Sənətlə şəxsiyyətin vəhdəti
İş yoldaşım Həmid Ormanlının mənvi zənginliyi geniş olsa da, həcmcə kiçicik olan iş otağında gözəl bir auranın sehrinə, ovsununa düşürəm. Nahar fasiləsində qısa da olsa vaxt tapıb dincliyimi orada tapıram. Bu auranı yaradan otaqdakı paytaxtı Təbriz olan bütöv və qüdrətli Azərbaycanın xəritəsi, o xəritənin otağa verdiyi istilik, divardan bəri boylanan portiretdəki ustad aşıqların müqəddəs ruhu və Həzrəti Mövlananın, C.Ruminin mübarək kəlamları ilə süslənən divara yapışdırılmış kağız lövhələrdir.
Lakin otağın ovqatının bu dərəcədə müsbət enerjidə qalmasını təşkil edən başlıca səbəblərdən biri də zənginliyi ilə qəlb oxşayan kitab şkafıdır. Bu kitab şkafındakı kitabların az qala hamısını oxumuşam. Yalnız bir kitab qalmışdı. Şkafın ən hörmətli hissəsində Akif Səmədin, Osman Sarıvəllinin, Hüseyn Arifin kitabları ilə bir sırada dayanan bu kitab adını çox eşitdiyim, lakin yaradıcılığı ilə heç tanışlığım olmayan Sabir Sarvanın kitabı idi. Növbə bu kitaba çatanda iş yoldaşım dilləndi:
- Əkbər Paşa, sən bilirsən ki,
“Hər axmaq, hər səmə söz məni tutmaz,
Mən sözün məğzini belə tuturam”. (“əla” işarəsi)
(M.İlqar)
Məni tutan şeirləridir Sabir Sarvanın şeirləri - deyib kitabı mənə bağışladı. Məndə bu kitabdan biri də var, götür, sənin olsun - dedi. Kitabı birnəfəsə oxudum. Həmin gün sanki xəzinə tapmışdım. Bir kitabda 30 şeir ola, otuzu da biri-birindən gözəl şeirlər. O gündən kitabı cibimdə gəzdirirəm. Mənə güc verir bu kitab.
Haqqa harda kölgə düşsə,
Mənim ürəyim ordadır.
- deyən şairin bütün şeirlərinin içindən kövrək, həzin şair ürəyi ilə yanaşı, həm də bütövləşmiş bir köhnə kişi xarakteri boylanır. Ədəbiyyatımızın problemlərindən biri də yaradıcı insanların şəxsiyyəti ilə bağlıdır. “Sənət ayrı, şəxsiyyət ayrı” - kimi cəfəng fikirlərə arxayın olanlar çoxdur. Lakin mən bunun qəti əleyhinəyəm. Nə yaxşı ki, Sabir Sarvanın sənətinin möhtəşəmliyi ilə şəxsiyyətinin bütövlüyü üst-üstə düşür. Sabir Sarvan Azərbaycan şeirinin sonuncu ən güclü nümayəndələrindən biridir:
Əlim çəkilsə də cavanlığımdan,
Yenə mən qocanı tər sinə çəkir.
Bizdən təbiətdə nişanə gəzsən,
Kömür mənə bənzər, qar sənə çəkir.
Kitabda bəzən şairin bu cür qocalığa işarə edən şeirləri ilə qarşılaşıram. Ancaq mənə elə gəlir ki, şair bizi aldadır. Çünki S.Sarvan kimi şairin qocalığı yalan söhbətdir.
Təəssüflər olsun ki, mənim hələ Sabir Sarvanla şəxsi tanışlığım yoxdur. Bu qeydləri elməkdə tək məqsədim isə o olub ki, çox istedadlı olan millətimi millətimin həm özünə, həm də dünyaya tanıtmaq olub. Sabir Sarvanın gözəl şeirlərinin işığında ulu Tanrı millətimizə yar olsun, inşallah.
Əldən
çıxar
Gedək, Məmməd Aslan, üzü dağlara,
İstilər düşdümü, yaz əldən çıxar.
Keçən il yanımda ilqar vermisən,
Düz ilqar görməsək, düz əldən çıxar.
Bu daşı-divarı indi tələ bil,
Şəhərdə qaldınsa, dərdi şələ bil.
Səni
gözləyirsə, onu
tale bil,
Yoxsa Nərgiz
adlı qız əldən çıxar.
Bənövşə gözündən
yaş asıb yəqin,
Qaya ürəyindən daş
asıb yəqin,
Köhnə cığırları ot basıb
yəqin,
Talaya aparan iz əldən çıxar.
Qəlbim
elə bil ki, bulludda Aydı,
Bir az da ləngisək, o üzdə
yaydı,
Bahar yar sevdalı qızlara taydı,
Könlünə girməsən, tez əldən çıxar.
Qayıtmır
Hüseyn Əfəndinin xatirəsinə
Dürüb ha çağırım gündə yüz kərə,
Qara torpaqlarda
yatan qayıtmır.
Bə sənin
yerinə mənmi utanım?
Utan, azğın
fələk, utan, qayıtmır.
Bu “yarpaq tökümü” başlandı nədən,
Gəlir ayrılıqlar, dostlardı
gedən.
Qara sevdalarmı bizi qəhr edən?-
Bəllidi, bu yolu tutan
qayıtmır.
Nə yaman gətirdi il bəlaları,
Uçurub aşırdı sel qalaları.
Səni
istəyəndə gül
balaların
Kim qıyıb deyəcək:
- atan qayıtmır.
Hanı
qəlbi şüşə,
baxışları şən,
Mənimlə çörək yox, ürək bölüşən.
Qor kimi dünyanın gözünə düşən,
Nur kimi gözümdən itən
qayıtmır.
Bilməzsən, ürəyim nə
haray çəkdi,
Dinib-dilləndikcə dilim vay çəkdi,
Təni
torpaq aldı, ruhu göy çəkdi,
Belə mərtəbəyə yetən
qayıtmır.
Əkbər Paşa Xudulu
Təzadlar.- 2014.- 22 fevral.- S.15.