Millətimizin sərvəti
...Halal zəhmətilə ucalan, bu gün Azərbaycanın mədəni və ictimai mühitində sayılıb-seçilən nüfuz sahibi, hörmətli ziyalımız, professor Qulu Məhərrəmlinin 60 yaşı tamam olur. Çox adam Qulu müəllimi jurnalistika, televiziya sahəsindəki xidmətlərinə görə tanıyır, çünki 1978-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirdikdən sonra taleyini Azərbaycan televiziyasına bağlayıb və ömrünün 30 ilini bu televiziyanın inkişafına həsr edib. Onun “Xəbərlər” və “Səhər” baş redaksiyalarına, “Müəllif proqramları və xüsusi layihələr” departamentinə rəhbərlik etdiyi dövrü hər kəs yaxşı xatırlayır. Ən mürəkkəb mövzulara obyektiv yanaşması, peşəkar prinsiplərə söykənməsi, gözəl nitq və efir mədəniyyəti, davranışı, tamaşaçı ilə ünsiyyəti həmişə məni düşündürüb. Qulu müəllim nitq və efir mədəniyyətimizin praktik, canlı əfsanələrindən biridir!
***
Televiziya insanın təkcə zahirini göstərmir, insanın bütün niyyətini, düşüncəsini, enerjisini, əxlaqını, milli ovqatını - iç dünyasını tamaşaçıya təqdim edir. Qulu müəllim həyatın bütün çətinliklərindən, o cümlədən televizyanın rentgen sınağından çox uğurla keçib. Bu təqdimat deyil, tamaşaçının Qulu müəllimlə bağlı o vaxtkı təəssüratlarından bir məqamdır. Ağrı-acılarla dolu, kövrəldici, bənzərsiz nitqi, səs tonu var Qulu müəllimin!
Analitik təffəkkürünün diktəsi ilə barmaqları həmişə cəmiyyəti narahat edən problemlərin nəbzi üstündə olub. 2013-cü ildə çap etdirdiyi “Zamanın rəngləri” publisistik məqalələr toplusu onun dünyanın gedişatına necə dərindən bələd olduğunu göstərir. Özümüzü tanımaq, dərk etmək, təhlükələrdən yan keçmək və uğur əldə etmək üçün nələrə hazır olduğumuzun mənzərəsini çox aydın şəkildə oxucuya təqdim edir. Cəmiyyətin bulanıq suyunu həmişə ziyalılar duruldur.
Ziyalılıq təkcə aydınlıq deyil, həm də saflıqdır! Onun müəyyənləşdirdiyi özünəməxsus qızıl orta xəttin üstündən keçmək, məncə, təkcə qırmızı işıqda keçmək kimi bir iş deyil, həm də harmoniyanı, müvaziməti, pərsəngi pozmaqdır.
Qulu müəllim canlı ensiklopediyadır. Hazırcavabdır. Haradan, hansı sahədən sual verilirsə, lakonik, dəqiq cavablandırır, sahəsindən asılı olmayaraq, hansı “Nobel” mükafatı almış alimin, hansı yazıçının, hansı tarixi şəxsiyyətin adı çəkilirsə, bitkin, dolğun məlumat verir.
Bu, o deməkdir ki, əsl ziyalı təkcə yaratmır, həm də axtarışda olur, dünyadakı yenilikləri tələbələrinə, ardıcıllarına, oxucularına, bir sözlə, cəmiyyətə daşıyır. Qulu müəllim təkcə publisist, telejurnalist deyil, həm də ssenaristdir. Ssenariləri əsasında onlarca sənədli film çəkilib. Bu filmlər də mövzuca rəngarəngdir: qədim tarixdən tutmuş bugünə, istiqlal fədailərindən tutmuş müstəqilliyin problemlərinədək - hər şeydən bəhs edir bu filmlər.
O, görkəmli jurnalist olmaqla bərabər, həm də bu sahə üzrə tanınmış nəzəriyyəçidir, böyük dilçi alimdir, lüğətşünasdir. Dilçiliyə dair çoxsaylı əsərlərin müəllifidir. Onun yaradıcılığında jurnalistika ilə dilin sintezi tamamilə yeni bir rakursda görünür və xüsusi aktuallıq kəsb edir. “Audiovizual nitq” (2000) “Televiziya dili” (2002), “Danışır Təbriz” (2004) “Kütləvi kommunikasiya və dil” (2004), “Radio dərsləri” (2007), “Mediada işlənən alınma sözlər” (2008), “Televiziya verilişlərinin dili və üslubu” (2011), “Jurnalistikanın əsasları” (2008, 2012) kimi, 30-a qədər ciddi tədqiqat əsərinin və tədris vəsaitlərinin müəllifidir. Onun fəaliyyətini işıqlandırmaq üçün gərək hər gün yazasan, çünki o hər gün yaradır!
