Məmməd Arazlı günlərin kitabəsi:
“Ömürdən yarpaqlar”
Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...
26 oktyabr - Prezident aparatından soruşdular:
- Biz sizi Hüseyn Cavidin məqbərəsinin açılışına gedən nümayəndə heyətinin tərkibinə salmışıq, etiraz etmirsiniz ki?
Məmməd razılıq verdi, mənim də adımı yazıb götürdülər. Dedilər ki, 29-u gedəcəyik.
- Bilirəm, söhbətlərim üçün darıxırsan, otur, sənə danışım. Bu söhbəti Vahidin özü mənə danışıb:
- Cavan vaxtlarımız idi, içmək istəyirdik, amma pulumuz yox idi. Kommunist küçəsi ilə üzü yuxarı gedirdik. Xoşbəxtlikdən Cəfər Cabbarlı ilə rastlaşdıq, ona şikayətləndik: Cəfər, ölmüşük, bizi yerdən götür.
Cabbarlı ərinmədən qoltuğundan “Bakinskiy raboçiy” qəzetini çıxarıb yerə atdı, üstünə də bir üçlük tulladı və dedi:
- Gedin, özünüzü yerdən götürün.
Məmməd Əkbər həmişə deyərdi:
- Vahid
böyük şairdir. Mənim dostum idi. Məni
görəndə həmişə zarafatla deyərdi:
Həmi
şöhrətlisən, həmi adlısan,
Dostumsan, hayıf ki,
ordubadlısan.
Süleyman Rüstəmin Vahidə aid gözəl bir
lətifəsi vardı:
- Vahid it
saxlardı. İtin quyruğunu kəsdirir.
Bunu lotular eşidir və içmək məqsədilə gəlirlər
Vahidgilə:
- Vahid,
eşitmişik iti kəsdirmisən, gəlmişik təbrik
edək.
Vahid
özünü itirmir, arvadını çağırır:
- Ay
qız, dur bir süfrə aç, itin qohum-əqrəbaları
yığışıb gəliblər.
27 oktyabr
- Səhər əlimə Məmmədin yarımçıq
misraları düşdü:
İki il ömrümün iki varağı
Yazılıb
əbədi çevrildi artıq (ili
yazılmayıb)
Yazı masana bir neçə şer yazmısan. “Yazı masama” kimi məşhur
şerindən sonra yenə də yazı masana şer yazmaq istəmisən...
YAZI MASAMA
Biz iki
ocaq kimi,
Sinə-sinəyə yandıq.
Odumuz
öpüşəndə
Közümüzə inandıq.
Dərd
eləmə desəm ki,
Yazı masam, ölürəm.
Ölə-ölə
yazmıram,
Yaza-yaza
ölürəm...
Və
ya
Yazı
masam, söz bəhrəli planetim,
Bir əmrimlə hər
uçuşa hazır idi.
Neçə
dostun yaddaşında adım itib,
Mən
bir zaman düşmənə də lazım idim..
Yarımçıqdı. Bir də bitkin bir
şer Şuşada yazmısan. O da “Yazı masam”
adlanır.
Bu
cansız masa nə vaxtsa ağac olub, boranla-qarla,
yağışla döyüşüb, canlı təbiətlə
üz-üzə durub, indi evin bir küncündə, əli-ayağı
bağlı, heç yana tərpənə
bilmir. Onu danışdıra bilən sənətlə
nə üçün ünsiyyətdə olmasın. Yəqin
ki bunları demək istəmişəm... Bir də şər
deməsən xeyir gəlməz, əgər məndən sonra
ölsən bütün yarımçıq misralarımı
yığıb çap etdirərsən...
29 oktyabr
- Səhər saat 9-a işləmiş evdən
çıxdıq, gedənlər
yığışmışdılar. Təyyarəyə
minəndən sonra çox gözləməli olduq.
Darıxan Məmməd başını söhbətlə
qarışdırmağa üstünlük verdi:
- 1981-ci
ildə Moskvaya qurultaya mən də nümayəndə
salınmışdım. Təyyarədən
düşəndə ayaqlarım yerimədi. Dayandım. Yazıçıların çoxu
dedi ki, yeriyə bilmirsən, niyə gəlmisən?
İsaq İbrahimov əl atıb
çamadanımı götürdü. Dedi ki, Məmməd,
bunların sözünü ürəyinə salma,
insanlıqları yoxdur ki, sənə elə söz deyirlər.
Yavaş-yavaş gedək. İndi
yenə iki fikirli idim. Naxçıvana getmək
istəmirdim. İndi gördüm ki, gəlməyimlə
yaxşı iş görmüşəm.
