Məmməd Arazlı günlərin kitabəsi:“Ömürdən
yarpaqlar”
Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...
(Əvvəli ötən saylarda)
2 may - Cəfər qardaş Məmmədin
görüşünə gəlmişdi, ürək dolusu həcc
ziyarətindən danışır, yol boyu ərəb dili ilə
paralel türk dilinin işləndiyini sevinclə qeyd edirdi. Məmməd
özünün Sumqayıtdakı görüşünə
görə narahat olduğunu bildirdi. Sonra kitabın
çapı ilə maraqlandılar. Onlar getdilər.
Cəfər
Sumqayıtdan bir də zəng edib telefonla bildirdi:
-
Bacı, mən bu saat icra başçısının köməkçisinin
yanından danışıram. İcra
başçısına deyiblər ki, ssenarini siz
yazmısınız.
- Yox, Cəfər
qardaş, biz ssenari yazmamışıq, xəbərimiz yoxdur,
amma Sabir Sarvan dedi ki, gecə Aybəniz Haşımovanın
mahnı oxuması ilə açılacaq. Söz veriblər
ki, hər iş yaxşı olacaq.
-
Bacı, bunlar Sabir Sarvanı axtarıblar, tapmayıblar. Mən
Şakir müəllimə dedim ki, qardaşım
ömründə ssenari yazmayıb, bacım da elə. Qardaşıma de ki narahat olmasın.
Gecə
saat 1-də Akif Mədətov zəng etdi:
- Ay Akif,
xoş gəlmisiniz, bizə niyə düşmədiniz? Belə gec danışmaqda bir hadisə olmayıb ki?
- Müəllimə,
bir həftədir ki, qanköçürmə xəstəxanasındayıq.
Vəfanın vəziyyəti ağır idi.
Qanında zəhərlənmə var. Evə təzəcə
gəlib sizə zəng çalmışam. Bir de görüm, vəziyyətiniz necədir?
3 may - Məmməddə
xasiyyətdir, çağırılan yer olanda vaxtından əvvəl
hazırlaşar. Yenə də 5-in
yarısında hazır dayanmışdı. Sumqayıt Mədəniyyət evinin
qarşısında icra başçısı Məmmədi
qarşılayıb içəri apardı. Çay
süfrəsinin arxasında Cənublu qarmon çalan Rəhman, bir nəfər
də Almaniyada yaşayan ayrı cənublu, Piruz Dilənçi,
Musa Yaqub və Söhrab oturmuşdu.
Salona
daxil olanda gözə çarpan yerdə iri plakatda bu sözlər
yazılmışdı:
“Azərbaycan
ədəbiyyatında Məmməd Araz poeziyası fövqəladə
hadisədir...”
Heydər
Əliyev
Solda:
“Vətən
mənə oğul desə nə dərdim,
Mamır
olub qayasında bitərdim...”
Məmməd
Araz
Aparıcı İlham Abbasovun giriş sözündən
sonra icra başçısı Şakir Abışov
danışdı. Ağalar Bayramov və Azad
Şükürov şeir oxudular. Musa və
Söhrab Məmmədlə bağlı xatirələrini
danışdılar. Cəfər ailə
adından təşəkkürünü bildirdi.
7 may -
Bacı, vaxtınız xeyir, axır ki, telefonunuzu tapa bildim,
köhnə evinizdə axtardım, dedilər ki, köçüblər.
- Salam,
kimdir bizi belə axtaran?
- Volodya
Qafarovdur, Məmmədlə danışmaq olarmı?
- Təəssüf
ki, evdə yoxdur, Volodya. Nömrənizi qoyun Məmməd
gələndə özü sizə zəng edər.
- Mən
idarədən zəng edirəm. Evə nə
vaxt qayıdacağamı bilmirəm, bağda yaşayıram,
bağda telefonum yoxdur. Məmməd gəzə
bilirmi, nə vaxt evdə olar?
Volodya təkrar zəng etmədi.
8 may -
Şəmkirdən oradakı görüşü əks etdirən
qəzet göndərmişdilər. Qəzetdə
Məmmədə həsr olunmuş şeir vardı. Müəllifi Fərman İbrahimovdur. İki bəndi
xoşuma gəldi:
Məmməd
Araz düşüncəsi, duyğusu,
Nizamlayıb neçə min söz ordusu.
