Pis başa çəkilir, yaxşı qınanır...

 

(I yazı)

...İslam Sadıq ad-ünvanını hələ orta məktəbdə oxuduğum illərdən tanıyırdım, lap dəqiq desəm, 1980-ci illərin sonlarından. O vaxt poeziyaya - şeirə vurğun vaxtlarım idi. “Azərbaycan” və “Ulduz”, yenicə nəşrə başlayan “Gənclik” jurnallarının hər sayını 2-3 dəfə oxuyurdum. Sözün düzünü deyim, həmin dərgilərdə çap olunan yaxşı yazıları. İslam Sadıq imzası o vaxtdan yaddaşıma hopmuşdu. Deməli, məntiqə güvənsək, İslam Sadıq yaxşı yazırmış. Zaman statik deyil, öz dinamizmi ilə dünyanı çoxdan qocaldıb. İllər keçdi, zaman ötüşdü, mən də Vətən, Vətən deyib, millətin dərdinə dərman bulmaq üçün əvvəl mətbuatda “haqq sözü”nü car etdim. Gördüm sözümü dediyim kəslər məni eşitmədi. Alışdım-yandım, göyüm-göyüm göynədim. Çünki mətbuat “göy”ərməyə başlamışdı. 2000-ci ilin əvvəllərinində Folklor İnstitutu yarandı. İçində kənd mədəniyyətini, dağ saflığını daşıyan bəziləri kimi mən də bu ocağa iskan oldum.

“Günlərin birində eşməbığlı, itibaxışlı bir adam

ədəb-ərkanla salam verib

otağımıza varid oldu...”

 

Hörmətli oxucum, sizi çox incitmədən keçirəm mətləbə. Günlərin birində eşməbığlı, itibaxışlı bir adam ədəb-ərkanla salam verib otağımıza varid oldu. Əlindəki yazı qovluğunu “baş stol”un üstünə qoydu və ehtiramla: “bu mənim Koroğludan yazdığım dissertasiyadır” - dedi. Bu şöbədə müzakirə olunacaq, xahiş edirəm oxuyub münasibət bildirərsiniz. Və gəldiyi mədəniyyətlə də sağollaşıb otaqdan çıxdı. Pah! Bu adam iki addım aralanmamış “baş”dan biri başladı. Başladı nə başladı: - “bu eqoistdi, savadsızdı” və s. Bir yuxarı baxdım, bir aşağı baxdım. Dedim: “A kişi, bayaqdan sıyığı sıyrılan adamlar kimi durmuşdun. Niyə bəs bu sözləri onun üzünə yox, arxasınca deyirsən?”. Söz vaxtında açılan güllə kimi dəymişdi. Bir söz tapmadı “danışman”. “Nə bilim ee”... deməklə türklər demiş “nitqini sona erdi”. Mən təqdim olunan dissertasiyanı götürüb bir ay oxudum. Niyə bir ay, çünki Koroğlu haqqında yeni faktlarla rastlaşdım. İddiaçının çox zəhmət və səbrlə yazdığı işi səbrlə oxuyub şöbəyə təqdim etdim. Və iş haqqında vaxtından tez “danışdım”. Məqsədim də o idi ki, hamı işi diqqətlə oxusun, orada öyrəniləsi çox şeylər var. Ruslar bəzən “prejdevremeni” ifadəsini işlədirlər. Vaxtından əvvəl danışmaq. Yəni belə olmaz! Hər sözün, söhbətin zamanını gözləmək lazımdır. Sən demə, mən də “prejdevremeni” danışmışam. Bu dissertasiya işini başı çıxdı-çıxmadı pisləyənlərin “yoluna” əngəl olmuşam. Nə isə elə elədilər ki, mən bu işin müzakirəsində iştirak edə bilmədim. Ancaq mən də “yol” gəlmişdim. Bəzi şeylərdən başım çıxırdı. Bu dissertasiya haqqında müsbət bir rəy yazıb işin arasına qoydum.

İslam Sadıqla tanışlığımızın ilkin mərhələsi belə oldu. Bir dəfə İnstitutun foyesində rastlaşdıq... Onunla işinin dili haqqında söhbət etdik. Dissertasiyanın dilinin elmiliyi ilə yanaşı çox axıcılığı məni təsirləndirmişdi. “Bəlkə şairliyindəndir, dilinin belə ahəngdarlığı, ritmi”. Bu xatirə həm də daha çox ibrətli olmağa işarədir.

