Sovet Rusiyası Azərbaycanı necə
işğal etdi?
Birinci yazı
70 il sovet
imperiyası işğalı
altında saxladığı
bütün dövlətlərin
xalqlarına, o cümlədən
Azərbaycan xalqına
öz tarixini öyrənmək və həqiqətləri olduğu
kimi bilmək fürsətini tanımadı.
Artıq
müstəqil dövlətin
vətəndaşlarıyıq və tariximizi öyrənirik. Və öyrəndikcə
də başımıza
gətirilən oyunları
görürük. Əsas odur
tariximizdən ibrət
dərsi götürək
və Rusiyanın növbəti imperiya oyunlarının qurbanlarına
çevrilməyək.
BAXCP-nin elm və təhsil məsələləri
üzrə katibi, tarix üzrə fəlsəfə elmləri
doktoru Vaqif Abışov deyir ki, XX əsrin 20-ci illərinin əvvəllərində
Şimali Azərbaycnda
aprel çevrilişinə
aydınlıq gətirmək
üçün həmin
dövrlərdə partiya
və sovet hökumət rəhbərlərinin
bir-birilərilə teleqram,
məktub və sair formalarda yazışmalarına müraciət
etmək lazımdır:"Həmin yazışmaların
bir çoxunu Azərbaycan tarixi ilə bağlı ilkin mənbə kimi qiymətləndirmək
olar.
1918-1920-ci illərdə nəşr olunan müxtəlif siyasi yönümlü qəzet
və jurnalların səhifələrindəki yazıları
da (həmin yazıların subyektiv xarakter daşımasına
baxmayaraq) mövzu ilə bağlı mühüm əhəmiyyət
kəsb edən mənbələr sırasına
daxil etmək mümkündür".
Tarixçi alimin sözlərinə
görə, Rusiyada qurulan sovet-bolşevik hökuməti Cənubi Qafqazda öz işğalçılıq siyasətini
Azərbaycan üzərində
qurmağa çalışırdı:"Daha doğrusu, Azərbaycanın işğal
edilməsi, sonradan Ermənistan və Gürcüstanın işğal
olunması demək idi. Bu da bütövlükdə, sonradan
Cənubi Qafqazda sovet Rusiyasının möhkəmlənməsinə şərait yaradardı.
Sovet Rusiyası xarici müdaxilə və vətəndaş müharibəsini
(1918-1920-ci illər) qalibiyyətlə
başa çatdırdıqdan
sonra keçmiş Rusiya imperiyası ərazisinin bərpası,
daha doğru imperiya caynağından yenicə xilas olmuş xalqları yenidən, ancaq bu dəfə başqa adla, imperiyanın əsarətinə
qaytarmaq üçün
əlverilşli imkan qazandı. Ona görə də
Qafqaz cəbhəsinin
hərbi qüvvələri
tərəfindən Cənubi
Qafqazı sovetləşdirmək
üzrə əməliyyat
hazırlığı gedirdi.
Halbuki, istər Azərbaycan, isətərsə də Gürcüstandan sovet Rusiyası üçün
heç bir təhlükə yaranmırdı.
Buna baxmayaraq, imperiya xislətli sovet Rusiyası hər iki respublikanı
işğal etdi".
Vaqif Abışov xatırladır
ki, Rusiya Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini
tanımayan yeganə dövlət idi:"Rusiya 1920-ci ildə vətəndaş müharibəsi
və xarici müdaxilə təhlükəsindən
xilas olduqdan sonra bütün diqqətini Cənubi Qafqaza - Azərbaycana yönəltdi və müxtəlif istiqamətlərdən
təzyiqlərə başladı.
Rusiyanın Azərbaycanla
bağlı siyasətini
dərindən öyrənmək
üçün həmin
dövrdə sovet hökumət üzvlərinin
bir-birlərilə yazışmaları,
eləcə də müxtəlif səpkili teleqram, məktub və s. məlumtalar mühüm əhəmiyyət
kəsb edir. Lakin yuxarıda qeyd etdiyim məlumatlar-mənbələr
bəzən subyektiv xarakter daşıyır və çox vaxt hadisələrə birtərəfli qaydada qiymət verilir. Bu mənbələrin (həmin dövrün sənədləri) subyektiv
xarakter daşımalarına
baxmayaraq, Cənubi Qafqazda, xüsusilə Azəbaycanda baş verən siyasi hadisələrin öyrənilməsində
olduqca qiymətli və maraqlıdır.
