“İlməzli əhvalatı”
Elbəyi
CƏLALOĞLU tanınmış şair, dr. SABİR
ƏLİYEVİN “İlməzli əhvalatı”nı təqdim edir...
“İlməzli əhvalatı” yarananda mənim dörd
yaşım olub. Təbii ki, bu yaşda olan uşaq həyata,
ancaq maddi gözlə baxa bilər. Lakin
şüurlu mübarizə üçün, milli-mənəvi
dəyərlərin qorunması və gəlişməsi naminə
doğulmuş insanların zaman keçdikcə maddi
gözü ilə batini gözü arasındakı məsafə
qısalmağa başlayır. Əslində
fərdin mənəvi dünyasının tədricən
genişlənməsinin sübutu olan bu qısalma, cəmiyyətin
daha sürətlə gəlişməsində əvəzsiz
bir töhfəyə də çevrilə bilər. Olsun ki, bu yaxınlarda atam - Aşıq Cəlalın
arxivində müfəttişlik etməyim, bu maddi ilə
batini göz arasındakı məsafənin qısalmağa
doğru getməsinin təzahürlərindən idi. Təftiş
nəticəsində əlimə, Qarayazının Qaracalar kəndində
dünyaya göz açmış, uzun müddət Gəncə
Dövlət Universitetində müəllim işləmiş,
filologiya elmləri doktoru, məşhur füzulişünas
alim, dünyasını dəyişmiş şair Sabir
Əliyevin kiçik həcmli “İlməzli əhvalatı” əsəri
keçdi. Aşıq Cəlalın dediyinə görə, əhvalatın
baş verməsindən az sonra, rəhmətlik Sabir Əliyev
“İlməzli əhvalatı” əlyazmasının
Borçalıya göndərdiyi üç nüsxəsindən
birini ona ünvanlayıbmış (qeyd edək ki, o biri iki
nüsxənin biri Aşıq Kamandara, digəri isə
Aşıq Şəmdinə çatdırılıb),
çünki əhvalatın cərəyan etdiyi kənddə
dünyaya göz açmış, sayılıb-seçilən
tarixi şəxsiyyətlərdən biri də, elə Aşıq
Cəlaldır. Onu da qeyd edim ki, Sabir Əliyev
maddi ilə batini gözü arasındakı məsafəni
sıfıra yaxınlaşdırmış, hətta onlar
arasında qısqapanma yaratmış
ziyalılarımızdan olub.
Barəsində yazılmış məqalələr,
onun elmi və ədəbi-bədii məsələlərə
çox ciddi yanaşdığını sübut edir. Yəni hər
yazılmış əsərlə Sabir Əliyevi təəccübləndirmək
mümkün deyilmiş. Onun
qarşısına qoyulan hər hansı əsər,
bütün əlamətləriylə mükəmməlliyini
sübuta yetrirmək gücündə olmalıymış.
Aşıq
Kamandarın repertuarında Sabir Əliyevin:
Ay Dəlidağ,
indi görək,
Sabir dəli, sən dəlisən?
beytilə yekunlaşan gəraylısını eşitməyən
aşıqsevəri təsəvvür etmək çox
çətindir.
“İlməzli
əhvalatı”nın yaranma səbəbi, əsərdən
də göründüyü kimi, mərhum folklorşünas
alim Sədnik Paşayevin məşhur aşıq Kamandar sənətilə
bağlı məqalə yazmaq eşqinə düşməsi
ilə başlayıb. Bu işdə ona
yardımçı olmaq istəyən alim və şair dostu
Sabir Əliyev, Aşıq Kamandarın Kürüstü
İlməzli kəndində toy məclisində olduğu xəbərini
alıbmış. Qeyd etmək yerinə
düşər ki, Sabir müəllimin anası əsərdə
adı çəkilən İlməzli kəndinin
Osmanöyü nəslindən olub. Xülasə,
dostlar bu bəhanə ilə Gəncədən
Borçalının Kürüstü, Dəmirçihasanlı
mahalına yola düşüblər. Əhvalat
da elə bu mahalın İlməzli kəndində baş
verib. Bir-neçə kəlmə də, əsər
barədə demək yerinə düşər. Həcmcə kiçik olmaqla, qısa bir səfarət
zamanı baş vermiş real tarixi fakta söykənən bu əhvalat,
dastançılıq ənənəsini və klassik
aşıq şeiri nümunələrini özündə əks
etdirir. Bunlardan başqa, əsər hadisənin
cərəyan etdiyi yer-yurd üçün tarixi əhəmiyyət
daşıyır. Əsərdə bəzi ərəb və
fars mənşəli sözlərdən də
isrifadə olunub. Bu tipli ifadələrdən oxucuya az tanış olanlara aydınlıq gətirsək,
yəqin ki, xəta törətmiş olmarıq. Təhlilə keçməzdən əvvəl
vurğulamalıyam ki, mənə çatan nüsxə Sabir
müəllimin öz əlyazması deyil, Aşıq Cəlalın
orijinaldan köçürməsidir.