“Elələri var Azərbaycanda yaşayır, ancaq “filan” xalqın ruhunda yazır, elələri də

var ki, doğrudan da etnik

mədəniyyətə söykənir”

 

Xalq şeiri nümunələrini araşdırırdım. Eyni zamanda xalq ruhunda yazan müasir şairləri də oxuyurdum. Bəzən “xalq ruhu” ifadəsinə qarşı çıxanlar olur. “Hamı xalq ruhunda yazır da”- deyə fikir bildirirlər. Mən də deyirəm, düzdür, hamı xalq ruhunda yazır, elələri var Azərbaycanda yaşayır, ancaq “filan” xalqın ruhunda yazır, elələri də var ki, doğrudan da etnik mədəniyyətə söykənir, milli təəssübkeşliyi təbliğ edir. Mən ikinciləri arayıb axtarırdım. Və bu silsilədən İslam Sadığı da oxuyurdum. Oxuduqca gördüm ki, bu cılız görünən “qoca” necə böyük ideallar, möhtəşəm duyğular və istəklərlə yaşamış, şeirlərini də elmi ideyaları kimi milli idealların təsvir və tərənnümünə həsr etmişdir. Onun poeziyasının əsas mayası və müsbət cəhəti, şübhəsiz, onun milliliyindədir.

 

Etnik milli idrak, vətəndaşlıq prinsipləri İ.Sadığın yaradıcılığında dərin məzmun kəsb edir. Şumer mədəniyyətini tədqiq edərək xalqıımızın ibtidai mədəniyyətlər sistemindəki əski çağlardan başlayaraq bu günə qədər yaşadığı böyük bir tarixin ən mühüm dövrlərini, bu dövrlərin görünməyən tərəflərini poetik cazibə ilə özünəməxsus orijinal formada əks etdirə bilmişdir. İ.Sadıq kənddə kəndçidir, şəhərdə isə “proletar” ola bilmədi. Şəhərə özü ilə gəldi, özü ilə yaşadı, özgələşə bilmədi. Avropa əlbisəsini geydi, bu libasın içində türk, türkmən mədəniyyətini daşıdı. Şairin tarixi mövzularda yazdığı şeirlərdə xalqın keçmişi təsvir olunursa bu “keçmişdə” bu gün və gələcək haqqında rüşeymlərin cücərtisi, həniri hiss olunur. Dağdan, arandan, çəməndən, ormandan bir poeziya yükü bağlayıb İslam. Bu yükün içində millətin sevinci, kədəri, arzusu, hissi, istəkləri, həyat tərzi, folkloru müəyyən qəliblərdə öz bədii inikasını tapmışdır. Bəzən tarix tarixçilər, eləcə də ədiblər və qələm sahibləri tərəfindən elə rəngli, boyalı çalarlarla təsvir olunur ki, tarix özü özündən utanır. Çünki tarix dediyimiz bu kəsik təkcə əlvan palitra deyil, onun o qədər zülmət qaraları, tükürpədici iniltiləri var ki.

Tarix təkcə nəğmə deyil, onun köksündə o qədər nalə var ki. Hər bir tarixi dövrün özünəxas səciyyəvi xarakteri var. Son zamanlar tarixin sürəti artıb elə bil. Yaşadığımız əsr zaman və məkan məfhumunun sürətlə dəyişdiyi, deqredasiyaya uğradığı bir əsrdir. Həm təbiətdə, həm cəmiyyətdə aşınmalar hiss olunacaq dərəcədədir. Hər şey öz-özünə təbii axarı ilə dəyişmir. Aşağıdan, yuxarıdan, sağdan, soldan təsirlər nəticəsində dəyişir hər şey. Birinci beyinlər, şüurlar dəyişdirildi, sonra əxlaq, sonra...

“Lakin şairin xoşbəxtliyi

ondadır ki, o, ideya böhranı keçirmədi, yəni yeni dövr...onun əqidəsini

dəyişdirə bilmədi”

 

Necə ki, vaxtilə ingilis və ispanlar qarabaxtlı qaradərililəri parıltılı metala aldadıb varlıqlarını alıb puç etdilər, eləcə də bizi. Şair bunları duyur:

“Közümü tanımaz külümə baxan,

Gözümü duyammaz gülümə baxan.

İçimi görəmməz çölümə baxan,

Baxanı aldadar çölüm həmişə.

İki əsrin qovşağında ziddiyyətlərin tüğyan etdiyi bir dövrdə şair olmaq da, alim olmaq da çox çətin bir işdir. İ.Sadıq şeir yaradıcılığında və poetik ideya istiqamətində nə qədər ziddiyyətlərlə qarşılaşırdısa, bu xətt elmi araşdırmalarda da onun işini çətinləşdirirdi. Lakin şairin xoşbəxtliyi ondadır ki, o, ideya böhranı keçirmədi, yəni yeni dövr və yeni “rəhbər” onun əqidəsini dəyişdirə bilmədi. Fiziki olaraq bəlkə kasadlıq çəkdi, amma daxili zənginliyini qoruya bildi. Onun qələmi təzadlı, liberal ideyaları yazmadı.