Çünki bütün bu
yazışmalar (sənədlər)
sovet hökumətinin
yüksək vəzifəli
şəxslərin, daha
doğrusu sovet dövlətini yaradanlar (V.İ.Lenin, İ.V.Stalin, Q.K.Orconikidze, Q.V.Çiçerin,
D.Trotski, S.M.Kirov və başqaları) arasında gedib".
BAXCP katibi bildirir ki, bolşeviklər partiyasının rəhbərlərinin
şəxsi və xidməti yazışmaları
Azərbaycan tarixi üzrə ən maraqlı və az öyrənilən mənbələrdən hesab
olunur:"
Sovet dövlət
adamları çox vaxt gündəlik tutmurdular, ona görə də həmin məktub və teleqramlardan ən çox rəsmi sənədlərdə
olmayan qeyri-rəsmi, lakin dəqiq məlumatlar əldə etmək mümkündür. Bu qarşılıqlı yazışmalarda
əsasən Azərbaycanın-Bakının
işğalının ön
planda durduğunu görürük.
1920-ci il martın
17-də Lenin Orconikidzeyə göndərdiyi teleqramda qeyd edirdi: "Bakını tutmaq bizə olduqca vacibdir. Bütün cəhtləri bu
istiqamətə yönəltmək
lazımdır. Bununla belə
nəzərə alınmalıdır
ki, bəyanatlarınızda
olduqca diplomatik olmaq vacibdir və yerlərdə sovet hakimiyyətinin möhkəm hazırlanmasında
yüksək əminlik
lazımdır. Eyni ilə
Gürcüstana yanaşılmalıdır.
Məsləhət görürəm ona (Gürcüstana - A.V.)
daha ehtiyatla yanaşılsın". Buradan tam aydın
olur ki, sovet Rusiyasının əsas məqsədi dinc və ya
qeyri-dinc yolla Azərbaycanı işğal
etmək idi. Bununla bağlı çox ciddi hazırlıq işləri də görülürdü".
Vaqif Abışov Trotskinin Bakının işğal
olunması ilə bağlı 1920-ci il martın 21-də İ.V.Stalinə göndərdiyi
teleqrama diqqət çəkir:"Trotski Moskvadan göndərdiyi teleqramında yazırdı:
"Mən Tuxaçevsikiyə
aşağıdakı sorğuları
göndərdim. Sizin tərəfinizdən
Novorosiyski və Qroznı ələ keçiriləndən sonra
sizdən 2-ci atıcı
və 3-cü süvari
diviziyasının götürülməsi
nəzərdə tutulur.
Sizə komplekləşdirilmək
üçün əlavə
qoşun, ola
bilsin, açıq dəniz vasitəsilə verilsin. Xahiş edirəm bildirin,
belə şəraitdə
Bakını işğal
etmək və saxlamaq üçün təcili əməliyyatın
aparılması mümkündürmü?
Buraya əlavə edirəm: tam toxunulmazlıq və neft vəd verməklə
Gürcüstanla saziş
bağlamaq yaxşı
olardı. Qərb cəbhəsi üçün
Qafqaz cəbhəsindən
6 deyil, 4 diviziya götürülməsini mümkün
hesab edirəm. Öz fikirinizi bildirin. Moskva 21 mart.
Hərbi-inqilabi Şuranın sədri
Trotski".
Sonra o, yazırdı: "Bu teleqrama
bir gecənin içində, hər halda, martın 22-də, saat 11-dən gec olmayaraq cavab verməyinizi xahiş edirəm".
Tarixçi alimin sözlərinə
görə, Leninin təşəbbüsü ilə,
Stalinə Qafqaz Cəbhəsinin möhkəmləndirilməsi
işinə nəzarət
etmək tapşırılmışdı:"İ.V.Stalin L.D.Trotskiyə
cavab olaraq 1920-ci il 21 mart tarixli
teleqramında yazırdı:
"Şifrələnmiş teleqramınızı aldım.
Qafqaz cəbhəsində
25 atıcı və
10 diviziya var. Sizin təklifinizə
uyğun olaraq polyaklara qarşı duran diviziyadan 6-nı götürmək olar. Qalan qüvvələrlə Bakı
rayonunu cəsarətlə
saxlamaq mümkündür.
Əgər birtərəfliyə söz versək, Gürcüstan qorxulu deyil".