Əsərin başlanğıcında verilmiş
cığalı təcnisin birinci misrası bu sayaq sözlərdən
olan “hübb” ilə başlayır. Bu ərəb mənşəli
söz “sevgi” və ya “eşq”, Sabirin Ədilə dediyi
şeirdəki eyni mənşəli “qəsəm” isə “and”
anlamına gəlir. Həmin şeirin
ikinci bəndinin birinci misrası əlyazmada “Niyyətim saz
olub, rəng avaz olub” şəklindədir, lakin Sabir müəllimin
“rəng avaz” kimi qeyri-müəyyən ifadəni işlətməsinə
inanmaq istəmədim və elə bil qeybdən
qulağıma pıçıldadılar ki, bu, “rəng avaz”
yox, ruhoxşayan anlamına gələn “ruhnəvaz”dır.
Həmin bənddə “raz” sözü də var. Əgər
“razı”, “razif”, “razifə”, “raziyyə”, “raziyə” sözlərinin
ümumi mənası “razı olan, məmnun, sirli”dirsə,
onda bu sözün misrada işlənmə tərzinə
uyğun olaraq, “sirr” anlamına gəldiyini söyləmək
olar. Həmin şeirdəki orijinaldan
düzgün köçürldüyünə də tərəddüd
etdiyim “bəççəni baz” ifadəsi bir qədər
müəmmalıdır. Amma olduğu kimi
köçürüldüyünü güman etsək, bu
barədə də fikir yürüdə bilərik. Belə
ki, lüğət bu ifadəni “bəççə” deyil,
“beççə” kimi verir və bunun “beçə”
sözünün sinonimi olduğu məlum olur. Bu cür qəbul
etsək və nəzərə alsaq ki, həmin misrada söhbət
saz çalmaqdan gedir, onda “beççəni-baz” ifadəsinin
- sazı beçə pərdədə çalmağa daha
çox meyilli, eyni zamanda havanı olduğu kimi çalmaq əvəzinə
sazın və havanın başına olmaz oyun gətirməyə
həvəsli olub, aşıqlıqdan bixəbər, ustad
görməmiş saz oyunbazları (təəssüf ki, bu
cür “aşıqlar” da var) mənasında olduğunu ehtimal
etmək olar. Əgər belədirsə, onda Sabir müəllimin
ruhundan üzr istəyib misralar arasında yerdəyişmə
etməklə həmin bəndi aşağıdakı kimi daha
uyğun şəkilə salmaq olar:
Taleyim az olub, nataraz olub,
Düz yolum raz olub, oyunbaz olub.
Niyyətim
saz olub, ruhnəvaz olub,
Beççəni-baz olub çalmamışam mən.
Əlbəttə
ki, bu bəndlə bağlı alternativ yanaşmalar, yaxud da,
daha mükəmməl təhlil və aydınlamalar ola bilər. Bunların hamısı bir yana, gəlin, həm də folklor mahiyyəti
daşıyan bu əhvalatı cüzi redaktə ilə Sabir
Əliyevin qələmə aldığı kimi oxuyaq:
İLMƏZLİ
ƏHVALATI
Hübb
ilə haqq bulub halalı sevdim,
Həzz
ilə, hirs ilə ha aram olmadı.
Aşıq
ha ramı gözlər,
Gözün haramı gözlər.
Halal nəfsə
qul olmaz,
Haram haramı gözlər.
Haramkar bəndələr
tutub cahanı,
Əyrilər
doğruya ha ram olmadı.
Haramı
gətirməz ayazı yadə,
Nəfs aşıb həddini aya ziyadə.
Aşıq
deyər ziyadə,
Bayqu yanar ziyadə.
Halalzadə
tapılmaz,
Haramzadə ziyadə.
