Ustad Bəxtiyar Vahabzadənin xatirə günüdür

 

Xalq şairi Bəxtiyar Vahabzadə haqqında poema

 

Tanınmış şair Yusif Nəğməkar türk dünyasının böyük sənətkarı, milli istiqlalımızın yorulmaz carçısı xalq şairi Bəxtiyar Vahabzadə haqqında iri həcmli “BƏXTİYAR” poeması yazmışdır.  Hazırda həmin əsər “Yazıçı” nəşriyyatında nəfis tərtibat və böyük tirajla çap olunur. Bu, Azərbaycanın  mütəfəkkir şairi haqqında ilk bədii əsərdir. Fevralın 13-ü B.Vahabzadənin anım günüdür. Bu ərəfədə  həmin əsərdən bəzi parçaları ixtisarla  oxucularımıza təqdim edirik. 

Azərbaycanın ünlü istiqlal şairi, böyük mütəfəkkir, ustad Bəxtiyar Vahabzadənin unudulmaz xatirəsinə

 

 

 

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək,

Onun da həyatı yanmağındadır.

 

 

 

B.Vahabzadə

(Əvvəli ötən sayda)

 

 

 

Gülüstan yaraları

 

Suallar niyəli, neyçin, neynəkli,

Dünənki ağrılar yenə canlıdır;

Nə güllə oyuğu belə göynəkli,

Nə xəncər yarası belə qanlıdır.

 

 

 

Dərd böyük, ilbəil xırdalayırıq,

Çəkilməz müşküldür bu qəm, dağılmır.

Nə vaxt o yaranı qurdalayırıq,

Qopan qaysaq olur, yara sağalmır.

 

 

 

Yoxsa bu sorğular- haqqın gileyi?!

Haqq da zorla gücün atında yalnız...

Bölünən bir xalqın iki taleyi

Qovuşur min sual altında yalnız.

 

 

 

Baş-başa dayanıb acıyla şirin,

Zülmün sərt axını nə tiranədir;

“Gülüstan” yazılır...orda şairin

Qəlbi gülüstan yox, bir viranədir:

 

 

 

“Qoyulan şərtlərə razıyıq” -deyə,

Tərəflər qol çəkdi müahidəyə...

Tərəflər kim idi? Hər ikisi yad!

Yadlarmı edəcək bu xalqa imdad?!

 

 

 

Qoy qalxsın ayağa ruhu Tomrisin,

Babəkin qılıncı parlasın yenə.

Onlar bu şərtlərə sözünü desin,

Zənciri kim vurdu şir biləyinə?

Hanı bu ellərin mərd oğulları,

Açın bərələri, açın yolları.

Bəs hanı bu əsrin öz Koroğlusu -

Qılınc Koroğlusu, söz Koroğlusu?

 

 

 

Babaların şəni, şərəfi, əlbət,

Bizə  əmanətdir, böyük əmanət...

Yoxmu qanımızda xalqın qeyrəti?

Belə saxlayarlar bəs əmanəti?

 

 

Qoy ildırım çaxsın, titrəsin cahan!

Ürəklər qəzəbdən coşsun, partlasın.

Daim haqq yolunda qılınc qaldıran

İgid babaların goru çatlasın!

 

 

 

 

 

 

 

Qoy əysin başını vüqarlı dağlar,

Matəmi başlandı böyük bir elin.

Mərsiyə söyləsin axar bulaqlar,

Ağılar çağırsın bu gün qız-gəlin!..

 

 

 

Tərəflər sakitdir, qəzəbli deyil,

Məhv olan qoy olsun, onlara nə var.

İmzalar atılır bir-bir, elə bil,

Sevgi məktubuna qol çəkir onlar.

 

 

 

 

Atıb imzasını hər kəs varağa,

Əyləşir sakitcə keçib yerinə.

Eynəkli cənabla təsbehli ağa

Qalxıb əl də verir biri-birinə.

