Məmməd Arazlı günlərin kitabəsi:
“Ömürdən yarpaqlar”
Ustad Məmməd Arazın
ömür-gün yoldaşı Gülxanım Fətəliqızının
bu kitabı çox gizli mətləblərin
açarıdır, bizim kim olduğumuzun
güzgüsüdür...
(Əvvəli ötən saylarda)
28 iyul - Alo, Məmməd müəllimin kabinetidir?
- Oğul, kabineti yoxdur, evidir.
- Sizi Nazirlər Kabinetindən Dilsuz Mustafayev narahat edir, Məmməd müəllimi olarmı?
Telefonu Məmmədə verdim və sonra soruşdum ki, nə məsələdir?
- İlyas Əfəndiyev haqqında xatirə kitabı hazırlayırlar, məndən də xatirə istəyirlər.
- Əli Vəliyev haqqında xatirən çox geniş alındı. İlyas haqqında da geniş yaza bilərsənmi?
- Əli müəllimlə çox oturub-durmuşam, ona görə də yazım bir az geniş alındı. İlyas müəllim haqqında da geniş yaza bilərəm.
Axırıncı illərdən biri idi. İlyas müəllimlə qarşılaşdım, görüşdük, dedi:
- Axır vaxtlar yaman heyrətləndirici şeirlər yazırsan.
- Heç evinə getmisənmi?
- Şöbə müdiri işlədiyim vaxtlar hansı kitabısa çıxmışdı. O münasibətlə məni də qonaq çağırmışdı. Yaxşı dramaturqdur, son 20 il ərzində Azərbaycan səhnəsini saxlayan o olmuşdur.
Bu böyük sənətkarla qiyabi tanışlığım 1950-ci ildə olub. 17 yaşım vardı. 10-cu sinfi bitirib Bakıya getmək qərarımı özüm verib, özüm də təsdiqləmişdim. Mart ayı - Novruz bayramı ərəfəsi idi. Bir gün ədəbiyyat müəllimi Vəlyəddin Əliyev İlyas Əfəndiyevin “Bahar suları” pyesini sinfə gətirdi. Bizlər, yəni şagirdlər bu kitabı ilk dəfə görürdük. Müəllim qısa məlumat verdi:
- Ədəbiyyatımızın orta nəslinə məxsusdur, yaxşı yazıçıdır, dramaturq kimi cavandır.
Ədəbiyyat müəllimi kitabı sinifkoma verib dedi ki, rolları bölüşdürüb yanıma gəlin, bir aydan sonra tamaşa verməliyik. Razılıq verdik, “təcrübəmiz” var idi, çünki bir il əvvəl “Vaqif” dramını tamaşaya qoymuşduq. Tamaşanı oynadıq. Orta məktəbi bitirib Bakıya gəldim. Ancaq məni sevən qızın, əlbəttə obrazın, mənə dediyi bu sözləri hələ də unuda bilmirəm:
“ - Bu gecə sübhə qədər sənin xəyalınla diz-dizə oturmuşam”
Sonra o qızın “səsi qulaqlarımda” Bakı küçələrini çox gəzdim, çox axtardım ki, o qızın səsini reallaşdırıb canlı bir qız görəm, alınmadı. İlyas müəllimlə də qəfildən üz-üzə gələm, deyəm ki, bəs sizin pyesinizdə baş qəhrəman rolunu oynamışam. Birdən desə ki, gözüm aydın.
Çox utancaqdım. İlyas müəllimlə
aramızda yaş fərqi
çoxdur. Odur ki, onunla, necə deyərlər, “stəkan-stəkana”
vurmamışıq. Bir də ki, badə cingiltisini
yazıçı əlində yalnız görkəmli
yazıçı yubileyləri ilə əlaqəli təşkil
olunan qəbullarda gördüm. “Gənc şair” olandan sonra
ara-sıra belə qəbullarda iştirak edərdim. Yaddaşım
məni aldatmırsa bu məclislərdə İlyas müəllim
kiminsə, hansı”rəhbərinsə” şərəfinə
parlaq sözlər deməzdi. Ancaq ədəbiyyat
məsələlərinə, xüsusən nəsr və
dramaturgiyaya dair keçirilən plenumlarda, müşavirələrdə
və sairə yığıncaqlarda o, özünəsığmaz
olurdu. Belə çıxış və
məruzələrdə “boyaqçı” qələm sahiblərini
tənqid edərdi.
Yenə də yadıma düşsə İlyas müəllim
haqqında sənə danışaram.
29 iyul -
Telefonun səsi məni fikrimdəm ayırdı:
- Mən Məmmədin tələbə
yoldaşıyam, Türkiyədə işləyirəm, orada
bir yoldaş Məmmədin həyat və
yaradıcılığına aid dissertasiya yazır. Məndən
xahiş etdi ki, kitablarından hərəsindən bir nüsxə
və haqqında yazılmış məqalələri ona
aparım. Həm də məktub gətirmişəm,
onu necə sizə çatdıra bilərəm?
