Səlim Əzimovun “Həyat hekayələri”
kitabının təqdimatı keçirildi
Rafiq Əliyev: “Səlim
müəllim ağsaqqallıq statusu qazanmış şəxsiyyətlərdəndir”
Yanvarın 29-da “İrşad” otelinin konfrans zalında respublikanın əməkdar müəllimi Səlim Əzimovun “Həyat hekayələri” kitabının təqdimatı keçirildi. Təqdimat mərasimində respublikanın tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar, media nümayəndələri iştirak edirdi.
Nəfis şəkildə tərtib olunmuş kitabda Səlim Əzimov Qarabağ və onun tarixi, habelə boya-başa çatdığı Novruzlu kəndi, Ağdam rayonu haqqında söhbət açır. Həmçinin, kitabda müəllifin müxtəlif mövzularda yazdığı maraqlı məqalələrə geniş yer verilib. Eyni zamanda dostlarının, əzizlərinin və onu yaxından tanıyanların xatirələrində Səlim müəllimin dəyərli Azərbaycan ziyalısı oluması tam dolğunluğu ilə əksini tapıb.
Tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru Sadıq Murtuzayev bildirdi ki, kitaba ensiklopedik toplu da demək olar. O, qeyd etdi ki, fenomen yaddaşa malik olan Səlim Əzimovun Qarabağın tarixi, Ağdam rayonu, doğma kəndi Novruzlu və onun insanları haqqında yazdığı bu kitab yüksək dəyərə malikdir: “Kitabdakı “Böyük olmaq asandır, böyüklük etmək çətin”, “Analar ölər, analıq qalar bu dünyada”, “Həyata gəldiyim üçün ata-anama, ləyaqətli həyat sürdüyümə görə müəllimimə minnətdaram”, “Ata - xəzinə, qardaş - arxa, dayaq, dost - hər ikisidir”, “Qadın - qızıl tərəzisi kimidir, arpa boyda qızıl onu əyə bilər”, “Doğruluq əbədiyyətin açarıdır”, “Həqiqətin hökmü güclü və əbədidir”, “İnsanı üç şey məhv edir - paxıllıq, tamah və lovğalıq” kimi kəlamlar müəllifin yüksək intellektindən xəbər verir. Səlim Əzimov Ağdamla, Qarabağla bağlı düşüncələrini belə ifadə edir: “Biz ayrılığı gördük, sinəmiz dağlandı, zirvələrə gedən yollarımız üzümüzə bağlandı, lakin kiminsə yanında kövrəlmədik, içimizdə ağladıq. Yurd-yuvamız xəyanətə qurban getdi, alnımıza “qaçqın”, “köçkün” damğası vuruldu... Amma biz döyüşdə yox, qurulan torlarda, oyunlarda uduzmuşuq...”. Müəllif bütün bunları tarixi faktlarla açır. Yeri gəldikcə, şifahi xalq ədəbiyyatı nümunələrindən yerində istifadə olunması kitabı daha da oxunaqlı edir”. S.Murtuzayev belə bir kitabın ərsəyə gəlməsinə görə S.Əzimova öz minnətdarlığını bildirdi.
Kitaba ön söz yazan iqtisad elmləri doktoru, professor Əli Həsənov S.Əzimovun pedaqoji fəaliyyəti ilə yanaşı, bədii, publisistik yaradıcılıqla da məşğul olduğunu diqqətə çatdırdı. Ə.Həsənov qeyd etdi ki, kitab əsasən iki hissədən ibarətdir: “Birinci hissədə S.Əzimovun uşaqlıq, gənclik, təhsil illəri, ailə münasibətləri, Böyük Vətən müharibəsi illərindəki çətinliklər, ötən əsrin 50-60-cı illərində, habelə sonrakı illərdə təhsil məsələləri, işlədiyi ərazilərdə, xüsusilə rayonda kadr potensialı, işlədiyi dövrdə gənclərin təlim-tərbiyəsi məsələlərinin gücləndirilməsi, lətifələr, hikmətli sözlər, adət-ənənələr, Dağlıq Qarabağ hadisələri, şəhidlər, Milli Qəhrəmanlar və digər mövzular öz əksini tapıb. Kitabın ikinci həssəsində isə Səlim müəllimin “Ağdam - 80”, “Yurd yeri sorağında”, “Dizi bərk kişi”, “Yaxşı adamlar unudulmur”, “Canlı əfsanə”, “Ağdam - çörək muzeyi”, “Ağdamlı günlərin həsrətində olan şair”, “Qarabağın Ağdamı”, “Sular durulacaq” və sair dəyərli yazılar yer alıb”.
