Uşaq şeirlərindəki poetik məqam
Elmi işlə, elmi ədəbiyyatla çox məşğul
oluram. Yorğunluğumu götürmək
üçün arada bədii ədəbiyyata, poeziyaya da
yönəlirəm. Xüsusilə, gözəl
şeirlər oxumaq gərgin elmi işdən sonra məni əməlli-başlı
dincəldir, bu günlərdə Sahib Əliyevin
“Seçilmiş əsərlər”inin II cildini oxuyandan sonra
dincəldiyim kimi.
Sahibin kitabına təsadüfən yaxın bir dostumun əlində
rast gəldim.
Alıb cəmi üç-dörd şeir
oxuduqdan sonra onu bir neçə günlüyə
götürdüm. Və evə
qayıdandan sonra kitabı yenidən vərəqləməyə
başladım. Gördüm ki, burada
şairin uşaqlar üçün yazdığı
şeirlər toplanıb. Həmin şeirlərin
hamısını oxuyandan sonra anladım ki, nə bu şair
adi şairdir, nə də onun yazdığı şeirlər
adi maraq xatirinə yazılmış şeirlərdir. Bu şeirlərdə başdan-ayağa ilham var,
poetik vüsət, sənət yanğısı, sözə
ehtiram hissi yatır. Və sonda təəssüratlarımı
yazmadan keçinə bilmədim. Düşündüm
ki, bu da bir vətən borcudur. Qeydlərimi
yazsam, bir şairin, bir insanın duyğularına münasibətimi
və bu münasibətin fonunda hörmətimi ifadə
etmiş olaram.
Əvvələn, onu deyim ki, bizim də evdə uşaq
böyüyür. Onlar üçün həmişə
yaxşı əsərlər axtarmışam və
düzünü desəm, çox vaxt ürəyimdən xəbər
verənlərini tapa bilməmişəm. Çünki
Sahibin yazdığı kimi sadə şeirlər, başa
düşülən, uşaqların anladığı bir
dil müstəvisində əsərlər yazmaq çox
çətindir. Bunun üçün gərək
əziyyətə qatlaşasan. Bu, həm
də sənətkardan, sənət adamından iradə,
dözüm, ən başlıcası isə ilham tələb
edir. Sevinirəm ki, Sahib Əliyevdə bu
deyilənlərin hamısı var.
Kitab beş bölmədən ibarətdir. Bu bölmələr arasında “Sənin adın bəs
nədir?” bölməsi daha çox xoşuma gəldi. Təəssüratlarımı da elə həmin
bölmədə yerləşdirilmiş şeirlərin
üzərində qurmaq istəyirəm.
Aydındır ki, uşaqlara ad qoymaq olduqca mühüm və
məsuliyyətli bir məsələdir. Təsadüfi
deyil ki, dünyaya gələn uşaqlara adların
düzgün qoyulması indi hamını
düşündürür, o cümlədən dilçilərimiz
arasında da bu, həmişə mübahisəyə səbəb
olur. Həmin məsələ son bir
neçə ildə müzakirə mövzusu olaraq gündəmdən
düşmür. Hətta Milli Məclis səviyyəsində
də bir neçə dəfə müzakirə olunmuşdur.
Məsələ burasındadır ki, Sahib Əliyevin şeirlərində
adlara münasibət elə belə, qulağa xoş gəlsin
deyə ifadə olunmur, insanın, şəxsiyyətin,
uşağın adına hörmət gətirməsi,
adın mahiyyətinin qorunması prinsipləri əsas
götürülür, uşaq təfəkkürünə
uyğun yazılmış qanadlı misralar vasitəsilə
diqqətə çatdırılır. Müəllif
adı, bir növ, uşaqlara sevdirə bilir. Həm də onlara anladır ki, məsələn,
Sevinc, Günəş, Ziya, Ayaz, Nizami, Babək, Həcər və
sair adları daşıyan birisi necə olmalıdır,
hansı mövqedə dayanmalıdır. Məsələn,
“Mənim adım Sevincdir” adlı şeirə baxaq və indi gəlin
görək Sevinc necə olmalıdır:
Mənim
adım Sevincdir,
Adım kimi ad olmaz.
Mən
olmasam, ürəklər
Heç vaxt gülüb, şad olmaz.
