Ustad Bəxtiyar Vahabzadənin  xatirə günüdür

 

Xalq şairi Bəxtiyar Vahabzadə haqqında poema

Tanınmış şair Yusif Nəğməkar türk dünyasının böyük sənətkarı, milli istiqlalımızın yorulmaz carçısı xalq şairi Bəxtiyar Vahabzadə haqqında iri həcmli “BƏXTİYAR” poeması yazmışdır.  Hazırda həmin əsər “Yazıçı” nəşriyyatında nəfis tərtibat və böyük tirajla çap olunur. Bu, Azərbaycanın  mütəfəkkir şairi haqqında ilk bədii əsərdir. Fevralın 13-ü B.Vahabzadənin anım günüdür. Bu ərəfədə  həmin əsərdən bəzi parçaları ixtisarla  oxucularımıza təqdim edirik.

 

 

 

BƏXTİYAR

 

poema

(ixtisarla)

 

 

 

Azərbaycanın ünlü istiqlal şairi, böyük mütəfəkkir, ustad Bəxtiyar Vahabzadənin unudulmaz xatirəsinə

 

 

 

 

 

 

 

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək,

Onun da həyatı yanmağındadır.

 

 

 

B.Vahabzadə

 

 

 

 

 

 

 

Ən, ön, ün

 

 

 

Sən yurduna gərək oldun gərəkdən,

 

Millətinə arxa durdun kürəkdən...

Hər ev sənə  qapı açar ürəkdən! -

Sədaqətin, məhəbbətin dildə car.

Car olmusan, car olasan, Bəxtiyar!

 

 

 

 

Biri sənə diş qıcadı uzaqdan,

Biri səni  soyuq bildi sazaqdan...

Biri dedi: - qoy ismini yazaq dan!..

O, yağıdır, o düşməndir, o da yar,

Yar olmusan, yar olasan, Bəxtiyar!

 

 

 

 

Ağlayanı göz yaşınla kiritdin,

Hər sözünü gövhər etdin, zər etdin!..

Yanar ömrü şamlar kimi əritdin,

Məsləkinlə, əqidənlə şəhid-ər!..

Ər olmusan, ər olasan, Bəxtiyar!

 

 

Çəkdiyin çox zülmü səfa, yaz bildin,

Nə etdinsə öz xalqına, az bildin.

Sən özünü “qırıq telli saz” bildin.

Qələmindir bəhrə verən, sözün bar -

Bar olmusan, bar olasan, Bəxtiyar!

 

 

 

Ürəklərin qulağında pıçıltın,

Pıçıltılar atəşində hıçqırtın.

Hıçqırtınla könül yaxıb, iç qırdın...

Məqsədinin, məramının səsi gur,

Gur olmusan, gur olasan, Bəxtiyar!

 

 

 

 

Güvənc oldun bu Vətənə əzəldən,

Gözəlin də gözəl oldu gözəldən.

Libas biçdin ulu sözə təzədən,

Hər bəndinə, hər misrana gəldi şur,

Şur olmusan, şur olasan, Bəxtiyar!

 

 

 

İlham atın - çılğın köhlən, yorulmaz,

Hayqırmasan, zülmün bağrı yarılmaz,

Haqqa çapar, haqq yolundan burulmaz.

Fəhmi qaynar, eşqi ümman, təbi kür,

Kür olmusan, kür olasan, Bəxtiyar!

 

 

 

 

Yoxluğunu illər sayır, şairim,

Varlığını zaman yayır, şairim,

Var olanı yoxdan ayır, şairim,

Məndə varsan, bizdə varsan, eldə var.

Var olmusan, var olasan, Bəxtiyar!

 

Ön ün

 

 

 

Çarpan ürəklərdə ümid heykəldi,

Arzunun, diləyin pakı da onun.

Şəkidə doğulub, Bakıya gəldi,

 

 

 

Şəki də onundur, Bakı da onun.

Sevgisi bahardı, qəzəbi qışdı,

Xalqını böldülər, şair çaşmadı.

Ayrılıq sözündən elə qorxmuşdu,

Şəkiyə  ayrıca nəğmə qoşmadı:

 

 

 

“Bir nəğmə qoşmadım hələ mən sənə,

dağlar bunu mənə kəsir sanmasın.

Mən dedim vurğunam Azərbaycana,

Deyirəm heç zaman xırdalanmasın

könlümdə ucalan bu avaz, bu səs.

