Yağışlı hava və şeirin nuru…

 

Hava qaş-qabağını töküb. Onun bu mısmırıq sallaması heç ürəyimcə deyil. Səhər Ağsuya getməliyəm. Dostum, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanın Ağsu rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən yaradıcılıq gecəsinə.

Yağış yağsa palçıq olacaq. Mən isə bir az pinti adamam. Əynim hökmən batacaq. Üst-başımın nə günə düşəcəyini təssəvvürümə gətirirəm. Deyir, sən saydığını say, gör fələk nə sayır. Gecəyə yaxın Sumqayıtda yağış başladı, nə başladı.

Səhərisi gün də mənim üçün dilxorçuluqla açıldı. Düzdür, hava buludlu olsa da, yağış kəsmişdi, amma görüş yerinə gecikirdim. Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov və uzun illər bu şəhərdə Təhsil şöbəsinin müdiri olmuş, hazırda Qafqaz Universitetində şöbə müdiri işləyən Vidadi Bağırov Ağsuya yola düşmək üçün məni gözləyirdilər. Avtobus sürücüsü isə elə bil acığa maşını lap ləng sürür, əl telefonunu qulağına aparıb kiminləsə uzun-uzadı danışırdı. Sərnişinin harasa gecikməsi onun nə vecinə.

Bu məqamda mənə zəng gəlir. Ürəyimə damır ki, Sabirdir. Özüdür ki var. Salamsız-filansız danlamağa başlayır: “Ə, yekə kişisən, hardasan? Camaat səhərdən səni gözləyir. Telefon nömrəni bilmədiklərindən mənə rayona - Ağsuya zəng ediblər”. Saata baxıram. On ikiyə yeddi dəqiqə işləyib. Saat on birə vədələşmişdik. Sabirə harda olduğumu, bir-iki dəqiqəyə çatacağımı bildirirəm. Daha demirəm ki, Musa özü deyib ki, beş-on dəqiqə o yan-bu yan ola bilər.

Vidadi Bağırov və Musa Həsənov məni gülərüzlə qarşılayırlar. Sabirin bayaqkı acıqlanmasını unuduram. Ağsuya Vidadi müəllimin maşını ilə gedəcəyik. Sürücülüyü Musa edəcək. Əslində Musanın maşını ilə getməliydik. Amma görünür, belə məsləhətdir. Vidadi müəllimin “cip”i daha etibarlıdır. Yolda qar da yağa bilər.

Qar yağmasa da, yol boyu hey yağış çiləyirdi. Musa maşını asta-asta, şox ehtiyatla sürürdü. Gah aşıq Ələsgərdən, gah da Sabir Sarvandan şeirlər söyləyirdi. Arabir də xatırladırdı: “Dost yolunda boran olar, qar olar”. Vidadi müəllim Sabirin kitabını əlinə götürüb onun bir neçə şeirini oxudu, sonra isə zarafatla dedi: “Biz Sabir Sarvanın yaradıcılıq gecəsini keçirdik, indi ürək rahatlığı ilə buradan geri dönə bilərik”. Deyəsən, Şamaxıya çatırdıq. Bu məqamda ondan soruşdum: “Sabir gecədə sizin də çıxış etməyinizi istəyirdi, hazırlaşmısınız?” “İmtina etdim”, - dedi, - “şairlərin yığıldığı məclisdə söz demək mənlik deyil”. Sonradan gecədə Sabir Sarvanın özü də etiraf edəcək ki, sumqayıtlı qonaqlar çıxış etməyəcəkləri təqdirdə tədbirə gələcəklərini bildiriblər.

Ağsuya çatmağa az qalmışdı. Lap az. Söhbət hələ də Sabir Sarvan yaradıcılığından gedirdi. Daha doğrusu, yol boyu hər şeydən danışırdıq, amma yenə də onun şeirlərinin üstünə qayıdırdıq. Dedim ki, çox az yaradıcı insan tapılar ki, onun yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşsün. Sabir necədirsə, şeirləri də elədir. O, yaradıcılıda ikiüzlülük etmir. Şeirlərindən çıxış edərək onun xarakteri haqqında fikir yürütmək olar. Sabirin bəzi məqamlarda sərtliyi onun şeirlərinə də hopub. Hər ikisi sözlərimi təsdiqlədi və Musa bir əlavə etdi: “Elə buna görə onun xətrini istəyirik də. Birbaşadır, nə düşünürsə, onu da deyir”.

