Məmməd Arazlı günlərin kitabəsi:
“Ömürdən yarpaqlar”
Ustad Məmməd Arazın ömür-gün
yoldaşı Gülxanım Fətəliqızının bu
kitabı çox gizli mətləblərin
açarıdır, bizim kim olduğumuzun
güzgüsüdür...
(Əvvəli ötən saylarda)
11-12 mart - Məmməd işdən qayıdanda məni “muştuluqladı”:
- Bu gün yanıma “Açıq söz” qəzetinin redaktoru gəlmişdi, yanınca bir müəllimə də gətirmişdi. Redaktorun uşaqlarına ingilis dilindən dərs deyir. Mənim “Salamat qal” şeirimə “düzəliş” etmək istəyirmiş, bir misra əlavə edibmiş.
- Bu necə misradır ki, müəlliməni sənin
hüzuruna gətirib? Misranı de görək.
- Misra? Hə,
“Sel, salamat qal”
- Elə
bunu demək üçün yanına gəlmişdi?
- Hə.
- Vallah,
camaatın başı xarabdı.
Əhməd
Elbrus telefonla bildirdi ki, çəkdiyi veriliş axşam saat
19:10-da “Bu dünyanın qara daşı göyərdi”
başlığı ilə veriləcəkdir, baxın.
Veriliş yaxşı alınmışdı. Məmmədin
dili elə bil açılmışdı. Çox yaxşı danışırdı. Şeirlərindən parçaları da gözəl
söylədi.
Çəkilişdə
Əhməd Elbdrus
yaman asıb-kəsirdi ki, burda nə
danışmışıq hamısı efirə gedəcək,
amma onun bəzi adamların ünvanına dediyi sözlərdən
əsər əlamət qalmamışdı. Ancaq
quru təşəkkür sözləri qalmışdı.
Veriliş qurtarandan sonra Saatlıdan Hüseyn,
Şəmkirdən isə Aslan Aslanov verilişə
baxdıqlarını söylədilər. Aslan müəllim
dedi ki, veriliş bizi sevindirdi, yanımda Gəncədən
Bağır müəllim də var. Gül-çiçək
vaxtı gəlib sizi Şəmkirə aparacağam. Sonra Cəlal
Əliyev zəng edib verilişi təriflədi:
- Məmməd,
ev məsələn kişi ilə mənim
yadımdan çıxmayıb, bu günlərdə məsələ
həll olunacaq, Novruz bayramında sənə yenə zəng
edəcəyəm.
13 mart - Sənə bir əhvalat
danışım:
-
Keçmişdə bir padşah ölkəsinə fərman
yayır ki, gedər-gəlməzə göndərmək
üçün adam axtarır. Ölkə adamlarından bir səs
çıxmır. Bir xeyli müddət keçəndən
sonra görür ki, elçi daşının üstündə
bir adam oturub. Şah sevinib adamı
yanına çağırır:
- A kişi, nə istəyirsən, tələbin nədir?
-
Padşah sağ olsun, gəlmişəm ki, bildirəm mən
də gedər- gəlməzə gedə bilməyəcəm.
İndi sənə xəbər verim ki, kitaba
sponsorluğa söz verən biznesmen telefonla bildirib ki,
bağışla, xərci çəkə bilməyəcəm. Əlirza da əlində
bir balaca suvenir kitabla gəlib ki, icazə ver sənin də belə
bir kitabını çap edək. Mən
icazə vermədim.
20 mart - Axşam rəssam Adil Rüstəmov
bayramımızı təbrik etdi:
-
Gülxanım bacı, mənə “Humay” mükafatını
verəcəklər. Martın 28-də
baxarsınız. Məmməd müəllimin
əli yüngüldür, bu, artıq yeddinci mükafatdır
ki, alıram. Mən radio, televiziyadan
çox Məmməd müəllimi təbliğ edənlərdən
biriyəm. Həmişə onun şeirlərini
məclislərdə əzbərdən deyirəm və
eşidənlər hamı bir ağızdan deyir ki, nə
gözəl şeirlərdir. Bu dəfə
də ondan bir bənd deyəcəyəm, vaxt olsa yolumu sizdən
salacağam, Məmmədlə söhbətləşərik.
