Qara daşın göyərəsi vaxtıdır”

Cabir Umud-60

 

Ötən həftə Yazıçılar BirliyininNatavanklubu yenə də poeziya sevərlərin ixtiyarına verilmişdi. Bəli, həm şair Cabir Umudun işığına, həm də yeni “Dərdim varsa, tək deyiləm” kitabının təqdimatına yığışan insanlar həmin günü doğrudan da poeziya aləminə qərq olmuşdular. Ola bilər çoxları ixtisasca həkim, amma həm də gözəl şair olan Cabir Umudu tanımasınlar. “Natavanklubunda 60 illiyi qeyd olunan şairi tanımaq üçün onun şeirlərini oxumaq kifayətdir. Bədəncə zəif, amma şeirləri ilə nəhəng görünən Cabir Umud heç də təbliğ olunmağı xoşlamır. O sadəcə öz yolu ilə gedir. O yol ki, onu özü seçib, onu özü qəbul edib. Elə bu barədə şair şeirlərinin birində deyir:

“Mənim yolum o yollardan ayrıdır,

Cığırmıdır, ya izmidir, mənimdir.

Əqidəm bir, amalım bir, işim bir

Yanlışmıdı, ya düzmüdü, mənimdir.”

 

Elə doğrudan da həmin gün Cabir Umudun işiğına yığışanlar şairin keçdiyiseçdiyi yola bir daha nəzər saldılar. Tədbiri açan filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli ilk sözü azman sənətkarımız, Dədə-Qorqud oxşarlı Məmməd Aslana verdi. M.Aslan öz çıxışında bildirdi ki, Cabir Umud Kəlbəcər ədəbi mühitindən çıxan, poeziyada öz sözünü deyən şairlərdən biridir. M.Aslanın sözlərindən aydın oldu ki, C.Umud Kəlbəcərdə orta məktəbdə oxuyarkən onun ədəbiyyat müəllimi olub. Təbii ki, müəlliminin öz şagirdi haqqında müsbət fikirlər söyləməsi olduqca duyğulu haldır.

Tədbir boyu çxış edənlər şairin şeirlərindən nümunələr söylədilər. O cümlədən bu sətirlərin müəllifi olaraq C.Umudun bir şair olaraq şeirlərinin fəlsəfi duyumundan, yurd həsrətli şeirlərinin olduqca təsirli olmasından, eyni zamanda şeirlərində türkçülüyün əsas xətt kimi keçməsindən söhbət açdım. Onu da diqqətə çatdırdım ki, şair C.Umud təbliğ olunmağı xoşlamadığından çox yerdə onu tanımırlar. Ancaq onun şeirlərindən nümunələr deyəndən sonra çox təəccüblənirlər ki, niyə indiyə qədər belə bir şairi tanımayıblar. Elə oradaca yenə C.Umudun şeirlərindən bir neçə nümunə söylədim. Anaların müqəddəsliyi haqqında çox yazılıb. Elə C.Umud da şeirlərinin birində içki məclisləri zamanı, başlar dumanlanandan sonra anaların sağlığına içməməyi tövsiyə edərək yazır:

Bir gün dünyasına vida deyəndə,

Ha sızlayın, ha göynəyin, ha yanın.

Anaların sağlığına içməyin,

Anaların qulluğunda dayanın”.

Çıxış edənlərin hər biri Cabir Umudun şeirlərinin məziyyətindən, xüsusilə onun 1000-ə qədər yaratdığı cinaslardan geniş söhbət açdılar. Şairin ayrı-ayrı vaxtlarda “Qəm dəyirmanı”, “Bayatı yağmuru”, “Bu, daş, bu, tərəzi”, “Süngülənmiş bələk”, “Burda bir kənd vardı” sonuncu kitabı olan, eyni zamanda yubiley tədbirində təqdimatı keçirilən “Dərdim varsa, tək deyiləm” kitablarında verilmiş şeirlər hər bir oxucunun içinə hopur və hər kəs onu artıq bir şeir kimi yox, öz dərdi kimi pıçıldayır. C.Umudun ustad şairimiz Musa YaqubunBu dünyanın qara daşı göyərməz” şeirinə yazdığı “Qara daşın göyərəsi vaxtıdır” nəzirəsi mənim tərəfimdən tədbir iştirakçılarına çatdırıldı və alqışlara səbəb oldu. Şeirdəki bir bənd olduqca diqqət çəkən idi:

Busirrdir, döyüş həngi çalınmır,

Qol sınıbmı, zəfər zəngi çalınmır.

