Dövlət xadimi, şair Bayram xan
Görkəmli dövlət xadimi, şair Bayram xan Baharlı Bəlxdə anadan olmuşdur. Bayram xan XV əsrdə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın yaxın qohumu Həmədan hakimi Əlişəkər bəy Baharlının nəslindəndir. Onun atası Seyfəli bəy Qəznə valisi idi. Anasının adı Nagina xanımdır. Məqalədə bütün tarixi faktlar və hadisələr “Qızılbaşlar tarixi” (Tərcümə və şərhlər M.Ə.Məhəmmədinindir, Bakı, 1993), Muhammed Baburun. Baburname. (Vekayi) (Doğu Türkcesinden çeviren: prof. Reşit Rahmeti Arat; Önsöz ve Tarihi Özet: Y.Hikmet Baydur, İstanbul, 2006), Gülbedenin “Hümayunname” (farscadan çeviren Abdürrab Yelgar) (Annette S. Beveridge tarafından Babur, Gülbeden və Haydarda adı geçen kadınların tercemei halleri hakkında yazılan kısmı ingilisceden çevirenler Abdürrab Yelgar və Eymen Manyas, Ankara, 1987) adlı orta əsrlərə aid mənbələrə istinadən qələmə alınmış, görkəmli şərqşünas alim professor Qəzənfər Əliyevin, dosent Ələjdər Səidzadənin tədqiqatlarından istifadə edilmişdir.
Bayram xan Baharlı Böyük Moğollar Dövlətinin qurucusu Zahirəddin Məhəmməd Baburun hakimiyyəti dövründə 16 yaşında ikən Kabilə gəlmiş, hökmdarın xidmətinə keçmişdir. O, Məhəmməd Baburun varisləri Humayun şahın, Əkbər şahın zamanlarında bu sülaləyə göstərdiyi sədaqətli xidməti müqabilində ali mənsəblərə yüksəlmişdir. Baharlı tayfasının cəsur övladı qeyri-adi istedadı, qüdrətli sərkərdə olması sayəsində Humayun şah tərəfindən Xanlar xanı rütbəsinə qədər yüksəlmişdir.
Orta əsrlərə aid tarixi mənbələrə istinadən deyə bilərik ki, teymurilərin Hindistanda ikinci dəfə öz dövlətlərini qurması Bayram xan Baharlının adı ilə bağlıdır. Baharlı tayfasının bu övladının müdrikliyi, mərdliyi, sədaqəti, etibarı sayəsində Humayun şah qardaşlarına, rəqiblərinə qalib gələ bilmişdir.
Məhəmməd Babur yeniyetmə yaşlı Bayrama hörmət etmiş, ona övladı kimi yanaşmışdır. Şahzadə Humayun Umarkot hakiminin köməyi ilə Sind əyalətinin Can şəhərini tutmuşdur. Gənc Bayramın bu döyüşdə göstərdiyi qəhramanlıqlar Humayunun diqqətini cəlb etmiş, atasının razılığı ilə Baharlı tayfasının cəsur övladı onun xidmətinə keçmişdir.
Məhəmməd Baburun vəfatından sonra taxt-taca sahib olmuş Humayun şah əfqanların hücumuna məruz qalıb, qardaşlarının xəyanəti ilə üzləşəndə Bayram xan Baharlı Böyük Moğollar Dövlətinin qanuni hökmdarının hakimiyyətini qorumaq üçün Qucerat (1536), Benqaliya (1540) döyüşlərində iştirak etmişdir. O, bu döyüşlərdə qəhrəmanlıqlar göstərsə də, məğlub olmuşdur.
Əbülfəzlə görə, Humayun şah üç il sərgərdan həyat keçirdikdən sonra ümidini itirdiyi üçün taxt-tacdan təmamilə əl çəkməyə məcbur olmuş, həccə getmək qərarına gəlmişdir. Lakin Humayun şahın Bayram xan Baharlıya etibarı onda yenidən hakimiyyətə gəlmək inamını artırmışdır.