Şeirdə çətin anlaşılan söz yoxdur,
misralar rəvandır, diləklər, arzular aydındır. Və Sevinc
adlı qızcığaz da bu balaca şeiri oxuyandan sonra bilir
ki, üzündə, çöhrəsində daim təbəssüm
gəzdirməlidir. Daxili aləmini də
bu təbəssümə kökləməli, ruhən
zamanın təbəssüm yükünü ömür
atında gəzdirməlidir. Bir sözlə,
Sevinc adını daşıyan gözəl qızlar həm də
kədərin tərs üzüdür. Sevinc
olan yerə kədər qədəm basa bilməz. Demək,
Sevinc həm də həyata hər an
hazır olmalı, həyatdakı bütün mübarizə
və mücadilələrdə sonadək mərdlik göstərməlidir.
Başqa bir şeirdə Gülərdən söhbət
gedir. Doğrudan da, Gülər özü də
yaxşı addır. Gəlin görək şair bunu
necə mənalandırır:
Mən
sevinci hamıdan
Tez anlayıb, bilərəm.
Bu
dünyaya həmişə,
Hər vaxt gülüş dilərəm.
Bilirsinizmi niyə?
Qızlar,
axı Gülərəm!
Əlavə şərhə ehtiyac yoxdur. Sahib
Əliyevin adlarla bağlı şeirlərində müxtəlif
məna çalarları yatır. O, eyni zamanda
azyaşlılara vətəni sevmək kimi nəcib hisslər
aşılayır. “Təbriz ilə Təbrizə” şeirində
vətən yükü var. Şair o tayın, bu tayın birgə
həsrətini, parçalanmış yurdumuzun
ağrısını yaşayan millətimizin körpələrinə
də başa sala bilir:
Mənim
adım Təbrizdir,
Sənin adın Təbrizə.
Ay Təbrizə,
Təbrizin
Adı qoyulub bizə.
Təbriz
gözəl şəhərdir,-
Yaraşıqlı, tərtəmiz.
Yox, yox
adi şəhər yox,
Həm də anadır Təbriz.
Təbriz
ilə Təbrizə
Adı
qoyulub bizə,-
Biz
ömürlük bağlanaq
Doğma, əziz Təbrizə.
Azyaşlılara durub Türkmənçay,
Gülüstan müqavilələrindən, Azərbaycanın
iki işğalçı dövlət - Rusiya və İran
arasında bölünməsindən, bir xalqın ikiyə
parçalanmasından nə qədər danışsan da, səmərə
verməz. Çünki uşaqların parçalanmaz,
bölünməz bütöv bir aləmi var. Uşaqlara
böyüklərin dərdini, mənəvi
ağrısını yükləmək üçün gərək
dediyimiz o bütöv aləmi, uşağın ləkəsiz
dünyasını ağrı, əzab neştəriylə
cızasan. Onsuz normal vətəndaş
yetişdirmək çətin olar. Uşaq
hissiyyatı ilə müşahidələrinin arasında
qaranlıq yaranar, onların bir çox ziddiyyətlərlə
qarşılaşmasına şərait yaratmış olarsan.
Amma, göründüyü kimi, şair Təbriz ilə Təbrizədən
danışanda necə sənətkarlıqla Azərbaycanın
Təbriz adlı yarasını balacaların təfəkkürünə,
şüuruna yerləşdirə bilir, daha doğrusu,
tariximizin bu hicran qoxulu səhifəsi ilə bağlı ip ucu
verir. Uşaq böyüdükcə o ipin ucundan
tuta-tuta Azərbaycanın fiziki, coğrafi və mənəvi
xəritəsini anlayır, tapır, özü
üçün məlum bir nöqtəyə gəlib
çatır.
Ümumiyyətlə, poeziya dili çox zəngindir və
bu zənginlik əsasında da tərbiyəyə, əxlaqa
müstəsna dərəcədə təsir etmək
imkanları vardır. Sahib Əliyev belə poetik imkanlardan məharətlə
istifadə edir, özünün sənət
potensialını yaxşı işlərə, sahələrə
yönəldir. Cəmiyyəti formalaşdırmaq
yolunda qələm çalır. Uşaqları
təfəkkür baxımından həyata hazırlayır.
Məsələn, Günəş adlı
uşaq şair qələmində sinəsinə döyərək
içdən gələn bir qürurla danışır.
Axı Günəşin obrazıdır. Kim gur işığı ilə, aləmə şəfəq
saçan nuru ilə öyünməz? Öyünməyə
də haqqı var. Şairin borcu isə bu haqqı körpələrə,
fidan balalara anlatmaqdır. İndi görək şair bu
mətləbi necə anladır, Günəş
olmağın böyüklüyünü, dəyərini necə
başa salır və yaxud Günəş adını
daşıyan uşaq necə olmaldır, necə görünməlidir,
hansı keyfiyyətlərə sahib çıxmalıdır:
Ürəyimdə
vətənin
Atəşi var, odu var.
