Bəxtiyar Vahabzadə xatırlanarkən

 

 

Tanınmış şair Yusif Nəğməkar türk dünyasının böyük sənətkarı, milli istiqlalımızın yorulmaz carçısı xalq şairi Bəxtiyar Vahabzadə haqqında iri həcmli “BƏXTİYAR” poeması yazmışdır.  Hazırda həmin əsər “Yazıçı” nəşriyyatında nəfis tərtibat və böyük tirajla çap olunur. Bu, Azərbaycanın  mütəfəkkir şairi haqqında ilk bədii əsərdir. Fevralın 13-ü B.Vahabzadənin anım günüdür. Bu ərəfədə  həmin əsərdən bəzi parçaları ixtisarla  oxucularımıza təqdim edirik.

Azərbaycanın ünlü istiqlal şairi, böyük mütəfəkkir, ustad Bəxtiyar Vahabzadənin unudulmaz xatirəsinə

Yaşamaq yanmaqdır, yanasan gərək,

 

 

 

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək,

Onun da həyatı yanmağındadır.

B.Vahabzadə

BƏXTİYAR

(Poema)

(Əvvəli ötən saylarda)

Şair düşünür...

Yurdunun dərdini salıb eyninə,

 

 

 

Bəxtiyar düşünür, düşünür yenə:

Dağlıq Qarabağı işğal etdilər,-

Bu şəri söyləmək asan deyil ki!

Əsil həqiqəti kar, lal etdilər -

Bu körük erməni basan deyil ki!..

 

 

 

Bu işin baisi - bir qəzəb əli,

Əvvəli məlumun görünmür  sonu...

Millət şairini sarsıdır xeyli

SSRİ riyası, sovet qanunu...

Bəxtiyar düşünür bir loğman kimi,

O çarə axtarır - qana qan kimi:

 

 

 

Qəribə zamanda yaşadıq, oğul,

Bilmədik maskayla üzün fərqini.

Vallah, seçilmədi hiylədən ağıl,

Bilmədik əyriylə düzün fərqini.

Yaşadıq birtəhər, yazdıq birtəhər,

Zaman bizim üçün müstəbid oldu.

Dil - açar olmadı, ağla gələnlər

Dildə kilidləndi, dil - kilid oldu.

 

 

 

Ağlın dediyini demədi dillər,

Bizi bağışlasın gələn nəsillər

İzlədi hamını qorxu, təhlükə

Haqqın, ədalətin öldü anası.

Oldu  başdan-başa o boyda ölkə

Məhkum millətlərin həbsxanası.

“Bərabər olmalı - dedilər - hamı”,

 

 

 

Yasa döndərdilər toyu, bayramı.

Bərabər tutuldu od-alov suya -

Yaxşılar yamana, oğru doğruya.

Hər şey  alt-üst oldu, qarışdı aləm,

Bağının barını el dərəmmədi.

Varlını yoxsula döndərən qələm

Yoxsulu varlıya döndərəmmədi.

Hər şey öz əksiylə yerbəyer oldu,

Hamı bir-birinə bərabər oldu.

Bəzən sındırılan, şəxsiyyətimiz,

Mənlik sürgün oldu, yad oldu bizə.

 

 

 

Nə simamız qaldı, nə sifətimiz,

Hamımız bənzədik bir-birimizə.

Yalan zurnasına oynadı ölkə,

Yalan əqidəyə mərama döndü.

Sinəmiz altında ürək yerinə

 

 

 

Yalan dilə gəldi, yalan döyündü.

Halal torpağa da yalan əkdilər,

Yalan əkilmişdi, yalan dərildi.

Dünyaya dəmirdən pərdə çəkdilər,

Millət əsarəti səadət bildi.

 

 

Qaranın üzündə bəzən ləkə!

Vaxtın ələyində hər şey ələndi.

Qəribə aləmdir, qalib bir ölkə

Məğlub etdiyinə əl çalır indi.