Vaqif bəy deyir ki, 1920-ci il
aprelin 23-də Q.K.Orconikidzenin
Q.V.Çiçerinə teleqramı
da diqqəti cəlb edir:"Belə ki, Orconikidze
Petrovskidən keçərkən
Çiçerinin teleqramını
aldığını bildirir.
Eyni zamanda, bu teleqramda
Azərbaycanla bağlı
maraqlı məlumatlara
rast gəlmək mümkündür. Məlumdur
ki, sovet Rusiyasının xarici işlər komissarı Q.V.Çiçerin Azərbaycan
Xalq Cümhuriyyəti
hökumətinə iki
dəfə (1920-ci il yanvarın 2-si, digəri isə yanvarın 23-də) nota göndərərək
Denikinə qarşı
birgə mübarizə
aparmaq təklifi verib. Ancaq AXC hökuməti cavab notasında bunun Rusiyanın daxili işi olduğunu bildirib.
1920-ci ilin əvvəlində sovet hökuməti Denikin ordusuna qarşı birgə hərbi əməliyyatlar aparmaq məqsədilə, müqavilə bağlamaq təklifilə, Azərbaycan və Gürcüstan hökumətlərinə müraciət edib. Və hər dəfə də rədd cavabı alıb. Sovet Rusiyasının Şimali Qafqazda mövqeyinin möhkəmlənməsi və sovetləşdirmə təhlükəsini görən Azərbaycan və Gürcüstan hökumətləri 1920-ci ilin payızında Rusiya ilə müqavilə bağlamaq üçün öz nümayəndələrini Moskvaya göndərməyə məcbur oldular. Ancaq şəraitin dəyişməsi ilə Moskva danışıqları yubadırdı. Orconikidze aprelin 23-də Çiçerinə göndərdiyi teleqramında yazırdı: "Sizin bir az ləngiməniz lazımdır. Hazırda Bakıda vəziyyət aşağıdakı kimidir-hökumətin tərkibindən ittihadçılar, sosialistlər və başqa partiya nümayəndələri çıxıb. Yusifbəyov (AXC-nin 4 və 5-ci hökumət kabinetinin sədri olmuş Nəsib bəy Yusifbəyli nəzərdə tutulur) hökuməti yalnız müsavatçılardan ibarətdir. Türkiyədə Milli Hərəkatın rəhbəri Mustafa Kamal Paşa Azərbaycandan tələb edir ki, onları İngiltərənin hücumundan müdafiə etmək məqsədilə, sovet ordusunu Türkiyə sərhədinə buraxsınlar (1920-ci ilin payızında RK(b)P Qafqaz bürosu Türkiyə Milli Hərəkatın lideri Mustafa Kamalla, ingilislərə qarşı birgə hərəkət etmək üçün, müqavilə bağlayıb). Bizimkilərin qansız Bakıya daxil olması və soveti elan etməsi istisna edilmir"".
Vaqif Abışovun məlumatına görə, 1920-ci il aprelin 23-də Tuxaçevski və Orconikidze tərəfindən 11-ci Ordunun komandanlığına dəqiqləşdirici teleqram göndərilir:"Onlar "son məqsəd Bakı quberniyası deyil, bütün Azərbaycan ərazisini ələ keçirmək hesab edilməlidir" əmrini verirlər.
Orconikidze sovet ordusunun hələ Bakını işğal etməmişdən əvvəl, mərkəzə-Moskvaya göndərdiyi teleqramda bildirirdi:" Nərimanov olduqca Bakıya lazımdır. Artıq dərəcədə sizdən xahiş edirəm, sabah onu bizə yola salın. Sabah axşam mən yenidən Petrovskiyə gedirəm".
Q.K.Orconikidze və S.M.Kirovun Bakıdan V.İ.Leninə göndərdiyi 1920-ci il 4 may tarixli teleqramında (Orconikidzenin birinci teleqramı 1920-ci il aprelin 30-da Leninə göndərilib və burada 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə Azərbaycanda baş vermiş hadisələr şərh olunur) deyilirdi: "27-dən 28-nə keçən gecə, saat 2-də Bakıda hakimiyyət Azərbaycan İnqilab Komitəsinin əlinə keçdi. O da Azərbaycanı sovet Respublikası elan etdi. Gecə saat 4-də zirehli qatar Bakıya daxil oldu".
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2014.- 23 aprel.- S.8.