Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar”

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

(Əvvəli ötən saylarda)

 

 

 

1997-ci il

 

Vətən nəğmələri olmasa bir an

Könüldə gül açıb yaz ola bilməz.

Nəğməsi olmayan, şeri olmayan

Bir xalqın tarixi yazıla bilməz...

2 yanvar - Axşam şəhidlərə aid verilişə baxan Məmməd dedi:

 

 

 

- Əslində müharibə yoxdur, amma dırnaqiçi müharibə qurtaran kimi hər şey yaddan çıxacaq, onların heç adını tutan da tapılmayacaq, çünki tez unudan xalqıq. Hərhalda, öz halımıza özümüz yanmalıyıq, dərd burasındadır ki, biz hələ öz halımıza yana bilmirik, həmişəki kimi gözləyirik. Və gözləyə-gözləyə özümüz-özümüzdən uzaqlaşır, özümüz-özümüzə yad oluruq...

 

Onlar min illərlə marıqda yatıb fürsəti gözləyənlərdir və çox hiyləgərdirlər...

5 yanvar - Mən ilk sevgi şeirlərini tapıb çıxarmışam. Oxu, bəlkə onları da kitaba salaq?

 

- Bəzən yarımçıq sayılan, lakin tam fikir olan misraları da salmaq olar və lazımdır. Həm də yadımda ikən deyim “Göydən dörd alma düşdü” şeirini ancaq kitaba vermək olar. Niyəsini bilirsən. Çox çətin yazıram, əlim işləmir. Amma bədənimdə ömürlük yaşayan bir ağrı var - yazmaq ağrısı. Yəni ağrıya-ağrıya yazmaq. Sonrakı söz oxucularındır. Mümkün qədər təzə söz, təzə deyim, təzə lövhə və təzələr, - mənim  planım budur. Bu da çox çətin işdir. Bəlkə buna görə  çox yarımçıq misralarım var. Sinəm söznən doludur...

- Yarımçıq misraları işləmək lazımdır. Həmin misralarından “Kəlbəcər qaçqınlarına” şeirin yarandı. Gördün ki, necə səs qopartdı?

6 yanvar - Qabil axır ki öz dediyinə çatdı, - nəhayət,  opera binasında 70 illiyini qeyd etdilər - dedim.

Məmməd güldü və dedi:

- Görürsən, Əliyevə nə deyir? “Mənə deyirlər ki, ay Qabil, niyə tələsirsən, hələ səndən əvvəl Rəşid Behbudovun, Üzeyirin yubileyləri var, axı onları da keçirməliyik. Cənab Əliyev, mən onlara cavab verdim ki, onlar ölüb, daha dirilə bilməzlər. Amma mən ölə bilərəm”.

- Gördünmü, o, Qabildir, orijinal adamdır, Heydər Əliyevi də güldürdü.

17 yanvar - Nahardan sonra bizə Şərafəddin adlı jurnalist gəldi. Jurnalistin vədləri:

- Məmməd müəllimin maşınının təmirini bir nəfər boynuna götürüb. Yalan və ya doğru olduğu iki gündən sonra məlum olacaq. Xala, əmiyə necə baxırsınız?

- Əmiyə əmi kimi.

- Əmiyə bir iş olsa mən ölərəm, mən onunla nəfəs alıram.

- Şərafəddin, bala, özün də bilirsən ki, danışdığın yalandı. Yalandan ölənlərin biri də sən. Mənim gəlişi gözəl sözlərdən acığım gəlir.

18 yanvar - “Dünyanı dərk etdim” şerini tapıb köçürtdüm. Üç bənddir, hə?

 

 

 

Çapırdım atımı belədən-belə,

Üzəngi parlatmaq adətim idi.

İstəsəm dağların belindən belə

Bir anda aşardım, nə çətin idi?!

 

 

 

Məmməd, çox gözəl demisən, cavanlıqda adam elə bilir ki, hər şeyə qadirdir...

- Bəlkə də bir əl gəzdirdim.

...Dünyanı dərk etmək, onun sirlərinə vaqif olmaq, yarandığı gündən insanları min cür sual verməyə vadar edib. “Niyə, nə üçün” sualları, “ona görə ki” - cavabları  filosoflar kimi sənət adamlarını da düşünməyə, özü ilə üz-üzə oturmağa vadar edib. Dərinə varmağa isə ömür çatmır.