Ziyandır
qul olmaq ayə ziyadə,
Hatəmin himməti haram olmadı.
Nə
maldır, nə puldur ali şan nə zər,
Kül olsun tamahnan alışan nəzər.
Aşıq,
ali şan yaxşı,
İnsan ali, şən yaxşı.
Haqq
yolunda can verib,
Candan alışan yaxşı.
Sabiri əfv
eylər alışan nəzər,
Divansız
haqq görüb, aram olmadı.
...1969-cu il oktyabrın 11-i, saat 18.00 civarında
üç yoldaş olub avtomobillə Gəncədən
Gürcüstanın Borçalı rayonunun (bu toponim rəsmi
olaraq 1947-ci ildə dəyişdirilərək “Marneuli”
adlandırılıb. Aradan 22 il keçsə
də, Sabir müəllimin rayonu “Borçalı” kimi
anmasını nəsilə-kökə yüksək
bağlılıq kimi qiymətləndirməyi milli borcumuz
hesab edirəm. E.C.) İlməzli
kəndinə yola düşdük. Yol
yoldaşlarım “Kirovabad kommunisti” qəzetinin məsul katibi Sədnik
Paşayev və sürücümüz Ənvər idi. Bu səfərdə məqsədimiz məşhur
Aşıq Kamandarla görüşmək idi. Axşam saat 21.00 radələrində Azərbaycanla
Gürcüstanı ayıran sərhədə - Sınıq
Körpüyə yaxınlaşdıq. Bir az çörək yeyib, körpünü
keçdik.
Qaranlıq bir gecə idi. Zına dərəyə
- qobuya düşəndə bildim ki, İlməzliyə
çatmışıq. Asfalt yoldan sağ
tərəfə kəndə döndük, qara yolun
yaxınlığındakı evlərdən birinə
doğru getdik ki, bəlkə bizə bələdçilik edələr,
aşığın olduğu evi tapmaqda kömək edələr.
Çox səslədik, amma evdən cavab verən
olmadı. Yan-yana olan hər iki kənddən
(söhbət İlməzli və Kəpənəkçi kəndlərindən
gedir. E.C.) toy,
qarazurna, aşıq səsi gəlirdi. Bunu görüb ev yiyələrinin toyda olduğunu zənn
etdik. Nəhayət, “Ya Allah!” deyib, təvəkkülə
bel bağlayıb, Kəpənəkçiyə qalxmaq məqsədilə
İlməzli dərəsindən endik. Bir az getdikdən sonra, maşınımız
palçığa düşdü, təkər batdı və
maşın yerində qaldı. Maşından
düşdük. Qobu ətrafının bütün il boyu zına-palçıq olduğunu
bilmirdik. Güc-bəla ilə maşını
yola düzəldib, gəldiyimiz yolla geriyə qayıtmağa
başladıq. İşin tərsliyindən təzə
yol bir yana, köhnə yolu da itirdik. Nə isə, palçıqlı dərə ilə
maşını qatı qaranlığa doğru yönəltdik.
Lakin hara getdiyimizi bilmirdik. Əlqərəz,
xeyli gedəndən sonra, qarşımıza evə oxşayan
bir qaraltı çıxdı. Sevindik.
Elə bildik ki, həqiqi evdir və
düşündük ki, müraciət etsək,
aşığı tapmaqda bizə bələdçi olarlar.
Biz bu fikirdəykən, qəfildən yaraq-yasaqlı, tüfəng-patronlu
bir kişi qarşımıza
çıxdı, qırğı kimi üstümüzə
cumub, maşının qabağını kəsdi. Sonra da,
yaxınlaşaraq tüfənginin lüləsini
qapının şüşəsindən içəri təpib,
- dayanın, tərpənməyin, maşının iç
işığını yandırın, əllərinizi
yuxarı qaldırın! - deyə əmr
etdi. Biz isə, salam verib, yol
azdığımızı və Aşıq Kamandarın
evini axtardığımızı dedik. O isə, - gecənin
qaranlığında burada nə gəzirsiniz? Özünüzü
dolayıbsınız, ya məni? - deyə
israr etdi. Sonra da, - bilmirsinizmi ki, bura ev-zad deyil,
tütün talvarıdır? Tütün
oğurluğuna gəlmisiniz?