Söz dünyası qonaq gəlib
Şəmkirə,
Çağlayan bir
bulaq gəlib Şəmkirə.
Hər
şeiri döyüşdə igid bir əsgər,
Arxası vətəndi, sinəsi səngər.
Söz
ordusu dayanıbdı səfərbər
Sərkərdəsi
özü gəlib Şəmkirə,
Şairlərin gözü gəlib Şəmkirə.
9 may -
Axşam qonağımız Çərkəz doktor və
xanımı Jalə oldu. Çərkəz doktor
özünün sıxıntılarından
danışdı:
- O boyda yer tikdirmişəm, tələbələr
daha dəhlizlərdə dərs keçmirlər. Heç olmasa sağ ol demədilər. Eh, mən
də özümdən danışıram, bu boyda dahimizi yada
salan yoxdur. Məmməd müəllimin
yaradıcılığı indi olmasa da gələcəkdə
çox tədqiq olunacaq.
- Hə də,
biz olmayanda kimə lazımdır o tədqiqat - deyindim.
Jalə
xanım etiraz etdi:
- Elə
deməyin, Məmməd müəllim başdan-başa fəlsəfədir,
siz də onunla fəxr edə bilərsiniz.
Həkim Yılmaza baxıb təcili sünnət etdirmək
lazım olduğunu söylədi.
11 may - Məmmədin
heç kimlə bölüşmədiyi xüsusi fikirləri
var. Məsələn əlimə keçən bu kiçik məktubdakı
kimi:
“Əzizim Cəfər!
İran prezidentinə yazdığın açıq məktubu
oxudum. Mətləb aydındır. İran
rəhbərliyi İslam bayrağını qəbul edib ona tərəf
addımlayan öz din qardaşlarına əl uzatmaq əvəzinə,
əksinə, bizimlə işğalçılıq
müharibəsi aparan erməni qonşularına daha doğma
münasibət bəsləyir. Bu məsələləri
təsdiqləyən açıq faktlar varsa, çox pisdir.
Bir məsələ var ki, prezident hələ
İran xalqı demək deyil. Mənim
yekun fikrim budur ki, İranı bütün bu hadisələrə
münasibətdə neytrallaşdırmaq lazımdır.
Diplomatik kanalları, danışıqları
işə salmaq lazımdır. Münaqişəyə
mümkün qədər yol vermək lazım deyil.
9. 6.
92
Məmməd
Araz”
22 may -
Sevda xanım (bəstəkar) Şəlaləni aradı:
- Sevda
xanım, xeyir ola, Şəlaləni niyə
axtarırsınız?
- Nəvəm
üçüncü sinifdə oxuyur, ona Məmməd müəllimin
“Vətən mənə oğul desə” şeirini
tapşırıblar. Bizdə olan kitablarında
yoxdur, xahiş edirəm, həmin şeiri diqtə edəsəniz,
yazım.
Şeiri
diqtə etdikcə Sevda xanım deyirdi:
- Sözlərə bax, aman allah, gör necə deyib!
Məmməd
xəbər verdi ki, bir türk jurnalisti onu
axtarıb.
Türk
qonağımız gəlib çıxdı:
- Mənim
adım Saleh bəydir - Saleh Okumuş. Trabzon
universitetində dərs deyirəm. Azərbaycan
yazarlarından birindən müdafiə etmək istəyirəm.
Mən sağdan sordum, soldan sordum, Yaşar Qarayev də, Nizami
də bene indi yaşar şairlərdən Məmməd
Arazı nişan verdilər. Dedilər ki, türk dünyasının ulu
şairidir.
Saleh bəyə lazım olan materiallardan qaytarmaq şərtilə
bir hissəsini verdim. Saleh suallar da verirdi. Suallardan bəziləri:
1. Ustad,
“Dünya düzəlmir, baba” bu kimdir ki, müraciət
etmisiniz?
Məmməd Cəlil Məmmədquluzadənin
adını çəkdi, mən də Cəlilin şəklini
ona göstərdim.
