Məmmədbəyli nəslinin tanınmış övladları

 

 

Qarabağın dilbər guşələrindən sayılan Seyidli XVIII əsrdə Kəbirli tayfasının oymaqlarından idi. Qarabağ xanlığının qurucusu Pənahəli xanın və onun övladlarının rəqiblərinə qarşı mübarizədə arxalandığı, güvəndiyi bir neçə tayfabu tayfaların oymaqlarından çıxmış qoçaq insanları olmuşdur. Qarabağa aid yazılan salnamələrə istinadən Cavanşir, Otuziki, Kəbirli və başqa tayfalar hər zaman Pənahəli xana sədaqətli olmuşlar. Seyidli oymağının əhalisi də Pənahəli xanın, İbrahimxəlil xanın, Mehdiqulu xanın etibar etdiyi qoçaq, mərd insanlar sırasında idi. Seyidli oymağı müxtəlif tarixi dövrlərdə özünün görkəmli şəxsiyyətləri, ziyalı övladları, alimləri, müəllimləri, həkimləri ilə tanınmışdır.

XVIII əsrdə Qarabağ xanlığı zamanında Seyidli oymağının ərazisi geniş olmuşdur. Həmin dövrlərdən etibarən Seyidli oymağında Qazılılar, Kərbəlayi Miralılar, Məmmədbəyli, Eyvazlı, Mollalar, Seyidlər, Şərifli, Molla Qurbanlı, Hacı İsmayıllılar, Hacıtağlar, Kəlbavəlilər, Əbülqasımlı, Nədirlər, Hacılar, Hacı Mahmudlu, Kəlba Əhmədli, Təpə məhlə, Tillər, İlanqırxanlar və başqa nəsillər yaşamışlar. Bu nəsillərdən bəziləri zaman keçdikcə müəyyən təsirlər nəticəsində qaynayıb qarışmaqla bir nəsil kimi öz varlıqlarının itirməli olmuşlar.  Seyidli ərazisindən axan Kötəl çayı adıyla məşhur idi. Kötəl Qarqar çayının qoludur. Qarabağda Kötəlin suyunu içənin qoçaq, igid, eyni zamanda  gözəl səsə malik şəxs  olması barədə bir inanc da vardır.

Azərbaycan Respublikası Dövlət Tarixi arxivində saxlanılan müxtəlif illərdə aparılmış əhalinin, eləcə də bəylərin siyahıya alınması sənədləri ilə tanışlıqdan sonra belə qənaətə gəlmək mümkündür ki, Seyidli oymağında adları çəkilən nəsillərin yaradıcıları XVIII-XIX əsrlərdə yaşamışlar.

Məmmədbəyli nəsli Seyidli oymağının tanınmış nəsilləri sırasındadır. Nəsil öz adını Məmməd bəyin adından almışdır. Məmmədbəyli nəslinin  kökü Seyidli oymağının sakinləri ilə qan qohumluğu olan Çəmənli oymağına gedib çıxır. Çəmənli oymağında bu nəsil Hatəmxan ağanın nəsli  kimi tanınır. Dövrünün hörmətli, qoçaq, qonaqpərvər adamlarından sayılan Hatəmxan ağanın adını Molla Vəli  Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir öz şeirlərində ehtiramla yad etmişlər. Mirzə Fətəli AxundovunMüsyö Jordan və dərviş Məstəli şah” əsərindəki Hatəmxan ağa surətinin Çəmənli Hatəmxan ağanın protipi olması ehtimal olunur.

Hatəmxan ağanın övladlarının Seyidli oymağında torpaqları, nadir ağaclardan ibarət meyvə bağları olması haqqında məlumat vardır. Hatəmxan ağanın oğlu Nadirqulu bəy XIX əsrin əvvəllərində  Çəmənli oymağının yüzbaşısı idi.

Məmməd bəy Nadirqulu bəyin böyük övladı Yusif bəyin oğludur. Onun anası Hüsnü xanım Seyidli oymağının tanınmış nəsillərindən idi. Hazırda Məmmədbəyli nəslinin övladları Məmmədov soyadı ilə tanınırlar.

Məmməd bəy 1833-cü ildə anadan olmuş, təxminən 83 il ömür sürmüşdür. Görkəmcə ortaboy adam olmuş Məmməd bəyin sahəsi dörd desyatin ərazini əhatə edən üzüm bağı, 12 desyatin əkin yeri olmuşdur.

O, Pəri xanım Qayıbova ilə ailə həyatı qurmuş, Murtuza bəy, Şəkər xanım, Ağca xanım adlı övladları olmuşdur. Pəri xanım Qarabağın Otuziki tayfasının Veysəlli oymağının Qayıbovlar nəslindəndir.

Murtuza bəy 1876-cı ildə Çəmənli oymağında dünyaya gəlmişdir. İlk təhsilini ruhani məktəbində almış, sonralar Ağdamda rus-tatar məktəbində oxumuşdur. Onun uşaqlıq və gənclik illəri Çəmənli oymağında  keçmişdir. O, sonralar müəyyən səbəblərə görə əmisi oğlanları, digər yaxın qohumları ilə birlikdə  Seyidli oymağında yaşamışdır.

