90 yaşlı məktəbin
uğurları
“Bir millətin tərəqqisi, tənəzzülü və dirçəlişi onun təhsilinə bağlıdır”.
H.B. Zərdabi
Ölkəmizdə elmi-texniki tərəqqinin çox sürətlə inkişaf etdiyi bir dövrdə təhsildəki islahatlar təhsil alan şəxslərin müasir biliklə bacarıqlara yiyələnməsini təmin edir. Təhsilin kökü, mənbəyi, məbədi isə məktəbdir. Elm və təhsil, yüksək ixtisaslı kadr potensialı bu gün hər bir dövlətin hərtərəfli yüksəlişinin əsas təminatıdır. Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurla apardiğı təhsil siyasətinin nəticəsi olaraq ölkəmizdə təhsilin səviyyəsi sürətli inkişafdadır. Müasir dünyada istənilən rəqabətə tab gətirmək üçün ilk növbədə təhsilə və zəngin biliklərə arxalanmaq lazımdır.
Bakı şəhəri Qaradağ rayonun Ələt qəsəbəsində yerləşən Əhməd Zeynallı adına 302 N-li tam orta məktəbin də bu sahədə xidmətləri böyükdür. Tarixini araşdırdıqda məktəbin təxminən 90 yaşı olduğu məlum olur. Qocaman müəllimlərin sözlərinə görə, bu təhsil ocağı 1920-1923-cü illərdə Ələt-Culfa dəmir yolu inşa olunan vaxtdan fəaliyyətə başlamışdır. Məktəbin o dövrdə yerləşdiyi birmərtəbəli binası sonralar yaşayış binası kimi istifadə olunmuşdur. Məktəb fəaliyyət göstərdiyi tarix ərzində 53, 195, 25 və 302 saylı məktəb kimi tanınmışdır.
1967-ci ildə məktəb üçün yeni 3 mərtəbəli bina inşa olunaraq istifadəyə verilmişdir. 302 ¹-li məktəb öz tarixi boyunca xalqımıza dəyərli töhfələri ilə xidmət etmişdir. Məktəbin təhsil tarixinə nəzər salanda xalqın layiqli övladlarının yetişməsində nəfəsini yandıran, gözünün nurunu verib, əvəzində zehinlərə işıq saçan, təhsil, elm, təlim-tərbiyə fədailərinin misilsiz və gərgin əməyinin danılmaz olduğunu görürük.
Belə insanlardan biri kimi Kazım Kazımovu göstərmək olar. O, 3 mərtəbəli binası istifadəyə veriləndən 25 ¹-li dəmir yolu məktəbinin direktoru kimi fəaliyyət göstərmiş, bu məktəbə əvəzsiz xidmətlər etmişdir. İxtisasca riyaziyyatçı olmuş, müdrik, məsuliyyətli, məktəbdə qeyri-adi nizam-intizam yaratması ilə uzun illər dillərdən düşməyən bu pedaqoq öz üslubu, dəsti-xətti ilə yaddaşlarda iz qoymuşdur. 1997-ci ilə kimi, yəni dünyadan köçənə qədər məktəbdə direktor olaraq öz işini, vəzifəsini şərəflə yerinə yetirmişdir. Kazım müəllimi məktəbin məzunları bugünkü gündə də dərin hörmət və ehtiramla yad edirlər.
İndiki dövrdə dövlətimiz məktəblərə yüksək səviyyədə diqqət və qayğı göstərir. Əvvəllər təhsil obyektlərinin şəraiti qat-qat aşağı səviyyədə idi. Lakin buna baxmayaraq, cəfakeş, zəhmətsevər, fədakər müəllimlər də çox idi. Adı 302 saylı məktəbin tarixinə qızıl hərflərlə yazılmış müəllimlərdən biri də mərhum Xəlil Baxşıyev olmuşdur. O, Azərbaycanın tanınmış şairlərindən olan Mirzə Baxış Nadimin nəslindəndir. Xəlil müəllim 1938-1939-cu illərdən Şirvan şəhərinin Xan-Mirzə kəndində müəllim işləmişdir.1940-cı ildə ordu sıralarına çağrılmışdır.1941-43-cü illərdə alman faşistlərinə qarşı vuruşmuş, Ukrayna torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq ordudan tərxis olunmuşdur. 1944-1945-ci illərdə Qazıməmməd rayon komsomol komitəsinin birinci katibi, 1945-47-ci ildə RPK-da təbliğat-təşviqat şöbəsinin müdiri kimi çalışmış,1948-50-ci illərdə Respublika Partiya məktəbində oxumuşdur. 1952-ci ildən Ələt qəsəbəsində 302 saylı məktəbdə coğrafiya müəllimi işləmiş,1962-ci ildə isə qiyabi olaraq ADU-nun geoloji-coğrafiya fakultəsini bitirmişdir. Böyük Vətən Müharibəsi və Əmək veteranıdır. 1977-ci ildə “Qabaqcıl maarif xadimi” və SSRİ-nin digər orden və medalları ilə təltif olunmuşdur. 1991-ci il dekabrın 10-da dünyasını dəyişmışdir. Xəlil müəllim öz orjinal şəxsiyyəti ilə tələbələrinə gerçək insanın, daha dəqiq desək, insanlığın əsl nümunəsi ilə, geyimindən başlanan səliqə-sahmanla, onun danışıq tərzi və hərəkətlərinin, nəhayət, savadının vəhdətində birləşərək, tələbkarlıq və nizam-intizamla nümunəvi müəllim obrazını təqdim edirdi. Xəlil müəllimə övlad nəsib olmamışdır. Lakin o dünyadan köçərkən onun vida mərasiminə toplanan böyük insan izdihamı, onun çox uzaq məsafələri qət edərək gələn keçmiş şagirdləri öz hörmətli müəllimlərini dərin bir hüznlə yola saldılar. Onların axıtdıqları göz yaşları Xəlil müəllimin müqəddəs ruhuna övlad nisgilini də unutdurmamış olmazdı.
