Kəşf olunmamış
düha
"Millət nə irqə, nə qövmə, nə
coğrafiyaya, nə siyasətə, nə də iradəyə
bağlı bir topluluq deyildir. Millət dil, din, əxlaq və
bütün gözəl sənətlər - estetika
baxımından ortaq olan, yəni eyni tərbiyəni
görmüş fərdlərdən ibarət bir zümrədir”
Əli Bəy
Hüseynzadə
Elə insanlar var ki, onların obrazını yaratmaq
üçün adi kömür parçası, yaxud
kömürlü qələm də yetərlidir. Kağızın
üzərinə 1-2 cizgi çəkirsən, yaxud bir
neçə kəlmə yazırsan, vəssalam, obraz
yaranır. Amma elə şəxsiyyətlər
də var ki, onların portretini yaratmaq üçün
politranın da, sözün də rəngləri yetərli
olmur. Nə qədər mahir
fırça, yaxud söz ustası olursansa ol, yenə də
sonunda yaratdığın obrazın əyər-əskiyindən
qaçmağa, üzünü gizlətməyə,
gözünü yayındırmağa
çalışırsan. Belə insanların sayı, nəinki
Azərbaycanda, bəlkə də bütün Türk
Dünyasında barmaqla sayılan qədərdir...
Əli bəy Hüseynzadə haqqında yazmaq qərına
gələndə xeyli düşündüm. Azərbaycanın,
Türk Dünyasının ideoloji yol xəritəsini yaradan
bir insan haqqında nə yaza bilərəm? Xidmətlərinin
yer aldığı ensklopedik məlumatlar, haqqında Azərbaycanda
və Türkiyədə yazılan əsərlər,
araşdırmalar belə Əli Turan şəxsiyyətinin
kölgəsində nəzərə çarpmır, onun
böyüklüyünü, nəhəngliyini ifadə edə
bilmir... Və mən bir neçə min işarəlik
yazımla bu KƏŞF OLUNMAMIŞ DÜHAnın
qırmızı imperiyanın qaranlıqlarından boylanan
mükəmməl portretinə necə işıq
tutacağam? Bilmirəm...
Əli bəy Hüseynzadənin əsərlərini,
haqqında yazılanları varaqlayıram.
Rəfiq Zəka Xəndanın Böyük Ustada həsr
etdiyi və 1994-cü ildə işıq üzü görən
kitabı "Unudulmuş düha" adlanır.
Kitabı yenidən varaqladım... və Əli bəy
Hüseynzadənin unudulmuş deyil, KƏŞF OLUNMAMIŞ
DÜHA olduğu qənaətinə gəldim.
Əslində Əli bəy Hüseynzadə heç zaman
unudulmayıb.
Azərbaycan qırmızı imperiyanın məngənəsində
boğulduğu dönəmdə onu qardaş Türkiyədə
vaxtaşırı xatırlayıblar. "Dəyərləndiriblər"
yaza bilməyəcəyəm... Çünki
Əli bəy Hüseynzadənin Türkiyəyə və
Türk Dünyasına verdiklərinin müqabilində ona
verilən dəyər o qədər miskin görünür
ki, bu haqda yazmağa belə lüzum görmürəm. Əli bəydən yetərincə yararlanıblar,
adını çəkiblər, istinad ediblər, amma layiq
olduğu dəyəri verməyiblər. Onun
türkçülüyün atası olduğunu etiraf etməyə
cəsarətləri və böyüklükləri çatmayıb.
Türkiyənin
tanınmış ədəbiyyat
araşdırmaçısı və şairi Əli Canip
Yöntem 1962-ci ildə Əli bəy Hüseynzadə
haqqında dərc etdirdiyi məqaləsində yazır:
"Ziyanı (Ziya Göyalp nəzərdə tutulur - E.M.)
türkçülük sahəsində oyandıran ikinci
şəxs Hüseynzadə Əli bəy olmuşdur. Bu oyanış qarşı-qarşıya
görüşüb tanış olmaqla deyil, Əli bəy
Hüseynzadənin daha əvvəl Bakıda nəşr etdiyi
"Füyuzat" və digər dərgiləri
oxumasından hasil olmuşdur".