Azadlıq, səadət haqqımdır mənim,

Allah çox görməsin bu haqqı bizə.

İstiqlal yolunda qurbanlar verib

Axır yetişmişik istəyimizə.

 

 

 

 

 

 

 

İplər qırılsa da, bilmirəm hələ

İpin ucundakı  o qarmaq nədir.

Uzaqdan qurulur bizə min tələ,

Şeytanın barmağı evimizdədir.

Ey xırda millətlər, ayıq olun siz

 

 

Hələ çalxalanır bulanıq dəniz.

Verdiyi vədini tez unudan var,

Bulanıq sularda balıq tutan var.

Girib qılığına, alıb könlünü

Saçı sığallayıb başı  vuran var,

 

 

 

Atı torbasıyla vuruşduran var.

Xırda millətləri “ayır, buyurla”

Bir-birinin üstə salışdıran var.

Odlu nöqtələrdə səngiyən odu

Püfləyib təzədən alışdıran var.

 

 

 

Çıxsa da əlindən xalqlar, ölkələr,

Ölməyib o iblis, o Şeytan hələ.

Hələ ümid verir ona bəlkələr,

Düşməyib amirlik taxtından hələ.

 

 

 

Üç yüz il dünyaya qan udduran taxt

Çürüyüb, sahibi inana bilmir.

Ondan üz döndərib bu dövran, bu vaxt

Bu böyük gerçəyi o qana bilmir.

 

 

 

Həqiqət, ədalət məhkəməsinə

Qol çəkir, qolundan utana bilmir.

Tərgitmək istəmir  köhnə vərdişi,

Anlaya bilmir ki, qırılıb dişi.

 

 

 

Kiçik balıqları üyüdə bilməz,

Daha köhnə yolla o, gedə bilməz,

Yoğrulub İblisin mayası kindən,

İblis ləzzət alır öz pisliyindən.

Ölüm anında da əl çəkən deyil,

Onlar vərdişindən - iblisliyindən.

 

 

 

İndi ki, belədir...

Nə deyim artıq?!

 

 

 

Budur durumumuz, budur halımız;

Bizi məhv eləyər arxayınçılıq,

Əgər qorunmazsa istiqlalımız!

 

 

Ruh işığı

 

 

 

Şair eldən gedir, ellər, ağlayın!

Sel olub çağlamaq gəlir eynimə...

Azər, İsfəndiyar, bir əl saxlayın.

Qaldıraq tabutu mənim çiynimə.

 

 

 

Dalğalı saçının bircə tükünün

Gümüş cəngisində süngüləşərəm.

Onu çiynimdəki sənət yükünün

Üstünə götürüb yüngülləşərəm.

Mərdin tabutuna mərd girməyənin

Ürəyi, nəfəsi diri bilinməz.

Ustada çiynində yer verməyənin

Heç ayaq altda da yeri bilinməz...

 

 

 

Görənlər bu köçə çəkər çox həsəd,

Hər kəsin içindən bir haray qopar.

Vətənin dərdiylə yüklənən cəsəd,

Millətin çiynində dirilik tapar!..

 

 

 

Qəlbimiz nisgildən yanıb talana.

Ruhumuz, təbimiz darda görünür.

Haqqı çiynimizdə böyük olana

Haqq üçün çiynimiz xırda görünür.

 

 

 

Məsləki yuxuya bürünməyənin,

Əbədi yuxusu yandırıb-yaxar...

Yoxluğu gözümdə görünməyənin

Varlığı çiynimdən gözümə baxar!

 

 

 

Həsrət dodağıyla gərək içilə,

Bəbəyimdə bu yaş bulağım indi.

Səsini uzaqdan eşitsəm belə,

Çiynimdən eşitmir qulağım indi...

 

 

 

İndi heç nə dinləyib,

Heç nə duya bilmirəm.

Bu ölüm nidasının

”əlvida” xitabına

bir an  uya bilmirəm.

Karvan əyləmək hədər;

Əl etməyim çətindir.

