Qiymətləndirmənin səlis və qeyri-səlis məntiqi...

 

14 dekabr- dünya şöhrətli alim, vətəndaş ziyalı, Qarabağın mərd oğlu Xudu Məmmədovun doğum günüdür. Xudu müəllim cəmiyyətimizin bütün problemlərinə hər zaman diqqət yönəltməyi bacarırdı. Həmçinin, bu problemlərin ən yaxşı və mümkün həllini göstərməyi və cəmiyyətin nüfuzlu insanlarını onun həlli üçün səfərbər edirdi. Buna görə də xalq onu sevir və bu sevgi hər bir vətənpərvər insanın qəlbində özünə əbədi məskən salıb...

 

Qarabağ torpağının dünya elminə bəxş etdiyi daha bir şəxsiyyət isə, dünya şöhrətli alim Rafiq Əliyevdir. Əslində bu məqalənin mövzu səbəbkarı da elə Rafiq müəllimdir. Onun böyük təəssübkeşlik və vətənpərvərliklə bacarıqlı insanlarımıza dəyər verməsi məni bu məqaləni yazmağa ruhlandırdı. Hər cür məyusluğu, əsəbiliyi, saxtakarlığı, cinayətləri, insanlığın faciəsini görərək yaşadığımız bu cəmiyyətdə insana dəyər verildiyini görmək, yaşamaq üçün stimul olur.

Həmişə fəxrlə adını çəkdiyimiz həmyerlimiz, görkəmli alim Lütfi-Zadə qeyri-səlis məntiqi gözəllik anlayışı ilə bağlı bir söhbətin nəticəsi olaraq kəşf etdi. Sonralar isə bu kəşf daha geniş yayıldı və həyatımızla bağlı demək olar ki, bir çox məqamlara tətbiq olundu.

Bu yaxınlarda daha bir görkəmli alimimiz İlham Rəhimli incəsənətin qeyri-səlis məntiqi izahını verdi və bu əsər Rafiq Əliyev tərəfindən yüksək qiymətləndirildi.

Əslində, hər bir insanın ona məxsus təqdiri, qiymətləndirilməsi var. İstər uşaq olsun, istərsə də böyük. İnsanlara hörmət etmək, biliyini dəyərləndirmə, daha çox şey öyrənməsinə təkan vermək, şərait yaratmaq, deyərdim ki, ən böyük yaxşılıq və xeyirxahlıqdır. Müəllim işlədiyim ilk gündən bəri həmişə çətinlik çəkdiyim məqam şagirdlərin biliyinin qiymətləndirilməsi olub. Bəzən günlərlə jurnala qiymət yazmazdım, məktəb rəhbərliyinin iradından sonra boş qrafaları "bəzəyərdim". Mövzu ilə bağlı məlumatı az olan və ya heç olmayan uşaqlara vaxt verərdim, məlumat toplamaları üçün kömək etməyə çalışardım. Yəni məqsəd öyrənməkdirsə, bunu az vaxt içərisində tələb edib, sonra da kəsdirib atmaq olmaz. Çünki təhsil də, tərbiyə də zamanla yaranan və davam edən prosesdir. Bildiyim bir şey var: müəllim şagirdə bilmədiyinə görə yox, bildiklərinə görə qiymət verməlidir. Uşaqlar hər zaman nələrisə bilirlər, çünki hər zaman diqqətli və hər şeyə maraqlıdırlar, axı biz də uşaq olmuşuq. Amma nədənsə, böyüdükcə "çərçivələr" yaradırıq və uşaqları da bu çərçivələrə salmağa çalışırıq. Uyğun gəlməyəndə isə danlayırıq, hətta döyürük, qadağalar qoyuruq. Öyrətməyə bir şey tapmayanda, bu neqativ hallar daha da çoxalır. Ya bilirsən, ya bilmirsən, klassik məntiqi.

