“Mənim
ana dilim”
Müşfiqabad qəsəbəsindəki E.Şirəliyev adına
274 saylı tam orta məktəbdə Beynəlxalq
Ana Dili günü münasibəti ilə keçirilən tədbir
yaddaşlara həkk olundu...
Dil dedim fəryadım qalxdı təpəmdən,
Qədim
dövlət dilim, şeiriyyət dilim
Xalqım
öz dilində mahnı deyəndən,
Neçə yol dilindən dara çəkilib.
Respublikamızın xalq şairi Söhrab Tahirin “Azərbaycan” poemasından
sitat gətirdiyimiz bu misralar əsrlərlə
dilimizin qorunması uğrunda mübarizəni
gözəl əks etdirir. Əlbəttə ki, hər bir millətin varlığı onun dilidir. Dil insanları bir-birinə
bağlayan həm də bir ünsiyyət
vasitəsidir. Ona görə
də dil ən müqəddəs sərvət sayılır.
Elə müqəddəs ki, onu dünyada hamıdan çox sevdiyimiz anamızın dili ilə bağlamışıq.
Bu səbəbdən dilimiz ana dili
adlanır. Dünyada yaşayan
hər bir xalq öz ana
dilini qorumaq üçün varlığından
keçməyə hazırdır.
Heç də təsadüfü deyil ki, dilin müqəddəsliyini hər an xatırlatmaq üçün
fevralın 21-i Beynəlxalq
Ana Dili günü kimi qəbul edilib. Həmin günü bütün
xalqlar öz doğma dillərini sevdirmək üçün
bir çox tədbirlər həyatə
keçirirlər.
Beynəlxalq Ana Dili günü münasibəti ilə Azərbaycanın əksər
orta məktəblərində
çox maraqlı və rəngarəng tədbirlər həyata keçirildi. Belə gözəl tədbirlərin
biri də Qaradağ rayonu Müşfiqabad qəsəbəsi
E.Şirəliyev adına 274 saylı
tam orta məktəbdə
baş tutdu. Bu tədbiri əvvəldən
axıra qədər çox maraqla izlədim. Sözün həqiqi mənasında
şagirdlərin ifasında
söylənən dilimizə,
vətənimizə, torpağa
həsr olunmuş şeirlər və səslənən musiqilər
istər-istəməz adamı
kövrəldir. Tədbirin açılışı
gözəl sənətkarımız
mərhum Gülağa
Ağayevin ifasında
“Şirin dil” mahnısı ilə açıldı.
Məktəbin əsasən 7-ci və
8-ci sinif şagirdlərinin
hazırladığı ədəbi-bədii
kompozisiya aşağı
sinif şagirdlərində
dilimizə olan həvəsi mən deyərdim, bir az da artırdı. Bu şagirdlər
anladılar ki, bəli, bizim ana dilimiz müqəddəsdir
və onun varlığını qorumaq,
inkişaf etdirmək hər birimizin mənəvi borcudur.
Şagirdlərdən Xəyyam Nəbizadənin,
Fərqanə Gülverdiyevanın
ifasında səslənən
muğam parçaları
sözün əsl mənasında adamı ovsunlayırdı. Fatimə
Mahmudəliyevanın ifasında
şair Tofiq Bayramın “Ana dili” şeiri çox böyük peşəkarlıqla
səsləndi. 8 c sinif şagirdi Leyla Abbasovanın ifasında Məmməd Aslanın “Mənim dilim qibləgahım” şeiri olduqca təsirli alındı.
Şagirdlərin ifası zamanı arabir zalda əyləşmiş
aşağı sinif şagirdlərinin üzlərinə
baxırdım. Onlar ana dilimizin nə qədər şirin olduğunu sanki indi anlayırdılar.
Elə hər çıxışdan
sonra ifaçının
gurultulu alqışlara
qonaq edilməsi də, dediklərimizə canlı sübut idi. 8-ci sinif
şagirdi Məryam Quliyeva isə X.R.Uluturkün “Mənim dilim” şeirini çox böyük ustalıqla söylədi.
Şeirlər arası səslənən
muğan parçaları
isə dilimizin necə zəngin olduğunu daha qabarıq şəkildə
tamaşaçılara çatdırırdı.