24 mart - İlyas
Tapdıq bizə düşdü. Başım
çox qarışıq olduğuna görə söhbətlərinə
dəqiq qulaq asa bilmədim. İlyas
danışırdı:
- Mənim
ilk şeirim atamın cəbhə məktublarına aid idi. Şeirim yaxşı sonluqla qurtarmışdı.
Sonra ədəbiyyat müəlliməmiz
şeiri oxuyub məni yanlış yola saldı. Dedi ki,
belə yazsan yaxşı olar. Sonra müəlliməmiz bizə
təklif etdi may bayramına şeir yazaq. Yazdım,
sonralar həmin şeiri Bakıda Qabilə oxudum. Qabil
özündən çıxdı, mənə möhkəm
təpindi: “Bu nə şeirdir yazmısan, get öz yolunu tap”,
- dedi. Amma həmin “şüarı” ədəbiyyat
dərnəyində oxuyanda İsmayıl Şıxlı bəyəndi.
Nasir olsa da, şeiri bir o qədər bilməsə
də bəyəndi. Məmməd, onda sənin də
“Yanın işıqlarım” şeirin
çıxmışdı.
İlyas
bunu da əlavə etdi ki, indinin özündə də,
baxmayaraq belə Məmməd xəstədir, ona
paxıllıq edənlər var. Mən bir-ikisinin
cavabını verdim, onlar özlərini dahi hesab edirlər. Guyamış haqlarını hələ də ala
bilməyiblər (adlarını da çəkdi. Məmmədin möhkəm tənbehinə görə
adlarını yazmadım).
İlyasın sonrakı söhbətlərinə qulaq
asa bilmədim.
Ümumiyyətlə, bu nəslin çox
maraqlı söhbətləri olur.
3 aprel - Əhməd Elbrus verilişdən sonra ona zəng
edib sponsorluq etmək istəyənlərin saysız
olduğunu, eyni zamanda onlardan birinin milyarder Həbib olduğunu
söylədi.
- Vallah, mən
o qədər yalan eşitmişəm ki, heç birinin vədinə
inanmıram.
Sonra
ironiya ilə Məmmədən soruşdum:
-
Kişi, nə oldu görəsən, Elbrusa zəng edib
sponsorluq etmək istəyənlərdən biri heç olmasa
meydana çıxarmı görəsən?
- Millət öz
içindən özünə düşmən axtarmaqla məşğuldur,
sponsorluq bu saat heç kimin yadına düşmür - cavab
verdi Məmməd.
5 aprel -
Tuncay səhər tezdən məni xəbərdar etdi:
- Nənə,
sənə iki pis xəbər verəcəyəm, deməsəm
olmaz.
- Nədi,
mənim balam.
- Nənə,
Türkeşi tanıyırsan da. O, əvvəl Almaniyaya,
türklərin yandırıldığı şəhərə
gedib. Oradan qayıdandan sonra bir neçə
başqa yerə gedib, ürəyi partlayıb ölüb.
Ikincisi lap pis. Sizin yaxın
dostunuz Tofiq Mahmud bu gün səhər ölüb. Təzyiqi qalxıb, paralic olub, iki gün qalıb,
sonra ölüb.
Məmmədə baxdım, o, nəyin isə
yaxşı olmadığını anladı.
-
Özünü ələ al, Məmməd, Tofiq Mahmud rəhmətə
gedib.
- Necə ola bilər, axı onunla dünən
görüşmüşdüm? Deyirdi ki, əmi,
bu kitabına da redaktor olmaq istəyirəm. Eyni zamanda, məni 4-cü günə Yusif Əzimzadənin
xatirə gecəsinə dəvət etmişdi.
- Yox, sən
4-cü gün işə getmədin axı. O da həmin
gün evə qayıdanda huşunu itirib.
- Tofiqin qəh-qəh
çəkib ürəkdən gülməyi vardı. Deyərdi, əmi, sənin xidmətində
durmağımla fəxr edirəm. Təəssüf
edirəm məni sevənlər bir-bir yoxa çıxır, təklənirəm.
7 aprel - Məmməd, Əhməd Elbrusa söz verən
adamlar gör nə cür mahir yalançıdırlar ki,
hamısına fırıldaq gələn adamı da aldada
biliblər.