Ağsuya gedəsən, yolütü aşırımda oturub çay içməyəsən, bu, günah olar. Şəhərə çataçatda çay evinin yerləşdiyi yerdən olduqca gözəl mənzərə açılırdı. Bu mənzərəni seyr edə-edə, burada işləyənlərə sözarası Ağsuya bir şairin yaradıcılıq gecəsinə gəldiyimizi bildiririk. Musa soruşur: “Sabir Sarvanı tanıyırsınız?” Yox, tanımadılar. Vidadi müəllim onlara kömək etmək məqsədilə dəqiqləşdirir: “Pirhəsənlidəndir.” “Pirhəsənlidə papaq Sabir var,” - çay evinin müdiri bildirir. Eyb etməz, o bizim şair Sabiri tanımadı, biz də onun papaq Sabirini. Olduq əvəz-əvəz.

Biz çay içərkən Vidadi müəllimə zəng gəldi. Onun Ağsuya gələcəyini eşidən köhnə tanışlarından idi. Həmin adam az sonra özü də gəlib çıxdı. Bildirdi ki, Bakıdan xeyli qonaq gəlib. Başda da şair Əjdər Ol. İcra başçısı ilə görüşüb şəhəri gəzməyə çıxıblar.

Gözəl bir parkın içində yerləşən mədəniyyət sarayının qabağında tünlük idi. Adamlar öz şair həmyerliləri ilə görüşə gəlirdilər. Ağsaqqal şairimiz Məmməd Aslan, onun adaşı Məmməd İlqar, gənc publisist Həmid Ormanlı bir kənara çəkilib söhbət edirdilər. Sabir Sarvansa öz həmyerlilərinin əhatəsində idi. Qoltuğunda da şeirlərini yığdığı qovluq. Həyəcandan və ya da yorğunluqdan əzbər deyə bilməyəcəyindən ehtiyatlanıb özü ilə götürmüşdü. Ancaq qovluq çox qalın görünürdü. Sabirin o qədər şeiri ola bilməzdi. Məlum oldu ki, yerli şairlərdən biri öz şeir kitabını ona bağışlayıb. Sabirin kitablarından həcmcə dəfələrlə böyük olan kitabını. Sabir də deyir ki, mən də kitab buraxıram.

Yaradıcılıq gecəsi saat dörddə başlayır. Zal adamla doludur, necə deyərlər, iynə atsan yerə düşməz. Ağsulular şair həmyerlilərinin poeziya işığına yığışıblar. Bakıdan gələn qonaqlar üçün lap qabaqda əlavə stullar qoymalı olurlar. Şair Əjdər Ol səhnəyə çıxır. Məclisi o aparacaq. Kiçik giriş sözündən sonra səbəbkarı - Sabir Sarvanı səhnəyə dəvət edir. Sabir həmyerlilərinin ünvanına bir-iki xoş söz deyir, yaxşı qarşılandığndan ürəklənərək az qala aparıcılıq missiyasını öz üzərinə götürməyə çalışır. Əjdər Ol onu vaxtında dayandırır, “məclisi mən aparıram” - deyib ona yerini göstərir. Sabir Sarvanın onun üçün ayrılmış yerə keçib oturmaqdan başqa əlacı qalmır.

Tədbir boyu Əydər Ol Sabir Sarvanın bir neçə şeirini əzbərdən deyir. Ürəyimdən keçirirəm ki, dost belə olar da. Yoxsa, mənim kimi. Sabirin şeirləri bir yana, heç adlarını da əzbərdən bilmirəm.