Həyatı boyu Böyük Moğollar Dövlətinə sədaqətli olmuş Bayram xan Baharlı Humayun şahın çətin vaxtlarında onunla idi. Hətta təsadüf nəticəsində əfqanlara əsir düşmüş Bayram xan Şirşahın ona təklif edilən himayəsini qəbul etməmişdir.
Bayram xanın şiə məzhəbindən olması onu Şah Təhmasibə yaxınlaşdırmışdır. O, Səfəvi hökmdarının köməyi ilə Humayun şahın Hindistandakı hakimiyyətini bərpa etmək istəmişdir. O, Humayun şahı inandırmaq üçün Şah İsmayılın Məhəmməd Babura köməyini onun yadına salmışdır.
Bayram xanın Şah Təhmasibin yanında nüfuzu sayəsində Humayun şah Səfəvi sarayında hörmətlə qarşılanmış, onun şərəfinə ziyafətlər təşkil edilmişdir.
Orta əsrlərə aid tarixi mənbələrə istinadən Humayun şahla Şah Təhmasib arasında müəyyən səbəblər üzündən gərginlik yaranmış, Böyük Moğollar Dövlətinin hökmdarı Səfəvilərin düşməni Osmanlı sultanı ilə məktublaşmaqda günahlandırılmışdır. Lakin iki hökmdar arasında yaranmış gərginlik Bayram xan Baharlının nüfuzu sayəsində qaydaya düşmüşdür. Bayram xan Baharlının Şah Təhmasiblə təkbətək görüşəndə əldə edilmiş razılığa görə Səfəvi şahı Humayun şahın taxt-tacına yenidən sahib olmasına kömək edəcəyinə söz vermişdir. Humayun şah Səfəvi hökmdarının bu köməyi müqabilində Qəndaharı onun oğlu şahzadə Muradın idarəsinə verəcəyini vəd etmişdir.
Şah Təhmasib Qəndəhara sahib olmaq, Humayun şaha kömək etmək məqsədilə Şahzadə Murad və onun atabəyi Budaq xan Qacarın komandanlığı altında on minlik süvari qoşununu 1545-ci ildə Hindistana göndərmişdir
Humayun Bayram xan Baharlının köməyi ilə bir neçə uğurlu döyüşdən sonra hakimiyyət iddiasında olan qardaşlarına qalib gəlmiş, zəifləmiş və parçalanmış dörd əfqan dövlətinin hökmdarları ilə döyüşmüşdür. Bayram xan əfqanların 80 minlik ordusunu məğlub edərək Pəncabı rəqiblərindən təmizləmişdir. Pəncabdan sonra Lahoru, Cüllündürü, Serhindi və Hisarı döyüşsüz tutmuş, Dehlini əfqanlardan geri ala bilmişdir.
Bayram xanın köməyi ilə Dehlidə ikinci dəfə hakimiyyətə gəlmiş Humayun şah yeddi ay hökmdarlıq etmişdir. Əfqanların Dehliyə yürüşü ərəfəsində Humayun şah təsadüf nəticəsində 1556-cı ildə kitabxananın nərdivanından yıxılıb həlak olmuşdur.
Humayun şah
faciəli şəkildə həlak
olanda Bayram xan Baharlı onun on dörd yaşlı oğlu Əkbərlə Pəncabda idi. Böyük Moğollar Dövlətinin
hökmdarının ölümü bir ay gizli
saxlanılmışdır. Bayram xanın
Pəncabda olmasından ölkədəki siyasi
qarışıqlıqdan istifadə edən əfqanlar Dehlini tutmuşdur.
Humayun şah faciəli şəkildə həlak olduqdan sonra Bayram xan on dörd yaşlı Əkbəri Kalanurda taxta çıxartmış, ölkəni dörd il müstəqil onun adından idarə etmişdir. Əkbərin səlahiyyətli qəyyumu kimi ona hörmət əlaməti olaraq “Xan baba” deyə müraciət edilmişdir.