 

 

 

 

Onların birləşən bu əllərilə

Ayrılır ikiyə bir el, bir Vətən.

Axıdıb gözündən yaş gilə-gilə,

Bu dəhşətli hala nə deyir Vətən?

 

 

 

Bir deyən olmadı: durun, ağalar!

Axı bu ölkənin öz sahibi var.

Siz nə yazırsınız bayaqdan bəri,-

Bəs hanı bu yurdun öz sahibləri?

 

 

 

Bəs hanı həqiqət, bəs hanı qanun?

Böyükdür bu yurdun tarixi, yaşı.

Bəs hanı köksünə sərhəd qoyduğun,

Bir vahid ölkənin iki qardaşı?

 

 

 

Görək bu hicrana, bu müsibətə

Onların sözü nə, qərəzi nədir?

Bu xalq əzəl gündən düşüb zillətə.

Öz doğma yurdunda yoxsa kölədir?

Necə ayırdınız dırnağı ətdən-

Ürəyi bədəndən, canı cəsəddən?

Axı kim bu haqqı vermişdir - sizə,

Sizi kim çağırmış Vətənimizə?”

 

 

 

Hər kəsin içində etiraz yükü,

Çoxu açmasa da həya - pərdəni.

Bölünən torpaq da boynunu bükür,

Millət bu əsərdə tapır dərdini.

 

 

 

Döyüşən misralar düşür dillərə,

Artır el içində el yozmaları.

“Gülüstan” qan səpir hey könüllərə,

Əldən-ələ gəzir əlyazmaları.

 

 

 

 

Bu, elə zamandır qorxur söz deyən,

Yol gedən arxada izindən qorxur.

Xalqları ayırıb, şəstini əyən

İmperiya “ayrılıq” sözündən qorxur.

 

 

 

O qədər qorxur ki, saralıb-solur,

Bəxtini itirib, bəxt yazana bax!

Güdüklər, tutqular qorxudan olur,

Özü qorxa-qorxa,  qorxuzana bax!

 

 

 

İmperiya qazanmaq ehtirasında,

Aldığı nəfəsi, nəfsi -hərislik,

Yeməz yığdığını axır yasında,

Qazancı-bədxahlıq, bəxşişi -pislik.

 

 

 

Haqsız qüdrətini sınamayanın,

Görəsən, taqəti, gücümü yoxdur?!

Vəhşi qınağı var qınanmayanın,

Qorxmayan ayının hücumu yoxdur...

 

 

 

Qorxu, itməyindən qorxmuşdu hökmün,

Onsuz da itəsi itilməliydi...

İnam böyük idi: - axır ki, bir gün

Arzular, ümidlər yetilməliydi...

 

 

 

Sərhəd dirəyinə sözlə qan yazan

Tikanlı məftildən, teldən qorxmadı.

“Gülüstan” yaradıb, “Gülüstan” yazan

Neştərdən qorxmadı, mildən qorxmadı...

 

 

 

Məğrur keçmişinə söykəndiyindən

Şair qorxu nədir - tamam unutdu.

Kədərdən saçına ələndikcə dən

Üzünü qürurla xalqına tutdu...

 

 

 

Hayqırdı: Arazı sərhəd qoyanlar

Bu zülmə bir sərhəd qoymurlar nədən?!

Bir ömür yaşadı nisgilli anlar,

Dilindən düşmədi bölünmüş Vətən...

 

 

 

Millətçün bağrını didib- oyanı

Satqın tənələrlə azmı diddilər?!

İmperiya zənciri tanımayanı

Sovet məktəbindən xaric etdilər...

 

 

 

Ah dumanı

 

 

 

Doxsanıncı ilin şənbə gecəsi...

Gecənin özündən qara bir olay;

Elə bil batmışdı dünyanın səsi,

Sönmüşdü səmada o ulduz, o Ay.