Belə
qarşılandığımı görüb, sinəmə
gələnləri söyləməyə başladım:
Qonaq gəldik
İlməzliyə,
Qış ilcəsi qara düşdük.
Qaranlıqda
iz itirdik,
Heç bilmədik hara düşdük.
Bir
çardağı nişan aldıq,
Boz Qobuya maşın saldıq.
Gəlib
çatdıq, əldə qaldıq,
Oğru kimi tora düşdük.
Sabir,
işi kəc elədik,
İlməzlini necelədik?
Yaxşı
yerdə gecələdik,
Yaman yerdə
tara düşdük.
Biz
çox dedik, o, az eşitdi, - bu saat
üçünüzü də dama salacağam, - dedi və
kənd adamlarını harayladı, səs salıb, - oğru
tutmuşam, - dedi. Mən isə götürüb dedim:
Keşikçinin
cövhəri var,
Zalımlığın
mayasından.
Tanrı
tutub mayasını,
Acı
tütün tayasından.
Haray
salar, car eyləyər,
Qulaqları
kar eyləyər.
Nə
Allahdan ar eyləyər,
Nə
qonağın həyasından.
Xəbər
verin Kamandara,
Sabir
düşüb yaman dara.
Soraq
bilmir qohum-qara,
Nə
vayından, nə yasından.
Qoruqçunu
çox dilə tutsaq da, mümkün olmadı, axırda dedim
ki, ay kişi, mən bu kəndin qohumuyam, Osmanovların
maması oğlu Sabirəm. O da durdu ki, neynəyim, sən
Sabirsən? Mən də Abdulla oğlu Ədiləm, dünən
gecə də tütünü çalıb-çapan elə
sən olmusan (sən demə, əvvəlki gecə həmin bu
yerdə tütün oğurluğu olubmuş), yaxşı əlimə
düşmüsən. Uçastkovoyun (sahə müvəkkili.
E.C.) məndən aldığını, indi mən də səndən
alaram. Ədil dayı bunları sözlə dediyi kimi,
“Şahsevəni” üstündə sazla da dedi:
Vəfa
yoxdur bu dünyanın,
Nə mərdinə,
nə xasına.
Oğurluğa
gəlibsiniz,
Bu
dağların yaxasına.
Dünən
gecə bu talvarı,
Oğru
çapıb tamam yarı.
Dolmaq
üçün planları,
Baş
qoyublar bahasına.
Tənbəkidə
tutar qalmaz,
İndən
belə plan dolmaz.
Uçastkovoy
dözə bilməz,
Elimizin
davasına.
Halınızı
qatam gərək,
Qolunuzu
çatam gərək.
İndi
sizi satam gərək,
Bir
keçinin bahasına.
Sən
Sabirsən, mən də Ədil,
Nə
yalvarış, nə hay, nə dil?!
Keçəl
suya gedən deyil,
Qul olsan
da səxasına.
Söz
tamama yetəndə tanışlıq üçün İlməzlidən,
Kəpənəkçidən çox adamların
adını saydım, Aşıq Kamandarı nişan verdim
ki, Ədil kişi bizim oğru olmadığımıza
inansın və azad eləsin. Amma bu, mümkün olmadı.
Ədil kişi dedi ki, nə olsun ki, tanıyırsan, bu
adamları ətraf kəndlərdə hamı tanıyır,
Aşıq Kamandar isə 777 oymaqda bəllidir.
Ədil
kişidən su istədik. O isə, - heç tütün
suyu da vermərəm, - dedi. Anlaşa bilmədiyimizdən,
yalvarışa başladım, “Dastanı” havası
üstündə anda, qəsəmə (ərəbcə: and.
E.C.) keçdim:
And olsun
Qurana, dinə, imana,
Meylimi
yamana salmamışam mən.
Düşmənəm
yalana, haram talana,
Şeytani-zamana
olmamışam mən.
Niyyətim
saz olub, ruhnəvaz olub,
Düz
yolum raz olub, oyunbaz olub.
Taleyim az
olub, nataraz olub,
Bəççəni
baz olub çalmamışam mən.
Sabirəm,
zatım var, öz hörmətim var.
Halal qismətim
var, haqq niyyətim var.
Peşəm,
sənətim var, ləyaqətim var,
Sənin
tənbəkinə qalmamışam mən.
