 

Tankçılara qonaq gəldik.

 

 

 

Tanklardan birinə adımı yazdılar.

 

 

 

Yaşa, səliqə-sahmanlı, tox duruşlu, əsgər oğullar.

 

 

 

Mənə hamınız bir ağızdan can sağlığı arzuladınız və təbrik etdiniz. Sizə də can sağlığı arzu edirəm və təşəkkür edirəm.

 

 

 

Mənimlə gələn səfər yoldaşlarım xalq artisti Niyaməddinə və əməkdar artist Ağalar Bayramova da təşəkkürümü bildirirəm.

 

 

 

Məmməd ondan avtoqraf götürən əsgərə sual verdi:

 

 

 

Birdən səhər durub görsəniz ki, tanklar dönüb traktor olub - istərdinizmi?

 

 

 

Əsgər gülüb - yaxşı möcvüzədir - dedi.

 

 

 

General Yaşar Aydəmirovun rəhbərliyi ilə həmin gecə Beyləqanda olan əsgərlərlə də görüş keçirildi. Və evimizə qayıtdıq. O görüşdən “Məmməd Araz üç gün cəbhə bölgəsində” adlı kitab yarandı...

 

 

 

2002

 

 

 

20 oktyabr - İradə müalicəyə getdiyi üçün biz onlarda qalmalı olduq. Məmməd yıxılıb yaxşıca əzilmişdi. Gələn təcili yardım həkimi müalicəsini qurtardıqdan sonra belə bir şeir yazıb Məmmədə verdi.

 

 

 

Azərbaycan bölük-bölük,

 

 

 

Bax, gözündən axan yaşa.

 

 

 

Eli viran, yurdu talan,

 

 

 

Xalq da gedibdir yatışa.

 

 

 

O yatışla bu milləti,

 

 

 

Qorxuram ki, şeytanlaşa.

 

 

 

Böyük-kiçik tutuquşu,

 

 

 

Bir söz bilir, yaşa, yaşa.

 

 

 

Hara gedir bu millət,

 

 

 

Manqurdlaşa-manqurdlaşa.

 

 

 

Xalq olubdur Məmmədhəsən,

 

 

 

Ölkə dönüb danabaşa.

 

 

 

1 dekabr - Tərcümələrini toplayırdım. Vintsaz Mikolaytiz-Putinasın “Azadlıq” şeirinin tərcüməsinin əlyazmasında imza M. Mahir yazılmışdı (Məmməd Mahir). Soruşdum:

 

 

 

- Məmməd, xətt sənindir, amma tərcümə edəni M. Mahir yazmısan. Belə çıxır ki, bu tərcüməni sən etməmisən?

 

 

 

- Mən tərcümə eləmişəm, bir arada şeirlərimi və tərcümələrimi M. Mahir imzası ilə çap elətdirmişəm.

 

 

 

Eyni zamanda cildlərinin də çapına hazırlaşırıq.  Fikrimiz var ki, seçilmiş əsərlərini dörd cilddə verək...

 

 

 

2003

 

 

 

22 noyabr - Hazırlanmış 4 cilddən ibarət kitablarının çapına yenə də Fəttah Heydərov kömək etdi.  Nə yaxşı ki, Məmməd seçilmış əsərlərinin çapını cild halında gördü. Bu sevinci ona bəxş etdiyinə görə Fəttah müəllimə ürəkdən təşəkkür edirəm.

 

 

 

Məmmədin 70 illik yubileyi çox sükutla keçdi, demək olar ki, heç qeyd olunmadı.

 

 

 

Qohumlar təklif etdilər ki, görkəmli adamları toplayıb özümüz qeyd edək. Elə bir ziyafət düzəldək ki, tarixdə qalsın. Məmməd razı olmadı...

 

 

 

70 yaşını təbrik edən xalq yazıçısı Elçin Əfəndiyevə xüsusi təşəkkürümü bildirirəm, çünki Elçindən başqa onun heç bir yazıçı yoldaşından təbrik teleqramı almamışdıq və teleqramın mətnini gündəliyimə köçürürəm:

 

 

 

Bakı 1: İstiqlaliyyət 9; blok 1; 2-ci mərtəbə; mənzil 5.

 

 

 

Əzizim Məmməd, səni - xalqımızın böyük şairini - anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

 

 

 

Sən XX əsr Azərbaycan ədəbiyyatının canlı klassikisən və çox arzu edirəm ki, bu canlı klassik XXI əsrin də azı yarısına qədər eyni şövqlə, ehtirasla yazıb yaratsın. Səni bir daha təbrik edir, öpürəm.

 

 

 

Azərbaycan Respublikası, Baş Nazirinin müavini. Xalq yazıçısı Elçin.

 

 

 

14 oktyabr, 2003.

 

 

 

Ömrünə bir az qalmış onu Şamaxıya apardım, dedim, dağlara baxıb ürəyi açılar. Sevinmədi...

 

 

 

Deməli, onu itirəcəyim gün yaxınlaşırdı.

 

 

 

Həvəsləndirmək üçün xoşladığım şerlərindən bəzi yerləri ona oxuyardım:

 

 

 

Dağlara baxıram: gileyli dağlar,

 

 

 

Bir meşə yüklənir bir qarışqaya.

 

 

 

Bu uzaq yaxınlar, yaxın uzaqlar

 

 

 

Barışa bilmirsə - heç barışmaya... (“Şah oğlu şah”)

 

 

 

 

 

 

 

Yaltaq da alçaqdır, alçaq da yaltaq,

 

 

 

Çoxları itləşdi bir yalaq üçün.

 

 

 

Qoyun beləsini duza,   saxlayaq

 

 

 

Sabah beləsinə şapalaq üçün...       (Yaxşılar)

 

 

 

Əla deyimdi, hə?

 

 

 

O itə daş atma,

 

 

 

Daş atma, bala!

 

 

 

İt ar bilməyəcək daldalanmağı.

 

 

 

Daşın bir yaddaşda ilişib qalar;

 

 

 

Burdan öz yolun da düşəcək axı!

 

 

 

Daşçün it olmağın,

 

 

 

adam  olmağın

 

 

 

Nə fərqi?..

 

 

 

Daş atma, daş atma, bala!.... 

 

 

 

Çap olunmamış şerlərdən bir neçəsi əlimə keçdi. Onlardan biri “Himn” adlanırdı. Kim isə onu “Himn” yazmağa həvəsləndirmişdi. İtib-batmasından qorxub şeri gündəliyimə qeyd etdim:

 

 

 

HİMN

 

 

 

Azərbaycan - ana torpaq, qayalarda bitən çiçək,

 

 

 

Gül-çiçəklər qoynunda sən  ucalmısan bir qala tək.

 

 

 

Geniş düzlər bərəkətin, uca dağlar şöhrət tacın,

 

 

 

Ayaqladın zülmətləri, dəfn elədin ehtiyacı.

 

 

 

(Davamı var)

Təzadlar.- 2014.- 15 aprel.- S.12-13.