Nəhayət, uçduq. Təyyarə
Naxçıvana enəndə 1230 idi. Məmməd
ayaq üstə dura bilmədiyi üçün ətrafa
boylananda, bizi axtardıqlarını gördüm. Yol
uzunu camaat Məmmədi alqışlayır, onu görüb sevinirdilər.
Bizi qonaq evində yerləşdirdilər.
Saat 3-də ardımızca maşın gəlməli
idi. Ancaq gecikmişdi. Narahat olduq.
Axır ki, maşın gəlib
çıxdı. Eyvanlarda, məqbərənin ətrafında
olan camaat Məmmədi görən kimi: - Məmməd Araz! Məmməd
Araz! - deyə alqışlayırdılar.
Prezident stul təşkil etdirib Məmmədi
oturtdu. Məqbərənin
açılışı başa çatdı.
Axşam saat 7-də banket verildi. Biz - Cabir Novruz, Fikrət Qoca, Musa
Yaqub, Xeyrəddin Qoca bir stolun ətrafında oturduq. Maraqlı söhbətlər, sağlıqlar oldu.
Aparıcı Fərəməz Maqsudov idi.
Çıxışının bir yerində
özünün şeir yazdığını, mahnı bəstələdiyini,
hətta özü oxuduğunu söyləyən Fərəməzin
sözünə Qabil yerindən replika atdı:
- Fərəməz
rəqs eləsin.
Zal gülüşdü. Şahmar Ələkbərzadə
Müşgünaz xanıma həsr elədiyi şeiri oxudu.
Bir misrası belə idi:
Müşkünaz
məzardan məzara gəlin köçübdü...
Qabil şeirə də münasibətini bildirdi.
Mikayılın
çıxışı daha maraqlı idi:
- Hörmətli
Heydər Əliyev, Hüseyn Cavidi lap çox istədiyinizdən
nəvənizin adını da Azər qoymusunuz.
Mikayıl
sözünə davam etdi: - Naxçıvan torpağı
möcüzəli torpaqdı. Məmməd
Arazın bu vəziyyətdə bura gəlməsi, adamları
yara-yara məqbərəyə çıxması özü
də möcüzə idi. Sizin, Naxçıvan və Məmməd
Arazın da
sağlığına içək və sözümü
“Azər” poemasından bir parça ilə bitirmək istəyirəm.
Danışanlar çox oldu. Arada fasilədən istifadə edərək
ətrafımda oturanların hamısı yazıçı
olduğu üçün belə bir sual verdim:
- Mən
neçə dəfə televerilişlərdə
tanınmış və ya tanınmamış şair və
nasirlərdən eşitmişəm ki, onlara şeri də, nəsri
də tanrı pıçıldayır, onlar da
hazırını ağ kağıza
köçürürlər. Siz necə? Sizə də kimsə pıçıldayır?
Cabir:
- Mən,
ümumiyyətlə, inanmıram ki, elə bir qüvvə var
və o da şeir pıçıldasın. O insan beyninin məhsuludur.
Fikrət
Qoca:
- Həyatda
elə bir şey ola bilməz ki, kimsə sənə
diktə edib yazdırsın.
Musa Yaqub:
- Mən
inanıram, nəsə bir şey var, yoxsa hardan gəlir bunlar
insan beyninə?
Xeyrəddin
Qoca:
- Şairlər şeirlərini ürəklərinin
qanı ilə yazırlar.
Fasilədən
sonra Heydər Əliyev çıxış etdi:
- 5
yaşımda olanda məni böyük qardaşım Həsən
Əliyev bağçaya aparardı. Bağçamızın
pəncərəsi Mömünə xatun məqbərəsinə
baxırdı. Çox heyranlıqla məqbərəyə
baxar, onun rəsmini çəkərdim...
Çox gözəl bir gecə idi. Yəqin ki,
Cavidin ruhu da razı qalardı.
30 oktyabr - Səhər yağış
yağırdı, hava tutulmuşdu. Qonaq evinin həyətində tanış adamlarla salamlaşdıq. Təntənəli keçirilən
yığıncağa getmədik, çünki Məmməd
otura bilmirdi.
Axşam düşəndə abidəyə baxmağa
çıxdıq, mədəniyyət evinə
yaxınlaşdıq, lakin içəri girmədik.
Qonaq evində
tanış naxçıvanlılarla
söhbətləşirdik ki, arxamızca maşın gəldi
və biz konsertə getdik. Lap arxada oturduq ki,
oxuyanlara maneçilik etməyək.
