İbrahim Əbilov Azərbaycan diplomatiyasının təməlini qoyanlardan biridir

 

İbrahim Əbilov Azərbaycan diplomatiyasının təməlini qoyanlardan biridir

Mayis Əlizadə: “Daşnak terrorçu Torlakyan tərəfindən İstanbuldakı Pera Palas otelinin qabağında şəhid edilən Behbud xan Cavanşirin vurulduğu yerə xatirə lövhəsi asılmasını da gündəmə gətirmək lazımdır

Türkiyədə yaşayan jurnalist-yazar, Dr. Mayis ƏlizadəninTəzadlar”a müsahibəsi

- Mayis bəy, istərdik ki, Azərbaycan diplomatı İbrahim Əbilov haqqında oxucularımıza məlumat verəsiniz. Maraqlı olan odur ki, Mustafa Kamal Atatürk İbrahim Əbilova böyük önəm verirdi. Sizcə, Atatürkün Əbilovla dostluq əlaqələrini bağlayırdı?

- İbrahim Əbilovun kimliyini araşdırmaq istəyənlər Azərbaycandakı Atatürk Mərkəzinin buraxdığı kitaba baxa bilərlər. Sol dünyagörüşüylə milli dövlətimizin parlamentində Sosialist fraksiyasının lideri olan Əbilov Azərbaycanda 27 aprel 1920-də baş vermiş rejim dəyişikliyindən sonra qurulan  hökumətdə daxili işlər nazirinin müavini vəzifəsini tutub, 1921-də isə sosialist Azərbaycanının Türkiyədəki səfiri vəzifəsinə təyin edilib. Azərbaycanla Türkiyə arasındakı diplomatik əlaqələrin tarixini analiz edərkən Əbilovdan əvvəl milli dövlətimizin İstanbuldakı səfiri olmuş Yusif Vəzir Çəmənzəminlinin diplomatik fəaliyyətini araşdırmağı təklif edirəm. 1993-cü ildə müstəqil Azərbaycan İstanbulda Baş konsulluq açanda biz milli dövlətimizin səfirliyinin Sultanahmetdə yerləşmiş binasını tapdıq, oraya lövhə asdıq, 5-6 ildən sonra lövhə qaldırıldı qaldırılma səbəbi heç kimi maraqlandırmadı. Yusif Vəzir Çəmənzəminli kimi böyük nasirin 1927-də sosialist Azərbaycanına qayıtması məndə acı təəssüf hissi doğurur; Türkiyədə yaşamağa davam etsəydi, sadəcə, ədəbiyyatın ən önəmli simalarından biri olmaqla qalmayacaqdı, diplomatiya sahəsindəki təcrübəsi ilə yeni qurulan Türkiyə Cümhuriyyətinə çox faydalı olacaqdı (Mustafa Kamal Paşanın təlimatıyla 1921-də Anadolu Agentliyini quran Ahmet Ağaoğlunun 1930-da pensiyaya çıxandan sonra Atatürklə   birlikdə Türk Tarih Kurumunun yaradılmasında möhtəşəm işlər görən Əlibəy Hüseynzadənin fəaliyyətini gözünüzün önünə gətirin. Ağaoğlunun qızı Sürəyya Türkiyənin ilk qadın vəkili idi, 1909-cu ildə Bakıda anadan olan oğlu Səməd isə 1950-60-cı illərdəki Menderes hökumətində nazir oldu, Türkiyənin önəmli yazarları arasında yer tutur). Çəmənzəminlinin sosialist Azərbaycanına  qayıdaraq həyata faciəli şəkildə gözlərini yumması məzarının hələ məmləkətə gətirilməməsi acı ibrətamiz bir olaydır; bir anlığa Cavidin İstanbuldan dönmədiyini düşünün gənc Türkiyə Cümhuriyyətinin təhsil mədəniyyət sahəsində həyata keçirdiyi islahatlarda bu insanların rolunu gözünüzün önündə canlandırın. Yusif Vəzir Çəmənzəminli İbrahim Əbilov şübhəsiz ki, Azərbaycan diplomatiyasının təməlini qoyan insanlardır ikisinin Türkiyə ilə Azərbaycan arasındakı diplomatik münasibətlərin yaranması inkişaf etdirilməsində rolu böyükdür.

