Qiymət Məhərrəmlinin əlavə
dəyəri
İşlədiyimiz redaksiyalar “Azərbaycan” nəşriyyatında qonşu olduğundan, tez-tez görüşürük. Təsisçisi və baş redaktoru olduğu “Elimiz.Günümüz” qəzetini daim oxuyuram. Sosial şəbəkədə onunla dostluq edirəm, yazdığı statusları izləyirəm. Ümumi dostlarımızın onun haqqında yazdıqları oçerklərdən bir çoxunu toplamışam. Müəllifi olduğu kitablardan da mənə bağışladıqları onun barəsində kifayət qədər dolğun məlumat mənbəyidir.
Amma nədənsə Qiymət Məhərrəmli haqqında fikirlərimi qələmə almaq niyyətimi gerçəkləşdirmək planımı həmişə qeyri-müəyyən vaxtadək təxirə salmışam. Doğrudur, Qiymət xanımın barəsində söz demək məsuliyyət tələb edir və hətta hər qələm adamının buna statusu çatmır. O da doğrudur ki, onu necə təqdim etməyi, gözəl xüsusiyyətlərinin hansını öndə qeyd etməyi ciddi götür-qoy etmək lazım gəlir. Seçim çoxdur: xanım Qiymət, Qiymət ana, Qiymət bacı, Qiymət müəllimə, alim Qiymət, şairə Qiymət, xeyriyyəçi Qiymət, türk qızı Qiymət...
Hərçənd, bütün bunlardan əlavə, mənim tərəddüdümün bir başqa səbəbi də vardı. Qiymət xanımın öz dilindən eşitdiyim sözdür: Müqtədir qələm sahiblərindən kimsə şeirlərini oxuyandan sonra ona “hisslərimi oğurlayan şairə” deyib. Ümumiyyətlə, sözün özünü yadda saxlayıb, müəllifinin adını unutmaq təkcə mənim deyil, çoxlarının mərəzidir. Amma hərdən mənə elə gəlir ki, o adamın adını qibtə səbəbindən, bilərəkdən unutmuşam. Unutmuşam və hətta Qiymət xanımdan soruşmaq belə istəməmişəm. Nədən ki, həmin şəxs o sözü deməkdə məni qabaqlayıb. O sözlər bir növ mənimçün bir meyar, səviyyə göstəricisi olub. O sözlərdən aşağı nəsə demək mənimçün maraqsız görünüb. Lap elə xəlifə Mötəsim-billahın (gərək ki, adı beləydi - P.Ş.) İsgəndəriyyə Kitabxanasını yandırmağı əmr edərkən ortaya qoyduğu “tutarlı arqument”ə bənzəyirdi mənim abisiozluğum: “Əgər o kitabların içindəkilər Quranda yazılanlar deyilsə - zərərlidir. Yox, əgər Quranda yazılanların eynidirsə - demək, artıqdır”.
Sonra başqa fikir qayğıları mənim rahatlığımı əlimdən aldı: O sözlərdən üstün nə yazacağam ki, sevgi etirafı ilə qarışıq salınmasın?! Birdən uğursuz alındı? Razılaşın ki, bu, çox incə, həssas məsələdir. Axı, bizim misalda müəlliflə qəhrəmanı əks cinsin nümayəndələridir.
Düşünüb-daşınıb o yerdən başlamağa qərar verdim ki, öncə Qiymət xanımın həyat yoldaşı Gülməmməd qardaşımıza dərin minnətdarlığımı bildirim. Qiymət Məhərrəmlini kişilərin dominantlıq etdiyi Azərbaycan ədəbiyyatına qısqanmadığına görə. Həyat yoldaşı Qiyməti şairə Qiymətin qəhrəmanı “Göy Adamı”na qısqanmadığına görə. Qiymətə düzgün dəyər verdiyinə görə. Bununla bütün Azərbaycan kişilərinə nümunə göstərdiyinə görə.
Hər yurdun öz hüsnü, öz gözəlliyi!..
Həmişə Şəkini sanki bir ayrı aləm, şəkililəri ayrı dünyanın adamları hesab etmişəm. “Ayrı” sözünün “özgə”, “yad” məfhumları ilə sinonim qəbul edilməsini istəmirəm. Özünəməxsusluqlarının, kaloritlərinin altını cızmaqdır məqsədim. “Zalım uşaqlarının dilləri şirin olur”, məzhəkəçi Rəfael demişkən. Başqaları bir yana dursun, rəhmətlik xalq şairi Bəxtiyar Vahabzadənin, onun tələbəsi Qiymət Məhərrəmlinin timsalında görmüşük ki, şəkililərin təkcə dilləri deyil, dilləri ilə ifadə etdikləri fikirlər də şirindir, dərindir.