Eşidilməyim qədər

Eşitməyim çətindir...

Aləm sükut içində,

Qəlb ayrıdır odundan.

Heç nə eşitmək olmur

Sükutun fəryadından.

Karvansa öz yolunda;

Şairin son karvanı...

Onun ən kövrək şeiri,

Ən dərin  sözü hanı?!

 

 

 

 

Tezcə tapıb gətirin.

Gətirməyin nəzərə.

Şair torpaqda yatar,

Sözü sığmaz məzara.

Şairi nəzər tutur-

tale budur yazara...

Şairin son karvanı

Keçir  Xiyabanlardan,

Yollardan, dalanlardan.

Qol açır Universitet

Ona bir ana kimi.

Danışa bilmir heç kəs

Sözünü sona kimi...

Vida mərasimində

Çağlamayan könül yox.

Ağı deməyən dil yox.

Mühazirə zalları

Qəribsəyir elə bil.

Salonlar insan kimi

Qara geyir elə bil.

Sarı simtək çəkilir

Duyğularım tarıma.

Şairin səsi gəlir

Bu dəm qulaqlarıma:

“Yaşarkən həyatı sevirəm, nə qəm,

Öləndə ölümlə sevişəcəyəm!..

Bu da ölümə sevgi,

Bu da sevgiyə ölüm...

Yox, ölümsüz axışır

Sevgidən gələn elim.

Bu da On üç fevralın

Yaddaşını göynədən

Ünvan - Fəxri Xiyaban.

Sanki ağır buludlar

Üfiqdən aralanır.

Gözlərimdə gündüzün

Gün üzü qaralanır.

Burda qışın nəfəsi

Qarışır yaz çağına.

Torpağın divanəsi

Qovuşur torpağına.

Ölüm-sirr olayların

olmazın incəsidir.

Ancaq bu ölüm deyil,

Bir həyat öncəsidir!..

Ürəklər çırpınsa da

Alışıb yana-yana,

Dəfn olunan cismdir,

Can qovuşub cahana.

Vidaya gələn axın

Yurdun çinarları tək

Sıx sırada dayanır.

Qızılgül yağışında

Məzar od tutub yanır.

Torpaq qabardır sanki

qəbri-sinə dağını.

İsladır göz yaşları

məzarın torpağını.

Yan-yana duranlar da

Sükuta üz tutaraq

səsə, ünə yanaşmır.

Sözün ziyarətində

heyrətdən dili bağlı

izdiham söz danışmır.

Odlara tutuşurkən

Közərib sönmək çətin.

Söz əhli sussa belə,

Önündə dinmək çətin...

Birdən sükut köçündə

bu susqunluq içində

atəş dəyən buz kimi

açılır eşqin dili;

özündə güc toplayıb,

məftun qəlbin hökmüylə

dinir Asif Mərzili:

- Rahat uyu, ey ustad!

Ey hər zaman narahat!..

Ömrünün işığında

zülmətin qaranlığı

ömür sürə bilmədi.

Heç kim səni dünyada

rahat görə bilmədi!..

bir vaxtlar belə yazdın:

mən haqq-hesab istəyirəm

Gecələr gündüzümdən.

Narahatam, narazıyam

ömrüm boyu özümdən...”

Sənin narahatlığın

qəlbimizi çulğayır.

bu gün sənin şeirinlə

ellər səni ağlayır...

qəhər boğur Asifi,

səsi titrəyir müdam.

Gəlir gözü önünə

Bir dəstə doğma adam,

Onların arasında

Şairlə alim qoşa -

Bəxtiyarla Xudunun

Söhbəti bir tamaşa!

Alim xalılardakı

Sehirli ilmələrdə

Şeirin dilini açır,

Şairin baxışları

Ziya tutub, nur saçır.

Alim Xudu inamla

quş dilindən danışır...

Şairin heyranlığı

Kükrəyir, aşıb-daşır...

Bu duyum birliyini

Yaşatdı aylar, illər...

