Məmməd Arazlı günlərin kitabəsi:
“Ömürdən yarpaqlar”
Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...
(Əvvəli ötən saylarda)
31 may - Söhbət yenə Xəlildən düşdü. Məmməd dedi:
- Sənətin qəribəlikləri var, öldün hər şey yaddan çıxır; sənətkarın etdiyi yaxşılıqlar, pisliklər, ad-san, şöhrət də... Ancaq təmiz poeziya qalır. Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza da, Osman da, Əhməd Cəmil də və s. Bir insan kimi etdiyi yaxşılıq da, pislik də onunla torpağa gedir, amma poeziyası, yəni şeriləri qalır. Süleyman Rüstəm süfrəsi açıq kişi idi, yaddan çıxıb.
- Məmməd, deyirsən ki, poeziyası qalır, mən Nəbatini çox sevirəm, lakin adını çəkəni görmürəm, onun adını ancaq ədəbiyyat fakültəsində oxuyanlar bilir. Xalq isə tanımır, təbliğat olunmur, televizora alışıblar, kim oradan təbliğ olunur, onu tanıyırlar.
- Elə demə, yaxşı şeirləri oxuyur, bir-birinə ötürürlər və əzbər yadda saxlayırlar. Özün öz dilinlə dediklərimi təsdiq edirsən. Sən ki, Nəbati ilə bir dövrdə yaşamamısan. Deməli, poeziyanın vurğunusan, “Gəlsin gəlməsin” rədifli şeiri dillər əzbəridir.
Nəbati istəməz sənsiz dünyanı,
Neylər izzəti, şöhrəti, şanı.
Heç nəyə qalmayıb daha gümanı,
Bu baş o meydana gəlsin, gəlməsin...
- “Nəbati istəməz sənsiz dünyanı”... Bəli, poeziyadır, ürəyi titrədir və Nəbatinin yaxşılıqlarını, pisliklərini bilmirsən, amma şeirlərini bilirsən. Xəlil də qorxmazdı, alovlu natiq idi, yaxşı nitqi vardı, o vaxt hökumət çinovnikləri ondan qorxurdular. İndi bilirlər ki, Xəlil yoxdur, danışa bilmir, ona görə də biganədirlər.
4 iyun - İnqilab Nadirovun təşkil etdiyi Binəqədi zəhmətkeşlərinin görüşünə getdik. Əvvəlcə İnqilabın otağında “Koka-Kola” şirkətinin prezidenti olan türklə görüşüb tanış olduq. Türk dedi:
- Mənim babamın və atamın da adı Məhəmməddir. Bizlər Mehmet deyərik, sizlər isə Məmməd deyirsiniz. Ad sarıdan da görürsünüz ki, yaxınıq. Bizlərin sizə çox hörmətimiz var.
Görüşü neftçilərin mədəniyyət sarayında keçirirdilər. Başlıq belə idi: - “Ürəklərdə bir Məmməd Araz var”. Çəkiliş üçün Telli xanım gəlmişdi. Binəqədi rayon məktəblilərinin hazırladıqları proqram əsasında musiqi, şeir və oyun havaları ilə tərtib edilmiş gecə başa çatdı. Rəssam Cabbar Quliyev Naxçıvandan çəkilmiş bir tablonu təqdim etdi və dedi:
- Sənə təqdim etdiyim bu rəsmi özüm çəkmişəm. Bu, Vətən torpağının bir hissəsidir və mənə əziz olduğu kimi, bilirəm ki, sənə də əziz olacaq.
Sonralar isə Asif Mərzili bu gecə haqqında belə yazacaq:
“Bəli, Məmməd Araz ömrünü damla-damla şeirlərinə köçürüb; xalqın, millətin dərdinə bürünə-bürünə və ürəyinə yığa-yığa! Təbii olaraq düşünməyə məcburuq! Məmməd Araz ürəyinin tutumu nə qədərdir ki, o boyda Azərbaycanın dərdi bu boyda şair Məmməd Araz ürəyinə necə köçə bilər? Və bu qədər dərdi ürəyində və sinəsində daşıyan və bu dərddən çərləyən Məmməd Araz niyə də xəstə düşməsin?!
Həm də düşünürük:
Səhhəti göz qabağında olan şairin dərdə dözümü millətimizə sirayət eləsə, necə olar? Həm də, görünür, M. Arazı bu qədər xəstəlikdən və Azərbaycanın Qarabağ dərdindən çəkdiyi sıxıntılara dözdürən xalqın böyük şairinə sonsuz xeyir duaları, bir də təmənnasız sevgisidir...”
