Həqiqət axtarışının cəfakeşi
Onu çoxdan
tanıyıram, 1956-cı ildən. O vaxtlar Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində oxuyurduq.
Məndən bir kurs yuxarıda idi, həm də universitet komsomol komitəsinin katibi seçilmişdi. Təkcə tələbələr
arasında deyil, müəllim-professor kollektivində
də nüfuz qazanmışdı. Sonrakı
illərdə də vaxtaşırı təmasda olmuş,
fikir mübadiləsi aparmışıq. Mənə
elə gəlir ki, universitet illərindəki ünsiyyətimiz
daha çox yadda qalıb. Təsadüfi deyil ki, 1978-ci
ildə çapdan çıxmış və mənə
bağışladığı “El yolu” şeirlər
kitabının üz vərəqində belə bir avtoqraf
yazıb:
“Uca tutar
sədaqəti, etibarı Əliabbas,
Universitet illərinin yadigarı Əliabbas”.
Altmışıncı illərin əvvəllərində
o, jurnalistika kafedrasının aspiranturasında məşğul
olurdu, mən isə “Bakı” axşam qəzetinin şəhər
xəbərləri şöbəsində ədəbi
içşi idim. 1963-91-ci illərdə respublika Xalq Nəzarəti Komitəisndə
məsul vəzifədə çalışırdı, mən
isə redaksiyanın partiya-siyasi iş şöbəsinin
müdiri olduğum üçün nəzarət
orqanlarının fəaliyyətini də işıqlandırırdım.
Bəri başdan deyim ki, hər ikimiz həmin
orqanın fəxri fərmanına layiq
görülmüşük. Vaxtaşırı
həmin komitədə olur, həmkarlarımla söhbətləşirdim.
Müstəqillik illərində isə onunla
tez-tez dövlət arxivlərində
görüşürdüm. Respublika Nazirlər
Kabinetinin göndərişi ilə Dövlət arxivində
aparıcı arxivçi vəzifəsinə təyin
olunmuşdum. O isə tarixi şəxsiyətlər barədə
yazacağı məqalələr üçün
çoxlarına, o cümlədən də mənə məlum
olmayan arxiv sənədləri toplayırdı. Sonralar
onun bu fəaliyyətinin nə qədər qiymətli olduğunu
anladım. Bu barədə bir qədər
sonra.
Yaşıdlarım, eləcə də 60-80-cı illərin
yaradıcı ziyalıları, fəal oxucular söhbətin
kimdən getdiyini yəqin ki, duyublar. Onun vətən və xalq
qarşısındakı xidmətləri barədə məlumat
almaq istəyənlərə isə bildirirəm: M.F.Axundov adına Milli Kitabxananın
Diyarşünaslıq elmi biblioqrafiya şöbəsinin
beş il öncə tərtib etdiyi “Teyyub Qurban” biblioqrafik
göstəricisində belə yazılıb: “Azərbaycan
Yazıçılar Birliyinin üzvü, ziyalı şəxsiyyət,
tədqiqatçı, tanınmış şair və ictimai
xadim”. Həmin göstəriciyə iri hərflərlə əlavə
etmək istəyirəm: “Teyyub Yarməmməd oğlu həm
də tanınmış jurnalistdir”. Altımışıncı
illərin ortalarında redaksiyanın sənaye, tikinti və nəqliyyat
şöbəsində çalışırdım. Bir
gün Teyyubdan xahiş etdim ki, N.Nərimanov adına
corab-trikotaj kombinatından zarisovka yazsın. Yazdı,
dərc etdik. Məqalənin qurtaracağında müəllifin
söylədiyi bir fikir, yarım əsr ötməsin
baxmayaraq, bu gün də xoş xatirə kimi qulaqlarımda səslənir:
“Deyirlər adamların ayaqlarına baxmaq qəbahətdir. Lakin mən kombinatdan çıxandan sonra yolboyu
insanların ayaqlarını seyr edirdim. Müəssisədə
toxunan corablarla ayaqlardakı corabları müqayisə edirdim”.
İndiyədək dövri mətbuatda minlərlə
oçerki, zarisovkası, reportajı, müsahibəsi dərc
olunub.
1934-cü ilin bir qış günündə
Bakının Bülbülə kəndində dünyaya gələn
Teyyub Yarməmməd oğlu mətbuata ilk şeiri,
“Koreyalı döyüşçüyə” adlı əsəri
ilə qədəm basıb. Həmin şeir
1950-cı ildə “Pioner” jurnalında dərc olunub. Bu gün tanınmış şair olan dostumun indiyədək
dərc etdirdiyi şeirlərin, poemaların sayı-hesabı
yoxdur. “Allahsız, imansız xalq şairinə” (20 may
2010) adlı şeirini aşağıdakı misralarla
tamamlayır:
Birinə
yaltaqlıq ləzzət, nəşədir,
Birinə alçaqlıq adi peşədir.
