Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar”

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

 

(Əvvəli ötən saylarda)

 

 

 

 15 sentyabr - Axşam şeirini  köçürtməyə verdi:

 

 

 

Papaq tapdıq, baş tapmadıq,

Üzük tapdıq, qaş tapmadıq

Özül tapdıq, daş tapmadıq,

Mat, məəttəl qalmışam.

 

 

 

- Təzə şeirdir, işləyib qaydaya saldım, təzə formadır, deyilməyib.

- Görürsən ki, stoluna yaxınlaşanda yazırsan, işləmək lazımdır.

- Dərman içirəm, vəziyyətim pisləşir, axşam işləyirəm, onda da yata bilmirəm. Beynim oyaq qalır, bunlar elə-belə ağnağazdır.

- Ağnağaz? Bu sözü təzə eşidirəm, o nə deməkdir?

 

- El arasında işlənən sözdür, əvvəllər hər yaxın kəndin özünün su dəyirmanı vardı. Dəni çox olanlar növbə tutar, dənlərini üyüdərdilər. Torbanın dibində bir az dəni olan kasıb da gəlib dəyirmançıya deyərdi ki, başına dönüm, bunu ağnağaz elə ver. Dəyirmançı da arada kasıbın dənini üyüdüb verərdi ki, uşaqları ac qalmasın. Ağnağaz bizim kəndlərdə işlədilən el sözüdür.

 

 

 

- Deyəsən, apostrofu atıblar.

 

 

 

- Yaxşı ediblər, Cəfər sözündə  apostrof vardı, atdılar, düzgün tələffüz etmirik? Səməd Vurğun apostrof dilimizin simfoniyasıdır, deyərdi. Niyə axı o dilimizin simfoniyasıdır sualını da özü verdi Məmməd.

17-19 sentyabr - Bu günün bir yeniliyi bu oldu ki, “Füzuli” adına beynəlxalq mükafatın təsisi haqqında qərar oxundu:

- Məmməd, səncə, Azərbaycandan mükafatı kim alacaq? İndi də 10 min dollar üçün bir-birini qıracaqlar.

 - Bəxtiyar “Şəbi-hicran”ı yazıb, mükafat ona düşür. Bir də şərt qoyulmur ki, əsər ancaq Füzulidən olsun, başqa əsərlərə də düşə bilər. Məktəbə yaxın küçədə gəzirdim, iki məktəbli mənə yaxınlaşdı və söylədi ki, biz bu gün sizin şeirinizdən 5 almışıq.

 

 

 

- Hansı şeirimdən, - sual verdim.

- “Müharibə olmasa” şeirindən.

- Əzbər söyləyə bilərsinizmi?

Hər iki uşaq mənə şeiri əzbər söylədi, başlarını tumarladım, sevinə-sevinə getdilər.

 

 

 

- Təzə şeirlərini oxudum, əladır. “Yalan”, “Sınma, könül”. “Sınma” şeirində niyə “şair  müraciətini “könül” sözü ilə əvəz etmisən? Könül çox işlənmişdir, çeynənib.

- Düzdür, mənim də bir o qədər xoşuma gəlmir, beş-altı gündən sonra yenidən köçürəcəyəm, onda əl gəzdirmək olar. Ümumiyyətlə, məni həvəsləndirmək üçün tərifləyirsən, ancaq beş-altı şeirdən biri yaxşı çıxar, bu da təbiidir. Hə, yadıma düşdü, bayaq gəzəndə bir cavan oğlan mənə yaxınlaşdı, Məmməd müəllim, sizinlə görüşmək olarmı,  sualını verdi. Olar, olar,  dedim.

- Mənim adım Arifdir. Bakı Universitetinin Riyaziyyat fakültəsində dərs deyirəm, sizin “Daş harayı” kitabınızı əzbər bilirəm. Şərq ölkələrində işləmişəm. Özünü türk adlandıranlar sizi çox sevirlər.

Sonra da mənim “Gecə pəncərəmə dırmaşan pişik” şerimi əzbər dedi. 30-35 yaşında, səliqəli geyinmiş, şivərək bir cavan idi.

 

 

 

Elə marıtdama altdan yuxarı,

Nə var yuxarıda, büdrəmək, aşmaq.

Başa başsızları başsız çıxarır...

Yeri get, qabını yala, ay axmaq!

Gecə pəncərəmə dırmaşan pişik!

 

 

 

Pəncərə sındıqca pişiklər artır

Görən nə yemişik, nə yedirtmişik?