Jurnalistin bu səmimi ürək sözlərindən yan keçə bilmədiyimə görə bir hissəsini gündəliyimə yazdım.
İnqilab Nadirov görüşü belə yekunlaşdırdı:
- Xalqın odunda deyil, xalqın oduna yanan Məmməd Araza uzun ömür, Azərbaycan nisgillərindən çəkdiyi dərdində səbr və dözüm, bir də çağdaş Azərbaycanımızda baş verənlərə münasibətində hövsələ arzulamaqla səmimi olaraq deyirəm, Məmməd Araz, mən demirəm ki, allah mənim ömrümdən kəsib sizin ömrünüzə calasın, amma deyirəm ki, allah sizin öz ömrünüzü özünüzə çox görməsin!
11 iyun - Bura Məmməd Arazın evidir?
- Bəli.
- Mənim
adım Həqiqətdir, müəlliməyəm, “525” qəzetində
Məmməd müəllimin “Dilənçi qaçqın”
şeiri çap olunub. Burada 15 nəfər
müəllim mübahisə edirik ki, o şeir 1992-ci ildə
yazılıbsa, deməli, Ermənistandan qaçan
qaçqınlara aiddir. Hamı bilir ki, biz
dilənməmişik, hətta Ayazın
ayırdığı maddi yardımı da
almamışıq. Hamı bilir ki, ermənistanlı
qaçqınlar alın təri ilə yaşayan
qaçqınlardır.
- Həqiqət
müəllimə, o şeir ünvanlanmayıb, ancaq şair həmin
hadisənin şahidi olub, o hissləri keçirib. Cavan bir gəlin
yanında uşaqla,
qaçqınıq, - deyə dilənirdi. Uşağı görən şair həqiqətən
sarsıldı. İnanın mənə,
bizim yaşadığımız evin qapısını tez-tez
döyürlər. Burada kefinizə
toxunası bir söz yoxdur. Evini,
varını qoyub qaçıblar, hansı yollasa da
yaşamalıdırlar. Şeir isə tərbiyəvi
xarakter daşıyır. Oxumusunuz, orada deyilir ki, şirlər
də, ilanlar da, quşlar da öz balalarını belə
öyrətməz, dilənçiliklə böyüyən
uşaq sabah torpağı
üçün vuruşarmı? Belə
çıxır ki, dilənçi yetişdirən ölkənin
adamları əvəzinə heyvanlar vuruşacaq?
-
Düzdür, ancaq Məmməd müəllim şeirin tarixini
dəyişsin.
- Məmməd
müəllim sifariş qəbul eləmir, mənim bacım,
onun “Düşmən qabağından qaçan kişilər”
şeiri də var, onda bütün ordu tökülüb gəlsin
ki, niyə belə yazmısan?
- Allah Məmməd
müəllimə can sağlığı versin. Həmişə,
o vaxt da, indi də kişi kimi yazır.
Sağ olun.
12-16 iyun
- Saat birə yaxın Nərmin xanım əlyazmalarını
və şəkli götürdü:
- Mən
çox şad oldum ki, sizin kimi bir xanımla tanış
oldum. Məmməd Arazın elə özünə
layiq xanımı olduğunu gördük. Allah sizi bir-birinizdən ayırmasın.
“Müxalifət” qəzetində
İsgəndərlə bağlı yazı
çıxmışdı. Əlillər cəmiyyəti
Azərbaycandan kənarda yaşayan ziyalılara -
Rastropoviçə, M. Maqomayevə, Q. Xazanova, L.Yakuboviçə
müraciət etmiş, onların H. Əliyevə İsgəndərin
azad edilməsi üçün xahiş etmələrini rica
etmişdilər. Həmin yazıda belə bir hissə də
vardı:
“Respublika ziyalılarının bir hissəsi canından,
bir hissəsi də malından qorxub İsgəndər bəy
haqqında pıçıltı ilə
danışdıqlarından səsləri eşidilmir. Əslində
onları qınamaq da olmaz. Çünki üstündən
60 il keçməsinə baxmayaraq 37-nin
xofu canlarından çıxmayıb. H. Cavidin, Ə.
Cavadın, M. Müşfiqin, S. Mümtazın və digər
neçə-neçə Azərbaycan ziyalısının
faciələrini unutmayıblar. Bir də hamıdan B. Vahabzadə,
M. Araz, X. Rza (Allah rəhmət eləsin) olmağı tələb
edə bilmərik... (“Müxalifət” 14 iyun
1997. Şənbə)”.
Qəzetdəki materialı Məmmədə oxudum.