 

 

 

Buzlaşmış Bakının isti ağuşu,

Ağaclar don tutub, otlar üşümüş.

Zülmətlə səhərin əkiz doğuşu

İyirmi yanvarın bəxtinə düşmüş.

 

 

 

Haqqın taqəti yox, həqiqət halsız,

Tanrılı göylərin yolları bağlı...

Qırılan arzular sorğu-sualsız...

Sual kölgəsiydi hər insan ağlı...

 

 

 

Güllə azadlığın dəymiş üzünə.

Atəşə tutulmuş hər igid izi.

Baxıb küçələrdə qan dənizinə,

Sanki qurumuşdu Xəzər dənizi.

Ay dəniz dilin qurusun,

 

 

 

Niyə çağlamırsan axı?!

Ay cəllad, əlin qurusun,

Yara bağlamırsan axı!

 

 

 

Qırdığın millət uludur,

Nifrətin sənə gor olsun!

Bu gördüyün qan yoludur;

Ay fələk, gözün kor olsun!

 

 

Buludlar, göz yaşınızı

Yağışlara, selə verin.

Göylər, tökün daşınızı,

Ay ellər, əl-ələ verin!

 

 

Başında şəfəq süzməyə,

Ay dağlar, duman qaçılsın!

Haqqı nizama düzməyə

Ay Allah, nitqin açılsın!

 

 

 

 

 

 

 

***

 

 

 

Fəryad çətən-çətən, qəm dəstə-dəstə,

Bir hüzn mənimdir, bir matəm sənin...

Qələmi hönkürdü kağızın üstə

Ustadım Bəxtiyar Vahabzadənin.

 

 

 

Varlığı talandı sözündən öncə,

Ay batdı gözünün yaşında onun.

Millətin qəddini bükük görüncə

Qopdu fırtınalar başında onun.

 

 

 

Baş aça bilmirdi öz bildiyindən...

Axan qana baxdı, qətlama baxdı.

Ən güclü silahı söz bildiyindən

Sözünü götürüb ayağa qalxdı...

 

 

 

 

Səadət çələngi hörmək istəyən

Özü güldən betər solmuşdu, Ya Rəbb.

Yurdunu bəxtiyar görmək istəyən

Nə yaman “bəxtəvər” olmuşdu, Ya Rəbb?!

 

 

 

Onunçün dinmək də, susmaq da çətin,

Bülbültək ötsə də yüz dastanında.

 Kökünü tapmışdı bu müsibətin

Bir vaxtlar yazdığı “Gülüstan”ında:

 

 

 

“Necə ayırdınız dırnağı ətdən -

Ürəyi bədəndən, canı cəsəddən?

Axı kim bu haqqı vermişdir sizə.

Sizi kim çağırmış Vətənimizə?”

 

 

 

 

 

 

 

Dustaqkən düşmənin əlində qanun

Vətəni qanunsuz dustaq sanırdı.

Od tutub alışan qəlbində onun

İndi də “Şəhidlər” misralanırdı:

 

 

 

“...Zalım öyünməsin zülmləriylə,

Min bir böhtanıyla, min bir şəriylə.

Həqiqət uğrunda ölümləriylə

Ölümü kamına çəkdi şəhidlər...

...Torpağın bağrına cəsədləriylə

Azadlıq toxumu əkdi şəhidlər...”

 

 

 

Üz tutdu sübh çağı Akademiyaya...

Bəxtəvər Bəxtiyar, bədbəxt Bəxtiyar.

Burda ziyalılar qərara gəldi:

Sessiya çağrılsın-növbədənkənar.

 

 

 

Ancaq bu xəbəri xalqa deməyə

Radio, televiziya, qəzet yox idi.

Bəs kimi çağırsın şair köməyə?

Onsuz pozulmuşdu zülmün də həddi...

 

 

 

Bağrı yarılmışdı səmanın, yerin,

Çox haray çəkənin həniri batdı.