Onların dostluğunu

Alqışlayır aqillər!..

Diksinib xəyalından

Bir də titrəyir Asif.

Hayqıran kədərilə

sınıb, yarımçıq qalan

sözünü deyir Asif:

-bu torpağı bizlərə

tapşırardın hər an sən...

bizsə səni torpağa

tapşırırıq bu gündən...

torpaq-ana, sən-övlad;

ana-oğul birləşir.

Səni bu ana torpaq

Qucub, bəxtəvərləşir!..

Şair əbədiləşir,

Torpaq da tarixləşir!..

Deyərdin babaların

ruhu qorunmalıdır.

Sevinci, qələbəsi,

Ahı qorunmalıdır...

Şeirə keşik gərəkdir,

Sözə mizan-tərəzi.

Söz də torpaq kimidir,

Götürməz hər qərəzi...

Hər kəlamın nəsihət,

Müqəddəs bir vəsiyyət.

Ey ölümsüz narahat,

Rahat uyu, ey ustad!..

Sonra pərişan hallı,

Həm nisgilli, xəyallı

Sənət xəzinəsinə

bələd Misir müəllim

silib nəmli gözünü

deyir ürək sözünü:

- Eldən getdi bəxtiyar,

Bu elimiz itirdi.

İldən getdi nur, bahar,

Bu ilimiz itirdi.

Düşməzdi dilimizdən,

Bu dilimiz itirdi.

Torpaqla görüşdü o,

Bir nəsildən ayrıldı,

O nəslimiz itirdi,

Söz bağı uralandı,

Şeirimiz yaralandı,

Təhsilimiz itirdi...

Seyrəldi saf incimiz,

Nazildi güvəncimiz,

Gözdən qaçdı röyamız.

Söz köhləni büdrədi,

Sındı könül ziyamız.

Hikmət açarımızı

son qapı açmaq üçün

son mənzilə ötürdük.

Kim bilir,nə çəkirik,

Kim bilir,   itirdik!..

Çox ağırdı yaramız.

Səbr etməkdi çaramız,

Gəlir xəbər-ətərsiz

Ölüm-o qara pərdə.

Çəkilir nur üzünə;

Dözməliyik bu dərdə.

Onsuz da itirilən

nədir - bu torpaq bilir.

Onun torpaq eşqini

Tanrı bilir, Haqq bilir!..

Fəqət ustadımızı

İtirməyimiz çətin.

Qəddi əyilə bilməz

Bəxtiyarlı millətin!..

Nazirin bu sözləri

sanki yetişdi dada;

İzdiham sükutunda

Təkrarlandı bu nida:

Şair, heç zaman ölməz

Sənin qayən, illətin,

Qəddi əyilə bilməz

Bəxtiyarlı millətin!

 

 

Son ün

 

 

 

Bir ömür düşünüb mətləb anlatdı,

İdrakdan mərama gəldi Bəxtiyar.

Öncə öz nəfsini sıxıb ağlatdı,

Sonra  göz yaşına güldü Bəxtiyar...

 

 

 

 

Qeyrət cizgiləri nurlu üzündə,

Ağ günlər işığı qara gözündə.

O qədər yanıb ki, fikir közündə

Sönməz atəş cəmi-küllüdür Bəxtiyar.

 

 

Məğrur qalxanıdır zülmün, zillətin,

Zati-Alisidir zirvə illətin.

Yüz illər boyunca qədim millətin

Qəlbində tapdığı ləldir Bəxtiyar.

 

 

Uçuş meydanıdır sənət aləmi,

Qanadlı xəyalmı, dərdmi, naləmi?!

Allahın  əlindən alıb qələmi

Allah eşqi yazan əldir Bəxtiyar.

 

 

Solmayan “Gülüstan”, “Şəbi-hicran”lar,

“Qiymət”, “Atılmışlar”,  Etiraf” anlar;

“Şəhidlər” - haqq yolda tökülən qanlar;

Ruhu qandan bitən güldür, Bəxtiyar.