Ona
görə həmişə
Gözlərimdən nur damar.
Güldürərəm
işimlə,
Əməlimlə torpağı.
Mənə inanmırsınız?
Adım
Günəşdir axı...
Bu şeirdə, eyni zamanda, vətənə sevgi hissi də
nəzərə çarpır. Adı Günəş
olanın vətəni təkcə Azərbaycan deyil, planetin hər
yeridir. Günəş öz şüalarını
torpaqdan, daşdan, ağacdan, otdan, çaydan, sudan
əsirgəmir. Günəş həm də ədalət
simvoludur. Onun üçün
ayrı-ayrı məmləkətlər, irqlər də
yoxdur, ayrı-ayrı dinlər, dillər də yoxdur. Günəş bunun fərqində olsaydı,
planetimizin yarısı zülmət, yarısı
işıqlı olardı. Demək, şeirdə
uşaqlara həm də ədalət hissi, böyüyəndə
humanist olmaq, düzlüyü, bərabərliyi sevmək,
haqqı nahaqqa verməmək kimi insani keyfiyyətlər
aşılanır... Elə bu yerdəcə müəllifin
düşüncələrimizə söykək olan bir
şeirini də nümunə gətirmək istəyirəm:
Atam
dünən cibində
Gətirdi üç şokolad.
Biz isə
dörd uşaqdıq:
Araz,
Vüqar, mən, Polad.
Atam dedi
Araza:
-
Alın, bölün, yeyin siz.
- Bəs
necə bölək onda,-
Araz dedi,
- deyin siz?
Üç
şokolad, dörd uşaq,
Kim bunu bölə bilər?
Araya dava
düşər,
Başqası gülə bilər.
- Düz
demirsən, deyərək,
Polad
keçdi qabağa:
-
Üç şokolad bəs edər
Dörd mehriban uşağa.
Aldı
o, atasından
Şirin şokoladları.
Əvvəlcə
razı saldı
Bapbalaca
Vüqarı.
Sonra mənim,
Arazın
Payını
Verdi Polad.
Ancaq bircə
özünə
Götürmədi Şokolad.
Müəllif Poladın simasında qardaşlarına da,
bütün uşaqlara da fədakarlıq dərsi keçir. Anlatmaq istəyir ki, fədakarlıq
insanın ən ali simasıdır. Kiçiklərə zamanında aşılanmalı
olan bu keyfiyyəti uşaqlar böyüklərindən öyrənir.
Çünki çox məqamda fədakarlığı
biz böyüklərimizdən görürük. Polad da böyük qardaş kimi kiçik
qardaşınının könlü şad olsun deyə
öz payından imtina edir. Uşaqları
“hamısı mənimdir” iddiasından çəkindirmək,
gözütox böyütmək, nəfsini idarə etməyə
alışdırmaq, dünya malına həris olub gələcəkdə
dünyagirlik yolu tutmamalarını hədəf kimi
qarşıya qoyan şeir uşaqlar üçün ən
yaxşı bir tərbiyə nümunəsidir,
uşaqların əxlaqının formalşmasında valideynlərə
köməkdir, yardımçıdır bu tip poeziya nümunələri.
Ümumiyyətlə, Azərbaycanın yaradıcı
mühitində uşaq ədəbiyyatı çox
qıtdır və görünür, bu istiqamətdə
çalışan şairlər, yazıçılar da
azdır. Yuxarıda dediyimiz kimi, istədiyin ədəbiyyatı
əldə etmək mümkün deyil. Məcbur
qalıb xarici dillərdə nəşr olunmuş ədəbiyyat
almalı olursan. Rus, ingilis dillərində
çeşidli uşaq ədəbiyyatı var, bu sahədə
onlar çox irəli gediblər. Uşaqların
psixologiyasına təsir edən zəngin xarici ədəbiyyatla
kitabxanalarda, qəzet köşklərində, kitab marketlərində
də qarşılaşmaq olur. Çox
istərdim ki, Azərbaycan ədəbiyyatında da belə irəliləyiş
olsun. Çünki cəmiyyəti dəyişmək
üçün insanlara təsiri körpəlikdən,
uşaqlıqdan başlamaq lazımdır. Bizdə isə tamam tərsinədir. 40-50 yaşından sonra əxlaq, tərbiyə
aşılamaq istəyirik vətəndaşlarımıza.
Bu da heç bir effekt vermir. Rəhmətlik
atamın dilindən səslənən bu iki misranı
heç unutmuram. O deyirdi:
İsabalaya
ver öyüdü,
Körpə ikən əy söyüdü.