Əli bəy
Hüseynzadənin "Türkçülüyün əsasları"nı yazan Ziya Göyalpı
türkçülüklə bağlı oyandıran ikinci
şəxs olduğunu iddia edən Əli Canip Yöntem elə
həmin məqaləsində özünü təkzib edir. Bəlli
olur ki, Əli Canip Yöntemin Ziya Göyalpın birinci müəllimi
kimi təqdim etdiyi Abdulla Cevdet
"Türçülüyün əsasları" əsərinin
müəllifinə sadəcə fransızca öyrənməyi
məsləhət görüb və onu fransız
filosoflarının əsərləri ilə, xüsusilə də
fransız filosofu və sosioloqu Emil Dürkhaymın
araşdırmaları ilə tanış edib: "Əli bəy
Hüseynzadə Selanikə gəldiyi zaman Qustav Lebonu
(Fransız sosialogiya məktəbinin banisi - E.M.) oxuyurdu. Ziya Göyalp isə o zaman Berqson (Fransız filosofu
Henri Berqsonu nəzərdə tutur - E.M.) və Emil Dürkhaym
(Fransız sosioloqu və filosofu - E.M.)) ilə
məşğul olurdu. Ziya mütamadi olaraq
Əli bəyə deyirdi ki, "Dürkhaymı al, Qustav Lebon sistemsiz
bir adamdır, filosof deyil"." Ziya Göyalpın
iddialı məsləhətinin qarşılığında
nəzakətlə davranan Əli bəy Hüseyzadə
günlərin birində Emil Dürkhaymın əsərlərindən
birini alıb gətirir və Ziya Göyalpa adı çəkilən
fransız filosofi haqqında qənaətinin tamamilə
yanlış olduğunu sübuta yetirir...
Təəssüf ki, Ziya Göyalp da
"Türkçülüyün əsasları"
kitabında Türkçülüyün gerçək
atasına onun layiq olduğu dəyəri verə bilməyib. Göyalpa
görə, türkçülüyün ataları Sultan
Əbdülhəmidin zamanında əsası qoyulan
İstanbul Universitetinin professoru Əhməd Vaqif Paşa və
Osmanlının hərbi məktəblər üzrə
dövlət naziri Süleyman Paşadır.
Halbuki nə Əhməd Vaqif Paşa, nə də
Süleyman Paşa türkçülüyün elmi-nəzəri
əsasları ilə bağlı nəinki hər hansı bir
əsər, hətta tezis belə yazmayıblar. Sadəcə,
Osmanlı adlanan dövlətin ərazisində yaşayan
toplumun türk, onun danışdığı dilin isə
türk dili olduğunu yazıblar. Əhməd
Vaqif Paşa "Türklərin soy ağacı"
kitabını Şərqi Türküstan türkcəsindən
İstanbulda danışılan və ərəb, fars,
türk dillərinin qarışığından ibarət ləhcəyə
tərcümə edib, "Osmanlı ləhcəsi"
adlı lüğət kitabı hazırlayıb. Süleyman Paşa isə "Dünya tarixi"
adlı əsərində Osmanlı tarixçilərinin
arasında ilk dəfə Çin mənbələrinə
istinad edərək türklərin mifik qəhrəmanı və
hökmdarı Oğuz xanın Göytürk
imperiyasının qurucusu Mete xan olduğunu yazıb.
Şübhəsiz ki, hər iki şəxsin xidmətləri
türkçülüyün elmi-nəzəri sistem olaraq
formalaşmasında, ümmətçilikdən millətçiliyə
aparan yolda xələflərinin daha inamlı
addımlamaları üçün mühüm əhəmiyyət
daşıyır. Lakin bütün bunlar onların
"türkçülüyün atası"
adlandırılmaları üçün yetərli deyil.
Türkçülüyün
gerçək atası
Əli bəy Hüseynzadənin "Türklər kimdir
və kimlərdən ibarətdir?" silsilə məqalələri
türkçülüyə sistemli və elmi
yanaşmanın hörmətli Ziya Göyalpdan başlaması
barədə iddiaların da əsassız olduğunu sübuta
yetirir. Əli bəyin 1905-ci ildə Tiflisdə irəli
sürdüyü fikir - tükçülüyün ideoloji təməlini
və ana xəttini təşkil edən "Türkləşmək,
islamlaşmaq, müasirləşmək" modeli bu
böyük dühanın sistemli və uzaq hədəflərlə
hesablanmış strateji dünyagörüşünün
göstəricisi kimi qiymətləndirməlidir.
Əli bəy Hüseynzadə "Türklər kimdir və
kimlərdən ibarətdir?" silsilə məqalələrində
türkçülüyü məhdud etnik anlayış
çərçivəsindən çıxararaq mədəniyyət
səviyyəsinə qaldırır, onu vahid bir sistem halına
gətirir, türk çoxluğuna və türk
coğrafiyasında məskunlaşan etnik qruplara birgəyaşayışın
yollarını göstərir.