Böyükdür, ucadır məsləkim mənim.

Bala anasına sevirəm deməz.

Mən də deməmişəm, a Şəkim mənim...

 

 

 

Mən həm Bakılıyam, həm lənkəranlı,

Gəncəli, Qubalı, həm Naxçıvanlı,

Şəkili, Şirvanlı, Qarabağlıyam,

Bütöv vətənimə bütöv bağlıyam...”

 

 

 

 

Bu şeir sonralar yazılacaqdı,

Toxumu şairin duyğusundaydı,

Kəlamı min yerə yozulacaqdı...

Yozanlar yozumu aləmə yaydı...

 

 

 

O işıqlı sözlər-nuru əməlin,

Yerlilik, bölgəlik meylindən uzaq.

Millətçi şairin  adını, gəlin,

Bu yerdə biz, həm də bəşəri yazaq!..

 

 

 

Fikriylə sərhədlər söküb-qıranla

Dünyaya ün salan ünyəvi olur.

Dünyanı qəlbinə sığışdıranla

Dünyanı düşünən dünyəvi olur.

 

 

 

Qəlbiylə alışıb o, dindiyindən,

Gözünü qəlbinin dağına sıxdı.

Ürəyi sağ yanda döyündüyündən

Sözünü köksünün sağına sıxdı...

 

 

 

Bəxtiyar zirvələr tanıdı bir-bir,

Sözüylə ağlının rəsmini çəkdi.

Dilindən düşmədi Füzuli, Sabir,

Dinəndə Vurğunun ismini çəkdi.

 

 

 

 

 

 

 

Vurğun da vuruldu onun sözünə,

Təbində kəşf etdi ulduzu, Ayı,

Qartal, baxışını vermiş gözünə,

Kürlük bəxş etmişdi ona Kiş çayı.

 

 

 

Dərin dərələrin dərinliyindən

Dərinlik vermişdi ona təbiət.

Döyən dolulardan saçları dən-dən;

Ruhuna çökmüşdü ana təbiət.

 

 

 

Millətinin səsi məhrəm səsində,

Üzü xalq önündə şairimiz.

Ən uca dağların silsiləsində

O məğrur, möhtəşəm dağ-şairimiz.

 

 

 

Adına bağlandı vaxtın gərdişi,

Zamanın özündən yarıdı özü.

Şairi qorumaq - Xaliqin işi,

Şairlik adını qorudu özü...

 

 

 

O ad peyğəmbərlər yolunun ardı;

Dünyanın təcəlla uman yeridir.

Bəxtiyar adını bir bəxt apardı,

O bəxt də millətin güman yeridir!..

 

 

 

Tale hökmü

 

 

Övladı olmurdu Mahmud ağanın;

Ata Zəkəriyyə fikir çəkirdi.

Ögey Bəxtiyarın - körpə çağanın

Xəyalı Mahmudu silkələyirdi...

 

 

 

 

 

 

 

Bəlkə övladlığa götürsün onu -

Qardaş qardaşına atalıq etsin.

Səsləyib Bəxtiyar Mahmud “oğlunu”

Qardaşın “atası” murada yetsin.

 

 

 

 

 

 

 

Axır bu fikirlə, bu məram ilə,

Yığıldı doğmalar, qonum-qonşular.

Sevinc bəxş etməkçün həm Mahmudgilə

Verdilər qardaşı qardaşa onlar.

 

 

 

 

 

 

 

Xanım Məcid qızı həsrət qaldığı

Ciyərparasından neyçün əl üzsün?!

Döşündən süd verib, layla çaldığı

Doğma Bəxtiyarsız bəs necə dözsün?!

 

 

 

Ananın gözləri doldu, neyləsin?!

Körpə balasından ayrılırdı o.

Oğlunu ötürsün, yoxsa əyləsin?-

Suallar içində bayılırdı o.

Ancaq bilirdi ki, sonsuz olanlar

Nələr düşünürlər, nələr çəkirlər.

Həyatda övladsız yaşa dolanlar

Gülən gözlərindən qan-yaş tökürlər...

 

 

 

 

 

 

 

Onunçün ağlayıb o narın-narın

Sonra toxtaq dedi: - söz bəlli olsun -

-Qoy könlü açılsın övladsızların,

Bəxtiyar onlara təsəlli olsun.

 

 

 

 

 

 

 

Eşidən, Xanıma alqış söylədi,

Hər ana bu ürək yiyəsi deyil.

