Ramiz Qusarçaylı
ucalığına səyahət
Bu yaxınlarda - fevralın qarlı-qırovlu, sazaqlı-şaxtalı bir günündə Sumqayıt ədəbi-bədii cameəsinin ən istəklilərindən olan, “facebook” sosial şəbəkəsindən yaxşı tanıdığımız fotoqraf Şakir Rəhmanın məmləkətimizin dilbər guşələrindən sayılan Qubaya birlikdə səfərə çıxmaq təklifini nə qədər gözlənilməz də olsa, tərəddüdsüz qəbul etdim.
Düşündüm ki, həm gözəl bir gün keçirib kövrək ovqat yaşayaram, həm də dağvüqarlı dağlar oğlu, bütövləşmiş türk kişisi, uca ruhlu milli şairimiz Ramiz Qusarçaylının çayından içib, ziyarətində bulunmaq şərəfinə nail olaram. Elə də oldu. Quba meşəsinin içində qardan sırsıra bağlamış ağacların arasında şirin bir taxta daxmaya saldıq görüş yerimizi. Ramiz bəyin könül dostu, bənzərsiz istedadlı şairimiz Zakir Məmmədin aramıza telli sazla təşrif buyurması məclisimzi daha da rövnəqləndirdi. Zakir bəyin imzasını çox eşitmişdim. Hətta bir şerini hesab dəftərimə köçürdüyümü xatırlayıram
Bu kasıb cibimi;
Bu yazıq cibimi!
Cib, cib, cücələrim.
Bu cib də sənindir,
Bu biri cib də
Cibimə göz qoyub oturub
Nəcib də, nanəcib də...
Özümü tanıyandan Bakını, Təbrizi, Naxçıvanı, Tiflisi, İrəvanı, Borçalını, Dərbəndi... Qubanı da tanımışam. Lakin nə gizlədim, Ramiz Qusarçaylını, Zakir Məmmədi tanıyandan sonra düşdüm bu mübarək Qubamızın cazibəsinə. Necə ki, şairlər, aşıqlar, mərd ərənlər yurdu Qazaxı İncə dərəsi ilə, Səməd Vurğunla, İsmayıl Şıxlıyla, Osman Qağayla, Qaçaq Kərəmlə, Akif Səmədlə, Məmməd İlqarla, Ağamalı Sadiqlə, Məmməd Dəmirçoğluyla, Çiçək Mahmudqızıyla; Oğuz yurdu Tovuzu aşıq Elməddinlə, İlham Əsgəroğluyla, Ehtiram İlhamla... tanımışam. Sazlı-sözlü ulu Borçalını tanımağa təkcə Həmid Ormanlı yetər. Qubadan danışırdım. Sağ olsun, Ramiz Qusarçaylı və Zakir Məmməd. Qubanı mənə onlar anlatdı. Onların sayəsində dil tapdım Qubanın ağacı, daşı, quşu... ilə. Ana dedim Qubaya. Kaş, o da oğul deyəydi mənə.
Əzəmətli ruh qardaşım Ramiz Qusarçaylının sayəsində tanıdım anam qədər doğmam olan Qusarçayımı. Mənimdir dedim, sevdim Qusarçayı. O da sağ ol deyib, içimi sərinlətdi. İndi mən Qusarın da, Xaçmazın da, Lerikin də, Astaranın da, Lənkəranın da, Balakənin də, Zaqatalanın da Ramiz Qusarçaylısını axtarıram. Adlarını sadaladığım və sadalamadığım hər yerin. Hər yerin, türk torpağının hər qarışının Ramiz Qusarçaylıya ehtiyacı var. Bu, bizə vətənimizin bütövlüyü üçün, millətimizin birliyi üçün lazımdır. Bayrağımızın rənglərinin sırası dəyişik düşmədən, əzəmətlə dalğalanması üçün lazımdır. Ramiz Qusarçaylının şerlərində vətən var, millət var, haqqın müdafiəsi var, tərənnümü var. O şeirlərin qoru içimi elə qarsılayıb ki... Böyük M.K.Atatürk deyirdi ki, “Hər şey vətən üçün!” Paşamızın bu şüarını yadıma Ramiz Qusarçaylının qurd nəfəsli poeziyası saldı. Tanrı türkü qorusun, Tanrı sizi qorusun, Ramiz Qusarçaylı.
Əkbər Paşa Xudulu,
Təzadlar.-
2014.- 13 fevral.- S.15.