İnsan yaradıcı məxluqdur, öyrənməyə həmişə imkanlar tapa bilər, yetər ki, marağında olsun. İnsanlarda inkişaf etməmiş hisslərdən biri də empati duyğusudur. Yəni hər hansı qərar verərkən özünü başqasının yerinə qoymaq. Başqasının nəyi bilib-bilmədiyini müəyyən edərkən onun nə hiss etdikləri çox önəmlidir. Ən azından buna haqqın olub-olmadığını bilməlisən. Obyektiv olmaq çox önəmlidir. Bu haqda bir az sonra daha ətraflı söhbət açacam. Uşaqlarla davranışda bunlar mütləq nəzərə alınmalıdır. Bir şey öyrətmədiyin və öyrənməsinə yardım etmədiyin insanı günahlandırmağa haqqın yoxdur. Bəzi valideynlər fikirləşir ki, uşaqlar qiyməti yalnız məktəbdə alırlar. Amma unudurlar ki, altı yaşına çatmış uşaq artıq hansısa bacarıqlarına görə təqdir olunmuş, ruhlandırılmış və yönləndirilmiş olmalıdır. Şagirdlərlə davranışda onları ən çox yaralayan sözlər:

- Niyə dərsi bilmirsən?

- Nə vaxt biləcəksən?

- Səndən bilən olmaz!

- Bilmirsən, otur, iki alırsan!

Uşaq bilmədiyi üçün günahkar sayılır. Amma bilməmək eyib deyil. Əgər bilmirsə, ona kömək edən, öyrənməsinə yardımçı olan olmamışdır, - deyə düşünmək daha düzgün olmazmı? Yaxud, bildiyini ifadə edə bilmir, ya unudub... Az əvvəl bilmədiyini indi və ya sonra bilmək imkanı həmişə var. Uşağın mütləq mənada biliyi hələ tam olmayan bir şeydir, odur ki, qiymətləndirmə sadəcə bir prosesdir (Əslində bu fikir hər kəsə aiddir, çünki insan öyrənməyə məcburdur). Beş ballıq qiymətləndirmə uşaqlara, onların bilik və bacarıqlarına olan yanlış münasibətin əsasıdır. Uşaqları beş ballıq sistemdə görmək və göstərmək həmişə problem yaradır. Burda səlis məntiq yararsızdır. Qiymətləndirmədə qeyri-səlis məntiqin çalarlarına və arasıkəsilməzliyinə ehtiyac duyulur (Eyni vəziyyət ali məktəblərə də aiddir).

Bəzən əla qiymətlərlə oxuyan və sinifdə birinci sayılan şagird paralel sinifdə oxuyan başqa həmyaşıdları ilə müqayisədə zəif olur. Bu fakt uşaqlar üçün anlaşılan deyil, amma müəllim bunun fərqindədir. Yeri gələndə belə uşaqları birlikdə çalışdırmaq onlara faydalıdır. Uşaqlarda sağlam rəqabəti və çalışmalarının keyfiyyətini artırmaq üçün bu cür qarşılaşdırmalar vacibdir, əlbəttə, onları müqayisə etmədən, onların qürurunu zədələmədən, "flankəs səndən yaxşı bilir" ifadəsi yolverilməzdir. Mütləq mənada yaxşı oxuyan, yaxud mütləq mənada pis oxuyan şagird yoxdur. Daimi olaraq mütaliə edən, daha çox şey öyrənən uşaqlar var, amma onlar da öz səviyyələrində zəif olmaqdan qorxurlar. Çalışmayan, ya da az çalışan uşaqlarla müqayisədə isə belə uşaqlar bacarıqlı, çalışqan sayılırlar. Düşünürəm ki, uşaqlara bir-biri ilə müqayisəli şəkildə qiymət vermək və bu qiymətlərlə onların həyatını məhdudlaşdırmaq o qədər də düzgün deyil. Uşaqların öyrənmək marağı və bacarığı onların fəaliyyətini müəyyən etməlidir. Bunun üçün isə onlara lazım olan şəraiti və imkanları yaratmaq lazımdır.