- Bildiyimiz qədər məşhur Qars müqaviləsinin imzalanmasında onun böyük xidmətləri olduğu qeyd edilir...

- Qazi Mustafa Kamal Paşanın Azərbaycan səfiri İbrahim Əbilovu həmişə yaxınında tutmasının bir neçə səbəbi var. Birinci səbəb odur ki, gənclik illərindən dünyaya baxışında türk milliyyətçiliyinin önəmli yer tutduğu Mustafa Kamal Atatürk Azərbaycanı qardaş ölkə kimi görürdü səfir Əbilovla yaxın əlaqəsini bu təməl üzərində qurmuşdu. İkinci tərəfdən, Çanakkale savaşının qəhrəmanı olan Qazi Mustafa Kamal hələ Balkan savaşlarından bəri Azərbaycandan Anadoluya gələn yardımlardan xəbərdar idi; Çanakkaledə isə Azərbaycandan gələn əsgərlərin şəhid olduğunu bilməməsi mümkün deyildi. 19 may 1919-cu ildə Samsuna çıxıb İstiqlal savaşını başladandan sonra  Azərbaycanın milli dövlətinin göndərdiyi maddi hərbi yardımın üzərindən çox keçməmişdi (baş nazir Nəsibbəy Yusifbəylinin göndərdiyi maddi yardım barədə Naki Keykurunun (Milli dövlətimizin təhlükəsizlik baş idarəsinin rəisi olmuş Nağı Şeyxzamanlı) xatirələrində önəmli məqamlar var. Çanakkale savaşında beynəlxalq koalisiyanı (birliyi) məğlub edən Mustafa Kamal Paşa bununla Rusiyadakı 1917-ci il oktyabr inqilabının baş tutmasına (şübhəsiz ki, özü bilmədən) yardımçı olmuşdu. Ruslar bunu unutmayaraq İstiqlal savaşına maddi yardım etmişdilər (savaşın qəhrəmanlarından olan Rauf Orbayın xatirələrinə baxıla bilər). Anadolunu təhdid edən beynəlxalq imperializmə qarşı mübarizədə Mustafa Kamal Paşa sovetlərdən yardım alsa da, ölkəsinə sosializmi gətirməmişdir - bunu həmişə nəzərə almaq lazımdır. Bu baxımdan, professor Erol Manisalının təsbiti çox sərrastdır: “Atatürk Qurtuluşdan sonrakı quruluş dönəmində elm adamlarını, texniki işçiləri, sənətkarları Avropadan gətirmişdir. O ölkələrin müasir qanunlarını Türkiyədə qəbul etmişdir. Yaşayış tərzini Avropaya yönəltmişdir. Müasir sivilizasiyanın orada olduğunu görmüşdür”. Sosialist Azərbaycanın səfiri İbrahim Əbilovla yaxın  münasibət qurmasının səbəbləri arasında bu faktor da vardır - NərimanovunQardaşın qardaşa borcu olarmı, Paşam?” - sözü rejimləri fərqli olmasına baxmayaraq, iki ölkənin bir-birini qardaş kimi gördüyünü göstərir. Sovet yardımından məharətlə istifadə etməsinə baxmayaraq, Atatürk türk dünyasının rus əsarəti altında olduğunu görür qardaşların bir gün mütləq azad olacağına inanırdı. 1933-cü ildə dediyi “Bu gün Sovetlər Birliyi dostumuzdur, qonşumudzur, müttəfiqimizdir. Bu dostluğa ehtıyacımız vardır. Fəqət sabah olacağını bu gündən heç kim təxmin edə bilməz. Eynilə Osmanlı kimi, eynilə Avstriya-Macarıstan kimi parçalana bilər, kiçilə bilər. Bu gün əlində sımsıx tutduğu millətlər ovcundan qaça bilər. Bax, o zaman Türkiyə edəcəyini bilməlidir. Bizim bu dostluğumuzun üsuli-idarəsi altında dili bir, inanışı bir, mayası bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq - sadəcə, susub o günü gözləmək deyil. Hazırlaşmaq lazımdır. Millətlər buna necə hazırlaşır? Mənəvi körpüləri sağlam tutaraq. Dil bir körpüdür, inanıç bir körpüdür, tarix bir körpüdür. Köklərimizə enməli olayların böldüyü tariximizin içində bütünləşməliyik. Onların (xaricdəki türklərin) bizə yaxınlaşmasını gözləməməliyik. Bizim onlara yaxınlaşmağımız lazımdır”, - sözləri Atatürkün qədər uzaq görən bir adam olduğunu İbrahim Əbilovla niyə o qədər yaxın münasibət qurduğunu sübut etmirmi?