2.
Türk yazarlarından kimləri oxumusunuz?
Mətbəxdə
olduğum üçün cavabını eşitmədim...
25 may -
Soruşdum:
- A kişi, Saleh bəylə söhbətində
dedin ki, şeirlər məni dağın başından səsləyir,
bu necə ifadədir işlətdin?
- Yox,
düz demirsən, mən yazanda elə bilirəm ki, dağlar
mənim çiynimdən boylanıb baxır, mən həmişə
dağların əzəmətindən, onların
ucalığından zövq almışam. Belə dedim.
Sənətkar insan da dağlar kimidir. Onun heç bir “sənətkar
dağa” bənzəməyən duruşu, vüqarı,
iqlimi, ağlığı, yaşıllığı, xəzanı
var. Ancaq burada bir mühüm fərq var ki, bu dağın
“vulkan müəllifi” də, zəlzələ mərkəzlərini
yaradan daxili təkan da, mühitin “iqlim amillərini” müəyyən
edən təbiətşünas da sən özünsən. Sənətkar
özü-özünü, sənətini dünyaya gətirir.
Dünyada
böyük sənət üçün həmişə
“boş yerlər”
saxlanır. Bəzən yüz illərlə elə
boş qalır, sahibini gözləyir: yalnız o yer
üçün doğulanı.
...Bax
donqar dəvənin səbət yükünə,
Bənzəyir içi boş şöhrət
yükünə.
Ömür
karvanının sənət yükünə
Bir-iki
qeyrətli söz yükləməsək
Sən
kimə gərəksən,
Mən kimə gərək?!
Axşamlar Məmməd həmişə evin ətrafında
gəzişərdi. Qayıdanda mənə söylədi ki,
64 saylı məktəbin şağirdləri oturduğum yerə
gəldilər, məni əhatəyə alıb hamı
birlikdə “Vətən mənə oğul desə” şeirimi
əzbər dedilər. Və mənimlə
şəkil çəkib getdilər.
- Axı
bu gün son zəngdir, ona görə də şagirdlərin
hamısı dəniz kənarındadır.
27 may - Məmməd,
o gün Saleh bəy sənə çoxlu suallar verdi, eşidə bilmədim, nə suallar idi?
- Deyirdi
ki, bəzi şairlərin mövzusu dağdan-daşdan gəlir,
bəzisi kənddən yazır, bəziləri təbiətdən
və sair. Sizə hansı mövzular
doğmadır.
Ona cavab
verdim ki, mən bir sahədə, bir qolda köklənmirəm,
bu mövzuların hamısı mənə doğmadır,
yeri gələndə hamısından yazıram, amma ən
çox dağlara meyl edirəm - ucalıq, əl
çatmazlıq... İkincisi, belə sual verdi
ki, kimi özünə ustad sanırsan, kimdən öyrənirsən?
Dedim: -
Ustad yox, ustadlar - Nizamini, Nəsimini, Füzulini. İzah etdim
ki, fikir
şairi kimi Nizamiyə çatan yoxdur:
Qəlbində
yaxşılıq olan bir insan,
Cahan tutar, onu tutmaz bu cahan.
Böyük Nizami 800 il
bundan əvvəl sənətin baş qəhrəmanını
yüksək insanlıqda axtarırdı. Onun
axtardığı ideal hökmdar yüksək insan olmalı
idi. “Dünyanı becərər ağıllı insan”
deyirdi...
Kainatda hər
şey cəzbə bağlıdır,
Filosoflar bunu eşq adlandırır.
Nizami bunu
X11 əsrdə deyir, Nyuton isə bir neçə əsrdən sonra,
- XV1 əsrdə Yerin cazibə qanunundan
danışmışdı.
Nizami qürubu ilə
keçən bu axtarış Nəsimi üfüqündə
yenidən baş qaldırıb, “Mənəm Allah “, “Məndə sığar iki
cahan...” - deyir.
Mən
yazmışam: “Nə zamansa Nəsimini görəsiyəm”; “Nə vaxtsa
dünyanın duru çağında; Yenidən dünyaya
qayıdacağam”.