Teyyubun
varlığı şəffaf şüşədir,
Raket zərbəsiylə sındırmaq olmaz.
T.Qurbanın
uşaqlıq, yeniyetməlik, cavanlıq və
çağdaş dostu, professor Şamil Salmanov (Bülbülədəki
208 saylı məktəbdə oxuyublar) bir məqaləsində
yazıb: “Mən T.Qurbanın xüsusilə son onilliklərdəki
yaradacılıq fəallığını, yeni və ciddi
mövzulara müntəzəm müraciətini ayrıca qeyd
etmək istəyirəm. Milli müstəqillik uğrunda
mübarizə illərindən başlayaraq T.Qurban şeir
yaracılığını davam və inkişaf etdirməklə
bərabər, eyni zamanda bir sıra bədii-sənədli
publisist əsərləri ilə çıxış
etmiş, hətta qələmini dram janrında
sınamışdır, müstəqillik uğrunda mübarizə
tariximiz haqqında, onun M.Ə.Rəsulzadə kimi şəxsiyyətlər
haqqında pyes yazmış və bu pyes tamaşaya
qoyulmuşdur. Mən, ümumiyyətlə,
xalqımızın XX əsrdə milli-mənəvi tərəqqisində
fəal iştirak etmiş şəxsiyyətlər
haqqında T.Qurbanın bədii-publisist əsərlərinin
yalnız müəllifin yaradıcılığında yox,
müasir ədəbiyyatımızda da xüsusi qiymətə
və əhəmiyyətə malik olduğunu etiraf etmək
istəyirəm və bu cür əsərlərində onun
yaradıcılığının bir sıra yeni,
müasirlik məziyyətlərini görürəm. Mən bu cəhətdən şair dostumun “Dönməzlik”
povestini ayrıca qeyd etməyə bilmərəm. Bu, M.Ə.Rəsulzadəyə həsr olunmuş ilk
povest idi. Mən şəxsən 90-cı
illərdən T.Qurbanın əsrin bu tarixi şəxsiyyətinə,
onun həyatına, siyasi mübarizəsinə, taleyinə aid
faktları, materialları necə inadla
topladığının şahidi olmuşam. O, hətta
Qazaxıstana getdi, M.Ə.Rəsulzadənin oğlu Azəri
arayıb-axtardı. Onun barəsində yazı
ilə mətbuatda çıxış etdi. Əgər T.Qurbanın bu səpkili publisistikasının
əsas ruhunu, qayəsini təyin etsək, deyə bilərəm
ki, xalqın mədəni, milli intibahı uğrunda mübarizəni
müəllif əsrin qabaqcıl, görkəmli şəxsiyyətlərinin,
onların fəaliyyətinin ən işıqlı, ən
güclü tərəfi hesab edirdi.
Professorun mülahizələri ilə tamamilə
razıyam və mən də Teyyub Qurbanın son illərdəki
yaradıcılığında tarixi həqiqəti
qızğın bir ehtirasla ifadə və müdafiə etməkdən
ibarət çox gözəl bir keyfiyyət görürəm. Müəllifin
Z.Tağıyev, M.Ə.Rəsulzadə, M.C.Bağırov və
başqa tarixi şəxsiyyətlər haqqında tarixi faktlar
əsasında yazmasını da ilk növbədə bununla
izah etmək olar.
Teyyub Yarməmməd oğluna həmişə rəğbət
bəsləmişəm. Vətənpərvərliyinə, sadəliyinə,
cəsarətinə, mərdliyinə, haqq tərəfdarı
olduğuna görə. Hər dəfə
rastlaşandan ən yaxın adamım kimi salamlaşır,
müsbət enerji alıram ondan. Onun
yaradıcılığına həmişə böyük
maraq göstərmiş, məhsuldarlığına heyran
olmuşam. Uzun illər Azərbaycana rəhbərlik
etmiş Mir Cəfər Bağırovun həyat və
mübarizəsinə həsr olunmuş “Düşmənlərindən
güclü şəxsiyyət” kitabını oxuduqdan sonra isə
Teyyub Qurban gözlərimdə nəhəngləşdi. Bu əsəri həqiqətlər toplusu,
böyük şəxsiyyətə qondarma məhkəmə
yapanlara qarşı ittiham aktı, eləcə də bilik xəzinəsi
adlandırsam, yəqin ki, mübaliğəyə yol vermərəm.