 

 

Göytürk Səməndəri, məslək qanında,

Turan zirvələnər  zirvə  sanında.

Qartal xəritəmin yurd dəhanında

Azərbaycan adlı dildir Bəxtiyar.

 

 

 

Ən son ün

 

Bu xalqı oyatmağa

Şeirin olub-xalq bilir.

Bu sənət aləmində

yerin olub - xalq bilir.

Millət qalxanda qalxdın,

Millət dolanda doldun,

Dilək açanda açdın,

Millət solanda  soldun.

Millət dərdini çəkdin.

Millətçi şair oldun.

Sən nəyi söylədinsə

hər vaxt düzünü dedin.

Xalqın övladı kimi

Xalqın sözünü dedin.

Öyrəndin babalardan,

Öyrəndin dədələrdən.

Sən məsləkin yolunda

Qorxmadın qorxulardan,

Tənədən, hədələrdən...

Şüarın belə oldu:

Seçək yaxşını pisdən.

Ağrılı nəyimiz var

dedin Ali məclisdən.

İnadınla dəyişdin

Çox adların adını.

Çıxardın doğma dildən

Fikrin, sözün yadını.

Belə olur qeyrətlə

birləşəndə istedad,

Bu gün görünməkdədir

Sənin yerin, ay ustad...

Sən dedin: dərd bilməkçün

Dərdin altına gir, çək...

Bu boşluğu sabah da

görəcəyimiz gerçək...

Razı qala bilmədin

Ömrün boyu özündən.

Xalqınsa razı qaldı

Sənin müdrik sözündən.

Övladı olduğun xalq

Müstəqil olmasaydı,

Qəlbiqan olacaqdın,

Sən şair olmasaydın,

Qəhrəman olacaqdın.

Cəsur ola bilməyir

Şeir yazan hər şair.

Sənsə şair doğuldun

Məğrur, igid, ər şair.

Ad var, xalq yaddaşında

Bir an da yaşamayır.

Xalq şairi də var ki,

Xalq ruhu daşımayır...

Sənsə xalqın nəfəsi,

Ruhu, qanı, canıydın.

Yurdumun Bəxtiyarı,

Xalqın tərcümanıydın.

Mənəm - mənəm deyərək

Heç döşünə döymədin,

Başını uca tutub,

Hər başa baş əymədin...

Bir əlin öz işində,

Bir əlin eldə idi...

El-oba da həmişə

Dərdini sənə dedi.

Əl uzatdın əlsizə,

Dilmanc oldun dilsizə.

Könlündən od payladın

Çox könlü könülsüzə...

Sən yandıran yananlar,

Sən qandıran qananlar

Oyandı oyananlar -

Özünü dərk edənlər,

Öz kökünü ananlar...

Səni itirmək ağır,

Tapmaq da ondan çətin!

İtirib, tapmamağı-

Müsibəti millətin!..

 

 

 

***

 

 

 

 

 

 

 

Gərək daha elliklənə

İndi bu el Bəxtiyarsız.

Təki yaxşıya diklənə

Dikələn yol Bəxtiyarsız!..

 

 

Uzana qeyrət boyunda,

Qıvrıla  mərdlik soyunda...

Yurdun odunda, suyunda

Əriyə lil  Bəxtiyarsız.

 

 

Dil naminə cürət dedi,

Keçmişinə hörmət dedi...

Bəxtiyara rəhmət dedi

Bu Ana dil, Bəxtiyarsız.

 

 

 

Becərib idrak zəmini,

Yaşat hikmət aləmini,

Ürəyin sarı simini

Ürəklə çal Bəxtiyarsız...

 

 

 

Bulud kimi dolan xalqım,

Hər haqqa yar olan xalqım.

Bəxtiyarsız qalan xalqım,

Bəxtiyar ol, Bəxtiyarsız!..

2009-2014-cü illər,

Bakı

 

Yusif Nəğməkar

Təzadlar.- 2014.- 18 fevral.- S.4;11.