Radioda çalışan mühəndislərin

Qeyrəti şairin dadına çatdı.

 

 

 

Qadağa qırmağın tapıb sirrini

Efir qapısını açdılar onlar...

Hünər tariximdi qəlb şairini

Səməndər quşuna döndərən anlar...

 

 

 

İnamla cəsarət yarıbayarı...

Kükrəyən çaylartək axırdı şair.

Pərən-pərən düşən deputatları

Sessiyaya gəlməyə çağırdı şair.

 

 

Sonra ildırımtək çıxdı qapıdan,

Sanki qarşısında möcüzə durdu.

Gözünə inana bilmədi bir an:

Sovet generalıyla üz-üzə durdu.

 

 

 

Qara qəzəbindən zəncir çeynəyən

General Ovçinnikov qışqırdı birdən:

- Söylə, nə hünərlə, icazəsiz sən

Efirdən bu xalqa nəsə deyirsən?!

 

 

 

Bu saymaz addımın, de, illəti nə?

Təskinlik verirsən sən millətinə?!.

Qadağan etmişik axı hər şeyi,

Elə toplaşmağı, sözü, gileyi?..

 

 

 

Şairin gözündə qaraldı cahan,

Dözmədi təslimçi sözünə onun.

Ağzını nifrətlə açaraq bu an

Tüpürdü sapsarı üzünə onun.

 

 

 

Baxmayıb avtomat lülələrinə -

Dedi: - faşist oğlu, filan yeyirsən!!!

Güvənib əsarət güllələrinə,

Qırıb millətimi çərənləyirsən!!!

 

 

 

 

Əvvəl tulasifət ədası ilə,

General əsgərlərə - vurun! - söylədi.

- “Nu, eqo k çortu!..” -nidası ilə

Sonradan əmrini tez ləğv eylədi...

 

 

 

Tüpürüb, həm söymək qəzəb diliylə,

Sonra çıxıb getmək nə çətin, nə zor!

 

 

 

İki avtomatı tutub əliylə,

Titrəyib hayqırdı Vasif rejissor.

Dedi: - bir dayanın, addımınız şər!

Sizə haqqın səsi-lənət!-deyəcək!

Bu ünlü şairi vursanız əgər,

Bütün Azərbaycan kəfən geyəcək!

 

 

 

Atmayın, siz Şərqin belini büküb,

Quşlar da qaralar bağlayacaqdır.

Bütün Türk dünyası göz yaşı töküb

Şair Bəxtiyarı ağlayacaqdır!

 

 

 

Durdurdu əlini yetik əllilər,

Əsgərlər başını aşağı əydi.

Şairə tuşlanan odlu güllələr

Dönüb tüpürcəyə, generala dəydi.

 

 

 

O şanlı olaydan çoxları halı...

Haqsız haqq önündə əyilməlidir.

Fəqət o tüpürcək vəsf olunmalı,

Şeirimin dililə öyülməlidir:

 

 

 

Generalın üzündə nə yağış suyu,

Nə də şeh damlası, isti tüpürcək...

Qəfil əsarətin əlçatmaz boyu

Gödəldi qürurun boyunu görcək.

 

 

 

Şair neyləyəydi - sinəsi dağlı?!

O ki öz xalqının bağlı diliydi...

Günahsız qırılan millətin oğlu

Qanlı göz yaşını tüpürməliydi.

 

 

 

Qəhətə çıxanda ən adi söz də,

Qələmi tutanda qubarın donu.

İllərcə sürtülüb sırtılmış üzdə

Hünərdi “leysan”a döndərmək onu.

 

 

 

Duyğu qalaqlanıb gün-gün dağ kimi.

Ürəkdə yenilməz ürək olurmuş.

Bəzən hava kimi, su, torpaq kimi,

Tüpürcək millətə gərək olurmuş...

 

 

 

Tüpürülən sifət-xəyanət düzü,

Tüpürən dodaqlar yetiyim idi.