ADPU-nun ingilis dili fakültəsini bitirib1957-ci ildən 302 ¹-li məktəbdə əmək fəaliyyətinə başlamış Hümmət Manafov da müəllimlik adını layiqincə daşıya bilənlərdən biri idi. O, öz sevimli şagirdlərinə tədris etdiyi fənni xüsusi həvəs və bacarıqla öyrədirdi. Əzabkeşlikdən və zəhmətdən çəkinməyən bu insan 1973-cü ildə “Yarış qalibi” fəxri adına layiq görülmüşdür.
Deyirlər ki, alim olmaq asandır, adam olmaq çətin. Mən isə belə deyərdim, “Alim olmaq asandır, Müəllim olmaq çətin.” Çox maraqlıdır ki, orta məktəbi, ali məktəbi bitirirsən, lakin bir çox məqamlarda soruşurlar: “Sənin ibtidai sinif müəllimin kim olub?” Əlbəttə, həyatda hər şey ibtidadan, bünövrədən başlanır. Unudulmaz ibtidai sinif müəllimlərindən biri Baxşıyev Qərib 1946-cı ildə Göyçay Pedaqoji Məktəbini bitirib sonrakı təhsilini ADPU-da davam etdirmişdir. Azərbaycan komsomolunun XVI qurultayının nümayəndəsi olmuşdur. Rayon sovetinə deputat seçilmişdir. İşlədiyi müddətdə bir sıra orden və medallarla təltif olunmuşdur. 1981-ci ildə təhsil sahəsində əldə etdiyi naliyyətlərə görə “Fəxri fərmanla” təltif olunmuşdur. 1988-ci ildə “Baş müəllim” adını almışdır.
Məktəbin unudulmaz fizika müəllimi olmuş Əhməd Kərimov Qobustan rayonunun Damlımacalı kəndində 1939-cu ildə anadan olmuşdur. Atası müharibədə itgin düşdükdən sonra qohumlarının himayəsində qalmış və orta təhsilini Qaradağ rayonu Qobustan qəsəbəsindəki orta məktəbdə başa vurmuşdur. ADPU-nin fizika fakültəsini bitirmiş və təyinatla İmişli rayonunun Qaradonlu kəndində müəllim işləmişdir. Oradan da hərbi xidmətə çağırılmış, Qazaxıstanda - Baykonur Kosmosa Uçuş Mərkəzində hərbi xidmət keçmişdir. S.P.Korolyovla və K.Kərimovla görüşmüşdür. Ordudan tərxis olunduqdan sonra 302 ¹-li məktəbdə pedoqoji fəaliyyətini davam etdirmişdir. O vaxt Maarif Nazirliyi tərəfindən fəxri fərman və diplomlarla təltif olunmuşdur. O həm də uzun illər fizika fənni ilə yanaşı, astronomiya və riyaziyyat fənlərini də mükəmməl şəkildə tədris etmişdir. Əhməd müəllim mövzuları elə danışırdı ki, sanki faktların şəxsən şahidi olmuşdur. Astronomiya dərslərində göy cisimlərindən danışarkən şagirdlər sanki özlərini qalaktikada hiss edirdilər.
