Satirik mətbuat
Molla Nəsrəddin xalq
içərisində öz hazırcavablığı, yumor
hissi, cəsarəti ilə sevilib seçilən bir personaj idi
"Molla Nəsrəddin" jurnalı müəlliflərinin
dönə-dönə söz açdığı, həmçinin
öz səhifələrində müntəzəm surətdə
Yaxın Şərqin ilk satirik məcmuəsindən bəhs
edən mətbu orqanlardan biri "Həyat" qəzetidir. 1905-ci il
iyunun 7-də Bakıda fəaliyyətə başlayan "Həyat"
hər gün çıxan "siyasi, ədəbi, iqtisadi,
ticari türkcə cərideyi-islamiyyə" idi. "Həyat"ın redaktorları Əli bəy
Hüseynzadə və Əhməd bəy Ağayev, naşiri
Ə.Topçubaşov idi.
Bu qəzetin demokratik ədəbiyyat və ictimai fikrin
inkişafına müəyyən müsbət təsiri olub. "Həyat"da
Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev,
Axund Əbutürab və başqalarının inqilabi hərəkatın
mahiyyətindən bəhs edən məqalələrinə,
çar dumalarındakı görkəmli şəxsiyyətləri
mədh edən yazılara geniş yer verilirdi. "Həyat"ın müəllifləri "adi
bir islam mübəllaği kimi və şəriət vaizi
kimi müsəlman qardaşları islam dinində, dəxi də
sabitqədəm və bərqərar olmağa dəvət
edirdilər". Qəzet hələ
birinci nömrəsində "bizim üçün islam
xaricində nicat yoxdur", deyə - "hər şeydən əqdəm
islamda bulunmaq, islamda qalmaq" şüarını irəli
sürürdü. "Həyat"ın
müəllifləri xalqın milli azadlıq hərəkatını
milli burjuaziyanın mövqeyi ilə birləşdirməyə
çalışırdılar ki, bu da millətçi və
dini şüarlar altında xalqa, onun azadlıq uğrunda
apardığı fədakar, çətin mübarizəyə
kömək anlamında düşünülməlidir.
Həmidə
xanım "Xatirələrim"də yazır:
"1906-cı il aprel ayının 7-si gecəsi Mirzə Cəlillə
Ömər Faiq Nemanzadənin cibində cəmi 9 manat pul var
imiş. Onlar da bu pula çap dəzgahının
qulpunu fırlatmaq üçün bir hambal tutublarmış.
Gecə hambalı yola saldıqdan sonra ikinci
hambal tutmağa daha pul qalmayıb. Onlar səhərə
qədər növbə ilə çap dəzgahının
qulpunu fırlayıblar". Sabahı isə Azərbaycan
mətbuat tarixinin ən şərəfli səhifələrindən
biri yazılıb: "Molla Nəsrəddin".
İyirminci əsrin əvvəllərində meydana gələn
bu jurnal sırf satirik yumoristik janrda fəaliyyət gostərən
ilk milli Azərbaycan dərgisi idi. Jurnalın adı təsadüfi
seçilməmişdi. Molla Nəsrəddin
xalq içərisində öz hazırcavablığı,
yumor hissi, cəsarəti ilə sevilib seçilən bir
personaj idi. Az bir zaman içərisində
nənki Azərbaycanda, hətta yaxın Şərqdə
böyük populyarlıq qazanan "Molla Nəsrəddini"
insanlara sevdirən birbaşa hədəfə vurması idi. İnsanları narahat edən, düşündürən
mövzular jurnalın səhifələrində öz bədii
həllini tapırdı. Nə idi bu
mövzular? Savadsızlıq, qadın hüquqları,
siyasi əxlaqsızlıq, milli oyanış,
elm-maarifçilik və s. Jurnalın yaradıcı kollektivi
tezliklə üslub və ideya yaxınlığına görə
Molla Nəsrəddinçilər adı ətrafında birləşdilər;
M.Ə.Sabir, Üzeyir Hacıbəyov, Ə.Haqverdiyev, Ə.Nəzmi
və digərləri bir məfkurə altında birləşmişdilər.
"Molla Həsrəddin"də imzası xüsusilə
uğur qazanan, jurnalın əsas qayəsi ilə səsləşən,
yaradıcılığı bu günümüzdə də
müasir olan Mirzə Ələkbər Sabir idi. Sabirin
gülüş hədəflərinin hamısı şairin
yaşadığı mühitin acı məhsuludur.
Satira həmişə insanların xarakterinin
açılmasında böyük rol oynayıb. Migel de
Servantesin "Don Kixot" əsərində ironiya, satira
çox güclüdür. Bu əsər haqqında
Dostoyevski deyib ki, "Əgər haçansa bəşəriyyət
oralarda, göylərdə hesabat verməli olsa, təkcə
Servantesin "Don Kixot" əsərini Tanrıya göstərmək
kifayətdir..." Orta əsrlərdə
Avropada dəbdə olan cəngavərlik xülyalarını
kəskin tənqid atəşinə tutan "Don Kixot" əsəri
sanki romantik xəyallarla göylərdə dolanan insanları
çəkib yerə saldı, onlara real həyatı göstərdi.