Şairin atdığı bir atım “sözü”

Min il çəkilməmiş tətiyim idi...

 

 

 

Yalquzaq niyyəti çəkib çətinə

Susduran o haray haqqın səsiydi.

Yırtıcı yağının yad sifətinə

Tüpürmək-şəhidlik mərtəbəsiydi.

 

 

 

 

O an tariximdi qızıl yazıtək;

Xatirə boynuna çələng bağlaram.

Gəl, gəl, a qeyrətin oğlu  tüpürcək,

Mən səni bağrıma basıb, çağlaram.

 

 

 

Sən adi qəzəb yox, adi hikkə yox,

Ölümdün həyatı söndürənlərə.

Bəlkə çoxdan vardın, yoxdun bəlkə, yox,

Yolunu gözlədik sənin, min kərə...

Nitqini dondurub qara Şərin də

Anmaza anlatdın risqin sirrini.

Hər qıraq heykəlin qərib yerində

Görürəm mən sənin kişi yerini...

 

 

 

Tüpürə bilməyən döyməsin döşə,

Halaldır, bax belə ev yiyəsi ol!

İmperiya adlanan əsarətkeşə

Millətin etiraz “hədiyyəsi” ol!..

 

 

 

Sən quduz cəlladın şəstinə dəydin,

Havada parlayan dürr-incim kimi.

Dəhanda uyumuş intiqam idin,

Sıyrıldın qınından qılıncım kimi.

 

 

 

Tüpürcək - ən şirin arzum, xəyalım,

Mənim sərkərdəm ol, sənin qulun mən.

Səni tüpürənin qadasın alım,

 

Sənin varlığına qurban olum mən!

Tüpürcək, zirvəsən məqsədlərimə:

Sən elə məsləksən, düz əqidəsən.

Çırpınan ürəksən mənim yerimə

Sənə əhsən deyim, qoy bir də əhsən!

Belə silahımla məğruram, şadam,

Qorxu, gör ürəyi necə tərk etdi!

Məqamı gələndə tüpürən adam

Zamanın fövqünə qalxan igiddi.

Min-min ər-igidi  köpürən xalqın

Qəzəbi ağıdır, acı naladır.

Yalnız köləliyə tüpürən xalqın

Yolu istibdaddan istiqlaladır.

 

 

Generalın etirafı

Televiziya sədrinin

Otağı izdihamlı.

Hər olay, hər görüntü

Həyəcanlı və canlı...

Yığışıb əməkdaşlar

Sanki elin yasında.

Əyləşmiş Ovçinnikov

Sədrin kreslosunda.

Hər görkəmdə vahimə,

Hər baxışda təlaş var.

Sifətlərdə qəzəb, kin,

Gözlərdə qanlı yaş var...

Burda hər boy göstərən

Boynuburuq kimidir.

Təkcə sovet generalı

boyunduruq kimidir...

Ancaq onun da şəsti

Bir qədər sındırılıb.

Zatına od vurulub,

Atası yandırılıb.

O qurcuxur yerində

qanlı dəryalar içrə

 

 

 

gəmisi batmış kimi.

Döyükür sağa, sola

Ocaq çatan sərrafa

Yaş odun satmış kimi.

Özünü şax tutmağa

Çalışır amirantək,

Qəzəbini çeynəyir

At cilov gəmirəntək.

Divar oyuqlarında

Sərt baxışlar yuvası.

Hər küncdə, hər bucaqda

Yatmış qisas havası.

Solğun gül yarpaqları

 

 

 

dibçəklərə döşəli...

Qanadır dodağını

Səbrin sükut dişləri.

Nifrət zəqqum paylayır

Suallar qaşığında.

tavan çil-çıraqları

Boğulur işığında.

Çarpazlaşan baxışlar

toqquşunca sərtlənir...