Bu, xalq təfəkkürüdür. İslam peyğəmbəri
də belə buyurur: “Uşaqlıqda öyrənilən elm
daş üstündə yazıya, qocalıqda öyrənilən
isə su üstündə yazıya bənzər...”
Sahib Əliyevin uşaqlar üçün
yazdığı hər bir şeir haqqında xoşməramlı
fikirlər söyləmək olar. Bu şeirlərdə
Nizamidən, Babəkdən, Həcərdən və daha
böyük ulularımızdan, xalq qəhrəmanlarımızdan
söhbət açılır. Onların
adlarını daşıyan uşaqlara həyat yolu, vətən
tarixini öyrənmək, mədəniyyətimizə, ədəbiyyatımıza
bələd olmaq kimi müsbət keyfiyyətlərin ilkin
açarı verilir. Təsəvvür
edin, Babək adlı uşaq “Babək” şeirini oxuyanda həm
özü, həm də Vətəni ilə fəxr edir.
Çünki Babəkin kimliyi haqqında onda təəssürat
yaranır. Və bəlkə də bu
şeirdən sonra onun qəlbində minbir sual doğur. Valideynlərinə, özündən böyük
qardaşına, bacısına, dayəsinə üz tutur, Babəkin
necə bir qəhrəman olduğunu dərhal şoruşur.
- Bu, Babəkdir,
bilirsən,
Babək kim olub, Qaya?
Qaya belə
söylədi
Tez
bacısı Sevdaya:
-Bəli,
bəli bilirəm,
Babək igid ər olub.
El yolunda
hər zaman,
Hər an səfərbər olub.
Qoruyubdur
xalqının
Şərəfini, şanını.
Vətənə
qurban verib
Axırda
öz canını...
Vallah, ləyaqətli şairləri də əslində
mən Babək yolunda görürəm. Babək canfədailər
ordusu yaratmışdı. Bu şərəfli
ordunun hər bir əsgəri Azərbaycan adlı qədim
yurdun hər daşı, hər qayası uğrunda
başından keçməyə hazır idi. Tarix belə cəsur əsgərləri, insanlığın
yaddaşında dərin iz qoymuş qəhrəmanları istəsə
də ört-basdır edə bilmir. Nəsimini
tarix necə yaddaşından silə bilər? Nəsimi şairdir, amma eyni zamanda xalq qəhrəmanıdır.
Mən bizim tarix dərslikləri yazan salnaməçilərimizin,
alimlərimizin yerinə olsam, Nəsimini tarix və ədəbiyyat
dərsliklərinə təkcə bir şair kimi yox, həm də
əqidəsi uğrunda düşmənlərinə təslim
olmayan bir igid, ər, cəngavər kimi yazardım.
Qısası, demək istəyirəm ki, sözün
ağrısını, əzabını yaşayaraq onu
dünyaya gətirən şairlər təkcə poeziya yolu
açmır, həm də zaman-zaman nəsimiliyin, babəkliyin
mənəvi xəritəsini cızırlar, yaradırlar. Təəssüf
ki, zəmanəmizdə söz və əmələ görə
şairləri də bölgülərə bölürlər.
Amma bu bölgü göstərir ki, sözü
ilə əməli bir olan şairlərimiz də çoxdur.
Şairlərin hamısının şəxsiyyəti tən-dürüst
üst-üstə düşsəydi ,
bizim xalqdan qüdrətli xalq olmazdı. Çünki
bizi Yaradan millətimizin hər bir övladına şair təbi,
şair ilhamı verib. O ilhama, o ilhamı bəxş edən
uca Tanrıya sədaqətli olmaq millətimizin yolunu hər
zaman nurlandıra bilər...
...Uca bir
dağın zirvəsindən o dağın dibindəki zərif
bir gülün, çiçəyin ətrini qoxulamaq
üçün insan üzüaşağı enirsə, bu nə
xoş! Məncə, Sahib Əliyevin
yaradıcılığından hiss etdiyim dünyası belə
mənəvi ucalığın əhatə dairəsindədir.
Heç şübhəsiz ki, o, böyüklər
üçün də poetik məramı olan şeirlər
müəllifidir. Yaxından görmədiyim,
tanımadığım uşaqların dünyasını
gözəlləşdirən, ruhuna sığal çəkən,
onların ruhi-mənəvi aləmində harmoniya yaratmağa
çalışan şairə daha böyük uğurlar diləyirəm!
Əli Zalov,
kimya üzrə
fəlsəfə doktoru
Təzadlar.-
2014.- 11 dekabr.- S.15.