Ən yaxşısı budur ki, - sual vermək əvəzinə əlini üzünə qoyub nəğməni oxu. Küləklərə qoşulub ömrün çatana qədər yol get.

Amma oxumağın cırcırama oxumağına oxşamasın.

Yaxşı şer oxumaq, daha doğrusu, şeri yaxşı oxumaq oxucunu, dinləyicini tərbiyə edir.

Eyni zamanda, gərək unutmayasan ki, belə şəraitdə dinləyici daha həssasdır, tələbkardır, incə və kövrəkdir. Onun hissləri ilə oynamaq, onun zövqünün ahəngdarlığına “daş atmağa” haqqın yoxdur.

Gərək ara-sıra eşidilən göy gurultusundan, müxtəlif quşların civ-civindən, yarpaq xışıltısından onun diqqətini yayındırıb özünə cəlb etməyi bacarasan. Dinləyici ilə şair arasındakı “məsafə” bu prosesdə təbii şəkildə aradan qalxmalıdır.

Bir gün ömrün son qarı, son yağışı yağacaq, üfüqün son qızartısını son dəfə seyr edəcəksən...

Demişəm:

Bu ünvan - taleyim yazan mənzilim,

Zirvəyə yolumdu bu yoxuş demə...

Məzardan o yana insan mənzili,

Üfüqdən o yana yol yoxdu, bildim...

 

 

 

Hər bir qəbir də insan ömrü yaşayır. Oğul-qızdan sonra qəbri ziyarət edən nəvələr az-az olar. Və sahibsiz qəbirlər torpağa yem olmağa başlayır. Adi insanlardan fərqli olaraq sənətkar qəbri bir müddət yaşayır.

Amma yox, ömür bundan sonra da başlaya bilər, - bir şərtlə, qayalara, dağlara hopan səsin olubsa... Küləklər onu dindirəcək, oxudacaq. Onda bir qələm əhlinin ömrü səsə, nəğməyə  dönəcək. Ürəkdən gəlibsə, ürəyə köçəcək!

Bəlkə, şeirimdə bunları demək istəmişəm...

Mənim aləmimdə dünya iki yerə bölünür - bir gözə görünən şəhərlər, kəndlər, meşələr, çaylar, dənizlər, dağlar; bir də insanların daxili dünyasıdır ki, hərəsi bir qulpundan yapışıb dünyanı müxtəlif səmtlərə dartır, hey dartırlar...

Ağıldan kəmlər bizim evin yerini yaxşı tanıyırlar. Biri gəlib pul istədi, verdik, sonra Məmməddən tələb etdi ki, onun məktublarını mütləq Heydər Əliyevə çatdırsın.

Bir nəfər isə gəlib boş-boş danışdı ki, məndə Nəsiminin ruhu var, bu vaxta kimi “Qurani-Kərim”də gizlənmişdi, indi mənim bədənimə daxil olub. Bilin ki, mən artıq Nəsimiyəm.  Yazdığı qəzəlləri oxumaqla baş-beynimizi apardı.

Allah, sən bizi bu dəlilərdən qoru!

24-25-27  yanvar - Telefonda Akif Mədətovun səsi eşidildi:

- Həkimə gəlmişəm, ayaqlarım yaman ağrayır, görək buranın həkimləri nə deyəcəklər. Şair Naxçıvana gələndə bizə düşmədiyinə görə möhkəm incimişəm, xüsusən də səndən.

- Akif, - dedim, - incimə, o vaxt yaman qarışıqlıq idi. Sizə gələ bilmədik. Sən şeir xoşlayansan, gəl bizə. Məmmədin yeni şeirlərini oxu.

Akif sabah axşam Şölə xanımla gələcəyini söylədi.

Axşam gəldilər və söhbət baş alıb getdi.... Heydər Əliyevin  Azərbaycana xidmətlərindən çox danışdılar. Əgər Heydər cənabları olmasaydı başqa bölgələrimiz də baş qaldırmışdı...  

Nizami adına institutdan Məmmədin xaricdə çap olunan kitabları haqqında məlumatın lazım olduğunu bildirdilər. Zəng edən qadın dedi ki, bütün yazıçılardan məlumat toplayırıq.

Məmməddən soruşdum: - axı Türkiyədən başqa heç yerdə kitabın çıxmayıb? Mən nə cavab verim?

- Niyə, Rusiyada, Gürcüstanda kitablarım çıxıb, qəzetlərdə, jurnallarda başqa dillərdə şeirlərim çap olunub.