Soyuq, yad kreslodan

Qəfil qalxıb ayağa

General hiddətlənir:

Gördünüz: şairiniz

tüpürdü sifətimə.

O qədər bənd olmayın

Siz mənim xiffətimə...

Bu qanlı qış fəslinə

tarixi qış deyirəm.

Məni təhqir edənə

Bu gün alqış deyirəm!

Məni heyrətə saldı

O şair hünərilə.

Belə oğlu olan xalq

Gərəkdir ki, öyünüb,

Fəxr etsin bu əriylə!

Ona silah gücünü,

gördüm,  bildirmək günah!

O, mənə tüpürsə də,

Onu öldürmək-günah.

Duydum ki, nə desəm də

Nizama gəlməzdir o.

Əgər  öldürsəm belə,

Onsuz da ölməzdir o!..

Əmri geri götürmək -

Bunun ağır yükü var...

Şair qürurunun da

Yəqin dərin kökü var...

Kökün məğrurluğudur

Bugünlər boy göstərən.

 

 

 

Polad sınar, əyilməz -

Adi sözlə deyilməz-

Budur məni susduran...

Ötən müharibədə

Həzilər yada düşür,

Gərayları  anıram.

Mən “Mixaylo” deyəndə

Yenə alovlanıram.

Onlar fərq qoymadılar.

Bu gürcüdür, bu rusdur...

Ona tapındılar ki,

Vətən özü namusdur...

Qapısını sevməyən

 

 

Hər yanı sevə bilməz,

Öz yurdunu sevməyən

Dünyanı sevə bilməz.

Sizin şairinizin

Geniş, əngin ruhuna,

Sevgisinə mat oldum.

Hünəri qarşısında,

Cəsarəti önündə

Susub, ikiqat oldum.

Onu qorumaq lazım,

Gərəkdir onu sevmək!

Mən onunla tanıdım

Azərbaycan nə demək...

İstiqlala istidasız mücadilə

Meydan...

yüzminlər çıxıb

istiqlal savaşına.

istidadan əsər yox,

Millət nədən yaşına?!.

Orda ki istida yox,

Demək orda xahiş yox.

Minnət, üzvurma, təkid,

Təmənna, yalvarış yox.

Sinələrə sığmayan

bu coşğunluq, ehtiras,

bu təlaş, bu etiraz

ürəklərin hökmüdür,

Könüllər fəğanıdır.

Mücadilə zamanı,

Əlbirlik məqamıdır.

Susqundur hakimiyyət,

Mərkəz mərkəzdən qaçıb,

Gerçəyin rəngi solub

Düz də ki, düzdən qaçıb...

Yalanlar həqiqətin

saçlarına  dən salıb.

informasiya  qıtlığı

Sözü hörmətdən salıb.

Biganəlik buzunda

Yanır kəndlər, şəhərlər,

Yaşamaq dərsi keçir

Bitərəf “birtəhər”lər...

öz xalqını tanımır

Vəzifəli lotular,

Kabusdan kömək umur

Əyilən yelotular...

Xalqın haqqı taptanır,

Kreslolar qorunur.

Pərdələnir qəzəblər,

Qımışmalar görünür.

Millət də cana doyub

Fitnədən, qeylü-qaldan.

tədbir tökə bilməyən,

əncam çəkə bilməyən

rəhbər qərar gözləyir

soyuqqanlı şimaldan...

Xalqın arzularına

Meydanlar da gəlir dar.

iqtidarsız  danışır

çaşqın, satqın, dələduz,

nökər, bekar iqtidar!..

Azadlıq meydanına

Səmt alan Xəzərə bax,

Dillərdə tüğyan edən

“Aman!”, “Dad-həzər!”ə bax!..

Hamı-Qarabağ-deyir,

- iş olubdur ağ-deyir.

Xankəndi, Malıbəyli,

Xocalı, Kərgicahan...

Bəlkə də bütün cahan

Şuşa, topxana deyir...