Hər hansı bir insanı dəyərləndirdikdə, mütləq mənada onun yaxşı və ya pis olduğunu demək çətin olur. Çünki Tanrı insanlara bütün hisslərdən verib, odur ki, pis saydığımız insanda da bəzən yaxşı xüsusiyyətlər görmək istəyirsən və bəzi hallarda bunu görmək mümkündür. Ona görə də mütləq mənada yaxşı, mütləq mənada pis insan da yoxdur. Amma müəyyən pis vərdişlərə yiyələnmiş, maraqlarının ardınca gedən və gedilməyə təhrik edilən insanlar, hətta toplumlar vardır.

Bir az əvvəl empati duyğusunu qeyd etdim. Bu fikri bir az da inkişaf etdirmək istərdim. Xüsusilə orta, eləcə də ali məktəblərdə keçirilən imtahanların xüsusiyyətləri məni narahat edir. Sanki imtahan etmək bir məcburiyyətə çevrilib. Amma getdikcə də bu imtahanların nə məna daşıdığı anlaşılmazlığa çevrilir. Hələ aşağı siniflərdə keçirilən və bir növ uşağın dünyagörüşünü yoxlamaq məqsədilə keçirilən imtahanlar nəticəsindən asılı olmayaraq sonradan unudulur. Çünki keçirilən dərslər, sadəcə, proqramların tələbini yerinə yetirir, uşaqların maraqlarını yox. Fəsillərin sonunda keçirilən test və imtahanlar da eləcə, yəni qiymət alıb-almamaq uşağın qabiliyyətinə bağlıdır. Nəticələr nə dərs prosesini, nə də proqramı dəyişmir. Bəziləri deyər ki, empatinin bura nə dəxli var? Amma bir az düşünsəniz, çox-çox dəxli var. Düşünməniz üçünsə kifayət qədər vaxtınız var.

Empati ilə bağlı başqa bir məqam isə müəllimlərin imtahanla işə qəbul edilməsidir. 11 il orta məktəbi, 4 il bakalavr, 2 il də magistirliyi oxuyan tələbə işləmək üçün yenidən imtahan verir, niyə? Onun biliyini yoxlamaq üçün, yoxsa biliyinə şübhə edildiyi üçün? Bu imtahanı keçirənlər necə, işə imtahanlamı giriblər? Ən azından buna haqqları olub-olmaması üçün bir az empati duyğusuna sahib olsalar pis olmaz. Obyektivlikdən tamamilə kənar bir prosesdir. Bu imtahanda iştirak etdiyim üçün tam məsuliyyətlə deyirəm. Çünki keçirilən hər cür imtahanlar yaxşılığa doğru nəyisə dəyişmək üçün yox, sanki maneələr yaratmaq üçündür. Mütləq mənada hər şeyi bilən müəllim yoxdur. Nə də ki, mütləq mənada heç nə bilməyən (Əlbəttə ki, ali təhsili olmadan diplom alanlar xaric). Çox zaman dərs prosesində bilik köməkçi vasitəyə çevrilir, əlbəttə ki, bunu bacaran müəllim üçün. Şagirdə çox deyil, lazım olan informasiyanı vermək, ona lazım olanı müəyyən edib bələdçilik etmək əsasdır. Müəllimin bu qabiliyyətini isə heç bir imtahan müəyyən edə bilmir. Çünki bu da illərin təcrübəsi ilə əldə edilir. Ona görə də müdrik və təcrübəli müəllimlərin gəncləri işə qəbul edən zaman iştirakı daha yaxşı olar. Müəllim işləmək istəyən şəxsə imkan yaratmaq, onun bilyinə və işləmək hüququna hörmətlə yanaşmaq lazımdır. Əlbəttə ki, bu hal tək müəllimlərə deyil, bütün peşə sahiblərinə aiddir. İnsanların öz bacarıqlarını göstərmək və minimum həyat şəraitini təmin etmək üçün işləməyə haqqı var. İnsanlar daim bir-birindən öyrənirlər, uşaq müəllimdən öyrəndiyi kimi, müəllim də uşaqlardan öyrənir. Çünki birmənalı və ya mütləq şəkildə öyrətmək yoxdur. İnsan öyrədərək öyrənir.

Mehparə Rəhimqızı,

Mingəçevir şəhəri

Təzadlar.- 2014.- 18 dekabr.- S.10.