Görəsən, dünyanın duru çağında
“Nəsimi olacaqmı?” “Olsa - onu görmək mümkün
olacaqmı?”...
Çətin ki, görünsün. Bəlkə ayrı bir Nəsimi
olacaq - onun zərrələrindən göyərmiş
ayrı bir Nəsimi...
Nə
vaxtsa “Dünyanın duru çağında “ dünyaya qayıtmamaq
insafsızlıq olardı.
Nə
vaxtsa dünyanın duru dəmində,
Yenidən dünyaya qayıdacağam.
Hardasa, nə
vaxtsa tökülən dolur
Qum üstə arzular göyərir onda.
Bir
ömür arxadan əvvələ doğru,
Yaşayan
olacaq mən olmayanda...
Nə yaxşı ümid yeri, güman yeri var. Deməli,
hardasa bir ümid ocağı yanır, bir səs hardasa səni
çağırır.
“Bu haray,
bu od-ocaq “taleyin ümid payıdır”...
- Sabir də həqiqət
axtarırdı. Ondan qabaq da, ondan sonra da
axtarmışlar. Lakin Sabirin həqiqəti
ayrıca bir poeziya dünyası idi. Onun
“Amerikasını” ilk dəfə Sabir tapmışdı.
Bilirsənmi, -
Nizami məktəbi, Füzuli məktəbi və
s. məktəblər çox şairləri bədbəxt
edib, kölgədə qoyub onları, deyiblər ki, ustadı
keçmək olmaz, o sözü ustad dedi, mən deməyim və
s.
- Yox, əzizim,
mən bir ədəbiyyat müəllimi kimi sənin sözlərinlə
razılaşmıram. Onlar o cazibədən
çıxa bilməyiblər, yəni özlərinə yeni
cığır tapa bilməyiblər. Bax,
indi cavanların dilindən sən də eşitmisən, mən
də. Məmməd Araz məktəbi
deyirlər, sənin üslubunda yazanlar çoxalıb, cazibəndən
çıxa bilmirlər. Ancaq bu o demək
deyil ki, onlar sənə hörmət edib səni keçmək
istəmirlər. Özün bilirsən ki,
elə deyil. Nizami məktəbinin davamçıları da elə.
30 may -
“Millət” qəzetindən Məmməddən müsahibə
götürmək istədiklərini bildirdilər. Vaxt axşam saat 6-ya təyin olundu. Sualları mənə yazdırdılar. Dedilər
ki, Məmməd müəllim bu suallara cavab hazırlasın:
AMİP-in təşəkkül tapdığı
günləri necə xatırlayırsınız?
Təşkilat komitəsi yaradıldığı vaxt ən
yadda qalan hadisə.
O vaxt
respulikada siyasi-ictimai vəziyyət bir o qədər də
yaxşı deyildi, yəni sovet DK tərəfindən terror
aktlarının və həbslərin gücləndiyi bir
vaxtda sizi ailə üzvlərindən kimsə siyasi mübarizədən
çəkindirməyə çalışıbmı?
Xalq hərəkatının geniş vüsət aldığı bir vaxtda sizi AMİP-ə gətirən nə idi?
Sualları Məmmədə oxudum. O, səhhəti ilə əlaqədar olaraq suallara cavab verməkdən imtina etdi və cavabını müxbirə çatdırdım.
Axşam Firəngiz telefonla Məmmədə vəziyyətindən danışdı:
- Qərar çıxarmışdılar ki, dövlət Xəlilin qəbrinin üstünü götürsün, amma qərara əməl edən yoxdur. Xəlilin qəbri elə beləcə qalıb. Gündəliklərini bilmirəm hara verim. Mənə köhnə bir maşın veriblər. Heydər Əliyevin qəbuluna düşə bilmirəm. Kömək edən də yoxdur.
Hə, belə-belə işlər, kişi. Dünyanın belə işləri də olur. İki eşşəyin arpasını bölə bilməyənlər pulla oynayır, ölkəni tanıdan, tarixdə qalan sənət adamları isə... yazıqlar olsun, sizin əsl sənət adamlarınıza.
(Ardı var)
Təzadlar.- 2014.-13 fevral.- S.6