Həmin kitabın təqdimatı zamanı müəllifə
böyük və savab iş gördüyü
üçün təşəkkürümü bildirmişəm.
Bu gün, yubiley ilində isə minnətdarlığımı
çatdırmaq istəyirəm. Bir
müzakirə zamanı həmin kitab, orada əksini
tapmış arxiv sənədləri opponetimin kürəyini
“yerə vurmaqda” karıma gəldi.
Etiraf etmək
lazımdır ki, vaxtilə Bağırovu “atamız”, “əzizimiz”
kimi hallandıran bədxahların məkri üzündən
bu böyük şəxsiyətin vətən və xalq
qarşısındakı xidmətləri üzərinə
qara xətt çəkilmiş, o, xalqa “Mirqəzəb”, “Mircəllad”,
“Mircəncəl” kimi təqdim edilmiş, barəsində hədyanlar
yapılmışdır. 20 il sərasər
məmləkətimizin başçısı olmuş,
respublikamızı, xalqımızı şər qüvvələrdən
qorumuş böyük şəxsiyyəti bu gün nəinki
böyüməkdə olan nəsil, hətta yaşlı
insanlar da kifayət qədər tanımır, tanıyanlar isə
unudublar. Bu da təsadüfi deyil. Qəddarlıqda
tayı-bərabəri olmayan tiranlar - iri bir şəhəri
yerlə yeksan edib bütün əhalisini qılıncddan
keçirən Çingizxan, Bağdadda 90 min insanın həyatına
son qoyan Teymurləng, eləcə də Napoleon, Hitler, Mussolini
kimi diktatorlara Azərbaycan Sovet Ensiklopediyasında kifayət qədər
yer verilib, “müstəbid” Mir Cəfər haqqında isə
heç nə yazılmayıb. Sanki belə bir adam
heç olmayıb.
Teyyub Qurban var olsun ki, həqiqətləri aşkara
çıxararaq oxucuların ixtiyarına verib. Çox təəssüf
ki, bəzi həmvətənlərimizin həmin ifşaedici
faktlardan bu gün də xəbərləri yoxdur.
Yuxarıda xatırlatdığım bir müzakirədə
vaxtilə rəhbər vəzifədə işləmiş
yaşıdım Bağırovun adını çəkəndə
dilləndim: “Allah rəhmət eləsin!” Həmsöhbətim
təəccüblə məni süzüb gileyləndi: “Ona
da rəhmət deyərlər, axı
yurddaşımızı qırıb çatıb!”
Ona təmkinlə bildirdim ki, əvvəla, həmin
qanlı illərdə öldürülənlərin
hamısı üçün Mir Cəfər məsuliyyət
daşımır. Çünki o vaxtlar Moskvanın
“üçlüyü” bütün ölkədə fəğan
edir, azca şübhələndikləri insanları respublika rəhbərinə
bildirmədən güllələtdirirdi. Əlbəttə,
o mürəkkəb dövrdə Bağırovun da ciddi səhvləri
olub. Nəticədə, necə deyərlər,
qurunun oduna yaş da yanıb. Lakin şəxsiyyətə
qiymət verərkən bu məsələyə birtərəfli
yanaşmaq olmaz, gərək onun müsbət cəhətlərini
tərəzinin bir gözünə, mənfi əməllərini
digər gözünə qoyasan. Hansı tərəf
ağır gəlsə, bu mövqedən fikir yürüdəsən.
Mir Cəfər Bağırov xalqımız
qarşısında o qədər böyük xidmətlər
göstərib ki, səhvlərindən danışmamaq da
olar. Əvvəla, Stalin azərbaycanlıları
iqlimi sərt olan Qazaxıstana sürgün etmək istəyirdi.
Respublikanın rəhbəri sinəsini sipər
edərək xalqımızı bu müsibətdən xilas
edib. 1945-ci ilin noyabrında Ermənistan KP
Mərkəzi Komitəsinin katibi Arutyunov Kreml hakimlərinə
ünvanladığı məktubunda iddia edib ki, Dağlıq
Qarabağ Vilayətinin Ermənistan SSR tərkibinə daxil
edilməsi məqsədəuyğundur. Azərbaycanın
mövqeyinə aydınlıq gətirmək məqsədilə
həmin məktub M.C.Bağırova göndərilmişdi.