Söz Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə verilir. O, respublika rəhbərliyinin ölkədə mədəniyyətin və ədəbiyyatın inkişafına göstərdiyi diqqət və qayğıdan danışır. Bildirir ki, son zamanlar rayonda bir çox ədəbiyyat və incəsənət xadiminin yubileyi keçirilib. Şair Sabir Sarvanın yaradıcılıq gecəsinin Ağsuda təşkil olunması heç də təsadüfi deyil. O, bu rayonda doğulub boya-başa çatıb, ədəbi yaradıcılığa burada başlayıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Sabir Sarvanın poeziyasından danışır, onun Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şəhər bölməsinin sədri kimi fəaliyyətinə toxunur. O, yaradıcı adamlara rəhbərlik etməyin çətin olduğunu qeyd edərək, Sabir Sarvanın bu çətinliyin öhdəsindən uğurla gəldiyini bildirir. Onun nəyə eyham vurduğu aydındır. Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyinin XII qurultayına bölmədən nümayəndələrin seçildiyi yığıncaqda iştirak etmək üçün bu təşkilatın katibi rəhmətlik Arif Əmrahoğlu ilə Sumqayıta gəlmişdi. Yığıncaqda bir balaca hay-küy qalxsa da, əslində hər şey normal keçmişdi. Bildiyimə görə, Arif Əmrahoğlu həmin tədbirdən sonra Sabir Sarvanı məmurluğu öyrənə bilmədiyinə görə qınamışdı da.

Sabir Sarvanın məmur olmağı çətin məsələdir. Bu onun sözündən-söhbətindən, oturub durmağından da bilinir. Heç özünə fikir verən deyil. Elə bu yaradıcılıq gecəsində də boynundakı qalstuku boşaldıb, səliqəsiz görünür. Zaldan ha işarə edirik ki, qalstukunu düzəltsin, heç fikir də vermir. Sonda tədbirdə şəkillər çəkən fotoqrafı onun yanına göndərməli oluruq.

Görkəmli şair Məmməd Aslan səhnədədir. O, Ağsu ilə bağlı heç ağsuluların özlərinin də bilmədikləri bir gözəl bayatı deyir, sonra Sabirlə zəngləşib bəzi gecələr onunla səhərəcən qulaq yoldaşı olduğunu, sözdən, şeirdən danışdıqlarını bildirir. Əslində isə Sabirə son zamanlar ona az-az zəng etdiyinə işarə vurur. Bir də məlum oldu ki, Məmməd əmi Sabir Sarvanın 60 illik yubileyinin keçirildiyini zənn edib, bu münasibətlə ona şeir yazıb. Amma deyəsən bunun özü də bir ehyam idi, Sabir Sarvanın iki ildən sonra olacaq 60 illik yubileyinin də burada keçirilməsini ağsuluların boynuna qoyurdu.

Türkiyəli qonaq, Azərbaycan ədəbiyyatından tərcümələri ilə tanınan, yazar İmdat Afşar Sabir Sarvanın bu ölkəyə baş tutmayan səfərindən danışır. Türkiyədə keçirilən ənənəvi poeziya günlərinə dəvət alan Sabir Sarvan və Məmməd İlqar sənədlərdə yol verilən texniki səhvə görə hava limanından buraxılmırlar. Sabirlə qiyabi tanış olan qonaq qürurla bildirir ki, sən gələ bilməsən də, mən gəldim və sənin bu gözəl yaradıcılıq gecəndə iştirak etmək mənə nəsib oldu.

Ədəbiyyatşünas İlham Abbas Sabir Sarvanın yaradıcılığından bəhs edir, amma onun Sabirin xasiyyətini tutulub-açılan payız havasına oxşatması, “Ağsuya yağış yağır, nur çilənir, Sabirin də üzündən bu gün nur yağır” - deməsi daha çox yadımda qalıb.

“Xalq qəzeti”nin bölgə müxbiri İlqar Həsənov özünü Sabir Sarvan yaradıcılığının təbliğatçısı kimi təqdim edir. Mətbuat Şurasının Şəkidə keçirdiyi iclasında şairin “Hara aparırsan bu gözəlliyi?” şeirini necə şövqlə söyləməsindən danışır, sözünü də elə həmin şeirlə yekunlaşdırır.

Filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi Sabir Sarvanın yaradıcılıq məziyyətlərindən söz açır, bir tənqidçi kimi onun poeziyasının səciyyəvi cəhətlərini təhlil edir.