Gözlər yaş tökə-tökə,

Dil yana-yana deyir!

Topxanadan kəsilən

hər ağac-bir qolumuz.

Belə getsə, br azdan

Şuşaya, Laçına da

bağlanmada yolumuz...

Dağıdılıb, qırılma,

Zor ilə köçürülmə -

Bu oyun, bu qurama...

 

 

Bəs doğru dava-dərman

hardan tapım yarama?!

Baş verən nələr...nələr-

Fəryadıdır hər anın

Yesirdi əhalisi

Qərbi Azərbaycanın!..

O yer bizim halalca,

Qədim torpağımızdır.

İlahi, bir əlac tap,

Ən ağır çağımızdır!..

O viranə güzəran,

Yanıb külü közərən,

O dağılıb, soyuyan,

O kimsəsiz uyuyan

Bizim ocağımızdır...

isti yuvalarından

didərgin salınaraq

qaçqın düşənləri, gör,

necə dərdlər yağmalar;

Doğma ocaqdan qopub

Geri dönür doğmalar...

Meydan uğuldadıqca

Sahil də sədalanır.

insanların gözləri

qurd gözü kimi yanır.

Sabah-qeyri-müəyyən,

Bu gün-hər kəs nigaran.

Bu məchulluq içində

susmur izdiham bir an.

Bu vaxt kürsüyə sarı

yön alır on nəfərlik

Qıvraq, çevik bir dəstə.

Qamətli bir igidin

Polad çiyini üstə

gözə dəyir Bəxtiyar.

Mərd oğullar çiynindən

izdihama hörmətlə

Baş da əyir Bəxtiyar.

Birnəfəsə qaldırıb

Onu uca kürsüyə

Ona danışsın -deyə.

Şair xeyli gözləyir

Kəssin alqış səsləri.

Hörmətlə salamlayır

Meydandakı kəsləri:

- Möhtərəm  həmvətənlər,

Həm analar, bacılar,

Həm qardaşlar, övladlar!

Halal torpağımıza

Göz dikmədədir yadlar!..

Bu gün biz birləşməsək,

Bir az müdrikləşməsək,

Bir az da kürləşməsək

 

 

 

Nişan  qalmaz bu yurddan,

Əsər qalmaz bu eldən.

Bölünər torpağımız,

Vətən də gedər əldən!..

 

 

 

“Hardasa bu dəmdə

Dəryada batan var.

Vardırsa köməksiz,

Fəryada çatan var.

Dünyada alandan

Əvvəlcə  satan.

 

 

 

Atəş öz-özündən

Birdən-birə yanmır.

Bir şey bu cahanda

İzsiz və səbəbsiz

Bihudə yaranmır.

Vardırsa yaranmış,

Mütləq  yaradan var.

 

Varsansa...

 

 

 

özündən

Əvvəlcə atan var.

Dünya quru bir səs,

Qəm çəkməyə dəyməz.

Yüz-yüz itən olsun,

Min-min də bitən var.

Şükr eyləyəlim ki,

Bizlərdən həm əvvəl,

Həm sonra Vətən  var.”

Hamı öz-içindəki.

Təkəbbür, lovğalığı,

Yaltaqlığı, qılığı

Cəfəng, kin-kidurəti,

hər süni ədavəti

bu gün tərk etməlidir!..

Vətəndaşlıq borcunu

hər kəs dərk etməlidir!

Vətəndaş olmayanın

Bir qəti ola bilməz.

Vətəndaş olmayanın

Qeyrəti ola bilməz!

“Vətəndaş! Nə gözəl səslənir bu söz

Yəni- bir Vətənin övladıyıq biz.

Anamız eynidir, qardaşıq demək,

Mən sənə arxayam, sən mənə kömək.

Vətəndaş! Nə gözəl səslənir bu söz.

Yəni - iki canda bir ürəyik biz.

Gücsüzük, bir heçik

Sən də, mən də - tək.