19 iyun -
Bu gün yaman darıxıram... Elə bil bir əl
ürəyimi tutub sıxır.
...
Ömrün qürub çağı... kim deyib bu
sözü, çox
qəribə bənzəri var sonu çatan həyatla...
ömrün qürub çağı... ala-toranlı
ömürdən neçə səhifə qalıb? Hər səhifə cırılıb
atıldıqca ömür daralır, qocalıq əlindən
yapışıb qəbrə dartır.
Gözünü açıb işıq görəndə
sevinirsən.
Nə yaxşı səhər doğan günəşi
gördüm... Günlər ilk baxışda
bir-birinə oxşayır. Aylı-aysız,
ulduzlu - bəzən də ulduzları görünməz gecələr
də bir-birinə oxşayır. Aydın, təmiz səmalı
yay gecələrində “ağ yolun” səmti ilə
qaçmaq istəyirsən... Hara? - bilmirsən...
Günlər bir-birinə oxşasa da, bu gün dünənki
deyil. Bəs sabah? Hər açılan səhərin öz
işığı, öz nəfəsi - bir sözlə
öz “nəğməsi” var.
Qışda
dünən yağan qar bu gün yağmayacaq və
ömrün qürubu da beləcə bitəcək...
Hər bir insan ömrü özü bir romandır,
tarixdir.
Kiminin romanı oxunur, kiminin isə bir tərəfə
atılır.
Ömrün
qürub çağı...
Ömrün sonu! Ayağım altında tapdanan xəzəllər
gələn il payızda yenidən küləklərin
yemi olacaq... Gözlərimi silib işlərimə davam edirəm...
23 iyun -
Bir şeir və ya nəsr əsəri haqqında öz
fikrimi bildirən kimi Məmməd həmişə bu misalı çəkirdi:
- İlyas Əfəndiyev cavan vaxtlarında Əli Vəliyevin,
o vaxt “Azərbaycan” jurnalının redaktoru idi, yanına təzə
yazdığı hekayələrini aparar və ona
oxuyarmış. Hekayəni dinləyən Qumru xanım əsəri
tərifləməyə başlayarmış.
İlyasın sualedici baxışına Əli müəllimin
cavabı belə olarmış:
- Ver,
Qumru çap eləsin.
15 iyul - Axşam yenə də fontanın yanında
fırlanırıq.
- Gəl,
yenə də yazıçılardan danışım: Osmanla Mehdi baletə baxmağa gediblərmiş.
Osman Mehdidən soruşur:
- Mehdi, o
nədir elə, hey ayaqlarını qaldırırlar, niyə?
- Osman, məhəbbətlərini
izhar edirlər.
- Ayrı
cürə, yəni adam kimi izhar edə
bilməzlər?
Əli Vəliyev
“Azərbaycan” jurnalının redaktoru olanda Hüseyn Arif
Əli müəllimə müraciətlə deyir:
- Əli müəllim, romanını oxumuşam,
çox gözəl əsərdir.
-
Hüseyn, şeirini çap etməyəcəm.
- Əli müəllim, doğru deyirəm romanı
oxumuşam.
-
Hüseyn, dedim ki, şeirini çap etməyəcəm,
çap etməyəcəm, eşitdin?
Əli müəllimin üstünə yeridiyini görən
Hüseyn məcbur olub çölə çıxır. Otaqdan çıxan kimi də
deyinir:
- Muzdur
oğlu muzdur, romanın iki varağını da nahaq oxudum.
Əli Vəliyev
çox orijinal xarakterə malik adam idi. Mən çoxunu onun haqqında xatirələrimdə
yazmışam.
- Sən
həmişə Mehdi Hüseyndən hörmətlə danışmısan,
arvadı Fatma xanımı da həmişə hörmətlə
yad edirsən.
-
Düzdür, Mehdinin yoldaşı Fatma
xanımın yaxşı zövqü vardı. Hüseyn
Cavidin tələbəsi olmaqla həmişə fəxr edərdi.
Bir dəfə “İnsan ürəyi” şeirimi
H. Arifə oxudum. Hüseyn məni məcbur
elədi ki, gedək şeiri Mehdi qağama oxuyaq. Getdik., şeiri oxudum. Mehdi şeiri mənə
bir neçə dəfə oxutdu:
- Nə
yaman demisən, şair, ürəyim ağrıtdı, - dedi,
- əlini ürəyinin üstünə qoydu. Şöbə
müdiri işlədiyim vaxtlarda ədəbiyyata aid planı həmişə
Mehdi müəllimlə birgə tutardım.