Həyatda bioloji baxımdan 90, 100 il yaşamağın mümkünlüyünə toxunan akademik Rafiq Əliyev çıxışında ağsaqqallıq statusu qazanmağın heç də asan olmadığını dedi: “Bu, ancaq Tanrının sevgisinə tuş gələn kəslərə qismət olur. Səlim müəllim bu gün ağsaqqallıq statusu qazanmış şəxsiyyətlərdəndir. O, bu kitabı ilə uzun illər rəhbərlik etdiyi Növruzlu kənd orta məktəbi haqqında, kəndin insanları haqqında gözəl bir salnamə yaradıb”.
Kitabın redaktoru, respublikanın əməkdar jurnalisti Bəbir Hüseynov Səlim Əzimovu gənclik yaşlarından tanıdığını söylədi. Bildirdi ki, Səlim müəllim vətəninə, torpağına, xalqına bağlılığı, pedaqoji işi dərindən bilməsi, intellekt təfəkkürü ona böyük hörmət və nüfuz qazandırıb. B.Hüseynov belə bir kitabın işıq üzü görməsini təqdirəlayiq hal adlandırdı. Onun fikrincə, 84 yaşı olmasına baxmayaraq, bu gün də böyük enerji ilə yazıb-yaradan Səlim müəllimin bu kitabı qarabağlılar, ağdamlılar, novruzlular üçün böyük töhfədir.
Tədbirdə çıxış edən ziyalı Həmzə Əliyev tariximizə, insanlarımıza, milli mənəvi dəyərlərimizə sahib durmağımızın önəmli olduğunu dedi: “Millətlər və xalqlar öz tarixi şəxsiyyətlərindən ilham alaraq gələcəyə baxırlar. Qarabağımızın da belə şəxsiyyətləri var. Onları üzə çıxarmaq çox mühüm məsələdir. Onlar haqqında belə kitablar yazmaq çox əhəmiyyətli hadisədir”.
Səlim Əzimovu canlı ensiklopediya adlandıran “Gənclik” nəşriyyatının direktoru, əməkdar mədəniyyət işçisi Adil Abdullayev “Həyat hekayələri” kitabının xalqımız üçün mənəvi cəhətdən böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Hüquq elmləri doktoru, professor Habil Qurbanov qeyd etdi ki, Səlim Əzimovun respublika ziyalıları, ağsaqqılları arasında xüsusi yeri var və onun Qarabağ müharibəsi ərəfəsində Ağdamda baş verən prosesləri müdrikliklə qiymətləndirməsi bu kitabda əksini tapıb.
Səlim Əzimovla tanışlığının təsadüf nəticəsində olduğunu deyən Bakı şəhər 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov dedi ki, Səlim müəllimin həyatı, pedaqoji fəaliyyəti, keçdiyi yol bugünkü və gələcək nəsillərə ən yaxşı örnəkdir. H.Qaralov daha sonra kitabın məziyyətlərindən danışdı.
Daha sonra tədbirdə Həsən Zəngilanlı, Azərbaycan Respublikası Mütəxəssislər Birliyi aparatının rəhbəri Famil Gözəlov, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov, Xan Şuşinski adına Ağdam muğan məktəbinin direktoru, əməkdar mədəniyyət işçisi Rafiq Rüstəmov, Ağdam rayon Təhsil Şöbəsinin inspektoru Şakir Səfərov, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev, Hacı İslam və digərləri çıxış edərək, Səlim müəllimə cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzuladılar.
Sonda Səlim Əzimov tədbir iştirakçılarına və “İrşad” otelinin rəhbərliyinə təşəkkürünü bildirdi.
Tədbir Xan Şuşinski adına Ağdam muğam məktəbinin “Qarabağ bülbülləri” ansambılının maraqlı musiqi çələngi ilə davam etdirildi.
E.ŞİRİNOV
Təzadlar.- 2014.- 1 fevral.- S.10.