Həmişə yaddaşlarda qalan şair-Famil Mehdi...

 

 Famil Mehdi-80-

(ÖLMƏZLİYƏ QOVUŞMUŞ İNSAN ƏZİZ DOSTUM FAMİL MEHDİNİN 80 İLLİYİNƏ)

 

...Bənzərsiz insan, gözəl şair, filologiya elmləri doktoru, professor Famil Mehdi demək olar ki, mənalı ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf etmişdir. Onun səsi auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi. Famil müəllimin keçdiyi mənalı həyat yolu, onu əsl ziyalı, poeziya və elm fədaisi, zəhmətkeş alim, yüksək siyasi və ictimai təfəkkür sahibi, səmimi insan, gözəl şəxsiyyət kimi xarakterizə edir.

Filosof-şair, alim-professor, pedaqoq-jurnalist və ən başlıcası böyük İnsan Famil Mehdi Ağdamın Sarıhacılı kəndində Ağalar kişinin ocağından başlayan və uca bir zirvəyə aparan böyük ömür yolu keçmişdir. Bu yol Familin öz yoludur.

Bu 68 illik məsafəsi olan yolun 50 ilinə bələd olan bir dost kimi deyə bilərəm ki, bu yol hamar olmadı, qızıl güllər içərisindən keçən prospekt olmadı, daşlı-kəsəkli cığır oldu, amma Famil zirvəsinə apardı. O bu yolda, özü demişkən “sevinc də, qəm də...” yedi. O zirvəyə onu heç kim qaldırmadı. Özü qalxdı.

Famil müəllimlə ilk tanışlığım mən Ağdam 1 saylı orta məktəbdə oxuyarkən onun Ağdam mədəniyyət evində keçirilən poeziya gecəsində “Ana” şeirini oxuduğu dövrə təsadüf edir. Şeir həvəskarı idim, hərdənbir şeirlər də yazırdım. Familin iki bəndlik, lakin məna yükünə, süjetinə görə əzəmətli olan bu şeirini dinləyəndə gördüm ki, Famil Mehdinin poeziya yolu uzun və səmərəlidir, zirvəyə aparan yoldur.

Famil Mehdi Qarabağ torpağını özü qalxdığı zirvəyə ucaltsa da, əsl mənada bütöv Azərbaycan şairidir. Azərbaycan onun poeziya dünyasının şah əsəridir. O, Qarabağı da, Şəki və Şirvanı da, Gəncəni, Naxçıvanı və Lənkəranı da, Qubanı da eyni məhəbbətlə sevən və tərənnüm edən şairdir.

Min hava çalınıb könül tarımda,

Dünyanın nə çoxu, nə azıyam mən.

Fəsillər görüşür duyğularımda,

Elin həm qışıyam, həm yazıyam mən.

 

Anam Qarabağın, Milin, Muğanın,

Siz də mənim kimi eşqilə yanın.

Başına döndüyüm Azərbaycanın,

Dəli Kürüyəm mən, Arazıyam mən.

 

Familəm, həmişə yanmaqdır peşəm,

Can deyən gözələ canan demişəm.

 

Bu yolda sevinc də, qəm də ye mişəm.

Bir daha demərəm tamarzıyam mən.

 

Mən deyərdim ki, bu şeir Azərbaycan haqqında yaradılmış ən böyük sənət incilərindən biridir.

Famil Mehdinin yaradıcılığında Qarabağ mövzusu dominantlıq təşkil edir.

 

Mənə yer verərsən doğma yerində,

Uyuyub yataram, ana, ey ana.

Qarabağ, Qarabağ, sümüklərim də

Əriyib qarışar torpaqlarına.

 

Son illər Famil Mehdinin şair nəfəsi daha da genişlənmiş, onu daha qlobal məsələlər, ictimai-siyasi ruhlu, milli və dünya məsələləri daha çox maraqlandırırdı. Bu dövrün şeirlərində nifrət də var, məhəbbət də, sarkazm da, acı qəhqəhə də, tolerantlıq da var, güzəştsizlik də.