Görənlər gördü ki, Xanım neylədi...

Kimsə Allah qədər görəsi deyil!!!

 

 

 

Mahmud, qardaşının tutub əlindən

Onu övlad kimi bağrına basdı.

“Oğul” sözü qopdu ana dilindən

Sanki Xanımın da qəlbində yasdı...

 

 

 

 

 

 

 

Bir insaf işığı, mürvət duyğusu

Çıxarmaq istəyir onu bu “yas”dan...

Ananı çulğayan hissə, doğrusu,

Bir dastan yazıla, gərək bir dastan...

 

Sığınıb Mahmuda getdi Bəxtiyar,

Üstündə bir qardaş - ata sayəsi.

Millətçi şairin qədərində var;

Özgə bir millətin qızı-dayəsi...

 

 

 

 

 

 

 

Körpəcə Bəxtiyar qardaş evində

Özünə doğmalıq ocağı tapdı.

Qardaş-oğlum-dedi, uşaq sevindi;

Məhəbbət, mərhəmət qucağı tapdı...

 

 

 

 

 

 

 

Mahmud-ögey qardaş duyub andı ki,

Sağala bilərmiş hər dərd, yara da...

Doğmalıq çırağı elə yandı ki,

Əridi ögeylik buzu arada.

 

 

 

 

Əridi, əridi o buzlaq, o qar,

Soyuqdan bir əsər, nişan qalmadı.

Ata-qardaşına ögey Bəxtiyar

Vətənə, millətə ögey olmadı!..

 

 

 

Sənətkar adını qorudu şərdən,

Bəzən gileylənib, deyindi şair.

Soyuqluq görəndə mərtəbələrdən

Torpağı əyninə geyindi şair...

 

 

 

 

 

 

 

Gördü ki, əyninə gəlmir torpağı;

Basılıb, kəsilib, qısalıb boyu.

Yağı tapdağında aranı, dağı...

Yamanca qarışıb, çirklənib suyu...

 

 

 

Boynubükük qalıb, qədim bir ölkə,

Həm   möhtac qalıb haqqa, dəyərə...

Torpağın altına girdi ki, bəlkə

Torpağın üstündə qeyrət göyərə.

 

 

 

***

 

 

 

Hər misrası, hər sözü-

Hər gerçəyi, hər düzü,

Bugünü, gələcəyi,

Öyüləsi dünəni

düşmənlərə görk olan,

 

 

 

Yeddi arxadönəni

Saf, türk oğlu türk olan

Bəxtiyar böyüyürdü,

Körpəlikdə  Şəkidə,

Cavanlıqda Bakıda...

 

 

Vurulub çəməninə,

Vurulub hər dağına,

Mehr salıb yurdunun,

Səmasına, yerinə.

Vurulub torpağına,

Aşiq olub Füzuli,

Vaqif, Vurğun şeirinə.

Bəxtiyar böyüyürdü

Körpəlikdə Şəkidə,

Cavanlıqda Bakıda...

 

 

 

Deyirdi:- Yurdumuzun

Şərəfli, keşməkeşli

Tarixini bilməli.

Sözümüz nizamına,

Şeirimizin nitqinə

 

 

 

Sabir ruhu çökməli,

Vurğun dili gəlməli!..

O, fikrini böyüdüb

Beləcə böyüyürdü

Körpəlikdə Şəkidə,

Cavanlıqda Bakıda.

 

 

 

 

 

 

 

Buz bulaqlar başında

Sulartək durulurdu.

Gülüstan qucağında

Min gülə vurulurdu.

Enişdə nəfəs dərib,

Yoxuşda yorulurdu -

Beləcə düşünürdü,

 

 

 

Belə yaşa dolurdu,

Körpəlikdə Şəkidə,

Cavanlıqda Bakıda.

Öz ata ocağında

 

 

 

Sevgilər qucağında

Qayğısı böyük olan

Bir külfəti görürdü.

Bəzən də bir sifətdə

Min sifəti görürdü...

Böyük nəsihətindən,

Uluların əlindən

göz açandan  su içib,

 

 

 

Fəhmi, həssaslığıyla

yaxşını pisdən seçib

Seçilirdi Bəxtiyar -

Körpəlikdə Şəkidə,

Cavanlıqda Bakıda.

Onun təsəvvüründə -

Bacılar mələk idi,

Ata, baba, qardaşlar

Ailəyə dirək idi.