Qulu müəllim, eyni zamanda tanınmış pedaqoqdur. Jurnalistika təhsilinin inkişafı üçün də çalışır, hazırda BDU-nun “ Televiziya və radio jurnalistikası” kafedrasının professorudur. Dərs dediyi tələbələr onunla qürur duyur, çünki Qulu müəllimin bütün amalı xeyirxahlıq üstə qurulub - missiyası cəmiyyətə saf, vicdanlı və peşəkar nəsil yetişdirməkdir, layiqli vətəndaş hazırlamaqdır!
Qulu müəllimin yaradıcılığı çox aktual və rəngarəngdir. Bu yaxınlarda orta məktəb şagirdləri üçün çox faydalı bir əsər - “Məktəblinin alınma sözlər lüğəti” işıq üzü gördü.
Tale elə gətirdi ki, 2013-cü ildə zəhmətkeş alim, naşir Rafiq İsmayılovun və Qulu müəllimin rəhbərliyi ilə bir layihə üzərində birgə (Azərbaycan dilinin yeni frazeoloji sözlüyünün və həmin sözlüyün elektron versiyasının yaradılması) çalışası olduq. Layihənin baş redaktoru və lügətin tərtibçi müəlliflərindən biri kimi Qulu müəllimin nə qədər dərin söz ehtiyatına yiyələndiyinin, xalq dilini nə qədər dərindən bildiyinin bir daha şahidi oldum.
Əmin oldum ki, Qulu müəllim təkcə tanınmış leksikoqraf, terminoloq deyil, həm də yaxşı dialektoloqdur. Hansı sözün hansı bölgədə necə və hansı mənalarda işləndiyini çox yaxşı bilir. İnternet istifadəçiləri üçün elektron lüğətlərin, dərsliklərin, dərs vəsaitlərinin və s. hazırlanması işində də Qulu müəllimin gərgin əməyi var.
Belə bir insanla çiyin-çiyinə işləməkdən qürur duyuram. Sadəliyi, təvazökarlığı, səmimiyyəti imkan verir ki, bilmədiklərini soruşub öyrənəsən!
2013-cü ildə ana dilinin işlənməsi ilə bağlı qəbul olunmuş “Dövlət Proqramı” əsasında Dilçilik İnstitutunda Monitorinq şöbəsi yaradıldı. Lakin şöbənin yeni yaranması, başqa şöbələrdən gənc alimlərin bu şöbəyə cəlb edilməsi, təcrübəsizlik və s. bu sahədə müəyyən süstlüyə, durğunluğa səbəb olmuşdu. Hörmətli akademik Tofiq Hacıyevin Dilçilik İnstitutuna gəlişindən sonra durğunluq qısa müddət ərzində aradan qaxdı. Qulu müəllim Monitoriq şöbəsinə rəhbər seçildi və “görülmüş işlər”i sıfırdan başlamağa məcbur oldu. Formal komissiyalar yaradıb kənardan göstərişlər gözləmək kimi zərərli praktikanı bir kənara qoyub, heyrətamiz enerji ilə işə girişdi: elmi biliklərini, zəngin idarəçilik təcrübəsini işə salaraq vəziyyəti ölü nöqtədən çıxara bildi.
Bu gün Qulu Məhərrəmli dövlətin dillə bağlı müəyyən etdiyi işlərin reallaşması üçün məhdud imkanlar daxilində çarpışır. Monitorinq şöbəsinin azsaylı əməkdaşlarını da fədakarlıq göstərmək üçün ruhlandırmağa çalışır.
Qulu müəllimin Dilçilik İnstituna gəlişi dilçiliyimizin uğurudur. Əvvəllər bu institut mətbuatdan “qaçırdı”, bu gün vəziyyət xeyli yaxşılaşıb. Monitorinq şöbəsinin davamlı olaraq keçirdiyi tədbirləri işıqlandırmaq üçün KİV nümayəndələri Dilçilik İnstitutuna dəvət olunurlar, tanınmış media nümayəndələri ilə dil normalarının qorunması ilə bağlı çox faydalı müzakirələr təşkil edilir, ictimaiyyətin dil problemlərinin həllinə cəlb olunması üçün işlər aparılır və s. Bütün bu işlərdə Qulu müəllimin millətə və onun dilinə nə qədər böyük sevgi ilə yanaşdığını görürəm.
Mənalı yaradıcılığı və parlaq mənəvi keyfiyyətləri ilə nümunə olan milli sərvətimizi - dəyərli insan, vətəndaş alim, böyük ziyalımızı əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, cansağlığı və çoxşakər fəaliyyətində davamlı uğurlar arzulayıram.,
Şahlar
GÖYTÜRK
filologiya üzrə
fəlsəfə doktoru
Təzadlar.-
2014.- 4 dekabr.- S.6.