Famil Mehdinin “Dilən, professor, utanma, dilən” şeiri dərc olunarkən, ictimaiyyət tərəfindən böyük maraqla qarşılansa da bəzi məmurlar tərəfindən adekvat qarşılanmadı. Famil Mehdi elmə-təhsilə olan biganəlik barədə təbil çalırdı. Bəyəm bu gün universitetlərdə professor tələbəsindən rüşvət alırsa bu onun dilənməyi deyilmi? Onun bu şeiri, bu poetik fikri bu gün daha aktualdır.

Dilən, professor, utanma, dilən,

Dillən, professor, utanma, dillən,

Qoy sənin yerinə zaman utansın,

Səni bu günlərə salan utansın.

Qırılan ağac yox, tufan utansın,

Vurulan turac yox, vuran utansın.

 

Mən ədəbiyyatçı deyiləm, Famil Mehdi kimi geniş spektrli və fikir dünyasının dərin qatlarına lağım atan bir şairin, publisistin, professorun yaradıcılığını təhlil etmək kimi bir yükün altına girmək fikrindən uzağam. Onun poeziyası haqqında tutarlı fikirləri böyük ədiblərimiz söyləmişdir. Xalq yazıçısı Mehdi Hüseyn yazırdı:

“Əzizim Famil!

Bu yay günündə Buzovna qayaları üstündə oturub möhtərəm aktyorumuz Ələsgər Ələkbərovla balıq tutarkən radioqəbuledicini işə saldıq. Səhnələşdirilmiş poeziya əsəri verilirdi. Elə ilk dəqiqədən diqqətimizi cəlb etdi. Görəsən kimin əsəri idi? Hərəmiz bir neçə şairin adını çəkdik. Həm də güman etdiyimiz görkəmli şairlərin. Lakin diqqətlə qulaq asıb axırını gözləməli olduq.

Axırda biləndə ki, poema görkəmli şairin deyil, sənin, cavan bir şairin qələmindən çıxmışdır, ikiqat sevindik. Hər ikimiz səni alqışladıq.

Dəyərli şairimiz Məmməd Araz yazır:

“Famil Mehdinin poetik məramında əbədi çağırışlardan biri insan taleyinə münasibət məsələsidir. İnsanın taleyi qorunmayan yerdə mənəvi azadlıqdan, əmin-amanlıqdan, ümumiyyətlə, heç bir sosial ədalətdən söz gedə bilməz. Bu mənada Famil dünyanın ürək döyüntüsünü duyan, ona cavab verən sənətkardır.”

1987-ci ilin axırlarında və 1988-ci ilin əvvəllərində Qarabağ məsələsi başlayan vaxt Azərbaycan KP MK-nın I katibi mərhum Kamran Bağırov MK-nın binasının 12-ci mərtəbəsində ziyalılarla məsləhətləşmə aparırdı. Mən akademik Eldar Salayevlə ( o vaxt AMEA-nın prezidenti) yan-yana oturmuşdum. Fikir mübadiləsi etdik. Mən öz peşəmlə əlaqədar konfliktalogiya elminə bir az bələd idim. Söylədim ki, bu konflikt forma və məzmununa görə Fələstin-İsrail konfliktini xatırladır. Eldar müəllim razılaşdı. Bir neçə gündən sonra Famil müəllimlə görüşərkən bu təəssüratlarımı ona söylədim, özünü çox narahat hiss etdi. O mənə xitabən: yəni, sən demək istəyirsən ki, biz illər, 10 illər boyu Qarabağsız qala bilərik? Biz buna dözə bilmərik, bizim buna haqqımız yoxdur. Famil Mehdi haqlı imiş, o dözə bilmədi, həlli uzanan Qarabağın azadlıq yolu qısaltdı Famil ömrünü.