Həlaf, baqqal dükanı

bir nəslə çörək idi.

o görürdü ki, həm də

aclıq, toxluq içində

Mükəmməl söz, düz kəlam

Ruzitək gərək idi...

 

 

 

 

 

 

 

Ətəyinə daş yığanlar

yaxud,

Ətəyi daşlılar

Üzü nurlu,

Şax, qürurlu

Arıq, cılız,

 

 

 

Bir qədər tünd,

Bir az qəliz,

Fikri aydın,

Sözü qəti

Hərəkəti, tərpənişi

 

 

 

Çəpik, iti.

Həm qayğıkeş Zəkəriyyə

dağa qalxdı.Sıldırımlar qaşındakı,

Sərt qayalar döşündəki

 

 

 

şah palıda,

şama baxdı.

Bir meşəyə,

Bir də, bir də tez düşən axşama baxdı...

Gördü odun qırmağına

az bir  məqam,

bir macal var...

Xəyalına gəldi bu dəm

böyük oğlu -

yolunu gözləyən Mahmud,

Bir də

Xanımdan olan övladı -

İsfəndiyarla Bəxtiyar...

Əlindəki şümal üzlü,

Od ağızlı

baltanı  vurdu palıda,

Göy meşəyə düşdü səda.

 

 

 

Cökə çökdü dizinəcən,

yal titrədi,

gədik əsdi.

 

 

 

Yol ayrıldı,

 

 

 

Cığır qaçdı

dağ kəlinin izinəcən...

- Qılınc qollu Zəkəriyyə

budadığı  ağaclardan,

 

 

 

baltalayıb doğradığı

Çırpıdan halə bağladı,

Kəsik-kəsik budaqları

Fındıq şiv telə bağladı -

Quru torpaq çatlar üstdə

 

 

 

Kəndir açıb otlar üstə,

Odundan şələ bağladı.

Boz kəndirin uclarını

 

 

Çiyinə, ələ bağladı-

Şələni belə bağladı...

Gələcəkdə

o şələnin şöləsində,

o şölənin

 

 

 

göz-göz yanan giləsində

Kür bir şair doğulacaq...

Gah sevincdən çağlayacaq,

Gah qəhərdən boğulacaq.

Qəzəbində söz silləsi,

 

 

 

Kürəyində

söz şələsi daşıyacaq...

Öz xalqının, millətinin

Ürəyində yaşayacaq...

 

 

 

***

 

 

 

Ətəyinə daş yığanlar -

Çox alovdan, oddan keçdi...

Qızınmaq,

həm işıq -ocaq xatirinə,

Gün-güzəran, dolanışıq xatirinə

bir yol seçdi

zaman-zaman.

Çox qurudan, yaşdan çıxdı

 

 

 

Sevincləri, uğurları,

Çörəkləri daşdan çıxdı...

Bu çörəklə,

Bu ürəklə

bu  adətlə,

bu zəhmətlə,

Bu şəfqətlə

böyütdülər Bəxtiyarı.

Gərək fidan bəslənsin ki,

torpaqlansın, suvarılsın,

 

 

 

Süslənsin ki,

Versin barı.

Körpəlikdə çox eşitdi

Nənələrdən, babalardan,

Aqillərdən

sözü, öyüdü Bəxtiyar,

 

 

 

Belə gördü, belə duydu,

Belə böyüdü Bəxtiyar...

İllər keçdi -

Zaman gəldi,

Kölgəsini daşladılar,

 

 

 

Ətəyinə daş atdılar

Bəxtiyarın.

Zaman gəldi, hörmətini,

izzətini yaşatdılar

Bəxtiyarın.

Zaman gəldi,

qədəminə gül səpdilər,

Gözlərinə  yaş atdılar

Bəxtiyarın...

Gah sevgiylə, gah qəzəblə,

Ucaltdılar,

Yaşatdılar Bəxtiyarı.

Amma yenə

Bu məqamda

Nur idrakdan maya tutub

Şirin, təşnə xəyallara əncam çəkib,

İdrak yolu -

Sual bolu,

eşq dolu,

şərəf bolu,

işıq dolu

Fikrimizə tapaq çara;

Söz göndərək

Bəxtiyardan Bəxtiyara:

“Kimdir mənim

 

 

 

Ən qorxulu düşmənim?

Kaş biləydim bunu mən.

O zərbə vurmamışdan

Kəsəydim yolunu mən.

Kimdir mənim

Düşmənim?