7-ci sinif şagirdi
Elmir Pənahovun sazda qoşmalarımızı
ifa etməsi isə hamının qəlbini ovsunladı. Hiss olunur
ki, bu balaca
istedad Azərbaycanın
gələcəkdə çox
böyük sənətkarlarından
biri olacaq. Maraqlı məqam həm də ondan ibarətdir
ki, balaca Elmir çox böyük məharətlə
muğam parçalarını
ifa edirdi. 8-ci sinif
şagirdi, gənc qiraətçilər arasında
ümumrespublika müsabiqəsinin
qalibi Fatimə İbadovanın oxuduğu
“Şahnaz” muğamı
isə xalqımızın
mənəvi sərvətinin
necə etibarlı əllərdə olduğunu
sübut edirdi. Digər 8-ci sinif şagirdi Türkay İbrahimlinin “Ağ çiçəyim”
musiqisinin sədaları
altında rəqs etməsi isə tamam başqa bir aləm idi.
Türkay sanki rəqs
etmirdi, quş kimi süzürdü.
Doğrudan da 274 saylı
məktəbdə belə
istedadlı şagirdlərin
olması qəlbimdə
bir qurur hissi doğurdu. T.İbrahimovanın peşəkar rəqqaslar
kimi rəqs etməsi, deməyə əsas verir ki, bu şirin
balamız gələcəkdə
Azərbaycanı istənilən
beynəlxalq tədbirlərdə
çox böyük məharətlə təmsil
edə bilər.
Ana dilimizə həsr
olunmuş ədəbi-bədii
kompozisiya o qədər
maraqlı və cəlbedici oldu ki, vaxtın necə gəlib keçdiyindən xəbərimiz
olmadı. Bəs belə rəngarəng
tədbiri araya-ərsəyə
gətirib, bizlərə
mənəvi qida verən görəsən
kimdir? Öyrəndim ki, məktəbin
Azərbaycan dili və ədəbiyyatı
müəllimi, ədəbiyyat
sahəsi üzrə metodbirləşmənin rəhbəri,
həm də gözəl şeirlərin
müəllifi Yeganə
xanım Əliyevadır.
Elə tədbir də məhz Yeganə müəllimənin “Azəri
dilim” adlı şeiri ilə başa çatdı.
Bu şeir 8-ci sinif şagirdi Fatimə İbadovanın ifasında
çox gözəl səsləndi:
Bu dildə səslənir möhtəşəm himnim,
Bu dildə yazılır mənim kimliyim,
Azadlığım, istiqlalım, birliyim,
Azəri dilim, doğma Ana Dilim.
Ulu öndərimin dilidir bu dil,
Mənim qürur yerim, fəxr mənbəyim.
Mənim
dövlət dilim, şeiriyyət dilim,
Azəri dilim, doğma Ana Dilim.
Tədbirin sonunda məktəbin direktoru Atakişi Cəfərov Yeganə Əliyevaya bu gözəl tədbirə görə təşəkkür edərək, dedi: “Əziz şagirdlər, bizim ana dilimiz çox şirin və müqəddəs bir dildir. Bu dildə bizə anamız layla çalıb, bu dildə biz elm öyrənirik, bu dil bizi torpağa, vətənə bağlayır. Ona görə də dilimizi sevmək, onu qorumaq hər birimizin borcudur. Özünüz də şahid oldunuz ki, dilimizə həsr olunmuş bu tədbir o qədər maraqlı keçdi ki, heç vaxtın necə ötdüyünü də bilmədik. Yeganə xanıma buna görə təşəkkür edirik”.
Atakişi müəllimin dəvəti ilə tədbirin iştirakçısı kimi mən də öz ürək sözlərimi şagirdlərə belə çatdırdım: “Biri-birimizlə Azərbaycan dilində danışmaq hələ dilimizi tam bilmək demək deyil. Ana dilimizi biz o zaman mükəmməl bilmiş sayılarıq ki, bu dildə bizə öyrədilən elmlərə tam yiyələnək, bu dildən aldığımız mənəvi güclə torpağımıza, vətənimizə bağlı olaq. Bu yolda sizə uğurlar diləyirəm”.
Sonda məktəbin direktoru A.Cəfərova və Yeganə Əliyevaya şagirdlərin mənəviyyatında ciddi rol oynayan belə gözəl, vacib tədbirin təşkilinə və keçirilməsinə görə təşəkkürümü bildirdim. İnanıram ki, belə tədbirlər şagirdlərin yaddaşlarına əbədi həkk olunacaq və ana dilimizin sevilməsi, qorunub, inkişaf etdirilməsi baxımından gənc nəslin həyatında böyük rol oynayacaq.
Elçin MƏMMƏDLİ
Təzadlar.-
2014.- 25 fevral.- S.15.