Bir kəbinin tarixi
Həmidə xanım Cavanşir
xatirələrində Cəlil
Məmmədquluzadə ilə
nikahından danışarkən
yazırdı: “1907-ci il
iyunun 15-də Quzanlıdan
molla gətirdilər.
Həmin molla qohumlarımın və yaxınlarımın iştirakı
ilə bizim kəbinizmi kəsdi...”
Həmidə xanımın bu fikri diqqətimi çəkdiyindən və
xatirələrdə din xadimi
haqqında hər hansı məlumat verilmədiyindən onun kimliyi ilə maraqlanmaq qərarına gəldim. Yazıda məhz bu məqamla
bağlı bəzi mətləblərə aydınlıq
gətirməyə çalışacağam...
Çar Rusiyasının əsarəti
illərində Quzanlı
kəndi azad kəndlilərin yaşayış
məntəqəsi idi. Hər tərəfdən
əsilzadə bəylərin
torpaqları ilə əhatə olunsalar da, kənd əhalisinə
məxsus kifayət qədər torpaq sahələri vardı.
Ərazidə onlarca kəhrizin
olması bu prosesə müsbət təsir göstərirdi.
Odur ki, dolanışıq sarıdan əziyyət çəkmədiklərindən sakinlər təhsilə diqqət yetirməyi də unutmurdular. Çərkəz bəy,
Aslan bəy, Hüseyn bəy, Əsəd bəy, Böyük bəy, Mir Cabbaq ağa, Salah bəy, Kərim bəy və Səlim bəy kimi əsilzadə
bəylərin əhatəsində
kənd sakinləri özlərini daha sərbəst hiss edirdilər.
Elə bu səbəbdən idi ki, kiçik
bir kənddən Axund Mirzə Mehdi Həsənzadə (Molla Mehdi) və
Mirzə Saleh Axundov (Mirzə Salah) kimi maarifpərvər
insanlar çıxmışdı.
Bu cür şəxsiyyətlərin
yetişməsində kənd
sakini Axund Molla Hüseynin də rolu böyük
olmuşdu. Molla Hüseyn
həmin nəslin nümayəndəsi olmaqla
Molla Mehdinin əmisi nəvəsi sayılırdı. Molla
Hüseynin arzusu və kənd sakinləri ilə qonşu bəylərin dəstəyi ilə onların hər ikisi müxtəlif vaxtlarda Təbriz şəhərinə ali dini təhsil almağa göndərilir. Əlavə edək ki, təxminən eyni dövrdə kənddən
Mir Səməd Mir Qədir
oğlu da Təbrizə təhsil almağa gondərilmişdi.
Lakin təhsilini başa vurduqdan sonra o, Quzanlıya deyil, Qaraməryəm kəndinə,
ata yurduna dönmüşdü.
Nəzərə alaq ki, XIX əsrin ikinci yarısı və XX əsrin birinci iyirmi illiyində Təbriz
Ali Ruhani Məktəbində
təhsil almaq hər adama qismət olmurdu.
Molla Mehdinin yeznəsi (bacısının
əri) və Mirzə Salehin atası Molla Məmmədalı da din xadimi idi. Əslən
Qubadlıdan olan Məmmədalı Molla Mehdi ilə Təbrizdə təhsil aldıqları vaxt tanış olmuşdular. Və bu tanışlıq
sonradan dostluga çevrildi. Həyatında
elə bir dövr gəlir ki, Qarabağa döndükdən sonra 27 yaşlı Molla Mehdinin savadına qiymət verən Şeyxülislam müsahibədən sonra elmi qabiliyyətinə görə “Axund” adı daşımasını
layiq bilmiş və diplom sənədini ona təqdim etmişdi. Məhz bundan sonra Şuşada rus-tatar məktəbinə
işləməyə dəvət
alan Molla
Mehdi yaxın dostu Molla Məmmədalını
kəndə dəvət
edir, onun bu ərazinin axundu vəzifəsinə təyin edilməsinə
nail olur. Bu münasibəti
daha da dərinləşdirmək
məqsədilə atası
Məşədi İsgəndərin
razılğı ilə
bacısı Xədicəni
Məmmədalıya nişanlayır.