- Belə bir fikir səslənir ki, erməni-rus kəşfiyyatı onu Atatürklə dostluq əlaqələrindən qısqanaraq zəhərləyiblər. Bu, qədər həqiqəti əks etdirir? Bizim üçün maraqlıdır ki, Əbilov 1923-cü, Behbud ağa Şaxtaxtinski 1924-cü, Nərimanov isə 1925-ci ildə müəmmalı şəkildə dünyalarını dəyişdilər. Bu ardıcıllıq bizə nəsə demir ki?

- İbrahim Əbilov 17 fevral-4 mart 1923-cü il tarixlərində Mustafa Kamal Paşanın təşkil etdiyi I İzmir İqtisad Konqresində iştirak edərkən xəstələnərək 23 fevralda orada vəfat edib. Mustafa Kamal Paşanın uzaqgörən dühasının canlı  örnəklərindən biri olan V İzmir İqtisad Konqresi 30 oktyabr-1 noyabrda keçirildi (həm də Konqresin 90 illiyi qeyd edildi). 3500 qonağın arasında mən də vardım (Azərbaycandan heç kim yox idi), İbrahim Əbilovun xatirəsini orada yad etdim. İbrahim Əbilovun, Behbud bəy Şahtaxtinskinin və Nəriman Nərimanovun ölümləri barədə sualınıza gəlincə: əgər ölümlərində şübhə varsa, Azərbaycan dövləti məzarlarını açdırmalı, bütün testləri yapdırıb ölüm səbəblərini aydınlaşdırmalıdır. 18 iyul 1921-də daşnak terrorçu Torlakyan tərəfindən İstanbuldakı Pera Palas otelinin qabağında şəhid edilən Behbud xan Cavanşirin vurulduğu yerə xatirə lövhəsi asılmasını da gündəmə gətirmək lazımdır.

- Ümumiyyətlə, o dövrü araşdıran türkiyəli tədqiqatçılar Əbilovun diplomat kimi fəaliyyətinə diqqət ayırırlarmı?

- Türk diplomatiyasının tarixinə dair cildlərlə kitablar yazılıb və yazılmaqda davam edir. Əlbəttə ki, Türkiyə Cümhuriyyətinin qurulmasından əvvəlki diplomatiya tarixi kitablarında İbrahim Əbilova xüsusi yer verilir. Mustafa Kamal Atatürklə İbrahim Əbilov arasındakı dərin və isti münasibətlər türk diplomatiyasının Azərbaycanla qurduğu münasibətlərdə həmişə yolgöstərici olmuşdur. Bir dövlət başçısının başqa ölkənin səfirlik binasının açılışında iştirakı diplomatiya tarixinin nadir hadisələrindəndir. İbrahim Əbilovun etimadnaməsini qəbul edəndən bir neçə gün sonra Qazi Mustafa Kamal Paşanın Azərbaycanın Ankaradakı səfirliyinin açılışında iştirak etməsi nadir örnəklərdən biridir.

 

 

 

Elnur Eltürk

Təzadlar.- 2014.- 11 fevral.- S.10.