- Evə
gətirə bilməzsinizmi? Qaldı ki,
kitablara, məndə hərəsindən bir nüsxədir.
Haqqında yazılmış məqalələr,
qəzetlər də həmçinin. Məmməd
işdədir, telefonu verim, zəng edin.
23 avqust Ayın 6-dan yığışıb kəndə
gəlmişdik. Məmmədi güclə kəndə
aparıram. Qaldığımız
günlərin yadda qalan bir qonağı oldu, o da Abdulla. Abdulla birinci dəfə bizə gələndə
qaynanasının bir mis camını qoltuğuna vurub bizə
pay gətirdi.
-
Yoldaş Abdulla, Məmmədin hələ 65 yaşına var
və mis camı da qaytar apar, bizə lazım deyil. - Və gedəndə
camı Abdullaya verdim.
Bir neçə gün keçdi. Tuncay çox əsəbi
halda içəri girdi:
- Nənə,
başın xörək bişirməyə
qarışıb, bir bax küçəyə nə qədər
adam yığışıb, dədə
də Abdullanı başa sala bilmir.
Küçəyə
çıxdım, Abdulla tutduğu taksini lap qapıya qədər
sürdürmüş, maşının qabaq şüşəsinə
Heydər Əliyevin şəklini vurmuş, özü də
fəxrlə dayanıb gah aşığın kasetinə
qulaq asır, gah da şeir deyir, belə şeyləri görməmiş
kənd camaatı da ona baxır gülüşürdülər.
Məmməd də onu başa sala bilmirdi ki, bura
nümayiş yeri deyil. Şəkli götürüb
maşının içinə qoydum:
- Abdulla,
bu nə hərəkətdir edirsən, yekə kişisən,
bu düşük hərəkətlərindən
utanmırsan?
Mənim əsəbiləşdiyimi
görən Abdulla yazıq-yazıq dilləndi:
-
Bağışla, Gülxanım bacı, dünən sizdə
yediyim çörəyin üstündəyəm, acam mənə
çörək ver.
Abdulla bizə
belə bir konsert verdi.
24 avqust - Şəhərə qayıtmaq istədiyimiz
gün Cəfər qardaş qonağımız oldu.
-
Bacı, bağışla, yasa gələ bilmədim.
Bacına allah rəhmət eləsin,
başıma çox hadisələr gəldi. Bildim
ki, hələ Qubadasınız, gəldim sizi görməyə.
Söhbətarası Cəfər qardaş
keçmişdən də danışdı.
- Mən
Məmmədi Məmməd İbrahim olandan izləyirdim, ancaq
o, özü bunu bilmirdi. Bir dəfə Səməd
Vurğunun yaradıcılığına aid şeir gecəsi
idi. Onda Bəxtiyara hücumlar
başlanmışdı. Gecədə
danışanlara 3 dəqiqə söz verirdilər. Məmməd
kürsüyə qalxmamışdan əvvəl dedi ki,
sözünü 3 dəqiqəyə çatdıra bilmədiyi
üçün 5 dəqiqə danışacaq. Zal bu sözə əl çaldı. Məmməd
sözə belə başladı:
- Səməd Vurğun yaradıcılığına bələd
olan, onun tədqiqatçısı olan Bəxtiyara hücumlar
əbəsdir.
Deyildiyinə görə Məcnun çox
gözəl bir gənc olubmuş, Leyli isə kifir bir qız
imiş. Atası Məcnuna deyəndə
ki, sənə gözəl bir qız alaram, Leylidən əl
çək, onda Məcnun bir daş götürüb
damarını kəsmiş, damarından axan qan
öz-özünə Leyli, Leyli, Leyli yazıbmış.
İndi əgər Bəxtiyarın damarından
kəssələr, ondan çıxan qan Təbriz, Bakı, Azərbaycan
yazacaqdır.
Sonra Cəfər
Məmməddən soruşdu:
-
Yadındadır, qardaş?
- Hə,
o gecə aktyor evində idi.
- Onda,
qardaş, sənin çıxışına çox əl
çaldılar. Öz - özümə fikirləşdim, ay
aman, bu kişini tutacaqlar. Yaxşı ki, elə
bir hadisə olmadı.
25 avqust - Bakıya qayıtdım, nəfəsim yenidən
təngiməyə başladı. “Dədə Qorqud” dastanındakı
toponimlərdən danışırdılar. Məmməd
Səmədlə bağlı bir əhvalat danışdı:
- Bunu bizə
Mirzə İbrahimov danışıb. Türkmənlər dastanın
onların olduğunu iddia edir, az qala bizimlə
dalaşırdılar. Sonra dastan düşmən
çıxdı. Elə bu vaxtlar Moskvada
yazıçıların iclasımı, qurultayımı
gedirdi. İclas
qurtarandan sonra geri qayıdırdıq. Səmədin
çox gözəl atmacaları olardı, təyyarəyə
minməyə hazırlaşırdıq. Başda
Berdi Kerbabayev olmaqla Türkmənistanın nümayəndələri
də öz təyyarələrinə tərəf gedirdilər.