Çox
and-amandan sonra, Ədil kişi bir az yumşaldı. Təzədən
bir də kimliyimi soruşanda, - Gəncə Pedaqoji
İnstitutu”nun müəllimiyəm, bu oğlan, “Kirovabad
kommunisti” qəzetinin məsul katibi Sədnik Paşayevdir,
sükandakı isə, maşının yiyəsi, bizim
dostumuz Ənvərdir, - dedim. Sonra da, - heç üç
adam da gecənin qaranlığında xüsusi maşında,
hay-küylə, palçığa bata-bata bir kisə tənbəki
oğurluğuna gələrmi? - deyə, təsdiqlədim.
Ədil kişi səfərdə məqsədimizi soruşdu.
- Sədnik aşıqlardan dissertasiya yazır, Aşıq
Kamandardan məlumat toplamağa gəlib, - dedim. O isə, - bəs
sən nə gəzirsən? - deyə sual etdi. - Mən onun
elmi apponentiyəm, - dedim. Soruşdu ki, hoppanat nədir, a bala?
Bir təhər bunun nə olduğunu ona anlatdım. Sonra da,
İlməzlidə kimlərlə qohum olduğumu soruşdu. Mən
isə, Osmanovlar ocağının dayım evi olduğunu təkrarladım.
Sonra da, İsmayılovlarla (Məhəmməd, Əhməd.
E.C.) dostluğumun, Aşıq Kamandarla
qardaşlığımın olduğunu söylədim.
Əlavə olaraq, qonaq gəldiyimi bildirən kimi, kişi
tüfəngi yerə tulladı və - a bala, xoş gəlibsiniz,
səfa gətiribsiniz, həmişə bu yerlərə siz gələsəniz.
Başına dönüm, məni bağışlayın, xətrinizə
dəydim, - deyə üzr istədikdən sonra,
götürdü “Naxçıvanı” havası
üstündə:
Qərib
yolçu səni yoldan eylədim,
Səbəbkaram,
səbəbkarı bağışla.
Yaman
dedim, tənə-töhmət eylədim,
Sənətkaram,
sənətkarı bağışla.
Sən
yazığı kəc oxşatdım oğruya,
Səhv
elədim, oğru dedim doğruya.
Sinəm
yana, indi canım ağrıya,
Sitəmkaram,
sitəmkarı bağışla.
Ədil
dayın keşikçidir, neyləsin,
Sən
Sabirə kəndi peşkəş eyləsin.
Qorxuram
ki, mahal bilsin, söyləsin,
Günahkaram,
günahkarı bağışla.
Xülasə,
iki saatlıq “məhkəmə” gecənin yarısında
tamam oldu. Ədil dayı təzədən bizimlə
görüşdü, öpüşdü, əl verdi,
üzrxahlıq elədi, su gətirdi, sonra da maşına
minib bizə bələdçilik elədi. Aşıq
Kamandarın evinə yola düşdük. Yolda zarafatla
soruşdum ki, Ədil dayı, özün də qorxdunmu? Mərdanə
cavab verdi ki, bəli, ağrın alım, baldırlarım əsirdi,
qorxumdan sizi qorxudurdum. Amma Aşıq Kamandarı evdə
tapmayıb, İlməzliyə qayıtdıq və yerini kirvəsi
Zal oğlu Vəlidən soruşduq. O isə,
aşığın Qoçulu (Bolnisi rayonu. E.C.) kəndində
xeyir işdə olduğunu söylədi. Yol uzaq olduğundan
İsmayılov Məhəmməd müəllimgildə gecələməli
olduq. Həmin gecə Aşıq Kamandarın şəyirdi
Şəmdinin toyu idi. Gecəyarısı Aşıq Şəmdin
gəlib xeyli saz çaldı. Bu gənc aşığa
zarafatyana, - sonra demə ki, öz toyumda saz çalmadım, -
dedim.
Sabahısı
gün Məhəmməd müəllim əvəzsiz bir məclis
qurdu. Aşıq Şəmdinlə, Aşıq Cəlal xeyli
saz çaldılar. Sonra bizi Şəmdinin toyuna dəvət
etdilər. Yunis kişidən (Aşıq Şəmdinin
atası. E.C.) böyük hörmət gördük.
Aşıq Kamandarla da elə burada görüşdük.
