Müəllimliyin zirvəsi...

 

 

Savad, elm sahibləri hər bir xalqın qiymətsiz sərvətidir. Bu qiymətsiz sərvətə isə müəllimlərin min bir əməyi sayəsində sahib olmaq mümkündür. Həm də bir tərbiyəçi olaraq müəllimliyin cəmiyyət üçün müqəddəsliyi elə buradan irəli gəlir. Məhşur pedaqoq Y.A.Kamenski müəllim əməyini qiymətləndirərək yazırdı ki, biliksiz müəllim işıqsız lampaya, susuz bulağa bənzəyir. Yəni biliksiz müəllimdən işıq istəyən işıqsız, suya gedən susuz qalacaq.

 

 

 

 

 

 

Ancaq pedaqoji fəaliyyəti ilə peşəsini şərəfləndirən müəllimlərimiz yetərincədir. Həmin müəllimlərdən biridoğma kəndində yüzlərlə ali təhsil alacaq məzunların yetişməsi üçün əlverişli təhsil mühiti yaratmağa nail olan və hələ sağlığında onu tanıyanların dərin məhəbbətini qazanmağa nail olan Bayramov Bayram Məhəmmədəli oğludur (1934-2014, 7 avqust). O, Qarabağın, Ağdam rayonunun qaim-qədim kəndlərindən olan Mərzilidəndir.

 

 

 

Mərzili dünya şöhrətli alim Xudu Məmmədovun, onun müxtəlif elm sahələrində davamçıları olan otuzdan çox alimin, təqribi hesablamalara görə, 500-dək ali təhsilli mütəxəssislərin kəndidir. Yüzlərlə müəllimi, həkimi, mühəndisi, şairi, yazıçısı, müxtəlif sənət, peşə sahiblərinin kəndidir Mərzili. 1988-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlər zamanı müxtəlif özünümüdafiə batalyonlarında 200-dək könüllü döyüşçünün, 35 hərbi, 19 mülki şəhidin kəndidir Mərzili. Vətən üçün üç igid oğul - Zakiri, Tahiri, Sabiri şəhid verən Əliyev İmran Niyaz oğlu kimi kişilərin kəndidir Mərzili...

 

 

 

Yuxarıda sadalanan faktlar “Nərgiz” nəşriyyatının oxuculara yenicə təqdim etdiyi “Müəllimliyin Bayram müəllim zirvəsi” kitabındandır. B.Bayramovun adına sevgiylə yazılan kitabın müəllifi tarixçi müəllim, şair, publisist Yusif Millətoğludur.

 

 

 

Mərzili kəndinin yaranışından bu gününədək keşdiyi tarixi yoldan, mərzililərin təsərrüfat və məişətindən, kəndin təhsil və dünyəvi məktəb tarixindən ətraflı şəkildə bəhs edilən kitab lakonik dildə yazılmaqla Bayram müəllimin həyat və fəaliyyətini üç bölmədə oxucuya çatdırır: “Keçmişə boylanarkən”, “Mənalı ömrün səhifələri”, “Xatirələr işığında”.

 

 

 

Kitabın geniş, təntənəli təqdimat mərasimi Bayram müəllimim dünyasını dəyişməsinin ildönümündə - 7 avqust 2014-cü il tarixində qədim Şəki şəhərində gerçəkləşdi. Təqdimat mərasimdə Bayram müəllim haqqında olan şirin və kövrək xatirələr bir-birinə calandı. Tədbir iştirakçıları onun keçdiyi şərəfli ömür yolunu işıqlandıran, taxixləşdirməklə gələcək nəsillərə çatdıran kitabın ərsəyə gəlməsini hadisə kimi qiymətləndirdilər. Tədbirin aparıcısı Allahverdi Nəsiboğlu, kitabın məsləhətçisi kimya elmləri üzrə fəlsəfə doktoru Vaqif Qasımov, kitabın rəyçilərindən fəlsəfə elmləri doktoru, professor Cahangir Məmmədov, uzun illər Bayram müəllimlə çiyin-çiyinə çalışmış Mürşüd Məmmədov, BDU-nun müəllimi, tarix elmləri doktoru Boran Əzizli, kitabın müəllifi Yusif Millətoğlu və digərlərinin çıxışları yəqin ki, uzun müddət yaddaşlardan silinməyəcək.

 

 

 

Sonda Bayram müəllimin övladlarından Sankt-Peterburq Mülki Aviasiya Akademiyasının müəllimləri - hüquq elmləri üzrə fəlsəfə doktoru Şakir Bayramovtexnika üzrə fəlsəfə doktoru Əvəz Bayramov oz minnətdarlıq çıxışları ilə mərasimə yekun vurdular.

 

 

 

Müəllifinin oxucuları ilə yeddinci görüşü olan bu kitabın adından göründüyü kimi, kitab müəllimlə, müqəddəs sandığımız məktəblə bağlıdır. Kitabda 1960-cı ildə Mərzili 7-illik məktəbini orta məktəbə çevirən və onun da ilk, həm də uzun müddət direktoru olan Bayram müəllim haqqında çoxsaylı xatirə yazıları yer alıb.

 

 

 

Təbiətlə ünsiyyət yaranışından insandan ağıl, zəka, təbiət qanunlarını öyrənməyi tələb edib ki, insan təbiətin məhvedici qanunlarından qoruna bilsin. Ağıl, zəka, elm bu gün bəşəriyyətin mövcudluğu üçün daha da aktualdır. Bayram müəllimin amalı, arzusu onun şagirdlərinin təhsildə irəli getməsi, uğur qazanması idi. Onun yandırdığı elm çırağı əbədi olaraq doğma el-obasında bütün nəsillərin yolunu işıqlandıracaq.

 

 

 

“Müəllimliyin Bayram müəllim zirvəsi” kitabından hər bir oxucunun bəhrələnəcəyi əminliyi ilə müəllifə yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

 

Elbar ŞİRİNOV

Təzadlar.- 2014.- 26 avqust.- S.11.