Respublika rəhbəri cavab məktubunda elə
şərtlər qoymuşdu ki, Kreml onu göndərdiyinə
peşman olmuş və Arutyunova elə təpinmişdi ki, bir
də bu barədə məsələ qaldırmasın.
Ali Baş Komandanın Krım cəbhəsindəki
nümayəndəsi, hətta cəbhə komandanı ilə
hesablaşmayan Mexlis respublikamızdan olan
döyüşçüləri qorxaqlıqda,
satqınlıqda təqsirləndirərək onları
“yeldaşı” adlandıraraq alçaltmışdı.
Bundan xəbər tutan M.C.Bağırov yubanmadan
tədbir görür, İ.V.Stalin sərsəm Mexlisi dərhal
vəzifəsindən kənarlaşdırır.
Bunlar kifayət deyilsə, yeni faktlar da gətirə bilərəm. İşinin çox
olmasına baxmayaraq, o, adına göndərilmiş
hər bir şikayəti şəxsən yoxlayıb tədbir
görürdü. O, xalqına bağlı olub, xalqın yox,
onun düşmənlərinin düşməni olub. Yaxşı olar ki, Teyyub Qurbanın “Düşmənlərindən
güclü şəxsiyət” kitabını oxuyasan.
İndiyədək iyirmidən artıq kitab nəşr etdirən
Teyyub Qurbanın ötən il oxucuların
ixtiyarına verdiyi “Ömür yolları” salnaməsi də
xüsusilə diqqətimi çəkib. Xalqımızın
dünya şöhrətli övladları Hacı Zeynalabdin
Tağıyevin, Məhəmməd Əmin Rəsulzadənin,
Nəriman Nərimanovun, digər görkəmli şəxsiyyətlərimizin
həyat və mübarizəsindən, onların ailə
üzvlərinin üzləşdikləri məhrumiyyətlərdən,
vaxtilə çörəyini yeyib qarşısında ləbbeyk
deyən, ayaqlarından belə öpməyə hazır olan bəzi
yurddaşlarımızın çətin anlarda həmin
insanlara arxa çevirdiklərindən, xəyanət və
satqınlıq yolu tutduqlarından ürəkağrısı
ilə bəhs edən müəllifin böyük zəhməti
diqqətəlayiqdir. Salnamədəki “Səsimə
hay verən var...” adlı məqaləni dönədönə
oxumuş və hər dəfə də
hönkürtümü saxlaya bilməmişəm. Bədbəxt
milyonçu qızı Saranın acı taleyindən bəhs
edən atəşli sətirlər insanı təlatümə
gətirir: “Hamı məndən üz döndərməyə
başladı. Elə oldu ki, doğmaca bacım da bir gün məni
qapı dalında qoydu: “Sara, incimə, ərim atamızın
adını çəkməyə qoymur. Şəklini
də cırıb atıb. Deyir ki, sinfi
düşməndir, onu inkar etməliyik. Heç
əzəldən guya olmayıb. Yoxsa, bizi
də Sibirə sürgün edəcəklər. Balalarıma yazığın gəlsin”. Lal-dinməz aşağı düşəndə
yeznəmizlə qarşılaşdım, işdən
qayıdırdı. Yan-yörəsinə baxdı, kimsənin
olmadığını yəqin edəndən sonra dişlərini
canavar kimi qıcıyıb dedi: “Sən hələ
Bakıdasan? Tutmayıblar səni? Bir də ayağın buralara dəysə, meyitin
qalacaq”. Tezliklə Bakını tərk edən Sara
xanım Rusiyada həbs edilərək zindana atılır...”
Səksən
yaşlı Teyyub Qurbanın qüdrətli qələminə,
onun haqsızlığa, zülmə qarşı səsini
qaldırmasına, nəhayət, çıxardığı
nəticənin bir məqamına heyran qalmamaq mümkün
deyil: sərvət aşiqi olmağın, mal dövlət
yığmağın axırı yoxdur. Hacı Zeynalabdinin,
onun dilənçilik edən arvadının, hədsiz məhrumiyyətlərə
düçar olan qızının taleyi kimi.
Teyyub Qurbanın həyatı,
yaradığıcılı, vətənpərvərliyi
haqqında nə qədər desən yazmaq olar. Ona yubiley ilində
yeni yaradıcılıq uğurları arzulayıram. Əminəm ki, bundan sonra da şeirləri, məqalələri,
kitabları ilə oxucuları feyziyab edəcək.
Əliabbas Əlimədətoğlu
Təzadlar.- 2014.- 16 avqust.- S.7.