O cümlədən, Sabirin gülüşü də eyni
mahiyyət daşıdı. Sabir ruhən xalqa
çox yaxın olduğundan hətta satira sənətinin
mahiyyətindən xəbərsiz insanlar da onu gözəl
anladı və nə demək istədiyini duydu.
Anlayan, dərk edən insanın həyatı müəyyən
mənada çətinləşir, əzab-əziyyəti
çoxalır. Həyatı dərk edəndə insan
kainatın və bəşərin mahiyyətini, insanın bu
dünyaya niyə gəldiyini, niyə getdiyini, bu həyatın
mənasını və mənasızlığını
başa düşür, adi məişət
qayğıları onu sıxır və s. Bu mənada, anlamaq
böyük dərddir. Sabiri bir var oxuyub
sevmək, bir də var onun ideyaları, amalları ilə
yaşamaq. Sabirin amalları ilə
yaşamaq asan deyil, bunu hər kəs yaşaya bilməz.
Satirik
Mirzə Sakit deyir ki, Mirzə Ələkbər Sabiri heç
də satirik şair adlandırmaq olmaz, Sabir həqiqət
çarçılarındandır: "Həqiqəti necə
satira adlandıraq axı? Sadəcə olaraq,
Sabirin bəzi satirik şeirləri var desək, bu daha
düzgün səslənər. Əlbəttə
ki, özlüyündə satiranın içərisi həqiqətlə
çox zəngin olduğu qədər də acıdır.
Həqiqətin də acı olması
labüddür, hətta həzm etməsələr də belə
həzm etməyənlərə çalışıb həzm
etdirmək gərəkdir. Necə ki, balaca
uşağı sağaltmaq üçün anası
uşağı
çığırda-çığırda onun
boğazına dərman tökür, eləcə də bu
"uşaqlar"ı çığırtmaq
lazımdır.
İş və tarix elə gətirdi ki "Molla Nəsrəddin"
jurnalı Azərbaycanda sovet istilasından sonra da nəşr
olunmaqda davam etdi. Əlbəttə bir qədər fərqli
ampuluada. Belə ki, artıq sovet rejimi
bütün kütləvi informasiya orqanlarında olduğu
kimi "Molla Nəsrəddin" jurnalında da öz tələblərini
və şərtlərini yeridirdi. 1932-ci
ildə Mirzə Cəlilin vəfatından sonra "Molla Nəsrəddin"
fəaliyyətini dayandırır. Bir
müddət satirik mətbuat sahəsində xeyli boşluq
yaranır.
Ümumiyyətlə, 1918-1920-ci illərdə Azərbaycan
milli satirik publisistikasının bir sıra diqqətəlayiq
nümunələri əsasən "Azərbaycan" qəzetində
nəşr edilib. Burada felyetonlar (bəzən "kiçik felyeton"),
"Filankəsin", "Ordan, burdan" (Ü.Hacıbəyov),
"Avara"nın "Məharət"
başlığı ilə günün müxtəlif məsələllərindən
bəhs açan satirik yazıları çıxırdı.
"Azərbaycan"ın bu yazılarında
keçmiş çar dövrü çinovnikləri və
hadisələri lağa qoyulurdu. Bu satirik
yazıların xalq danışıq üslubunda şirin ifadə
tərzi olurdu. Məsələn, "Filankəs"in
"Bir naxoş" adlı felyetonunda deyilirdi: "Qədim
zamanlarda yəni Nikolayın vaxtında Bakıda belə bir
"mod" var idi. Baqqal Məşhədi Səlim hər
gün yerindən qalxıb dükana gəlmədən əvvəl
evdə bir "bismillah" deyib, sonra da kəlmeyi-şəhadətini
oxuyub və övrət-uşağına əlvida edib sonra əfsəri
tapançasını belinə bağlayıb gedirdi
alış-verişinə".
Azərbaycan satirik publisistikası istər ideya-mövzu,
istərsə də ədəbi forma zənginliyi
baxımından ciddi üslublu publisistikaya nisbətdə
çox zəif idi. Əlbəttə, bunun səbəbləri
var idi. Tədqiqatçılar bildirir ki, həmin
illərdə Azərbaycan satirik publisistikasının
aparıcı qüvvəsi olan "Molla Nəsrəddin"
jurnalı və onun yaradıcısı C.Məmmdquluzadə
Azərbaycanda deyildi və ölkənin siyasi-ictimai həyatında
iştirak etmirdi.
Ən başlıca səbəb isə o idi ki,
1918-1920-ci illərin ağır maddi və mənəvi həyatı
şəraitində ən mühüm sosial və ictimai faciələri
əks etdirmək vəzifəsini yerinə yetirmək
üçün mətbuatın gülüş və
istehzaya deyil, ciddi sözə, dəlilli, sübutlu təbliğata
daha böyük ehtiyac var idi. Siyasi, fəlsəfi və
bədii publisistika XX əsrin əvvəllərində Azərbaycanda
gərgin, mürəkkəb siyasi-ictimai həyatı, onun
tarixi mənzərəsini əks etdirmək üçün əvəzedilməz
imkanlara malik idi.