- İdris Zamanlı haqqında lətifəni eşitmisən?
-
Yadımda deyil.
- İdrisin yalanlarını eşidən molla istəyir
ki, İdrislə üzləşib onu yalanla məğlub
etsin. Görüşürlər. İdris mollaya
deyir ki, sən burda dayan, mən bu saat gəlirəm,
deyişərik. Molla xeyli gözləyir,
İdris gəlib çıxmır. Molladan soruşurlar
ki, molla, xeyir ola, belə kimi gözləyirsən?
- İdris Zamanlını gözləyirəm, bu saat gəlirəm
deyib gedəndir, hələ gəlib çıxmayıb -
cavab verir molla.
Adamlar
gülüşürlər:
- Molla,
İdris səni aldadıb, aldanmaq bəs necə olar? İndi Elbrusa da yalandan vəd verib mollanı aldadan
kimi aldadıblar.
14-15 aprel - Mətbəxi yığışdırmaqla məşğul
idim. Məmməd
soruşdu:
- Xəbərlərə
baxdınmı?
- Yox.
- Sən
də axmaq verilişlərə baxırsan, lazım olana
baxmırsan. Qəzetləri tənqid ediblər
ki, İsgəndərin müdafiəsinə qalxıblar.
Nə olsun? Rusiyada Yeltsinin
bütün siyasətini alt-üst edirlər, hökümət
öz işini görür, prezident öz işini. Qəzetlər öz vətəndaşını
müdafiə edir, bunun üçün kompaniya şəklində
hücuma keçmək lazım deyildi, belə olan halda
hansı demokratiyadan danışırlar görəsən?
Nizami adına
muzeydən Nərmin adlı elmi işçi Məmmədin
xaricdə çıxan kitabları, ümumiyyətlə
xarici dildə nəyi vardırsa maraqlanırdı. Məndə olan materialları qaytarmaq şərtilə
verdim. Həmin materiallar əsasında
monoqrafiya yazacağını və bir də xaricdən gələn
elmi yaradıcı adamlara göstərmək üçün
müxtəlif şairlərə aid guşə
hazırladıqlarını söylədi. O cümlədən
də Məmmədə aid. Nərmin xanımı
razı yola saldım.
-
Gülxanım, bu gün işə yanıma Saleh bəy
adlı bir nəfər gəlmişdi. “Ermənilik”
adında bir kitab yazıb, ingilis, rus dillərində çap
etdirib. Kitabda 1937-ci illərin hadisələrini
əks etdirib. Onun yazı stilindən
xoşum gəldi. “Ermənilik”
kitabının ideyasını mən vermişdim. Onların ziyalıları həmişə ayıq
olub və həmişə də xalqını
başqasının torpağını işğal etməyə
çağırıblar. Raffini,
Silvanı oxumusan. İnanmıram ki,
döyüşsüz Qarabağ kimi bir torpağı geri
qaytarsınlar. Bu torpaq nə qədər
hücumlara məruz qalıb.
Adlara bax, “Bağrı qan” - Nə qədər
nakam məhəbbətlərə, əliqoynundalara xatirə
yeri. “Topxana”, “Çaxmaq” - və s. hücum, müdafiə,
döyüş, atışma... Xalqın tarixinə
tuşlanan güllələr, tökülən nahaq qanlar,
yandırılan əl yazmaları...
16 aprel - Məmmədə aid verilişlərin birinin
çəkilişində iştirak edən Azad adlı cavan
saat 6-da bizə gəldi. Azad gəlişinin məqsədini belə
açıqladı:
- Məmməd
müəllim, gələcək üçün
haqqınızda film çəkib saxlamaq istəyirəm,
sponsorlar var, sizin xətrinizi çox istəyirlər, ancaq
maliyyə nazirliyindən çəkinirlər. Çünki
biznesmenlərin də özlərinin fırıldaqları
var. Həm də mən çəkib sonra ssenarini
yazacağam. Ya da yazdıracağam.
Sonra bir xəbər
çıxmadı...
23 aprel -
Dərman almaq üçün aptekə gedəndə Qurbani
ilə rastlaşdım:
- Ay Qurbani,
nə oldu sən də vəfasızlar sırasına
keçib Məmmədi yaddan çıxartdın?