Səməd Berdini çağırdı:
- Berdi,
Berdi “Dədə Qorqud”u verdik sizə.
Berdi də
zarafatla cavab verdi ki, ta istəmirik.
5 sentyabr - Məmmədin yarımçıq
misralarını tapıb yazı masasının üstünə
qoydum, görək nə vaxt şeir olacaq.
Sən mənim
oğlumsan, qələmim, oğlum
Qoyma bu
atanın ocağı sönə...
Yaman
üşüyürəm səndən ötəri
(Qoy bir az üşüyüm səndən ötəri)
Qalsın o məhəbbət, ürək istisi.
Səndən
nə umuram: ürəkdən gələn
Qılıq istiliyi, söz istiliyi.
Riyasız,
boyasız üzümə gülən
Baxış istiliyi, göz istliyi.
İki il ömrümün iki varağı
Yazılıb əbədi çevrildi artıq.
Bolluca
göz yaşı gətirdim sənə
Bolluca yuxusuz gecələr bəsin.
Həmişə
fikirli, həmişə dalğın,
Nəyinsə,
kiminsə sorağındasan
Elə hər
sözündən tənə yağışı,
Elə hər nidanda bir küsü-umu.
Tutaq ki, mən
pisəm, dünyada yaxşı...
Nəğməkar
sarıdan, şair sarıdan
Mənim də torpağım münbit olubdu.
Bu torpaq ən
münbit torpaq olubdu
Dünyanın
ən müdhiş sərkərdələri
Nizami önündə baş əyibdilər.
Əlləri
nahaq qan tökən oğluna
Nənələr südünü haram buyurdu.
Qılınclar
qəzəbdən su içib durub
Buyruq istəyəndə
Qacar tacından
Xəyallar
qoynunda yol gedirəm
Gecələr yuxum çəkilir göyə.
- Yazı
masama qoyduğun misraları oxudum, görürəm ki,
onların hərəsində tam bir fikir var. Qoy onlar da belə
yarımçıq çap olunsun.
-
Yazmırsan, yarımçıqları tamamlamırsan, öz
işindir, deyirlər ki, şairlər Allaha yaxın adamlardır,
allahla danışırlar. Soruş, gör bu
yağış nə vaxt kəsiləcək?
- Allah ta
danışmır, daha doğrusu danışdırmır.
8 sentyabr - Jüll Renarın gündəliyini oxuyuram. Çox yaxşı fikirləri
var. Onun fikirləri:
- Bəli,
mən bilirəm: bütün dahi adamları əvvəlcə
tanımaq istəməmişlər.
- Əsl məşhur yazıçı o
yazıçıdır ki, adını bilmirlər, əsərlərini
isə heç vaxt oxumamışlar. “Şöhrət
şeypurları” onların yalnız adlarını bizə
çatdırmışlar.
-
Ağıllı adamlarla istedadlı adamları dolaşıq
salmayın...
- Xəyal
- fikrin ay işığıdır.
- Balaca vətənlə
böyük vətənin arasında fərq yoxdur. Axı o, yeganədir.
- Quş
ağacın köçəri bəhrəsidir.
-
Qocalıq qar kimi qəflətən gəlir, səhər
oyanıb görürsən hər şey dümağdır.
9 sentyabr
- Axşam xəbərlərində Haiti sahillərində
paromun batmasından danışılanda Məmməd professor
Gülü xatırladı:
- Gül
deyirdi ki, bir litr neft dənizdə 10 kv.m. sahəni
öldürür. Neft kəmərindən sonra
Xəzərdə gəmilərin batması, buruqların
partlaması hadisələri çox olacaq.
İşıq
idarəsindən gələn nəzarətçi cavan
oğlan öz işini qurtarandan sonra məndən bir
kağız istədi və onu Məmmədə verdi:
- Məmməd
müəllim, mənə bu kağıza bir neçə
söz yaz.
O da bu
sözləri yazdı: “Allah sənə yar olsun”. İmza. Tarix.
- Məmməd
müəllim, mən bu kağızı tütyə kimi
saxlayacağam.
13 sentyabr - “Xəbərlər”də
tərif şeypurları işə
düşmüşdü. Məmməd:
- Belə işlərə baş
qarışanda mən yada düşmərəm - dedi. Elə
bu vaxt aparıcı Esmira Çərkəzqızının
səsini eşitdik:
- Müəllimlər,
Məmməd Arazın təbirincə desək, əsl vətəndaşlar,
vətənin qayalarında mamır ola bilən
vətəndaşlar yetirməlidilər.
- Hə, - dedim, - gördün yaddan çıxmamısan.
Tusi adına Pedaqoji İnstitutunda dərs ilinin başlanması münsaibətilə görüş keçirilirdi.
- Bu zal o qədər adamlar görüb ki, yadındadır, bu zalda mənimlə də görüş keçirilib. Tələbə vaxtı daxil ola bilmədiyim anlar da olub - kədərlə gülümsündü Məmməd.
(Ardı var)
Təzadlar.-
2014.- 18 fevral.- S.6.