İqtibas:
"Millət nə irqə, nə qövmə, nə
coğrafiyaya, nə siyasətə, nə də iradəyə
bağlı bir topluluq deyildir. Millət dil, din, əxlaq
və bütün gözəl sənətlər - estetika
baxımından ortaq olan, yəni eyni tərbiyəni
görmüş fərdlərdən ibarət bir zümrədir
(Əli bəy Hüseynzadə "Türklər kimdir və
kimlərdən ibarətdir?"".
Ziya Göyalpa görə də, etnik qruplara məxsus
harsların inteqrasiyası böyük türk mədəniyyətinin
yaranmasına səbəb olub və bu mədəniyyətin
daşıyıcısı olan hər bir kəs irqindən
asılı olmayaraq türk millətinin nümayəndəsi
sayılır.
Qeyd edim ki, Əli bəy Hüeynzadənin "Türklər
kimdir və kimlərdən ibarətdir?" silsilə məqalələri
1905-1906-cı illərdə nəşr olunan "Həyat"
qəzetində dərc edilib. Ziya Göyalp isə
türkçülüklə bağlı ilk məqalələrini
Əli Bəy Hüseynzadə ilə tanışlıqdan
sonra, 1911-ci ildən etibarən qələmə almağa
başlayıb. Haqqında söz
açdığımız
"Türkçülüyün əsasları" əsərini
isə 1923-cü ildə yazıb. Bu baxımdan, Ziya
Göyalpın həm "Türkçülüyün əsasları",
həm də "Türk mədəniyyətinin tarixi" əsərlərinin,
xüsusilə də "hars (kiçik etnik qrupların mədəniyyəti)
və "mədəniyyət" anlayışları ilə
bağlı araşdırmalarının məhz Əli Bəy
Hüseynzadənin məqalələrindən və əsərlərindən
qaynaqlandığı zərrə qədər də
şübhə doğurmur.
Əli bəy
Hüseynzadənin məqalələrinin az
qala hər cümləsi bir elmi araşdırmanın
mövzusudur. Əli bəy
türkçülüyün mahiyyətini əks etdirən,
bu ideyanın türk millətinin mövcudluğu və
inkişafı üçün yol xəritəsi olduğunu
sübuta yetirən fəlsəfi, sosioloji və siyasi tezislərlə
çıxış edir. İrəli
sürdüyü tezislərin şərhini isə öz
davamçılarının, tələbələrinin
öhdəsinə buraxır.
Əli bəyin Uca Türk Millətinə miras qoyduğu türkçülük ideyası, böyük ustadın ifadə etdiyi kimi, "türk millətininin yüksəlişinə xidmət edir". Onun təqdim etdiyi milli tərbiyə və inkişaf sistemi başqa millətlərin əzilməsi və aşağılanması üzərində qurulmayıb, irq birliyini deyil ortaq mədəniyyəti ehtiva edir. Bu yanaşma isə şübhəsiz ki, kiçik etnik qrupların və onların mədəniyyətlərinin qoruyucusu, hamisidir. Çünkü atlarının dırnağı ilə vardığı hər yerə mədəniyyət gətirən Türkün ruhundan, sistemli dünyagörüşündən qaynaqlanır.
Bu yazıda Əli Bəy Hüseynzadədən və Ziya Göyalpdan gətirdiyim iqtibasları müqayisəli şəkildə təqdim etməkdə məqsədim adları Türk Millətinin ortaq tarixinə qızıl hərflərlə yazılmış bu iki dühanı qarşı-qarşıya qoymaqdan ibarət deyil, tarixi həqiqətə ayna tutmaq, türk əxlaqından çıxış edərək hər kəsin haqqının özünə verilməsinə azacıq da olsa dəstək olmaqdır.
Əli Bəy Hüseynzadə Türkçülüyün Atası, bu gün mövcud olan türk dövlətlərinin milli inkişaf yolunu, strateji hədəflərini yazan, Böyük Türk Birliyinin ideoloji asaslarını yaradan dühadır! Həm də haqqı verilməyən və məhz bu səbəbdən də KƏŞF OLUNMAMIŞ DÜHA!
Yazı Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin "Əli bəy Hüseynzadə və Türk Dünyası" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
Elçin Mirzəbəyli
Xalq Cəbhəsi.-
2014.- 23 aprel.- S.7.