Məmmədin “Bu şeytanlar” şeirini Fatma xanıma
vermişdim ki, konsertdə ifa etsinlər, çünki
şeir Hüseyn Cavidə həsr olunmuşdu. Fatma xanım Abdullazadə
şeiri oxuyandan sonra çox bəyənmiş və
ifaçı artistə vermiş, vaxt az
olduğuna görə ifaçı şeiri tam əzbərləyə
bilməmişdi. Onu ayrı şeirlə,
“Dünya sənin, dünya mənim, dünya heç kimin”
şeiri ilə birləşdirib ifa etmişdi. Yenə də uzun alqışlarla
qarşılanmışdı şeir.
Arada operatorlar gəlib Məmmədi vaxt-vaxt çəkirdilər. Sonra Nizami Xudiyev dedi ki,
onları mən göndərirdim, çünki bunlar bir də
təkrar olunan hadisələr deyil.
Konsert
qurtaranda Möhtərəm prezident camaata təzim edərək
qapıya yönəldi və birdən çönüb bizə
tərəf gəldi, Məmmədlə
görüşdü:
- Nə
yaxşı konsertdə iştirak etdin, yorulmamısan ki,
yaxşısan?
Sonra görüşüb ayrıldı. Banketə getməyib
qonaq evinə qayıtdıq. Gecə
Naxçıvanın səması elə aydın, elə
gözəl idi ki...
31 oktaybr - Səhər çox gözəl bir hava vardı. Amma yenə
Bakının zəhrimar havasına qayıtmalıydıq.
Qayıtmaq vaxtını soruşdum. Saat ikidə cavabını verdilər. Bufetdən çay, yemək gəldi. Məmmədi yedirib, həyətə
çıxdıq. Nizami Xudiyev Məmmədin əhvalını
soruşdu və söhbətə başladı:
- Rəhbərliyə
keçən kimi Məmmədə aid veriliş verə bilmədim.
Bizim hər işimizə qulp qoyanları
görürsünüz, o dəqiqə deyirlər ki,
naxçıvanlıdır, ona görə də veriliş
verir. Onun haqqında nə çəkilibsə
qalsın fondda. İndi yavaş-yavaş
çəkilişlər aparaq. Mikayılla söhbətimizdə
o Məmmədin bir şeirini oxudu, “qurd mələrtisi,
tülkü qaqqıltısı” - ə, bu kişi
belə sözləri haradan tapır. Ssenarisini
özüm yazacağam. Gözəl bir
kino çəkək, qoy qalsın tarixdə.
Məmməd
də söhbətə qoşuldu:
- Nizaminin
atası ilə bir yerdə oxumuşuq. Sonralar
görüşərdik, Nizami ilə nəfəs alardı,
Allah rəhmət eləsin.
Gələnlər hərəsi bir tərəfə
dağıldı. İşçilərdən bildik ki, geri
qayıtmaq saat 4-ə qalıb. Biz
İnqilabgilə getməli olduq, çünki Məmmədin
dərmanının vaxtı keçirdi, yemək yeməli
idi. Həyətdə ancaq Cabir və Musa
qalmışdı. Onları da
götürüb Mömünə xatun məqbərəsinə
getdik. Sonra İnqilabgilə
yığışdıq, yemək vaxtı çox
maraqlı söhbətlər oldu.
Musa Yaqub:
- Tofiq Bayramla Qazaxa getmişdik. O vaxtın dəbi ilə gələn
qonaqlara birinci tövlələri göstərərdilər. Bizi də əvvəl ora apardılar. Tofiq
dözə bilmədi, üzünü raykoma tutub dedi ki, ə,
Qazax ancaq tövlələrdən ibarətdir, restoran yoxdur?
- Olacaq,
olacaq, Tofiq müəllim, o da olacaq - dedilər.
Musa
söhbətinə davam etdi: - Məmməd əmi bizim kəndimizə
gəlmişdi. Dağlara, gəzməli yerlərə
çıxmalı idik. Atlar
ayrılmışdı. Məmməd mənə dedi:
- Musa,
onlar yaxşı atları minib gedəcəklər, bizim
payımıza yabı düşəcək, şairlərin
taleyi belədir.
Həqiqətən, elə də oldu. Dağ kəndinə
çatdıq. Evin divarlarında
çoxdan yapışdırılmış qəzet
qalmışdı. Gözümüzə iri hərflərlə
yazılmış bir başlıq sataşdı: - “Xalq
düşməni Mikayıl Müşfiq” - acgözlüklə
oxuduq. Məmməd əlavə etdi:
- Məqalənin
müəllifi Əkbər Məftun idi. Özünü
şair sanırdı, universitetin müəllimi idi.