Astana yalayan pəncərə yırtır,

Yəqin çox pişiyə pələng demişik

Gecə pəncərəmə dırmaşan pişik....

Ayrılanda da belə dedi:

 

 

 

- Məmməd müəllim, XX əsrin korifeyliyi sizinlə bitdi, bunu bilin.

21 sentyabr - Axşam türk Saleh bəy bizə gəldi. Məmməd haqqında material axtarırdı, doktorluq yazmalı idi:

- Teyzə, mənə kömək et, siz gərək fəxr edəsiniz ki, türk dünyası sizin eşinizi tanıyacaq.

- Saleh, axı məndə nə varsa hamısı bir nüsxədir. Onları sənə versəm, məndə heç nə qalmır, sizdən başqa ayrı salehlər də gələcəklər. Bəs onlara necə kömək edim?

- Belə danışaq, siz qəzetləri mənə verin, mən kserokopiya çıxarıb qaytarım.

- Saleh, evimiz bir az darısqaldır, gərək nəzərə alasan.

- Nə olar xalq şairinin evi belə olar, çox şairlərin evində olmuşam, onları tanıyıram. Bizlərdə belə laf var, - “yandı, döndü”, onlar, teyzə, elədirlər. Məmməd əmi onlardan tamam fərqlənir.

 

Sayıb 125 məqalə, 3 diplom işini verdim. Bir neçə günə qaytaracağını söylədi. Saleh gedəndən sonra söhbətimiz Mirzə İbrahimovdan düşdü:

- Biz gənclər İttifaqa yığışanda Mirzə müəllim maraqlı söhbətlər edərdi. Ən çox da Səməd Vurğunla bağlı. Deyərdi:

- Səməd Vurğun nə vaxt evinə çatsa, gecə yarısı olsa da, zəng edərdi ki, Mirzə, nə edirsən?

 

 

 

- Yatıram.

- Dur bir az gəzək.

 

 

 

- Çıxıb gəzərdik. İlahi, Bakının gecələri  gözəl olurmuş, küçələr bomboş, sakit. Ancaq süləng itlər olur küçələrdə.

- Qlavlitdə Knyaz adlı bir yaşıdım işləyirdi, bir yerdə işləmişik, Qlavlitə keçdi. Mənim kitablarımın çoxunu o bir sətrinə də toxunmadan, siyasi şeirlərimi   qol çəkib verib, çap olunub.

Bir dəfə Knyaz belə bir söhbət etmişdi:

- Qılman baş redaktor olanda mən kiçik redaktor işləyirdim. Səməd Vurğunun kitabına bağlanmış müqaviləyə imza atmağa məni onun yanına göndərdi, orta qonorar yazmışdı. Səməd qol çəkmədən müqaviləni qaytardı və dedi: - “Get Qılmana de ki, mən quyruq acıyam, sür-sümük acı deyiləm”.

24 sentyabr - Saleh bəy apardığı materialları geri qaytardı.

- Düzünü de, Saleh, bu qədər materialı axtarıb tapa bilərdinmi?

- Yox, teyzə, demək olar ki, heç bir faizini də tapmazdım. Heç kim bilmir ki, belə zəngin arxiv saxlayırsınız.

Zarafat etdim: - İndi de görək teyzəni tərifləyəcəksənmi?

- Teyzə, kitabın izahat bölməsində mütləq sizə təşəkkür edəcəyəm ki, mənə kömək etmisiniz. Ciddi cavab verdi. Sonra soruşdu:

- Mən müdirimi bəkləyirəm, olarmı onları gətirib Məmməd əmi ilə tanışdırım?

- Olar, Saleh, olar, ancaq bizi xəbərdar et.

26 sentyabr - Məqalələrini hazırlamaqla bərabər arxivi də araşdırmalı, səliqəyə salmalı oldum. Yeni-yeni yazılarla rastlaşdım. Səməd Vurğun haqqında mənə danışdıqlarının bədii variantını gördüm:

- Məmməd, Səməd haqqında yazın tam deyil axı.

- Mən Səməd haqqında 4 yazı yazmışam, 3-ü çap olunub. Dediyin yazı da, məncə, “Ulduz” jurnalında gedib, yadımdaır, Yusif mənə təşəkkür etdi həmin yazıya görə. “Aygün” poeması mənim kurs işim idi. Onun təhlilini vermişəm. İndi sən əlyazmalarımın içində adını oxuduğun yazını ver, baxım.