“Pis başa çəkilir, yaxşı qınanır” - ədalətsizlikdən içinin göynərtisini qələmə deyən şair artıq açıq tekstdə tüfeyli haramxorlara nifrətini bildirir.

İ.Sadığı lirik şair adlandırmaq olmaz, lakin o, təkcə ictimai-siyasi sarkazm deyil, intim mövzulu şeirləri də vardır. Onun yaradıcılığında məhəbbət nəğmələri və təbiət gözəlliklərini tərənnüm edən şeirlər də çoxdur. Amma bu şeirlər də fərqlidir və orijinaldır. İstər təbiətdən, istərsə də məhəbbətdən yazanda da gözəli və gözəlliyi tərənnüm etdiyi halda, bənd-bənd, misra-misra fikir dəyişir, siyasiləşir, ustalıqla əsərə tamam başqa bir məna verir: məhəbbət çevrilib siyasət olur. (Soruş), (Məni məncə sevən olsa), (Gülləri).

Vurhavur görürəm, talan duyuram,

Kimdi bu talanı salan, duyuram.

Nəfəsin yalandı, yalan duyuram,

Sən kimin gözünə kül üfürürsən.

 

Poeziyada sələflərdən xələflərə yadigar qalan ən əsas təriqətlərdən biri xalqa bağlılıqdır. Şeirlərindən görünür ki, İslamın ən ülvi arzusu xalqın müstəqilliyi və xoşbəxt, firavan yaşamasıdır. O, yaradıcılığının əsas qayəsini, sənətinin bütün mənasını bu əqidədə yazıb-yaratmaqda görür. Bizim xalqımız çox qədim və zəngin şeir mədəniyyətinə malikdir. Şeiriyyət millətin ruhi qidası, düşüncə dünyası və irfan həyatının danışan dilidir. Eyni ruhu, eyni düşüncəni və eyni irfanı paylaşmayan insanlar bir millətin övladı olsalar belə bir-birilərini anlaya bilməyəcəklər. Bunu İ.Sadığın şeirlərini oxuduqca hiss edirsən. Yüksək düşüncə və ali məfhumlar mütləq şüurlara nüfuz edəcək, könüllərdə həyəcan yaradacaq və ruhların qəbul edəcəyi bir üslubda təbliğ olunmalıdır.

Darağımı dost aparıb,

Saçımı yel darayır.

Yer əkirəm, xış ilişir,...

Və ya

Başa fikir əksən, bitirə bilər,

Başın fərqi budu qayadan, daşdan.

Baş öz başlığını itirə bilər,

Kimsə əziz tutsa ayağı başdan.

“Əzizim İslam! Sən

şairsən, şeir adamısan”

 

İslam Sadıq şeiri duyan, ona canlı orqanizm kimi baxan şairdir. Şeirlə dost, sirdaşdır. Poeziyada əsas amil mənadır. Bu mənada sözlərin qısa, lakonik, fəqət zəngin və dolğun olması önəmlidir. Şeir şairin baxış və duyğularına təsir edən inanc, kültür və düşüncə tərzinə görə yaranar və şəkillənər. Sözü mənalandırıb şüuraltdan idraküstü səviyyəyə gətirən hiss ilhamdır. İlhamlı bir könüldə zərrə günəş, damla isə dərya olur.

Əzizim İslam! Sən şairsən, şeir adamısan. Şeir bir ürək duyğusu, bir ruh həyəcanı və bir də göz yaşıdır. Əslində göz yaşları da kəlmələrə baş qaldırmış saf şeir deməkdir. Şeir insan qəlbinin saflığının göstəricisidir, desək, yanılmarıq. İ.Muğanna yazırdı ki, “biri bənövşəni rənginə görə sevir, digəri qoxusuna, başqa birisi Vətən çiçəyi olduğuna, biri boynunun büküklüyünə, biri də cəmiyyətdə yaratdığı assosasiyaya görə”. Deməli, məhəbbət subyektiv məfhumdur.

Sənə, sözlərinə, şeirlərinə, milli təəssübkeşliyinə və cəmiyyətdə yaratdığın xas assosasiyaya görə ehtiram bəsləyən

 

Dos.Dr Qalib SAYILOV,

AMEA Folklor İnstitutunun

aparıcı elmi işçisi

Təzadlar.- 2014.- 20 dekabr.- S.10.