Yubiley yaşını qeyd etməzdən bir gün əvvəl Qiymət xanımın Şəkinin Zəyzid kəndindəki ata yurdunda sobanın yanında çəkdirib paylaşdığı şəkli sosial şəbəkədə gördüm. İnanın, çox əmniyyətli, arxayın görkəmi vardı. Elə bil özü-özünə hesabat verirdi: “Dolandıq, dolandıq, gəlib çatdıq”. Amma birdəfəlik yox, bir hovur dincini almaq, yenidən təkan götürmək üçün əyləşmişdi Qiymət. Məsələ burasındadır ki, heç otağın küncünə qısılan, dünyaya yalnız televizor ekranından tamaşa etməklə kifayətlənən olmayıb Qiymət Məhərrəmli. Türk Dünyasının möhtəşəm şəhərlərini gəzib-dolaşıb, müqəddəs yerlərini ziyarət edib. Və bu səfərləri ilə təkcə öz həyatını zinətləndirməyib, yalnız öz dünyagörüşünü zənginləşdirməyib, həm də tapdıqlarını “Elimiz.Günümüz” qəzetinin oxucularına göstərib, tədqiq etdiklərini Azərbaycanın elmi, ədəbi ictimaiyyəti ilə bölüşüb. Səyahətlərindən nə nəticə çıxardığı da məlumdur:
...Bir kəlmə açardır hər qıfılbəndə,
Tozuna bulaşan yurd demir kəndə.
Qafil, bəyənsən də, bəyənməsən də,
Hər yurdun öz hüsnü, öz gözəlliyi!
O torpaq insanı çəkdikcə çəkər,
Başına gövhərlər, ziynətlər
tökər.
Bir şeyi qəlbiylə sevməsə əgər,
Gözəl görə bilməz
göz gözəlliyi,
Gündüzləri birtəhər
yola verib, gecəni...
Qiymət Məhərrəmlinin yaradıcılığı
barədə ən yaxşı təqdimat elə onun məhsullarını,
poeziya nümunələrini
sərgiləməkdir. Qiymət xanımın
bir çox şeirlərinin həqiqi
çəkisini müəyyən
etmək üçün
onları təkcə
oxumaq azdır, oxuyub başa düşmək də hətta yetərli deyildir. Həmin şeirlərə mükəmməl bir ədəbi fiqur kimi tamaşa etmək, zövq duymaq lazımdır.
Məsələn, Qiymət
Məhərrəmlinin qələmi
ilə inşa olunan bu poeziya
abidəsini bir dəfə ziyarət edən onu çətin
unuda:
Əlim
yatmaz bir işə - sevinc hara
mən hara,
İzin
düşən yerlərə
baxıb
çəkilləm dara,
Həsrətindən buzlayan O
soyuq divarlara
Söykəyərək üzümü -
Söyləyərəm: “Əlvida!”
Amma bil ki, ürəyim səni
çətin unuda.
“Unutdum” söyləsəm də,
Könlüm unutmaz səni,
Səndən sonra bil heç nə...
...Heç nə ovutmaz məni.
Gündüzləri birtəhər yola verib, gecəni...
Aldadaraq özümü -
söyləyərəm: “Əlvida!”
Amma bil ki, ürəyim səni
çətin unuda!
Qiymət Məhərrəmlinin çox gözəl empati qabiliyyəti vardır və özünü ən müxtəlif situasiyalarda təsvir etdiyi qəhrəmanlarının yerinə qoyur. Şairənin geniş fantaziyası səyahət etdiyi ölkələrdən daha böyük coğrafiyanı əhatə edir, Yerdə tapmadığını Göydə axtarır.
Qiymət Məhərrəmlinin merac edən poeziyası Yer Adamını elə heyran edir ki, əstəğfürullah, yüz iyirmi dörd min peyğəmbərin arasında bircə nəfər belə qadının olmadığı faktına ya inanmağın gəlmir, ya da bunu haqsızlıq hesab edirsən.
Qoy, səni ucaltsın söz gözəlliyi
Yazdım - başımı başlara qoşdum. Qiymət xanım, Sizin evinizi ata ocağı hesab edən, Analıq etdiyiniz yetim gürcü qardaşımız Giya Paçxataşvili də yazdı, Dağ olaraq yaranmadığına görə heyfslənməyən, dəniz olaraq yaradılmadığına görə naşükürlük etməyən, amma Türk olaraq doğulduğuna görə fəxarət hissi keçirən Dərviş Osman Əhmədoğlu da yazdı. Mən də yazdım. Və daha kimlər - kimlər yazdı!.. Yenə azdı nə qədər söz deyilsə də!
Amma bu sözlərin arasında ən yaxşısını, ən layiqlisini özünüz demisiniz özünüz barənizdə. Elə həmin sözlərlə bu mövzunu yekunlaşdırmaq olar, hələlik. Elə həmin sözlərlə yubileyinizi təbrik edir, arzumu ifadə edirəm.
Qiymət,
bu dünyada boyasız dolan,
Şərdən uzaqda gəz, xeyirə calan.
Söz olar insanı qiymətdən salan,
Qoy, səni ucaltsın söz gözəlliyi!
Pünhan ŞÜKÜR
Təzadlar.- 2014.- 13 dekabr.- S.15.