Qadına çatdırdım ki, gəlib lazım olanları götürə bilər.

28-30 yanvar - Alo, salam yoldaş katibə müəllimə, rəis sizi incitmir ki, necəsiniz? Biz 31-i gedirik, dediyin sözlər hamısı qulağımdadır, çalışacağam ki, hamısını yerinə yetirim.

- Akif, mənim gileylərim  həyata keçərsə, çox razı qalaram.

Cəfər qardaş dediyi kimi papağı tikdirib gətirdi:

- Şirvani də, Zakir də, Sabir də başına belə papaq qoyublar. Sənin də elə papağın olmalı idi, oldu da.

Biz Cəfər qardaşa Həccə gedəcəyinə görə yaxşı yol arzuladıq.

3 fevral - Axşam Nemət Pənahlı bizə gəlmək istədiyini bildirdi. Təzə kitabını da gətirmişdi. Dilim dinc durmadı, soruşdum:

- Nemət, qəzetdə oxudum ki, səni partiyadan çıxarıblar?

Cavabı:

 

 

 

- Yox, yalan söhbətlərdir, öz işimdəyəm. Kitabımı çap etdirdim, 5000 nüsxədir. Öz partiyamda olan işçilərə verdim. Qiyməti 10000 manatdır. Ondan gələn pulun üstünə bir az da əlavə edib siyasətə aid xatirə və hadisələri toplayıb çap etdirəcəyəm. Bütün hadisələri, onun içində olan adamları aid olduqları sifətləri ilə təsvir etmişəm. Kitabım yaman səs qoparacaq, çünki hamı bu saat həqiqət  acıdır.

 

8 fevral - “İllərdən biri” kitabım varmı?

- Bir nüsxə var.

- Oradakı şeirlərim təkrar çap olunmayıb.

 

- Niyə yadından çıxarırsan ki? Sənin bütün şeirlərin təkrar-təkrar çap olunub. Təzə şeir yazmırsan ki... Elə illər olub ki, əlinə heç qələm almamısan.

- Mən cəfəng şeirlər yazmamışam. Söznən oynayan, sözü oynadan şairəm. Sözdən hibrid yaratmağı xoşlayıram.  “Dünya düzəlmir” şeirindəki ... “tərəf”, “tərəfgir”, “tərəfsiz”sözləri kimi. Şeir yaza bilməyəndə Mirzə Cəlil, Sabir, Ə. Cavad və başqaları haqqında məqalələr yazmışam. İşləmişəm, ya yox? O da ədəbiyyatdır. Mənim yaşıdlarım mənim qədər məqalə yazmayıblar.

- Məmməd, publisistika dram, poema deyil. Sənin çox az irihəcmli əsərlərin var, tənbəllik etmisən, boynuna al.

- Mən qafiyə düzməyi xoşlamıram. Kiçik-böyük nə yazmışam ürəyimin səsi ilə yazmışam. Hamı bilir ki, şerin nəfəsi böyükdür. Onun təsir qüvvəsini şəlalə nəriltisi ilə müqayisə etmək olar. Əsl şairi xalq həmişə ciddi, ağıllı, müdrik adam kimi tanıyır. Şerin “poetik oxunuşunda” qeyri-təbii özündən çıxma, lüzumsuz əl-qol atma, qışqırtı və s. hərəkət tərzi olmamalıdır. Gözəl bir nəğməni müğənni necə təbii oxuyursa, şair də hər bir şerini forma, vəzn, ahəng “mövzu tələbatı” qanunlarına uyğun şəkildə dinləciyə çatdırmalıdır. Bu, özü də mədəniyyətdir. Yeri gəlmişkən “Təsəlli” şeirini kitabın lap əvvəlinə salmaq lazımdır. “Qəfil” şeirini də 70-ci səhifəyə sal.