Bayram xan Baharlı hakimiyyəti teymurilərə qaytarmaq üçün 1556-cı ildə Panipat yaxınlığında əfqanlarla döyüşmüşdür. Əfqan ordusu 1500 fildən, yüz min nəfərlik əfqan və hindlilərdən ibarət idi. Bayram xan isə iyirmi minlik ordu ilə onun qarşısına çıxmışdır. Əfqan ordusunun sayca üstünlük təşkil etməsinə baxmayaraq Baharlı tayfasının təcrübəli sərkərdəsi qalib gəlmişdir.
Əkbərin hakimiyyətinin ilk illərində ölkənin idarəsi tamamilə Bayram xanın əlində idi. Baharlı tayfasının nüfuzlu dövlət xadiminin ölkədə birinci şəxs olması sarayda böyük narazılıqlar yaratmış, onun əleyhinə Əkbər şaha danoslar aparılmışdır. Bayram xana qarşı çıxanlar arasında Əkbər şahın anası Həmidə bəyim, süd anası Maham Anaqa var idi.
Professor Qəzənfər Əliyevin yazdığına istinadən vilayətlərə hakimləri təyin etmək, ruhaniləri hədiyyələrlə mükafatlandırmaq Bayram xanın ixtiyarında idi. Şiə ilahiyyatçısı Şeyx Qaday onun hörmət etdiyi alimlərdən idi. Bayram xanın Şeyx Qadaya yüksək qiymət verməsi, sünni ruhanilərinin narazılığına səbəb olmuşdur. Əkbər şah Bayram xandan fərqli olaraq Şeyx Qadaya münasibəti yaxşı olmamışdır.
Bayram xan əleyhdarları tərəfindən böhtana salınaraq Şah Təhmasiblə gizli əməkdaşlıqda günahlandırılmışdır. Əkbər şah da Böyük Moğollar Dövlətinin varlığını sona qədər qorumuş Baharlı tayfasının bu sədaqətli övladının tarixi xidmətlərini unutmuş, danos aparanlara inanmışdır. Orta əsrlərə aid tarixi salnamələrə istinadən Bayram xan 1560-cı ildə vəzifədən çıxarılmış, saraydan uzaqlaşdırılmışdır. Bayram xan Böyük Moğollar Dövlətinin nankor hökmdarının gözündən düşdükdən sonra yerli hakimlər tərəfindən təqib olunmuşdur. Lakin həyatı boyu Böyük Moğollar Dövlətinə sadiq olmuş, ölkənin müstəqilliyini təhlükələrdən qorumuş Bayram xan nə vaxtsa Əkbər şahın səhvini anlayacağına ümidini itirməmiş, səbrlə dözmüşdür.
Bayram xan Baharlı vəziyyəti ilə barışmalı olmuş, həccə yollanmışdır. Lakin 1561-ci ildə Quceratda xəyanət nəticəsində öldürülmüşdür.
Bayram xan Baharlı Şeyx Hüsaməddin türbəsi yaxınlığında dəfn edilmişdir. On yeddi ildən sonra 1578-ci ildə o, qohumları tərəfindən Məşhəddə İmam Rza türbəsi yaxınlığında torpağa tapşırılmışdır.
Bayram xanın həyatı və yaradıcılığı Azərbaycanda az öyrənilməsinə baxmayaraq bu gün də tədqiqatçıların diqqət mərkəzindədir. Yüzülliklər keçməsinə baxmayaraq Baharlı tayfasının bu görkəmli şəxsiyyətinin fəaliyyəti hər zaman öz dəyərini saxlayacaqdır.
Orxan Zakiroğlu
(Baharlı),
tədqiqatçı-jurnalist
Təzadlar.- 2014.- 25 fevral.- S.12.