Gənc yazar Həmid Ormanlı ilə şəxsən görüşdən öncə tanış olmuşdum. Pis oğlana oxşamır. Elə səhnəyə çıxıb danışmağı da pis deyildi. Hələ orta məktəb şagirdi olarkən Sabir Sarvanın şeirlərini “Ulduz” jurnalından oxuduğundan, şairin poeziyasındakı təsirli məqamlardan ürək dolusu danışır. Və yavaş-yavaş söhbəti Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin üstünə gətirir. Daha doğrusu, burada yaşanan konfliktlərin. Dalağım sancmağa başlayır. Heç hənanın yeridir? Tədricən keçir şor söhbətinə. Yox, deyəsən, işləri korlayacaq. Döyülməsə yaxşıdır. Amma cavan da olsa, naşı deyil. Deyir ki, şor varsa, deməli, yağ da, qaymaq da var. Sabir Sarvan da Ağsunun qaymaqlarından biridir. Belədə deyirlər də, oğlanda fərasətə bax eee.

İstedadlı muğam ifaçıları Elnarə Abdullayeva və Abgül Mirzəliyev öz çıxışları ilə məclisi rövnəqləndirirlər.

Əjdər Ol tədbiri çox səmimi aparır, müəyyən xatirələri dilə gətirməklə xoş ovqat yaratmağa çalışır. Onun Sabir Sarvanın doğma kəndi Pirhəsənli barədə şeiri necə olub yazdığından danışması və həmin şeiri oxuması zalda canlama yaradır. Sabir Sarvanın qələm dostunun bu şeirinə cavabı isə Ağsu camaatının lap ürəyincə olur, ürəklərindən tikan çıxardır.

Azərbaycan respublikasının əməkdar artisti Ağalar Bayramov zalda bir dəqiqə də olsun sakit oturmurdu. Gah yerdən atmacalar atır, gah kimlərləsə şəkil çəkdirir, gah da kimlərinsə şəklini çəkirdi. Arada tədbirin aparıcısı Əjdər Ol ona yerində sakit oturmağı işarə etdi. Güclü hafizəyə malik olan Ağalar Bayramov Sabir Sarvanının yaradıcılığına yaxından bələd olmaqla yanaşı, onun əksər şeirlərini əzbər bilir. Səhnəyə çıxıb şairinin bir neçə şeirini ard-arda, özünəməxsus bir tərzdə deyən aktyor tamaşaçıların alqışını qazandı.

Ağsuluların ən bol, gurultulu alqışı isə təbii ki, Sabir Sarvana yönəlmişdi. Bu onun öz doğma el-obası, həmyerliləri qarşısında ilk yaradıcılıq hesabatı idi. Özü boynuna almasa da, səmimi qarşılanmağından, keçirdiyi hiss-həyəcandan bir qədər kövrəldiyi aydın görünürdü.

Gecənin sonunda şair Sabir Sarvan yeni şeirlərini oxudu, xatirələrini söylədi, ona əziz olan doğulduğu torpaqda belə bir yaradıcılıq gecəsinin keçirilməsinə görə görüşün təşkilatçılarına öz dərin minnətdarlığını bildrdi.

Ağsu camaatı qonaqpərvərdir. Oturub bir tikə çörək də kəsdik. Amma çay içməyə qalmadıq. Artıq gec idi. Çayı yolda da içmək olardı.

Geriyə Əjdər Olun maşını ilə qayıdası oldum. Maşındakıların hamısı yaradıcı insanlar idi. Aktyor Ağalar Bayramov, qonağımız İmdat Afşar, ədəbiyyatşünaslar İlham Abbas və Əzizxan Tanrıverdi. Yol boyu yenə də söhbət Sabir Sarvandan, onun yaradıcılığından və əlbəttə xarakterindən irəli gələn cəhətlərindən gedirdi.

Yağış isə hey yağırdı. Bu adi yağış deyildi. İlham Abbas demişkən, nur idi və bu nura bir nur da qarışmışdı - Sabir Sarvan poeziyasının nuru.

 

Müqəddəs Şahbazov,

22-25 noyabr 2014-cü il

Təzadlar.- 2014.- 23 dekabr.- S.15.