Murtuza bəy Qarabağın hörmətli, müdrik el ağsaqqallarından sayılmış, yaşadığı bölgənin ictimai həyatında aparıcı rol oynamış, ağıllı məsləhətləri ilə tanınmışdır. Görkəmcə ortaboy, arıq şəxs olmuş Murtuza bəy yaşlı nəslin yaddaşında qürürlu, alicənab, sakit təbiətli, təmkinli, az danışan, əliaçıq şəxs kimi xatırlanır. Çar Rusiyası dövründə o, Qarabağda sayılan nəsillərin övladı kimi hökumət yanında xüsusi hörmətə malik idi. Qarabağda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuş Murtuza bəy neçə-neçə insana arxa durmuş, onlara kömək etmişdir.

Murtuza bəyin Seyidli və Çəmənli oymaqlarında geniş  torpaq sahələri, təsərrüfatı olmuşdur. Onun Çərikdə də torpaq sahələri var idi. Çərik Seyidlinin əkin və otlaq yerləri idi.  Murtuza bəyin Seyidli kəndindəki nadir ağaclardan ibarət meyvə bağları adla tanınmışdır. Lakin çox təəssüflər olsun ki, Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra Murtuza bəyin var-dövləti, torpaqları, meyvə bağları əlindən alınmışdır. Onun Seyidli kəndində bəy, zadəgan, varlı olmasına baxmayaraq öz əlilə əkib becərdiyi  nadir ağaclardan ibarət meyvə bağları digər meyvə bağları kimi kolxozlaşma adı altında yerli vandallar tərəfindən məhv edilmişdir. Murtuza bəy həyatının sonuna kimi yeni hökumətin yerli nökərlərinin təzyiqləri ilə yaşamalı olmuşdur. O, 28 oktyabr 1939-cu ildə vəfat etmiş, Seyidlinin Qaracı qəbirstanlığında torpağa tapşırılmışdır.

Murtuza bəy Qarabağın ağır seyidlərindən sayılan Seyid Həşimin qızı Seyidə xanımla evlənmiş, Soltan, Tovuz, Hüsnü, Məmməd, Dilbər, Hətəm adlı altı övladı olmuşdur.

Atam - milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Murtuza bəyin nəvəsi, Hüsnü xanımın oğludur.

Ağdamın müdrik el ağsaqqallarından sayılan tanınmış maarif xadimi ana babam Məmməd Məmmədov Murtuza bəyin oğludur. O, Məmmədbəyli nəslinin hörmətli ziyalı övladıdır.

Məmməd Məmmədov 17 avqust 1917-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Məmməd Məmmədov  Ağdam 1 saylı istinad məktəbində, Ağdam Kənd Təsərrüfatı Texnikumunda oxumuşdur. O, Azərbaycan Pedaqoji İnstitutunun Təbiyyat fakültəsində təhsil almışdır. Məmməd Məmmədov Azərbaycan dili bölməsində oxumasına baxmayaraq, müəllimlərdən çoxu başqa millətlərdən olduğu üçün dövlət imtahanlarını rus dilində müvəffəqiyyətlə verib, qızıl saata layiq görülmüşdür.

Məmməd Məmmədov həyatının sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. M.Məmmədov 50-ci illərdə fasilələrlə Ağdam rayon partiya komitəsinin ikinci katibi vəzifəsində çalışmışdır. Bakı Ali Partiya Məktəbində təhsil almışdır.

M.Məmmədov 15 fevral 1990-cı ildə Ağdamda vəfat etmiş, Qarağacı qəbiristanlığında torpağa tapşırılmışdır.

Dilbər Məmmədova Murtuza bəyin kiçik qızıdır. O, Məmmədbəyli nəslinin tanınmış övladlarındandır. Dilbər Məmmədova 10 avqust 1922-ci ildə Seyidli kəndində anadan olmuşdur. Ağdam Pedaqoji Texnikumunda, Ağdam Dövlət Müəllimlər İnstitutunda oxumuşdur. II Dünya Müharibəsi illərində Laçın orta məktəbində  müəllim işləmişdir.

Dilbər Məmmədova tanınmış maarif xadimi Əli Quliyevlə ailə həyatı  qurduğu üçün ömrünün sonuna kimi Bakıda yaşamışdır. Bakının orta məktəblərində kimya, biologiya fənlərini tədris etmişdir. O, 16 oktyabr 1997-ci ildə Bakıda vəfat etmiş, Mərdəkanda dəfn olunmuşdur.

Göründüyü kimi, Seyidli oymağının Məmmədbəyli nəsli sayılıb-seçilən övladları ilə tanınmışdır. Məmmədbəyli nəslinin övladları sələflərinin layiqli davamçısı kimi bu gün də Azərbaycanın ictimai həyatında yaxından iştirak edir. 

 

 

 

Orxan Zakiroğlu (Baharlı),

tədqiqatçı-jurnalist 

Təzadlar.- 2014.- 20 fevral.- S.13.