Axşam Heydər Həsənoğlu bizə gəldi:

- Gəlmişəm ki, “Məmməd Araz” mükafatının kimə veriləcəyini dəqiqləşdirəm. Nizami Xudiyev özünün kitabının münsiflər heyətinə təqdim edilməsini lazım bildi, kitabının bu mükafata layiq olduğunu söylədi. Sizin fikriniz nədir?

- Nizami çox savadlı alimdir, elə bir məsələ varsa, lap yaxşı - söylədi Məmməd.

28 sentyabr - Arabir yarımçıq yazılar haqqında verdiyim suallara Məmməd belə cavab verirdi:

- Bunu bil ki, nə çap olunubsa, hamısı olduğu kimi, bir sətrinə belə toxunulmadan çap olunub. Belədə çox yazılarımı evə gətirməmişəm, “Ulduz” və “Azərbaycan” jurnallarında çoxlu yazılarım gedib, kitablara ön söz yazmışam. Tatar şairlərinin tərcümə şeir kitablarında ön söz mənimkidir.

- Sən yerini de, mən tapım, gələcəkdə çap etdirək.

29-30 sentyabr - Gülxanım, məqalələri hazırlayırsan, mənə elə gəlir ki, məqalələrlə bərabər bəzi məktublar da çap olunsa yaxşıdır.

- Özün bilirsən ki, publisistikan şeirlərindən çoxdur, 3 cild olar. Məktubların dərdini çəkmə, onları sonra çap edərik

- Niyə, məktublarımda çox gözəl fikirlər var. Məsələn, İbrahim Bozyelə yazdığım məktublar çox mənalı məktublardır. Gör nə deyirəm: - Dünyada məni şeir qədər ovudacaq haray və təskinlik tapmaram; sənət körpüsündən keçənlər xoşbəxtdirlər, bu körpünü yaradan ululardır; ya da yenə də dağ çayına bənzər təmiz, gur, duru səsini eşitdik, qardaş, dünyada səsin batmasına inana bilməm...

- Bütün bunlar düzdür, amma...

 

 

 

Yazırsan:

 

 

 

... Qələmim dünyaya əmanət olsa,

Gözümün işığı bir gözə töhfə;

Bir də gəlişimə zəmanət olsa -

Gəlməzdim mən belə dünyaya, tövbə!

 

 

İnam olacaqdır - dözüm vardısa,

Qəmi dəm eləmək o mənə qaldı.

Bir-iki yaraqlı sözüm vardısa,

Vətəndən almışdım, Vətənə qaldı.

 

 

 

Məmmədin Vətənə qalacaq sözlərinə Fəttah Heydərov havadar çıxdı və 1997-ci ildə “Yol ayrıcında söhbət “ kitabını çap etdirdi.

- Deyəsən yerin sürəti də çoxalıb, ay da tez qurtarır, amma işlərimiz yarımçıqdır, Məmməd Araz.

 

- Kitabla bağlı baş redaktor Nihadla görüşdüm, ciddi bir kişidir, olar 50-55 yaşı. O dedi ki, bizim nəşriyyat Zəlimxan Yaqubun kitabını yaxşı formatda çap edib, biz istəyirik ki, sənin kitabın ondan da yaxşı olsun, buna çalışırıq.

Sonra məndən misraların sayını soruşdu.

2 oktyabr - Axşam özünün təzəcə yazıb qurtardığı şeiri mənə verdi, əlavə etdi: cəfəng şeirdir.

Oxudum “İt qaya kölgəsində”.

Bütün misraları sətiraltı məna ilə dolu şeiri nə üçün cəfəng adlandırırsan?

- Məndən əvvəl deyilmiş fikirdir, amma məndə təzə formada alınıb.

- Bütün fikirlər müxtəlif vaxtlarda müxtəlif şairlər tərəfindən deyilib. Ustalıq ondadır ki, onu təzələşdirəsən. Bu şeirin əla şeirdir. O biri şeirləri də ver oxuyum.

 

 

 

- Köçürəndə oxuyacaqsan.

- “Circirama” şeirin bənzərsizdir...

Sonuncu nəşəsiylə verib baş-başa

Oxuyar, oxuyar, oxuyar circirama.

 

 

 

Sonra da əbədi yuxulayar cırcırama...

Ömrün son çağında nəğmə oxumaq,

Ölüm ayağında nəğmə oxumaq.

Qəribə ömürdür, qəribə ölüm...                                 