9 fevral - Axşam İlyas Tapdıq qonağımız oldu:

- Sizdən sonra Şəmkirə getmişdim. Şəmkirdə hələ də Məmmədlə keçirilən görüşün söhbəti gedir. Sultan müəllim əminin “Ayağa dur, Azərbaycan” şerini yaxşı diksiya ilə oxudu. Orada bir gürcü şairi də var idi. Onun azərbaycanca çap olunmuş kitabının təqdimatı idi. Gecədə mən və Nəriman da iştirak edirdik. Birdən işıqlar söndü. Gürcünün adı Quram idi. Quram ləmpə şüşəsinin bir ucuna kağız tıxıb şampan ilə doldurdu və dedi:

- Mən şüşədəki şampanı Azərbaycan xalqının sağlığına içirəm. Kim mənim kimi içə bilirsə, gürcü xalqının şərəfinə içsin. Aslan dedi ki, mən elə içə bilmərəm. Mən də susdum, ancaq Nəriman özünü sındırmadı və içəcəyini söylədi. Quram kimi şüşəni doldurub içdi və sonra əzabına dözmədikcə ləmpə şüşəsini icad edənləri söyməyə başladı.

Ilyas bu əhvalatı məzə ilə danışdıqca Məmməd də ona qoşulub gülürdü. Təəssüf ki, mən İlyasın danışdığı kimi gülməli yaza bilmədim.

16 fevral - Taleyimizdən gileylənirdim.

- Gülxanım, Məmməd Araz gör necə deyir:

Daşda, dəmirdə yaşadım,

- Açıq qəbirdə yaşadım,

- Dəni xəlbirdə yaşadım...

Allah, xəbərin olmadı.

 

 

 

“Açıq qəbirdə yaşadım”; “Allah, xəbərin olmadı”. Dizlərim qatlanır, yeriyə bilmirəm, taqətim kəsilib.

Ağayar müəllimin səsi otağa yayıldı:

- Şəruru qar basıb, kəndlərlə əlaqə kəsilib, sonra qar əriməyə başlayıb, ətrafı su basıb. Söhbətinə davam etdi;

- Mən və Teymur XX əsrin əvvəllərindəki fikirlərə aid araşdırmalar aparırıq. Nə qədər mütərrəqqi fikirlər var imiş. Bizim tarixçilərimiz hamısını alt-üst edib. Heç bir erməni belə hərəkət etməzdi.

Belə- belə söhbətlərdən Ağayar müəllim xeyli danışdı.

19 fevral - “Gənclik” nəşriyyatında kitabın çapına 45 milyon pul lazım olduğunu söylədilər:

- Mən “Gənclik” nəşriyyatının baş redaktoru Çəmənliyəm, hesablamışıq 5000 tirajla, üz qabığı, kağızı, kətanı və sair ilə 45 milyon manat, dollarla isə 11 min dollar edir.

- Vallah, bizim elə pulumuz yoxdur, amma bu xəzinə camaata çatmalı bir xəzinədir. Məmmədi hamı sözdə istəyir, kitabına isə pul köçürən müəssisə tanımıram. Hamı yalan satıb gedir. Vəssalam... Gələndə özü sizə zəng edib cavabı deyər.

Çörəyini yeyə-yeyə söhbət etdi Məmməd:

- Maşında radionu açanda Həsən Əblucun ifasında şeirlərimi verirdilər. Yaman oxuyurdu:

 

 

 

Adı Pənah - Pənahı yox,

Günah paylar, günahı yox.

Bu allahın allahı yox,

Heç dərdimə şərik çıxmaz...

Verilişi axıra qədər dinlədim. “Bu allahın allahı yox...” nə isə.

- Təsdiq etdim:

 

 

 

Dovşanlıq ki, dəbə mindi,

Göy talaya əlik çıxmaz...

 

Hərdən fikirləşirəm; gərəkliyimi, gərəksizliyimi görəydim, günahlarımı, yaxşı cəhətlərimi tərəziyə qoyub çəkəydim.

Xalq yaxşını pisdən yaxşı seçir. Görəsən mənim gedişimdən dağlar duyuq düşəcəkmi?  Dağ çəni saç yolub ağlayacaqmı? Bilmirəm... Şairə dağlar xeyir-dua verməsə, o, yarı yolda qalar.

 

 

 

Yaman yazmısan:

 

Yox dərya üstündə qalam-qalaçam,

Dalğası dağ yıxan dərya kimiyəm.

Nəyim töküləcək, nəyim qalacaq?-

Əsəbi gərilmiş dünya kimiyəm.

Axşamüstü nəşriyyatın direktoru Əlican telefonla Məmməddən soruşdu:

- Bəlkə kitabı nəşriyyatın hesabına çap edək? 4-5 şirvana satılarmı?

- Yox, - dedi  Məmməd, -  kitabı geri qaytarın.

 

 

 

(Ardı var)

Təzadlar.- 2014.- 6 fevral.- S.6.