Qara zurna susub, “Cəngi” çalınmır,

Qara daşın göyərəsi vaxtıdır”

60 illiyi qeyd olunan şairə bundan sonra da böyük yaradıcılıq uğurları və dərdimizi elə özümüzə pıçıldamaq üçün ilham mənbəyinin tükənməməsini arzulayırıq. Aşağıda şairin yenicə çapdan çıxmış kitabından bir neçə şeiri oxucularımızın diqqətinə çatdırırıq.

E.MƏMMƏDLİ

 

Qollar neyləsin?

 

Zamanı qınadım, vaxtı qısnadım

Qəriblik taleyim, illər neyləsin?

Yurd elsiz qalanda bayquş ulayar,

Bayquşlar çox imiş, ellər neyləsin?

 

Bir dərddən minin doğurmuşamsa,

Dəni sünbülündə qovurmuşamsa,

Xırmanı tərsinə sovurmuşamsa,

Fəhmim kəsəriszdi, yellər neyləsin?

 

Göylər var olanı Yerlərə sağdı,

Kimbildi, qismətinə nə yağdı

Göllər o göllərdi, dağ həmən dağdı,

Sonalar dönükdü, göllər neyləsin?

Yurd yerində qazi olub dinməyə,

Boyuma biçilən dərdi yenməyə,

Ocağıma sahib kimi dönməyə,

Dizlərim tutmursa, yollar neyləsin?

 

Cabir oldu oyunların girinci,

Oynadıldı, axır qaldı zarıncı.

Qəbzəsi kişiyə möhtac qılıncı,

Əllər götürmürsə, qollar neyləsin?!

30.10.2011

 

İndi

Çörəyin ətrindən doyardıq bir vaxt,

Çörəyin özündən doymuruq indii.

Bir kəlmə xoş sözə canı qıyardıq,

Can çıxsa, bir kəlmə qıymırıq indi.

 

Duyumluyduq, piranlara qul idik,

Əyilməz diz, bükülməyən qol idik,

Ədəb idik, ərkan idik, yol idik

Yollar hara gedir, duymuruq indii.

 

Qoymazdıq bu günün işin səhərə,

Şükr edərdik bərəkətə, bəhərə.

Qardaşıdıq yəhərində kəhərə,

Ayaq üzəngiyə qoymuruq indi.

 

Xoşbəxt idi, yurd uğrunda can qoyan,

Canın qurban diləyərdi can duyan.

Saymaq ilə qurtarmazdı can qıyan,

Neçə can alan var, saymırıq indi.

 

Əriyərdik baxışına dağların,

Paklanardıq yağışına dağların,

Tuş gəlmişik qarşığına dağların,

Oymalı gözləri oymuruq indi.

 

İtirdik

Ölərəm əldən əgər getsə vətən...

Abbas Səhhət

Biləsən! Ölmədik, Abbas Səhhətim!

Vətən əldən getdi, eli itirdik.

Dinib danışmağa yer qoymadılar

Yağı qarşısında dili itirdik.

 

Yüz illərdi talan bizlə yol gəlir,

Yüz illərdi yalan bizlə yol gəlir.

Yüz illərdi palan bizlə yol gəlir,

Üzəngini verdik, beli itirdik.

 

Qisas hanı, unutqanlıq peşəmi?

Yurd içini yağmalamaq nəşəmi?

Neçə-neçə cənnətmisal guşəni

Xarı bülbül kimi gülü itirdik.

 

Bulaqlar bir yana, çağlar bir yana,

Sinəsi dağlanan dağlar bir yana,

Xəstələr bir yana, sağlar bir yana,

Nəşi qərib min-min ölü itirdik.

 

Saymaqla qurtaran deyil itənlər,

Bu günümün qənimiymiş ötənlər.

Qanqal, tikan-yolumuzda bitənlər,

Yollar yağmalandı, yolu itirdik.

Vətən əcdadıma mədfənmi bu gün?!

Vətən övladıma məskənmi bu gün?!

Vətən bu millətə məskunmu bu gün?!

Axır, vətən adlı ləli itirdik.

(Ölmərik, əldən əgər getsə Vətən!)

 

Təzadlar.- 2014.- 2 dekabr.- S.15.