Vətənə güvənib olduq Vətəndaş.

Mənim ürəyimi qanatsın gərək

Sənin dırnağına dəyən çırtma daş.

Vətəndaş! Nə gözəl səslənir bu  söz.

Yəni - bir iqlimdə böyümüşük biz.

Səni də, məni də böyüdən Vətən,

Sənə də anadır, mənə də ana.

Sən də cavabdehsən, mən də hər zaman

Vahid anamızın xoşbaxtlığına.

Vətəndaş! Nə gözəl səslənir bu söz.

Yəni - bir qaynaqdan su içmişik biz.

O su qəlbimizdə coşdu, qaynadı,

Eyni bir ad ilə tanıtdı bizi.

Vətənin ünvanı, Vətənin adı

Bizə xatırlatdı vəzifəmizi!

Vətəndaş! Nə gözəl səslənir bu söz,

Vətən əbədidir, gedəriyik biz.

İnsan qüdrətlidir öz vətənində.

Bilirik, dünyaya biz niyə gəldik.

O, bizi yaradan, biz ona bəndə.

Yaradan uğrunda ölməyə gəldik.”

Titrəyir bu sözlərdən

Hökumət evindəki

Hər divar, daş, hər sütun.

Şairin haqq səsinə

Meydan qoşulur bütün:

- Yaşa, Bəxtiyar!

Yaşa, Bəxtiyar!

Bəx-ti-yar!

Bəx-ti-yar!

Bəx-ti-yar!

Baxıb millətinin bu alqışına

Şair davam edir öz çıxışına:

- Məmməd Əmin Rəsulzadə -

Cümhuriyyət ideoloqu,

İstiqlalın mücahidi,

Hürriyyətin pedaqoqu,

Yurd atəşi hey yandıran,

Azadlıqçün hey qovrulan,

Mübariz, haqq, şanlı ruhu

Ruhumuz üstə sovrulan,

Məsləkindən çəkdikləri qəddin əyən,

Ömrü boyu Vətən deyən,

Millət deyən,

Gah Vətəndə, gah qürbətdə

Heç bir dərdə diz çökməyən,

təkcə, təkcə amalına,

Azadlığa baş endirib

boyun əyən

millət oğlu...

Gərək bizə örnək olsun

Bu gün onun eşqi, andı,

Nur zəkası, geniş ağlı...

Bu gün biz də

Yolumuzu tapmalıyıq.

Bu yol nədir?-

Birdi bu yol-

Əsarətdən qopmalıyıq!

Nankor, azğın “ağamız”dan

aralanıb olsaq belə,

Biz müstəqil olsaq belə,

Yaşayırıq, yaşayırıq,

Bu amalla ölsək belə!..

Ancaq çətin bir iş də var

Bu müqəddəs yolumuzda,

Özümüzə qənimlər çox

Sağımızda, solumuzda.

Onlar bizim qarşımıza

Düşməndən  betər gələcək,

Başıpozuq başçılardan

Millətə xətər gələcək.

Artıq güzəşt eləməyə

Lüzum yoxdur.

Bıçaq sümüyə dirənib,

Səbr etməyə dözüm yoxdur.

Bəla bizdən yan ötməyir,

Ürəyə, başa sarılır.

Oğrular elə bağırır,

Doğrunun bağrı yarılır.

Ərazimiz zəbt olunur,

Qaçanlar da sirli qaçır...

Torpağmız oda qalanır,

yersiz gəlir, yerli qaçır...

onunçün də bugünlər biz

uzun, şirin uyqudan çox,

Ayıq-sayıq olmalıyıq.

Coşan hissdən, duyğudan çox,

Müdrik, aqil olmalıyıq.

İstiqlala qovuşaraq

Biz müstəqil olmalıyıq!..

 

 

 

(Davamı var)

Yusif Nəğməkar

Təzadlar.- 2014.- 13 fevral.- S.8-9.