Qazax təhsilində yeniliklər
diqqəti çəkir
Hörmətli redaksiya! Yazıya başlamamış bir xatırlatma verim ki, bir müddət əvvəl Qazax təhsilindəki problemlərlə bağlı “Təzadlar”da yazı dərc etmişdiniz. Lakin bu günlərdə rayonda olanda rayon təhsilində bir sıra yeniliklərin şahidi oldum. Güman edirəm, aşağıda təqdim etdiyim yazı qəzetin obyektivliyinə əminliyi bir daha möhkəmləndirmiş olacaq.
...Son 5 ildə Qazax rayon təhsilindəki uğurlar aidiyyəti orqanların da diqqət mərkəzindədir. Rayon məktəblərinin dövlət tərəfindən müasir tələblərə uyğun yenidən tikilməsi, bir sıra məktəb binalarında aparılan əsaslı təmir işləri, eyni zamanda Təhsil Nazirliyinin xətti ilə bu məktəblərin kompüter və digər məktəb avadanlıqları ilə təminatı məktəblilərin daha müvəffəqiyyətlə təhsil almaqlarına ciddi şərait yaradır. Sözsüz ki, bu cür önəmli fəaliyyətin düzgün istiqamətləndirilməsində Qazax Rayon Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquliyevin əməyi danılmazdır. Məktəb direktorları ilə daim münasibət, çoxsaylı pedaqoji kollektivin arzu və təkliflərinə humanist yanaşma, bir sözlə, məktəblərə diqqət və qayğının artırılması Əhməd Dərgahquliyevin prioritet istiqamətlərindəndir.
2013-cü ildə rayonun sosial-iqtisadi inkişafı ilə bərabər, təhsil sahəsində də mühüm işlər görülüb. Rayonun Çaylı kənd 2 saylı və Daş Salahlı kənd 2 saylı tam orta məktəbləri üçün 640 yerlik, Ürkməzli kəndində 220 yerlik tam orta, Xanlıqlar kəndində 180 yerlik ümumi orta məktəb binaları tikilmiş, Xanbağ kənd tam orta məktəb binasında bərpa gücləndirmə işləri aparılıb. Rayonun Hüseynbəyli, Aşağı Salahlı kənd tam orta məktəb binaları əsaslı təmir olunub. Fərəhli kənd ümumi orta məktəb binasında istilik sistemi yenidən qurularaq əsaslı təmir edilib. Hazırda Quşçu Ayrım, Qarapapaq, Məzəm və Bala Cəfərli kəndlərində yeni məktəb binaları tikilir. Bunların sayəsində cari dərs ilinin əvvəlindən bütün məktəblərdə 5 günlük iş rejiminə keçid tam həll olunub. İki növbəli məktəblərin sayı 2012-ci ildə 4-dən 2013-cü ildə 2-yə enib.
Təhsil Nazirliyinin “Yeni fənn kurikuliumlarının tətbiqi vəziyyəti” ilə əlaqədar təhsil şöbəsi və ümumtəhsil məktəblərinin rəhbərləri tərəfindən göstərilən iş sahəsində lazımi tədbirlər həyata keçirilib. Müəllimlərin İKT bacarıqlarına yiyələnməsinə diqqət yetirilməklə müəllimlər arsında qarşılıqlı təcrübə mübadiləsi aparılır. Məktəblilərin fənn olimpiadalarının respublika mərhələsində 5 nəfər şagird mükafata layiq yerlər tutub. Qazax təhsilində məktəblilərin bu cür inkişafının səbəbkarları olan müəllimlər və onların çalışdıqları məktəblər hər il dövlət tərəfindən yüksək qiymətləndirilir. Məsələn, Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təsis edilməsi haqqında 04 sentyabr 2007-ci il tarixli 2373 saylı sərəncamına uyğun olaraq “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak etmiş rayonun şəhər 1 saylı tam orta məktəbi müsabiqənin qalibi olmuş, 10 000 manat pul mükafatı almışdır. Çaylı kənd 1 saylı tam orta məktəbin xarici dil müəllimi Tahirə Xasməmmədova və şəhər 3 saylı tam orta məktəbin biologiya müəllimi Şəlalə Məhərrəmova “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olaraq 5 000 manat pul mükafatı alıb. Tahirə Xasməmmədova Prezidentin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Bir nəfər şagird, Eminova Esmira Rauf qızı “Qızıl medal”alıb.
Ötən dərs ilində buraxılış imtahanlarının mütəşəkkil keçirilməsi məqsədilə məktəb rəhbərləri və müəllimlərlə seminarlar təşkil edilmiş, şagird və valideynlərə yeni qaydalar izah olunmuşdur. Bunun nəticəsidir ki, rayonun 9-cu və 11-ci sinif məzunlarının buraxılış imtahanlarındakı topladıqları orta bal respublika üzrə orta göstəricidən yüksək olmuşdur.
Onu da qeyd edək ki, 2013-cü ilin 11-ci sinif məzunlarından ərizə vermış 563 nəfərdən 271 nəfəri, əvvəki illərin məzunlarından isə 72 nəfəri, cəmi 343 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Bu da əvvəlki illərin göstəricisindən xeyli yüksəkdir. Rayon üzrə 500-600-dən yuxarı bal toplayanların sayı 2012-ci illə müqayisədə xeyli artmışdır. 2012-ci ildə rayon üzrə 500-dən yuxarı bal toplayan 25, 600-dən yuxarı bal toplayan 7 nəfər idisə, 2013-cü ildə bu rəqəm müvafiq olaraq 33 və 15 olmuşdur. Beləliklə, rayon abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal (228.247) respublikanın orta göstəricisindən 2.2% yüksək olmuşdur. Təhsil şöbəsinin uğurları təkcə məktəb həyatı ilə yekunlaşmır. Rayonun ictimai-siyasi həyatında da özünü qabarıq şəkildə büruzə verir. Bayram və “Müəllim günü”ndə bacarıqlı və təhsildə göstəriciləri olan müəllimlər müxtəlif hədiyyələrlə qiymətləndirilir. Rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev qüsurlu uşaqların təhsil almaları üçün lazımi tədbirlərin aparılmasında da müvafiq işlər görür. Sağlamlıq imkanları məhdud olan 40 nəfər şagirddən 15-i fərdi kompüterlə təmin edilərək onların bu yaxınlarda distant təhsilə cəlb edilməsi nəzərdə tutulmuşdur.
Qazax təhsil sistemindəki bu cür nailiyyətlər rayon ictimaiyyətini sevindirməyə bilməz. Məktəblərdə təlim və tərbiyəni mükəmməl öyrənən şagirdlərin gələcəkdə layiqli vətəndaş kimi yetişməsi birmənalıdır. Məktəbdən və tərbiyəçidən isə çox şey asılıdır.
Taleh Bağırov,
Təzadlar.-
2014.- 17 aprel.- S.