Məmmədalının bu nikahdan iki oğlu - Saleh və Süleyman
dünyaya gəlir.
Molla Məmmədalı
isə Quzanlı kəndində (Orta Quzanlıda) adsız təpədə ikimərtəbəli
dörd gözdən ibarət ev
tikdirir. Evin birinci mərtəbəsində
sonralar həkim məntəqəsi, digər
otağında isə
aptek fəaliyyət göstərirdi. Uzun müddət
Mirzə Saleh həkimlik, Süleyman isə əczaçılıqla
məşğul olmuşdular.
Bir məqama
da aydınlıq gətirək ki, dini təhsil aldıqdan sonra təbabətə marağı
Mirzə Salehi Tehranda tibbi təhsil almağa sövq edir. O yüksək
səviyyəli din xadimi
olmaqla yanaşı, həm də savadlı həkim kimi yetişir.
Beləlilkə, həm Molla Mehdi, həm də Mirzə Saleh yüksək intellekt sahibi kimi yetişərək Qarabağa dönürlər.
Yeri gəlmişkən, Mirzə
Mehdi elə bir şəxsiyyətdir ki, Şuşada işlədiyi vaxt Üzeyir bəy, Zülfüqar və Ceyhun bəy Hacıbəyli qardaşları,
Yusif Vəzir Çəmənzəminli, Bahadır
Vəlibəyov, Mehdi bəy Həyatov, Hüsü Hacıyev, Həmid bəy Ağayev, Mirzə Vəli bəy İsmayılov, Müseyib
İlyasov, Zülfüqar
İlyasov, Müseyib Varşabov və Həbib Rzayevə dərs demiş və onların şəxsiyyət kimi yetişməsində xüsusi
xidməti olmuşdu. Onu da əlavə edək ki, məhz
Üzeyir bəyin Mir Cəfər Bağırovla
görüşü Molla
Mehdini sürgündən
və repressiyadan xilas etmişdi.
Mirzə Salehin bədii yaradıcılıq fəaliyyətini
əks etdirən əlyazmalar isə bu gün AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılır.
Təəssüflə qeyd etmək yerinə düşərdi ki, hər iki şəxsiyyətin həyat və yaradıcılığı bu günədək tədqiq edilməmiş, bir çox hallarda tarixlər üst-üstə düşmür və bu şəxsiyyərlərin soyadları elmi mənbələr də müxtəlif cür yazılır...
Beləliklə, XIX əsrin sonlarında
Quzanlı kəndindən dörd
tanınmış din xadimi
-Molla Mehdi Həsənzadə,
Molla Məmmədalı və oğlu Mirzə Saleh Axundov, o cümlədən
Mir Səməd Mir Qədir
oğlu çıxmışdı.
Mirzə
Mehdi Həsənzadə 1917-ci ilədək Şuşada
rus-tatar məktəbində müəllim işlədiyindən
onun tərəfindən bu kəbini kəsmək ehtimalı
yoxdur. Mirzə Saleh isə
atasından fərqli olaraq yuxarıda qeyd etdiyim kimi,
həkimlik fəaliyyəti və bədii
yaradıclılıqla məşğul olması onun tərəfindən bu
kəbini kəsmək ehtimalını sıfıra endirir. Həmin illərdə Mir
Səməd Mir Qədir oğlu
isə Qaraməryəm kəndində yaşayırdı.
Deməli, Həmidə xanım Cavanşirlə Cəlil Məmmədquluzadənin kəbininin Molla Məmmədalı tərəfindən kəsilməsi daha real görünür. Qarabağın Xan nəslindən olan Həmidə xanımın kəbinini sıradan bir molla deyil, məhz bu ərazilərin axundu və tanınmış siması olan Molla Məmmədalı tərəfindən kəsilməsi həqiqətdir.
Vüqar
Tofiqli
Təzadlar.- 2013.- 15 fevral.-
S.11.