Uzun illər məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləmiş, hal-hazırda isə müəllim kimi çalışan Rafiq Teymurovun da bu təhsil müəssisəsində çox böyük zəhməti, fədakarlığı olmuşdur. Rafiq müəllim1980-ci ildən1997-ci ilə qədər 302 ¹-li məktəbdə tərbiyə işləri üzrə direktor müavini, 1997-ci ildən 2009-cu ilə qədər isə təlim-tərbiyə işləri üzrə müavin çalışmışdır.1988-ci ildə “Təhsil işçisi”, “Maarif əlaçısı” fəxri nişanları ilə təltif olunmuşdur. Teymurov Rafiq müəllim işlədiyi uzun illər ərzində öz işini məktəbin müəllim və şagird kollektivi ilə özünəməxsus psixoloji və pedoqoji yanaşmalarla təşkil etmişdir. O, öz vəzifəsini məsuliyyətlə yerinə yetirmiş, qabaqcıl təcrübə əsasında gənc müəllimlərə öz tövsiyyələrini vermişdir. Gənc kadrların püxtələşməsinə, kamilləşməsinə görə səylə çalışmışdır.
Məktəbimizin dövlətimizə layiqli vətəndaş, yüksək mənəvi dəyərlərə malik olan cəmiyyət qurucuları yetişdirilməsi işində öz silinməz imzalarını atmış müəllimləri sırasında mərhum R.Ərəstun, A.Əliseyran, Ş.Həcər, B.Mələk, T.Tahir kimi müəllimlərin də adları hələ uzun illər yaddaşlardan silinməyəcəkdir. Hal-hazırda təqaüddə olan S.Rufulla, S.Pakizə, Leyla, Ə.Tahir, başqa müəllimlərimiz isə vaxtilə düzgün istiqamətləndirilmiş təlim-tərbiyə və psixoloji yanaşmaları ilə neçə-neçə nəsillərə nümunəvi şagirdlər yetişdirmişlər.
Prezident cənab İlham Əliyevin sərəncamları ilə təhsilə və təhsil obyektlərinə olan təqdirəlayiq diqqət və qayğıdan 302 ¹-li məktəbə də pay düşmüşdür. Belə ki, məktəb 2012-ci ildə əsaslı şəkildə, yüksək standartara uyğun olaraq təmir olunmuşdur. Məktəb lazımi tədris avadanlıqları və invertarları ilə təmin olunmuşdur. Yeni dərs ili ərəfəsində I-XI siniflər üçün pulsuz dərsliklər alınaraq şagirdlərə paylanmışdır. Məktəbin binası istilik sistemi ilə təmin edilmiş və internet şəbəkəsinə qoşulmuşdur. Ümumiyyətlə, son dövrdə ölkə rəhbərinin vətəndaşların rifahı naminə gördüyü quruculuq işləri sırasına Ələt qəsəbəsində yeni tikilmiş bir 3 mərtəbəli, 1 birmərtəbəli, məktəb, 1 peşə məktəbi, 2 uşaq bağçası,1 şəhər poliklinikası da daxildir. Bundan əlavə, qəsəbənin küçələrinə asfalt örtük çəkilmiş, işıqlandırılma ilə təmin edilmişdir. Qəsəbənin ən böyük lahiyəsi isə Beynəlxalq Dəniz Ticarət Limanının inşa olunmasıdır. Ələtdə sənayenin inkişafı gözlənilir ki, bu da hətta qəsəbənin şəhər statusu almasını gerçəkləşdirə bilər. Artıq məktəbimizin məzunları da abituriyent olaraq həmin iqtisadi obyektlərin kadr tələbatına uyğun ixtisaslara yiyələnmək arzusundadırlar.
Hazırda Ə. Zeynallı adına 302 saylı tam orta məktəbə Akif Əliyev rəhbərlik edir. Akif müəllim uzun illər direktor müavini, 1997-ci ildən isə məktəb direktoru kimi çalışır. O, məktəbdə ilk növbədə təhsilin keyfiyyətini yüksəltmək, təlim-tərbiyə prosesini daha da yaxşılaşdırmaq, nöqsanları aradan qaldırmaq və pedoqoji kollektivə düzgün istiqamət vermək məqsədilə öz işlərini dövlətimizin təhsil siyasətinə və təhsilin strategiyasına uyğun olaraq aparır. Onun gösrərişi ilə kollektiv üzvlərinin əmək intizamı, təhsil alanlara mövzuların yeni yanaşmalarla, müasir təlim texnologiyaları vasitəsilə mənimsədilməsi, məktəbli geyiminə əməl olunması, gündəlik davamiyyət ciddi nəzarətdə saxlanılır. Bundan əlavə, məktəbdə dövlət tədbirlərinin keçirilməsi də yüksək səviyyədə təşkil olunur. Təhsil alanlarımız ötən tədris ilində Umummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə məktəblər arasında keçirilən müxtəlif nominasiyalar üzrə müsabiqələrdə və bilik yarışmalarında iştirak etmişdilər. “Bədii qiraət” nominasiyasi üzrə X sinif şagirdi Vahidzadə Fidan II yeri, “Mən azərbaycanlıyam” inşa müsabiqəsində VIII sinif şagirdi Vahidova Gülnar rayon turunun qalibi olmuşlar. “Müəllimin yaradıcı işi” nominasiyasında isə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəmilə Zülfüqarova uğurla iştirak etmişdir.