Yaxşımı qoyub

Yamanımı danışanmı?

 

 

 

Yox!

 

 

 

Eyiblərimi deyib

Arxamca gülənmi?

 

 

 

Yox!..

 

 

Mənim nöqsanlarımı

Məndən yaxşı bilənmi?

Yox! Yox! Yox!

Onların gözlərini

Taxaydın öz gözümə.

 

 

 

Özgələrin gözüylə

Baxaydım öz-özümə.

Bacarsaydım bunu mən,

Bu dünyada nə dərdim...

Mən onda öz-özümü

 

 

 

Daha yaxşı görərdim.

Onda eyiblərimə

Özüm düşmən olardım;

görsəydim öz-özümü,

Onda mən, mən olardım!

Ay! Məni məndən gözəl

Görə bilən dostlarım.

 

 

Arxamca qəh-qəh çəkib

Mənə gülən dostlarım.

Gülün, elə gülün ki, çatsın qulaqlarıma -

 

 

 

Sizin gülüşləriniz.

Yamanımı danışın.

Elə danışın ki, siz

 

 

Mən də xəbərdar olum.

Danışın, qoymayın ki,

Mən özümə vurulum.

Ən qorxulu düşmənin

 

 

 

Gələrəm öhdəsindən,

Ancaq özüm özümlə

Bacara bilmirəm mən.

Özüm öz əllərimlə

Bir gün bal içirəmsə.

 

 

 

Bir gün zəhər içirəm.

Mən həyat yollarından

Ayaqlarımla deyil,

Əqidəmlə keçirəm”.

 

 

 

 

 

 

 

İlk təqdir,

yaxud

 

 

 

Səməd Vurğunla görüş

Qalxdı Yazıçılar İttifaqının

sədri Səməd Vurğun kreslosundan.

Yanına çağırıb katibəsini-

- Kimdir Vahabzadə?-soruşdu ondan

-Adı Bəxtiyardır, Səməd müəllim,

Şeiri də çıxmışdı qəzetdə o gün...

- Onu axtarıram elə onunçün.

-Arıq tələbədi, on doqquz yaşlı,

Bir dəri-sümükdür əməlli-başlı...

 

 

 

Amma qılınc kimi iti sözü var,

Həm də ürəyində sənət közü var...

Tədbirlər olanda bura da gəlir,

Amma həmişə yox, arada gəlir...

Cavan şairlərdən seçilməyi var,

Çox gülüb-danışan deyil Bəxtiyar,

 

 

 

- Siz onu çağırıb gətirin bura,

Bir-iki sözüm var  cavan şairə.

- Baş üstə, çağırram, Səməd müəllim,

- deyərək katibə otaqdan çıxır,

Yetib telefona, nömrəni yığır...

 

 

 

***

 

 

 

Ertəsi gün səhər qapı döyülür,

Gələn Bəxtiyardı, çöhrəsi gülür:

- salam, çağırıbsız məni, ay xanım,

Bir az həyəcanlı oldum, nə danım?!.

- , keçin içəri, keçin, Bəxtiyar,

Sizi Səməd Vurğun sormuş biqərar...

 

 

 

Yaxşı ki, gəldiniz, indi gedəcək,

Keçin, o sizinlə söhbət edəcək -

Katibə sözünü bitirib dönür,

Açır iç qapını, Vurğun görünür...

 

 

 

Qartal gözlərinə dəyir kənardan

Bəxtiyar - narahat, nigaran bu an...

- Gəl, oğlum, gəl, görək səni,

Bir dinləyim gərək səni.

təzə şeirini bəyəndim:

sözlərini fırça edib

rəssamlığa girişmisən...

Səni göydə axtarırdım,

Yerdə əlimə düşmüsən.

Bir gəl, özün oxu, görüm, o şeirini,

 

 

 

Öz səsinlə qoy dinləyim mən də səni.

 

 

 

Elə ayaq üstə qalıb Bəxtiyar

Oxuyur şeirini ruhunda vüqar:

“Yaşıl çəmən, ağac altı, bir də ki,

tünd çay...”:

 

 

 

 

 

 

 

Güllü bağça...arx kənarı...bir axşam çağı,

Oturmuşuq kölgəlikdə qardaşımla mən.

Başımızın üstündəki çarpaz budağı

Xışıldadır, xəfif-xəfif külək əsirkən,

 

 

 

Danışmırıq...Dərin sükut çöküb ortaya.

