“Sevgi qum
saatıdır”
Deabrın 13-də Bakıda “Qardaşlar” İstirahət Mərkəzində istedadlı şairə, Azərbaycan Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərovanın sayca dördüncü “Sevgi qum saatıdır” şeirlər kitabının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə açan tanınmış şair Ramiz Qusarçaylı təqdimata təşrif buyurmuş Azərbaycanın tanınmış ziyalılarını, bu sırada xalq şairi Musa Yaqubu, dünya şöhrətli alim, professor Rafiq Əliyevi... salamlayaraq məclisi açıq elan etdi, sonra Adilə Nəzərovanın elmi və bədii yaradıcılığından söz açdı.
Çıxış üçün ilk söz Azərbaycan poeziyasında özünəməxsus yer tutan xalq şairi Musa Yaquba verildi. Şairin çıxışı daha diqqəti çəkən oldu:
- Mən Adilə xanımın şeirlərinin ilk oxucularından olmuşam. Birinci kitabının təqdimatında da iştirak etmişəm... Onda ilk addımlarını atırdı, ilk dəfə idi ki, bu çətin məkana-poeziya aləminə baş vururdu... Mən sizə deyim ki, bu elə də uzun keçmiş deyil, cəmi-cümlətanı 4 il əvvəl idi. İldə bir kitab çap etdirmək maddi mənada indi bəlkə də çox sadə bir işdir. Amma bu kitablardakıların əsil şeir olması müşkül işdir. Adilə xanım bu məsuliyyətin altına o zərif çiynini verəndə, deməli, bunu bilirmiş. Və çox şadam ki, mənim xeyir-duam ünvanına çatıb. Bu gün təqdimatına gəldiyimiz “Sevgi qum saatıdır” kitabında toplanmış şeirlərdə həm fəlsəfə var, həm də şeiriyyət, məhəbbət, istək və səmimi hisslər. Uğurlar arzulayıram. İnanıram ki, o, ildə bir samballı kitab nəşr etdirmək ənənəsini sonadək davam etdirəcək...
Dünya şöhrətli alim Rafiq Əliyevin xeyir-duası hamının ürəyincə idi:
- Adilə xanımın şeirlərini səhv etmirəmsə, ilk olaraq “Təzadlar” qəzetində oxumuşam... Sonuncu dəfə o, mənim mətbuatda dərc olunmuş və mərhum həyat yoldaşıma həsr edilmiş esselərimi oxuyaraq bir şeir yazmışdı... Bu şeir mənim üçün xüsusi olaraq əzizdir. “Dörd məktub xatirəsinə” adlanır. Baxdım, bu kitaba da salınıb... Adilə xanım, Allah-Təala insana hər şeyi balanslı verir. Yəni, ola bilməz ki, sənə hər şeyi istədiyin qədər çox versin. Biri az olanda, digəri çox olur... Kitabınız sizin həyatınızın aynasıdır, bir şair ömrünün fəlsəfəsidir. Sizin həyatınızı oxumaq üçün elə bu kitabı vərəqləmək, sənə doğru boylanan şeirləri oxumaq yetərlidir. Mən sizə bu yolda uğurlar arzulayıram. Hesab edirəm ki, bu bir başlanğıcdır, hələ yazılası çoxlu mövzular, yazılmamış şeirlər və düşüncələr var. Uğurlar arzulayrıam...
“Təzadlar”ın baş redaktoru Asif Mərzili şairəyə uğurlu yol diləyi ilə dedi:
- Adətən şairlərin ilk kitabı çıxanda, yaxud onun tərcümeyi-halı yazılanda belə bir cümləyə rast gəlirik: ilk şeiri “Pioner” jurnalında, yaxud “Ulduz” jurnalında... çap olunub. İstəyirəm biləsiniz ki, Adilə xanımın da ilk şeiri “Təzadlar” qəzetində nəşr olunub, “Uğurlu yol”u da Azərbaycanın Fəxri hüquqşünası, fəlsəfə doktoru, Azərbaycan MEA-nın şöbə müdiri Yaşar Əliyev olub. Yaşar müəllim obyektiv səbəbdən bu gün tədbirdə iştirak edə bilmir, ona böyük salamlarımızı göndəririk... Və günlərin birində Yaşar müəllim Adilə xanımla redaksiyaya gəldilər. Yaşar müəllim Adilə xanımın bir neçə şeirini təqdim etdi, oxudum... Soruşdu ki, çap eləmək olarmı? Dedim, Yaşar müəllim, olar, amma... Yaşar müəllim güldü, - “Amma”sı var, yoxsa “əmma”sı? Dedim “amma”sı var, o da ondan ibarətdir ki, Adilə xanım söz versin ki, bu şeirlərin ardı kəsilməyəcək... Çünki gözəl tapıntı var, fəlsəfi fikir yükü çoxdur... Beləcə, həmin şeirləri oxucularımızın ixtiyarına verdik. Sevindirici haldır ki, Adilə xanım sözünə yiyə oldu, artıq gördüyünüz kimi dördüncü kitabıdır. Təbrik edirəm!
***
Sonra Adilə Nəzərovanın şeirlərinin vurğunu olan tanınmış ziyalılar, bu sırada şairənin üzvü olduğu “Cavid Ədəbi Məclisi”nin üzvlərindən- Ramiz Qusarcaylı, Ibrahim Ilyaslı, Kəmaləddin Qədim,
Günay Ümid, Xatirə Xatun, Ilkin Xaliq, Mütalib Tahiroğlu və başqaları çıxış edərək Adilə xanımın yaradıcılığına dəyər verib söz yaradıcılığında yeni-yeni uğurlar arzuladılar. Həmçinin şairənin şeirlərini söylədilər.
Tədbir musiqi töhfələri ilə davam etdirildi.
Azad
Təzadlar.-
2014.- 16 dekabr.- S.15.