Sonralar boynuna almırdı məqaləni o yazıb,
yalandan deyirdi ki, adımdan yazıblar.
Musa söhbətini məzəli əhvalatlarla davam
etdirdi.
- Məmmədi
heyrətləndirmək istəyirdim - əmi, bax su burada necə
qırmızıdır, bir az o tərəfdə
isə ağdır, görürsən?
Əmi isə
gülüb cavab verərdi:
- Musa, mənə
də yox da, suyun altındakı torpaq hansı rəngdədirsə
su həmin rəngdə görünür.
Söhbətlər, sağlıqlar baş alıb
gedirdi.
Qarabağdan söhbət düşəndə Cabir dilləndi:
- Heydər
Əliyev cənabları deyir ki, bu saat Qarabağda 35 min silahlı rus əsgəri
var, mənə təklif ediblər ki,
qoşunlarımızı Azərbaycanda yerləşdirsəniz
Qarabağ məsələsini həll edəcəyik, ancaq
gördüm ki, gürcüləri aldatdılar, Şevarnadzeyə
söz vermişdilər ki, rus qoşunları
Gürcüstanda yerləşsə, Abxaz məsələsi həll
olunacaq. Qoşunları yerləşdirdilər,
amma Abxaz məsələsini həll etmədilər.
Sonra əlavə
etdi: - Bu da bir taledir, vallah. Bir yerdə oturduq, təsadüfə bax.
- Bu bir
tarixdir, billah, bunlar tarixin səhifələridir, - dedi, - Musa.
Saat 4-ə qalmış qonaq evindən əşyalarımızı
götürüb aeroporta yollandıq. Hamı
yığışmışdı. Yol
boyu Niyaməddinin ifasında Məmmədin mahnısı səslənirdi.
Yerimizdə oturduq. Vaxt
keçir, Prezident gecikirdi. Şairlər təyyarədə
ən çox danışanlar idi. Salonun
arxa tərəfində qafiyə müzakirəsi gedirdi. Hamısından gur Zəlimxanın səsi
çıxırdı. Sən demə,
şairlər Cavidə hərəsi bir bənd şeir
yazmalı, qafiyə sualla qurtarmalı idi. Məmmədə
də təxminən belə məzmunda bir məktub gəldi:
“Ərtoğrulun ruhu məqbərənin içində
dolaşır, atasının ruhu ilə danışır,
olub-keçənlər haqqında atasına suallar verir. Bəndlər
sualları əhatə etməlidir”.
Zəlimxan,
Sabir, Musa, Mikayıl, Kamal və s. yazdıqları bəndləri
də göndərmişdilər. Məmməd də
yazdı:
Bu
torpağın ürəyinə çəkildin,
Ürəyinə, bəbəyinə çəkildin.
Barı
indi azadsanmı, şairim,
Şimşəklərə qanadsanmı, şairim.
Mikayıl
onu belə redaktə etdi:
Bu
torpağın ürəyinə çəkildin,
Ürəyinə,
bəbəyinə çəkildin,
Dən-dən
olub torpağına əkildin
Torpağında
azadsanmı, əfəndim
Şimşəklərə qanadsanmı, əfəndim.
Məmməd etiraz etdi ki, torpaq sözü çox olur,
bənd yenidən dəyişildi. (Bu bəndlər
sonradan hansı qəzetdəsə çap olundu).
Nəhayət, qaranlıq düşəndə Prezident gəlib
çıxdı. Təyyarənin sağ tərəfindənboylanan
İlanlı dağ da dumana bürünməklə geri
qayıdanlar üçün darıxdığını
bildirmək istəyirdi. Təyyarə Təbrizin üstündən
uçanda Rza İbadov, “Musa Yaqub, gözü yolda Təbrizin”
- Təbrizin üstündən uçuruq dedi. Prezident camaat
olan salona keçib gecikməsinin səbəbini dedi. Kimlərləsə
görüşdü, söhbət etdi, Məmmədi
axtardı və onunla da görüşdü:
- Mən çox sevindim ki, tədbirdə iştirak etmisən, gəlib ata yurdunu gördün. Yorulmadın ki, sənə tez-tez Naxçıvana gəlmək lazımdır.
- Düzdür, mənəvi zövq aldım, hər şeyi gördüm, yazacağam.
- Yaz da,
niyə yazmırsan, yazsan yaxşı olar...
Sonra
Anarı, Fatma xanımı, Elçini öz salonuna
çağırdı.
Bununla da Naxçıvan səfərimiz başa
çatdı.
(Ardı var)
Təzadlar.- 2014.- 1 fevral.- S.6.