 

 

 

Sonu əvvəlindən xəbərsiz olan:

Əvvəli sonu tək əsərsiz olan,

Birisi söyləyər: bixəbər yazıq,

Birisi söyləyər: bəxtəvər yazıq...

 

 

 

3 oktyabr - Ev işlərini qurtarandan sonra söhbəti yenə Səməd Vurğundan saldım.

- Səmədi bir neçə dəfə yaxından görmüşəm, çıxışlarını dinləmişəm. Bu, elə bil dünən olub, ancaq dəqiq hansı il olduğu yadımda deyil.

“Natəvan” adına klubda mərhum Cəfər Xəndan məruzə elədi. Məruzə ətrafında qızğın mübahisə başlandı. Səməd şeirimizin ümumittifaq miqyasında yerindən, çəkisindən və bəzi qüsurlarından danışdı. Bəzi çıxış edənlərə üzünü tutub dedi ki, balam, aladağdan, qaradağdan misallar gətirirsiniz, bizim poeziyamızın uğurlu addımları azmı? Niyə bunlardan bizim cavan yazıçılarımız öyrənməsin? Bir neçə qələm dostumun adını çəkdi. Qoy bir dəfə qeyri-təvazökarlıq edim, axı bu poeziyanın S. Vurğunu da var. “Vaqif”i o yazıb. Həmin vaxt nə ilə əlaqədarsa bu aforizm dilindən qopdu, indiki kimi yadımdadır. Dedi - “kiçik xalqın böyük şairi olunca, böyük xalqın kiçik şairi olasan”.

4 oktyabr - Səhər yeməyindən sonra Əli Bayramlıya getdik. Bizi qonaq çağıranın oğlu qarşıladı. Məclisdə məlum oldu ki, ev sahibləri ailə qurduqlarının 30 illiyini qeyd edirdilər. Həmişə kimi yenə də Məmməd tərifləndi, onu Pir adlandırdılar. Ailənin Məmmədi ilahiləşdirməsi, onu dəfələrlə Pir adlandırması Məmmədin gözlərini yaşartdı.

Sonra Kür qırağına gəzintiya çıxdıq. Məmməd ot basmış asfaltı göstərib dedi:

- Gülxanım, bura Əli Bayramlının bulvarıdır. Vaxtilə Tofiq Bayram, Rüfət Zəbioğlu və mən buralara çox gələrdik. Burada adam əlindən tərpənmək olmazdı. Yaxşı poeziya sevəndirlər. Sabirabadda da həmçinin. Burada gözəl poeziya gecələri keçirərdik.

10 oktyabr - Axşam yazdığı təzə şeirlərini köçürməyə verdi. “Sınma, şair” şeirini köçürdükdən sonra soruşdum:

- Bu şeiri yekunlaşdırmısan, səncə tamdırmı?

- Hə.

- Mənə elə gəlir ki, şeir hələ tam deyil. Bəlkə,

“Əzil, xışlan, sınma qəti,

Sınıq salma bir milləti.”

- misralarını axıra salasan, ya da təkrar yazasan.

- Olar, təkrar olsa şeir bitgin olar və həmin misralardan sonra “sınma şair” - əlavə elə.

Sonradan “Sınma” şeirinə çox əlavələr olundu.

- Bura bax, “Azərbaycan” adlı şeirin yaxşı mahnılıqdır. Bəstəkar girişsə, himn kimi səslənən sözlərdir.

11 oktyabr - Gedib “Təzadlar” qəzetini aldım. Xudu Məmmədov haqqında çoxları öz ürək sözlərini yazmışdı. Hamısını Məmmədə oxudum:

- Bəxtiyar hamımızdan səmimi yazıb - dilləndi Məmməd

Sonra qəzetdə olan atmacaları oxudum. Birində belə yazılmışdı: “Azərbaycandan gedənləri əli çomaqlı çoban heykəli yola salır. Gələnləri isə qoç qarşılayır. Görəsən, azərbaycanlılar haqqında xaricilər nə düşünürlər?”.

- Məsələ düzgün qoyulub. Qoyun, çoban və s. bunları yığışdırmaq lazımdır, - əlavə etdi Məmməd.

Büküb atdığı qəzetin kənarında iki misra vardı:

Nə gəldi qəlbinə, gətir dilinə,

Dilindən qəlbinə səd çəkmə, ey mən.

 

 

 

(Ardı var)

Təzadlar.- 2014.- 20 fevral.- S.6.