Xoş-beşdən, salam-kəlamdan sonra, o, xeyli
çalıb-oxudu. Sədnik də istədiklərini
aşıqdan öyrəndi. Aşıq Səyyad (Aşıq
Kamandarın şəyirdi, Kəpənəkçili. E.C.) da
gəlib görüşdü, amma nədənsə saz
çalmadı. Sonra, Aşıq Kamandarla dayım oğlu,
tarix müəllimi Aslangilə (Osmanov. E.C.) getdik.
Yeyib-içmək,
çal-çağır indi də burada davam elədi.
Aşıq Kamandarın məxməri səsi, aslan kükrəyişi
hamını heyran elədi. Hörmətli masabəyi, sahə
rəisi Əhməd (Əşrəf oğlu. E.C.)
başımıza gələn əhvalatı bizə dönə-dönə
danışdırdı, doyunca güldü. Həmin gün tənbəki
əhvalatını azından bizə yüz dəfə
danışdırdılar. Sonra eşitdik ki, Əhməd,
Ədil dayını bizə görə əməllicə
danlayıb. Dedim ki, Ədil kişiyə töhmət yox, təşəkkür
etmək lazımdır. Çünki o, yaxşı
keşikçidir, mərd adamdır, vəzifəsini yerinə
yetirib. Axırda Aşıq Kamandara dedim ki, bir daha bu kəndə
gəlməyəcəm, çünki qonaq kimi gəlib,
oğru kimi gedirəm və götürdüm “Müxəmməs”
üstündə:
Qonaq gəldim
Borçalıya, Borçalının xan qonağı.
Abad
olmuş İlməzlinin, hüsnünə heyran
qonağı.
Tərlan
Aşıq Kamandarın, saz ilə ürfan qonağı.
Qaranlıq
da qarşı gəlib, eylədi şeytan qonağı.
Kafir edib
saldı şərə, əsl müsəlman qonağı.
Tale yaman
qarşıladı, tovladı pünhan qonağı.
Qış
gecəsi qeyzə gəlib, saxladı mehman qonağı.
Tərsə
bəxtim tərsə düşüb, qıldı peşiman
qonağı.
Lilli qobu
quldur olub, tutdu pərişan qonağı.
Şeytan
ilə əlbir olub, ovladı tərlan qonağı.
Boz qobuda
azdı maşın, üç nəfəri saldı düzə.
Ədil
kişi hazır olub, tüfəng çəkdi
üstümüzə.
Su istədik,
çor da dedi, oğru kimi baxdı bizə.
And-amana
düşdük o dəm, baxmadı heç anda, sözə.
Yaxşı
yerdə qarşıladı, məhkəmə, divan
qonağı.
Tənbəkidə
oğru tutub, səslədi dörd bir yanını.
Berdankaya əl
eyləyib, çəkdi qırıq şeytanını.
Yaxşı
gəlib tabdı qonaq, əzrayılin ünvanını.
Nişan
verdim üç yüz ada, tez anladı nöqsanını.
Bələdçilik
etdi özü, saxladı dövran qonağı.
Sədi
oğlu xan Məhəmməd, məclis açıb qan eylədi.
Yunis ata
hörmətinə, aləmi heyran eylədi.
Dayoğlum
Aslana fəda, şənini dastan eylədi.
Usta
Kamandar da gəlib, ayrıca tufan eylədi.
Sazla gəlib
tapdı yenə, din ilə iman qonağı.
Aşıq
Cəlal meydan açıb, saz çalıb əfğan eylədi.
Toybəyi
Şəmdin də gəlib, ortada cövlan eylədi.
Aşıq
Səyyad bu məclisdə, çalmadı nöqsan eylədi.
İlməzliynən
Kəpənəkçi, hörməti ümman eylədi.
Bir nəfəsə
el yeriyib, dustağı sultan eylədi.
Tərifinə
lal eylədi, nitqi-Suleyman qonağı.
Mən
kimi vaxtsız qonağa, tənə də, töhmət də
gələr.
Doğru
gəlib, oğru gedər, şəninə minnət də gələr.
Gizlicə
mehman gələnin, əcəli əlbəttə gələr.
Sabir indi
küsüb gedir, bir də qiyamətdə gələr.
Əhli
hala məlum ola, incidib böhtan qonağı.
Beləliklə, üzünüzə gün doğsun, oktyabrın 12-i, gecə saat 11-də (23.00. E.C.) maşınla İlməzlidən Gəncəyə yola düşdük.
Sabir Əliyev
Təzadlar.-
2014.- 6 dekabr.- S.13.