-
İnan, Gülxanım bacı, ev
qayğılarından əlavə o qədər işim olur
ki... Qurban bayramında Yaşar Aydəmirovun
yanında idik. Bilirsən, nə ordu
yaradıb, necə Azərbaycan ruhludur. Mənə
yalvarır ki, Məmməd əmini gətir, əsgərlər
onu görmək istəyirlər. Bir-iki gecə qalsın, biz ona qulluq
edək. Hər dəfə Murova gedəndə
lövhənin qarşısında çıxış edirəm,
radioda həmişə verirlər, qulaq
asırsınızmı?
- Yəni
lövhə vurulub?
-
Çoxdan vurulub.
25 aprel - Məmmədin işdən qayıtması ilə
Nərmin xanımın bizə gəlişi eyni vaxta
düşdü. Apardığı kitabları da geri
qaytarmışdı. Nərmin xanım bir istəyini də
bizə bildirdi:
-Mən
istəyirəm ki, Məmməd müəllimə aid bir
guşə düzəldim, gələn xarici qonaqlara deyəm
ki, bizim belə gözəl fəlsəfi şairimiz var. Bax,
bunlar da onun xaricdə çıxan şeirləridir. Bir şəklini də versəniz yaxşı olar.
Məmməd müəllimin şeirlərini mən yenidən
oxudum, elə bil yeni bir dünya kəşf elədim,
yoldaşlarıma söylədim, qulaq asın qızlar, gör
Məmməd müəllim nə yazır:
Ürəyimsiz
kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdir
yazanım...
Onun “Dünya sənin, dünya mənim” şeirinin əlyazmasını
da versəydiniz pis olmazdı.
Nərmin
xanımla söhbətində Məmməd ədəbiyyatımızın
təbliğinin zəif olduğundan danışdı:
Bizdə
qardaş xalqlar ədəbiyyatına geniş yer verilir. Necə ki, biz Nizamini, Füzulini, Sabiri öyrənirik,
eləcə də Puşkini, Lermontovu, Tolstoyu öyrənirik.
Amma Nizamini, Füzulini, deyək ki,
Puşkin, Tolstoy səviyyəsində
öz içimizdə tanımayanlar da var, ədəbiyyatımızı
qaldıra, təbliğ edə bilmirik...Bir də onu qeyd edim
ki, ruslar Puşkini təbliğ edirlərsə, onunla birlikdə
Lermontov, Nekrasov, Tvardovski, Yevtuşenko və eyni zamanda,
bütün cavanlar tədqiq olunur və öyrənilir. Bizdə
isə əksinə...
Tutalım, bizim günahımız
öz ədəbiyyatımızı istənilən səviyyədə
təbliğ edə bilməməyimizdirsə, asılı
olduğumuz imperiyanın da günahı bundan az
olmayıb. Dünya ədəbiyyatını öz milli ədəbiyyatı
səviyyəsində də oxumamaq, bilməmək isə məhdudluqdur.
Nərmin xanımın xahişini yerinə yetirəcəyimə
söz verdim.
29 aprel - Sumqayıtdakı
görüşü təşkil edənlər - Sabir Sarvan,
aparıcı İlham, Ağalar və Aşıq İlham gecənin
necə təşkil olunacağından danışdılar.
Sabir məlumat verdi:
- Biz gecəyə elə şeirləri seçmişik ki, o, poeziyadır, yaradıcılığınızı hər tərəfli əhatə etməyə çalışmışıq.
Dilləndim:
- Məncə, “Kəlbəcər qaçqınları”, “Dilənçi qaçqın” şeirləri də oxunsa yaxşı olar.
İlham:
- Bilirsinizmi, o şeirlər zamanla səsləşən
şeirlərdir. Ola
bilsin qaçqın bu gün var, sabah yox. Qaçqın yoxdursa şeir də ölür.
Biz Məmməd müəllimin kölgədə
qalan şeirlərini verməyə
çalışırıq. Görsünlər
ki, poeziya nə deməkdir.
Ağalar bir neçə şeir söylədi, İlham
da saz çalıb oxudu. Yılmaz da sakitcə qucağımda
oturub sazın səsinə qulaq asırdı.
(Ardı var)
Təzadlar.- 2014.-
11 fevral.- S.6.