Məkəbimizin yetirmələri akademik Zərifə Əliyevanın unudulmaz xatirəsinə həsr olunmuş “Ana - müqəddəslik zirvəsi” mövzusunda inşa və əl işləri müsabiqəsində də uğurla iştirak etmişlər.”Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir” mövzusunda “Azərbaycan tarixi fənn aylığı” nda XI sinif şagirdi Hüseynxan Hüseynov referat nominasiyası üzrə rayon və şəhər miqyasında I yeri əldə etmişdir. Adı çəkilən məzunumuz hazırda Azərbaycan Dövlət Tibb Universitetinin hərbi tibb fakultəsinin I kurs tələbəsidir. Məktəbimizin idman uğurlarını qazananlar isə karate üzrə Avropa çempionu, 3 dəfə Azərbaycan çempionu, Dünya kuboku sahibi, I Dan Qara Kəmər sahibi Nəhmədov Bəxtiyar, Avropa çempionu, 4 qat Azərbaycan çempionu, 2 dəfə Dünya kubokunun sahibi, I Dan Qara Kəmər sahibi Fariz, Avropa çempionu, 2 dəfə Azərbaycan çempionu, dünya Kubokunun sahibi, I Dan Qara kəmər sahibi Musayev Məhərrəmdir. Onlar həm də Milli yığma komandanın üzvləridirlər.
Hazırda ölkəmizdə yeni təhsil sisteminin qurulması prosesi gedir, təhsilimiz günü -gündən inkişaf edir. Yeni təhsil sisteminin pedoqoji fikirdə, təlim-tərbiyə təcrübəsində mühüm dəyişikliklərlə yanaşı getdiyi bir dövrdə 302¹-li məktəb 2012/2013-cü dərs ilini Azərbaycan təhsilinə dəstək olaraq uğurla başa vurmuşdur. Belə ki, məktəbin 17 nəfər məzunu yüksək ballarda müxtəlif ali təhsil məktəblərinə qəbul olunmuşlar. Onlardan ən yüksək bal yığan Səmədzadə İlahə olmuşdur. O, 599 balla Azərbycan Dövlət Tibb Universititetinin müalicə işi fakültəsinə daxil olmuşdur. Sevindirici haldır ki, bu təhsil ocağı daim öz məzunları ilə fəxr etmişdir. Ilk növbədə 302 ¹-li məktəb adını daşıdığı məzunu Əhməd Zeynallının şəhidlik zirvəsini gənc nəslə vətənpərvərlik timsalının bariz nümunəsi kimi təqdim edir. Ə. Zeynallı məktəbin hörmətli müəllimlərindən biri olmuş mərhum A. Əliseyran və A. Həcər müəllimin övladı olmuşdur.
Təsadüfi deyildir ki, məktəbin bi çox məzunları inzibati-idarəçi kimi müəssisə və təşkilatlara rəhbərlik edirlər. Onlardan Qaradağ rayonu İcra Hakimiyyətinin Ələt qəsəbəsi nümayəndəsi Mehdiyev Nizami, müaivini Məmmədov Araz, 40 ilə yaxın bir müddətdə qəsəbədəki 10 saylı xəstəxananın baş həkimi kimi çalışmış, indi isə Ələt qəsəbəsi Ağsaqqalar Şurasının sədri Yusifov Abbas həkimi, Nərimanova Tura həkimi, dəmir yolu vaqon-depoda şöbə müdiri işləyən Ağayev Allahyarı, keçmiş “Neftçi” futbol komandasının üzvü, Şöhrət ordenli, prezident təqaüdçüsü Kazbek Tuayevi, karate üzrə Avropa Çempionu, Qara kəmər sahibi Zaur Məhəmmədovu, Müdafiə Nazirliyində bölmə rəisi çalışan polkovnik-leytenant Ağalar Manafovu, iki universitet təhsili alaraq Milli Bankda şöbə müdiri işləyən Elşad Manafovu, Hərbçi zabitlərdən Xanalı Məmmədovu, Saday Balayevi, fizika elmləri namizədi Aydın Musayevi və başqalarını misal göstərmək olar.
Pedoqoji kollektivimiz bundan sonra da qarşıya qoyulmuş vəzifələrə yüksək səviyyədə nail olmağı əsas prinsip sayır və bunun naminə maksimum qüvvə ilə çalışmaqla inkişafda olan dövlətimizi və təhsilimizi daha da uca zirvələrə qaldırılacağına inanırlar.
Səkinə Rzayeva,
Ə.Zeynallı
adına 302 saylı tam orta
məktəbin təlim-tərbiyə işləri üzrə
direktor müavini
Təzadlar.-
2014.- 20 fevral.- S.15.