Mehdi müəllim rəhmətə gedəndən sonra
Fatma xanımdan əhval tutmaq üçün evlərinə
getdim. Fatma
xanım kövrəldi:Məmməd,
özlərini bizə “ən yaxın adam adlandıranlar”
Mehdidən sonra qapımızı bir dəfə də açmadılar.
Fatma
xanım Mehdidən sonra çox yaşamadı...
17 iyul - Məmməd halının pisləşməsindən
şikayətləndi. Mənim təsəllim də bir fayda
vermirdi. İsa
müəllim beş-altı nəfər yoldaşı ilə
Məmmədin görüşünə gəldilər.
İsa gələnlərə bizi “təqdim etdi”:
- Bu
şairdir, bu da Gülxanım bacıdır. Gülxanım
bacı olmasa idi Məmməd Araz da olmazdı.
- O
sözü təkcə sən deyirsən, ay İsa, - dedim.
- Yox, bu
bir həqiqətdir, Məmməd Arazın daha parlaq
olmasında sənin zəhmətin çoxdur.
Rüstəm
Behrudi əlavə etdi:
- Qubada
oldum, o gözəllikdən çıxan ancaq və ancaq sizin
kimi gözəl insan ola bilər, ayrı
cür ola bilməz. Qəçrəş əsl
cənnətdir.
Məmmədi götürüb gəzməyə getdilər.
22 iyul - İsa
qardaşım yenə də özünəməxsus bir
hay-küylə içəri girdi, yanında bir nəfər də
vardı:
-
Gülxanım bacı, bu mənim qardaşım
İsmayıldı, bilirsən nə deyir? Yaxşısı
budur özü desin...
Sualla üzünə baxıram.
- İsmayıl sizin yerlidir, yaxşı oğlandır. Özün bilirsən ki, Məmməd
müəllimi kim çox istəyirsə,
mən də onu çox istəyirəm. İsmayıl
deyir Məmməd müəllim razı olsa, mən onu öz
evimə köçürər, özüm isə ayrı
yerdə qalardım. İsmayıl belə
oğuldur.
Fikrimdə e, ay İsa, özün bilirsən ki, bu belə deyil. Bilir və ona görə də deyir ki, onun təklifi ilə evinə köçən deyilik. Mənim fikrimi oxuyan İsa İsmayıla tərəf çevrildi:- İsmayıl, bilirsən Gülxanım bacı bu otaqda nə qədər yalan vədlərin şahidi olub? Varlı adamlar yalan vədlər verir və aradan çıxırlar. Söhbət düşəndə mən bir dəyirman sahibinə - Məmməd müəllimin evinin təmirə ehtiyacı var dedim. Vəd verdi, gəlib kişi ilə də görüşdü, sonra isə zəng edib vəziyyətinin yaman pis olduğunu söylədi. Bu yaxınlarda bir məclisdə yekə-yekə danışdılar: “Əşşi, Məmməd Arazın vəziyyəti çox pisdir, heç arvadı da ona baxmır və ilaxır və s” . Onların sözlərinə dözə bilmədim, ağızlarının üstündən elə vurdum ki... Söylədim, hansı biriniz gedib bir dəfə onun qapısını açmısınız, ehtiyacları ilə maraqlanmısınız, Məmməd müəllimi gəzməyə aparmısınız, kiçik bir dərdinə şərik çıxmısınız, hələ böyüyünü demirəm. Ancaq 30 ildir ki, o millət qızı xəstə bir adamın problemləri ilə üz-üzədir, ona xidmət edir, özü də necə yaxşı, mən şahidiyəm. Bu sözlərimdən sonra hamı susdu. Gülxanım bacı, sən mənim bacımsan, mən bilirəm ki, sən mənim qardaşıma necə yaxşı baxırsan.
23 iyul - Ağdamın işğalı haqqında danışır və arabir “Sona bülbülləri” səsləndirirdilər. Səs kəsildi.
- A kişi, niyə söndürdün? Qoy gülü yarpıza döndərəydilər də.
- Mən söndürmədim, özlərinin xoşuna gəlmədi.
- Bəs niyə eyni motivli verilişlərə belə maraqla baxırsan?
- Baxıram ki, nəticə çıxaram, keçmiş müharibə ilə bu müharibəni müqayisə edəm. Tamam əksinədir. Başıpozuqluq, hərcimərclik, sözə, əmrə baxmamaq, hazırsızlıq.
- Bunları niyə müqayisə edirsən ki, onsuz da bir şey yazmayacaqsan.
- Bəlkə yazdım, demək olmaz.
(Ardı var)
Təzadlar.- 2014.- 15 fevral.- S.6.