Famil Mehdi ilə böyük alimimiz Xudu Məmmədov arasında sıx dostluq var idi. Tez-tez bir yerdə Qarabağa döyüş yerlərinə gedərdilər. Famil müəllim mənə söyləyirdi ki, 1988-ci ilin payızında Xudu müəllimdən soruşdum nə vaxt Qarabağa gedirik? Mənə cavab verdi ki, “Ay Famil bu qədər getdik-gəldik, nə etdik ki, indi gedək camaata nə deyək?”. Bundan cəmi bir gün sonra axşam saat 8-9 radələrində böyük şairimiz Bəxtiyar Vahabzadə (torpağı nurla dolsun) mənə evə zəng vurur və ona deyirlər ki, mən Famil Mehdigildəyəm. O, Familgilə zəng vurdu və telefonda ağlaya-ağlaya mənə dedi ki, Xudu şəhid oldu. Onda Famil bir söz dedi: Xudu bizə yol açdı. Doğrudan da araları bir o qədər çəkmədi.

Biz tez-tez Qarabağa gedərdik. Xocalı faciəsini Bakıda eşitdik, dərhal Famil Mehdi şair Ramiz Məmmədzadə və mən Ağdama yollandıq.

Famildən xahiş etdim ki, bizim şəhər evimizdə gecələyək, o israrla öz evinə getdi, Əsgəran yolunda yerləşən öz kəndlərinə, Sarıhacılıya.

Famil müəllim möhkəm olduğu qədər də kövrək idi. Səhəri gün Ağdam mədəniyyət evi, məscidi qarşısında əzizlərinin meyidlərini axtaran Xocalıdan olan anaların, bacıların, ataların nalələri Familin qəddini əymişdi. Bir neçə gündən sonra Bakıya qayıtmalı olduq. Lakin Famil Xocalı faciəsinin, bombalar altında olan ağdamlıların dərdini Bakıda çəkə bilməzdi. Bir həftədən sonra yenidən Ağdama qayıtdıq. Mərhum dostum, o vaxt Neft Akademiyasının rektoru işləyən akademik Tofiq Əliyev də bizimlə idi. Ağdama axşam saat 9 radələrində çatdıq. İsrarıma baxmayaraq yenə bizdə - şəhərdə yox, öz kənd evində gecələməyi qərara aldı (bu o qədər də təhlükəsiz deyildi). O mart gecəsini biz, həm Famil Mehdi, həm mənim dostum Tofiq Əliyev kristaldan daha təhlükəli olan qrad mərmilərinin yağışı altında keçirdik. Səhər saat 6-da tüstüsü, alovu ərşə qalxan Ağdam ticarət mərkəzi yanında görüşdük. Duya bilmədim - Familin alovu daha yüksəklərə qalxıb, yoxsa yanan Ağdamın.

İnsanlar var ki, diri ikən ölüdürlər, insanlar var ki, öləndə də diridirlər. Bu ölməzliyə qovuşmuş insanlardan biri Famil Mehdi zirvəsinə ucalmış Famil Mehdidir. O milyonlarla oxucularının, tələbələrinin, Qarabağsevərlərin, Azərbaycan təəssübkeşlərinin qəlbində həmişə yaşayır.

Dostum, qardaşım Famil, sənin bir şeirini xatırlayıram: Nəvələrim məndən qabaq gördü Təbrizi. Amma düşünürəm ki, bu dəfə sən azad olmuş Qarabağı nəvələrindən tez görəcəksən, çünki, sənin ruhun əbədi Qarabağ səmalarında dolaşır. Bir gün nəvələrin azad olmuş Qarabağa qayıdanda sənin ruhun onları qarşılayacaq. Yaradıcılığına, insanlığına dərin sayğı bəslədiyim, ürəyində Qarabağ və başqa nisgil gəzdirən dostumuz şair Zakir Fəxri demişkən

Qalmaz belə, qalmaz dünya.

 

Rafiq Əliyev,

professor

Təzadlar.- 2014.- 13 dekabr.- S.7.