Sovet dövrü Azərbaycan mətbuatının ən
hörmətli satirik mətbuat nümunəsi Mərkəzi
Komitənin nəşri olan "Kirpi" satira və yumor
jurnalı idi.
Jurnalın ilk redaktoru məşhur publisist
Əvəz Sadıq idi. Jurnalın
yaradıcı heyətinin qarşısına xüsusi vəzifələr
qoyulmuşdu. Mətbu orqan cəmiyyətin
müxtəlif sahələrində rast gəlinən eybəcərlikləri
ifşa etməli, həyatın inkişafına mane olan
"yaramaz ünsürləri" kəskin tənqid atəşinə
tutmalı idi. Müxtəlif vəzifə sahibləri
"Kirpi"nin hədəfinə tuş
gəlməkdən çəkinərdi. Jurnalda
kimin haqqında tənqidi yazı getsə idi onun "fatihə"si
demək olar ki, oxunurdu. Deyirlər ki, bir gün Mərkəzi
Komitənin iclaslarından birində Bağırov məmurları
belə hədələyir: "Unutmayin ki, "Kirpi"
jurnalının baş redaktoru Əvəz Sadıq burda iclasda
iştirak edir". İnsafən jurnal mövcud olduğu illər
ərzində xeyli faydalı iş görür. Bu illər ərzində xeyli qələm sahibləri
məhz bu jurnalda çap olunaraq satira - yumor sahəsində
maraqlı bədii publisistik əsərlər yaradırlar.
Bu illər ərzində jurnala Salam Qədirzadə, Seyfəddin
Dağlı, Şamil Fərzəliyev, Eyvaz Borçalı,
Polad Qasımov kimi müxtəlif ədəbi zövqə və
qələmə məxsus adamlar başçılıq edirlər.
Jurnalda dərc olunan karikaturalar insanların həyatında,
məişətində müşahidə olunan neqativ
halların tənqid olunmasına xidmət edirdi. Ümumiyyətlə qeyd edək ki, həm "Molla
Nəsrəddin", həm də "Kirpi"
jurnallarında çox böyük karikaturaçı - rəssamlar
yetişmişdi. Əzim Əzimzadə, Nəcəfqulu
və digər sənətkarlar məhz bu mətbuat
orqanlarında öz istedadlarını parlaq şəkildə
nümayiş etdirə bilmişdi.
Çağdaş dövrdə isə bu çətin
missiyanı məşhur karikatraçı rəssam Hafiz Nəsiroğlu
ləyaqətlə yerinə yetirir. Əlbəttə sovet dönəmində
hər hansı bir redaktordan inqilabçılıq tələb
etmək mümkün olmasa da bu insanların hər birinin
"Kirpi"nin yaşamasında öz
rolu və xidməti danılmazdır. Məşhur
"Bəxtiyar" filmində də özfəaliyyət dərnəyinin
müdiri Ağabalanın dilindən deyilən "Atova lənət
Kirpi" ifadəsi jurnalın nə qədər populyar
olduğuna işarədir. Ancaq sovet dönəmində
hər bir qəzet-jurnal təbliğat-təşviqat vəzifəsini
yerinə yetirirdi. Yəni mətbuatın əsas
funksiyaları maarifçilik, xəbərçilik və s.
arxa plana keçirilmişdi. Senzura kimi zəhmli bir
qılıncın altından keçən jurnal və qəzetlər
yalnız müəyyən edilmiş hüdudlar daxilində
müstəqil ola bilərdi. Təbii ki, bu mənada "Kirpi" də istisna
deyildi. Təəssüf ki, müstəqillik
dönəmində satirik qəzet və jurnallar dovrün tələblərinə
uyğunlaşa bilmədiklərindən bir müddət
itib-batdılar. "Kirpi" jurnalı da
bir sıra səbəblər üzündən öz
dövriliyini saxlaya bilmədi. Bütün
qəzet və jurnallari sıxan maliyyə çətinlikləri
bu mətbuat orqanından da yan keçmədi. Doğrudur, jurnal rəhbərliyinin və əməkdaşların
fədakarlıqları nəticəsində jurnal son illər
qəzet köşklərində görünsə də əvvəlki
şöhrətini bərpa edə bilmədi. Senzuranın ləğvi, mətbuatın,
loyallaşması kimi müstəqillik dövrünün tələbləri
jurnalı daha operativ, daha çevik davranmağa sövq etsə
də sovet dönəmindən miras qalmış astagəllik,
ehtiyatlılıq onu miyanə mövqe tutmağa sürüklədi.
Çağdaş dövr satirik mətbutdan daha
çox şey tələb edir.
Xüsusən ictimai-siyasi hadisələrə çevik
və obyektiv münasibət, Sabirin təbrincə desək,
düzü düz əyrini əyri prinsipinə riayət
çox önəmlidir. Müasir satirik mətbuat onillərin,
yüzillərin ənənələrinə sadiq olsa da
yeni-yeni forma, janr və üslub xüsusiyyətlərini əxz
etməlidir.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 24 aprel.- S.11.