İstedadlı, vicdanlı, fədakar
ziyalı nümunəsi
(Millətimin əziz övladı, görkəmli
alim-jurnalist, professor Qulu
Məhərrəmlinin 60 illik
yubileyinə)
...Dəyərlərin aşındığı,
milli adət-ənənələrin
ciddi deformasiyalara məruz qaldığı,
hətta fəlsəfəni,
ictimai və humanitar elmləri təmsil edənlər sırasında “Bu “dəyərlər”
deyilən şeylər
nədir, onlar kimə və nəyə lazımdır?
Mən belə nəsnələri,
sadəcə, anlamıram
və qəbul etmirəm!” qənaətilə
çıxış edənlərin
sayının artdığı
bir dövrdə gözəl keyfiyyətlər,
fəzilətlər daşıyıcısı
olmaq hər kəsə nəsib deyil. Bunun üçün, həqiqətən, gərək
insan “Zat” paklığına və qüdrətinə, anadangəlmə
qan təmizliyinə, irsi təpərə, cəsarətə, istedada
və fədakarlığa
malik olsun.
Qulu müəllim məhz bu qəbildən olan nadir şəxsiyyətlərdəndir:
əsli-nəsli, kökü
olan və bu zəmində öz zəhməti, hünəri hesabına kamilləşmiş, yüksək
mənəvi-intellektual səviyyəyə
yüksəlmiş İnsan!
Onun ağıllı, mərifətli,
nizam-intizamlı, əməli-saleh,
ictimai hadisələrə
həssas olması hər şeydə özünü göstərir:
bilavasitə işində,
davranışında, danışığında,
insanlara münasibətində.
Özü də burada
qətiyyən sünilik
yoxdur, çünki hər şey daxili substansiyadan, dediyim kimi, “Zat”dan gəlir. Belə adamlar ən dolaşıq dövrlərdə
də, ən qəliz əhatədə
də özlərinə
hörmət hissi oyadır, ürəkləri
məftun edirlər.
Ürəkləri məftun etmək
isə, fikrimcə, ən böyük qələbədir. Onu nə
ağılsız şücaətlə
və yalançı
işgüzarlıqla, nə
də təngə gətirən təlxəkliklə,
keçici dəb naminə çalışqanlıqla
qazana bilərsən.
Belə qələbə yalnız
ağıl və mənəviyyatdan doğan
insani keyfiyyətlər,
gözəl əməllər
hesabına əldə
edilir.
İnsanlarla qarşılıqlı fikir mübadiləsi zamanı, xüsusən də gənclərlə görüşlərdə mən
tez-tez belə bir fikri çatdırmağa
çalışıram: bütün
elmlərin, o cümlədən
- fəlsəfənin, başlıca
qayəsi “Ölçü”nü
müəyyənləşdirmək və bilməkdir, ona əməl etməkdir. Bu fikrimdə
indi də israrlıyam. Lokal və
qlobal miqyasda ortaya çıxan bir çox xoşagəlməz hadisə
və proseslər, tənəzzül və böhran halları, yəqin ki, hər şeydən əlavə, həm də ölçüyə
sayğısız və
qayğısız münasibətin
nəticəsidir. İstər iqtisadiyyat
və siyasət, istərsə də əxlaq-mənəviyyat sahəsi
olsun, ölçü
ilə hesablaşmamaq
birbaşa qeyri-tarazlığa,
ədalətsizliyə, mizan-tərəzinin
pozulmasına aparır,
deməli, narazılığa,
qarşılıqlı nifrətə,
toqquşmalara yol açır. Beləliklə də cəmiyyətdə
diskomfort durum formalaşır,
destruksiya artır, intellektual və təbii resurslardan istifadədə səmərəsizliyə,
israfçılığa meydan
verilir, quruculuq və yaradıcılıq
yox, dağıdıcılıq,
məhvetmə ovqatı
hakim kəsilir. Bu cür üzdəniraq vəziyyətin yaranmamasında
da dəyərli ziyalıların yeri və rolu əvəzsizdir.
Hörmətli Qulu müəllimin ictimai statusunu, onun missiyasını bu mənada da yüksək dəyərləndirirəm, çünki
tanıdığım adamlar
içərisində “Ölçü”yə
münasibətdə ən
müsbət cəhətlərilə
fərqlənən alim-jurnalist,
nümunəvi ziyalılardandır. Məhz belə
fikir və əməl sahibləri hesabına cəmiyyətimiz,
az-çox, öz saflığını, təravətini
və milli kimliyə sayğılı
münasibətini saxlaya
bilir. Məhz Qulu Məhərrəmli
kimi ümumi dərdlərə biganə
qalmayanların ağır
zəhməti, şəxsi
iztirabları sayəsində
millətimiz haqq-ədalət
naminə mübarizəsində
dalanlarda ilişib qalmır, zamanla ayaqlaşmada yeni güc, enerji, ruh qazanır. Populizm və şəxsi dividentlər naminə yox, Həqiqət, Ədalət,
Ana Torpaq, Ana Dili, milli və bəşəri
dəyərlər uğrunda
ağıllı, fədakar
mübarizə aparanlar
qədirbilən xalqımızın
qəlbində-düşüncəsində
özlərinə yuva
salmaqla onun “həyat düsturu”nu tənzimləyir.
Qulu Məhərrəmli millət,
dövlət, ictimai əxlaq məsələlərində
keçici təsirləri,
yersiz tərəfliliyi,
qeyri-obyektivliyi qəbul
etməyən, haqqın
və vicdanının
səsinə qulaq asan, əməli işə üstünlük
verən, tolerant davranış
xüsusiyyətləri, xeyirxahlığı,
incə zövqü, peşəkarlığı ilə
seçilən ziyalılarımızdandır.
Məhz bütün bu keyfiyyətlərinə görə
o, sevilir və yüksək dəyərləndirilir.
İnsanlar Qulu müəllimin
adı arxasında vicdanlı, məsuliyyətli,
istedadlı və əməksevər bir şəxsiyyət görürlər.
Belə şəxsiyyətlər həmişə
xalqımızın ümid
yeri olublar və olacaqlar.
Mən əziz həmkarımız
Qulu müəllimə
can sağlığı, xoşbəxtlik,
yeni-yeni uğurlar arzulayıram! Həyat və yaradıcılığı həmişə
səliqəli-sahmanlı, məhsuldar
və xoşovqatlı
olsun!
Əbülhəsən
Abbasov,
fəlsəfə
elmləri doktoru, professor,
Rusiya Pyotr
Akademiyasının müxbir üzvü,
“Dünya
professorları sülh uğrunda”
Beynəlxalq təşkilatın üzvü
Təzadlar.-
2014.- 9 dekabr.- S.5..