Müsahibim bayaqdandır buğlanan çaya

Zilləyərək gözlərini düşünür müdam...

Nədənsə çox fikirlidir yenə bu axşam.

 

 

 

- Çayını iç.

O danışmır.

- Nə var, nə olmuş?

 

 

Söylə görüm, halın yenə niyə pozulmuş?

Şükür olsun qayıtmısan, sevinək, gülək.

Sən ömrünün bağçasına nəşədən gül ək!

Dillən, görək! Bəlkə bir dərd üz vermiş sənə

 

Yenə dinmir...

 

 

 

Can qardaşım, bir dillənsənə!

Dedikdə o, təslim olub bu inadıma

Deyir: “İndi bir əhvalat düşdü yadıma,

Kədərləndim...dinlə, sənə danışım onu.

 

 

 

Bil dərdimin, düşüncəmin nə olduğunu:

Cəbhədə bir ellimizdən dostum var idi,

Mənim üçün dar günümdə qəmküsar idi...

Arxadakı əlli illik dostluqdansa, bil,

 

 

 

Cəbhədəki bircə günlük möhkəmdir daha.

Çünki orda gün, ay vardır, yoxdur uzun il.

Bu sabahdan umud olmur gələn sabaha...

Hərdən söhbət eyləyirdik döyüş yatanda,

 

 

Gələcəkdə yaşayırdıq hmən bu anda.

Bir gün dostum dedi: “Bir də bağçamızda mən,

Çiçəklərin arasından keçəcəyəmmi?

Kölgəlikdə, otlar üstə oturub həmən

 

 

 

Vətənimin tünd çayından içəcəyəmmi?..

Bunu dedi, bir az keçdi... gurladı toplar...

Biz hamımız tez sarıldıq dərhal silaha,

Döyüş qızdı...qopdu bu dəm bir dəli rüzgar,

Ondan sonra mən dostumu görmədim daha.

 

 

 

Son döyüşdən sağ çıxmadı o nəcib insan.

Budur məni düşündürən bayaqdan bəri...”-

Deyib qəmli söhbətini qurtaran zaman,

Gördüm artıq doluxsunmuş onun gözləri.

 

 

 

***

 

 

 

Külək əsir, xəfif-xəfif yerdə sürünür,

Qəlbimizdə hakim olur dərin bir məlal.

Soyuyaraq qarşımızda çay buza dönür,

Nə içən var, nə danışan...At çapır xəyal.

 

 

 

Həmən əsgər, həmən nakam alnında qürur,

Gəlir mənim göz önümdə canlanıb durur.

Elə an var, insan onu unuda bilməz,

Cingildəyir qulağımda bir ahəstə səs:

 

 

 

“...Dostum! Görən  bir də güllü bağçamızda mən,

Çiçəklərin arasından keçəcəyəmmi?

Kölgəlikdə otlar üstə oturub həmən,

 

 

 

Vətənimin tünd çayından içəcəyəmmi?..

 

 

Gənc oxuduqca o şeiri

Vurğun xəyallara daldı

Gördü ki, misralar içrə

Baş verənlər bir məlaldı.

 

 

 

Gördü ki, bu tərənnümdə

Şair nəfəsi duyulur

Bağrı yarılır duyanın,

Yazanın qəlbi oyulur...

 

 

Dedi: - sağ ol, cavan oğlan!

Fitrətində şairlik var.

Fikrin səlist, dilin aydın,

Bugündən ilham nurunu

 

 

şairtək ellərə yaydın.

Dilin saf, təmiz, şirindir,

Xəyalların da dərindir.

Öz yönün, öz üslubun var,

Bu yolda sənə uğurlar!

 

 

 

Bəxtiyar dilləndi: -Ustad, sağ olun!

Sənət meydanında uca dağ olun!

Onsuz, məskəniniz zirvə yeridir,

Bizimçün örnək də Vurğun şeiridir.

 

 

Daim qəlbimizdə yaşar adınız,

Məni düşündürür etimadınız...

Onunçün düz yoldan sapmayaq gərək,

Söz atın bihudə çapmayaq gərək.

 

 

Bəxtiyar Vurğunla vidalaşaraq,

Şəstlə ittifaqdan qayıtdı evə.

O vaxtdan qələmə sarıldı qəlbən,

Yazdı yana-yana, həm sevə-sevə...

 

 

 

(Ardı var)

Yusif Nəğməkar

Təzadlar.- 2014.- 11 fevral.- S.8-9.