Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar”

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

 

(Əvvəli ötən saylarda)

 

 

 

6 noyabr - Televizorda dilimizin gözəlliyindən danışırdılar

- Heç bilmirlər nə danışırlar, hər xalqa öz dili gözəldir, - acıqlandı Məmməd.

Telefonda Mirvari xanımın kövrək səsini eşitdim və telefonu Məmmədə verdim:

- Evimizi təbrik etdi, mənə ürək-dirək verir, deyir ki, məni o gecə güclə maşına mindirib evə yetirə bildilər, bərk sancılanmışdım, bir neçə dəfə operasiya olunmuşam, ruhdan düşmək lazım deyil. Axır vaxtlar yazdığın şeirləri də təbrik edirəm, mən həmişə sənin yaradıcılığına hörmətlə yanaşmışam, məhəbbətlə yanamışam. Evə gün düşürmü, təzə evinizi soruşuram, çünki gün düşməyən ev nəm olur.

Mən Mirvari xanımın suallarına belə cavab verdim ki, hər iki tərəfə otaqlarımız var.

Mirvari xanımın sözlərini Məmməd mənə belə çatdırdı.

10 noyabr - Axşam xəbərlərində Məmmədin Heydər Əliyevə vurduğu teleqramı oxudular. Teleqram belə qurtarırdı:

“... Sizə ucalıq yaraşır, böyüklük yaraşır. Uca olun, zirvə olun!”.

Hələ cavanlıqdan Məmmədin torpaq və təsərrüfat haqqında söhbətlərinə maraqla qulaq asardım. Neft kontraktlarının həyata keçməsi haqqında verilən məlumata münasibətini Məmməd belə bildirdi:

 

 

 

- Neft əvvəl-axır qurtaracaq, ona arxalanmaq olmaz. Təsərrüfatımızı qaldırmaq üçün pambıq və üzümə çox yer verməliyik, respublikanı bunlar üzərində kökləməliyik, çünki onlar tükənməz sərvətdir.

12 noyabr - Axşam Nemət Pənahlı gəldi, xeyli söhbətdən sonra Meydana aid kitab yazdığını söylədi:

- Yazacağım kitab 700 səhifəyə yaxın, iri həcmli bir kitab olacaq. Bütün meydan hadisələrini olduğu kimi göstərmişəm.

 

Nemət çox adamların, tanıdığımız məşhur şəxslərin adını çəkdi. Onların meydanda etdikləri çıxışları ilə MK-ya verdikləri danosların bir-birinə əks olduqlarını söylədi, xalqı çaşdırıblar,  dedi.

 

Dilimi dinc qoymadım:

- Nemət, sənin xalq adlandırdıqların sənə də irad tutur. Deyirlər ki, Nemət meydanda yığılan pulları götürüb aradan çıxıb, əvvəl İrana, sonra da Türkiyəyə gedib. Nə oldu, əgər o, təmiz adamdırsa, sərhədi necə keçə bildi.

 

Nemət bəzi suallarıma cavaba olaraq dilləndi:

 

- Bacı, hamısına kitabımda cavab vermişəm, hadisələri öz dilimdən yox, olduğu kimi, kim necə çıxış edib, necə hərəkət edib sənədlərlə birlikdə kitabımda verirəm. Oxuyarsan, baxarsan.

Məmməd Nemətə dönə-dönə tapşırdı ki, sakitliyi pozmağa çalışmayın, qoyun ölkə başçısı işini görsün, hamımız onun ətrafında birləşməliyik ki, rəhbər də bir iş görə bilsin. Dedi-qodu dalınca getməyin.

15 noyabr - Şeirlərin axırıncı hissəsini də redaktə etdim. Bir şeirini Məmmədə oxudum. O, özündən razılıqla - “Sonuncu qorumla od qalamışam” - əla demişəm, ümumiyyətlə, belə fikirləri tənqidçilər görmürlər, - dedi.

Şair olan özümüzdən şair olmayan özümüzü bir cərrah dəqiqliyi və cəsarəti ilə qoparmaq ədəbi sağlamlıqdır. Bu əməliyyatı ədəbi tənqid müntəzəm aparmalıdır: səmimiyyətlə, qayğı və cəsarətlə.

- Yaxşı, yaxşı, tərif istəyirsən?

- Yox, amma rəhmətlik Süleyman Rəhimov haqqında kiçik tərifli cümlə söyləyəndə belə sevinərdi, necə deyərlər, görürsünüz, haqqımda necə deyirlər,  söylərdi. Ancaq mənim haqqımda lap bir neçə səhifəlik tərif yazsalar da sevinmərəm.

- Ona görə ki, səni çox tərifləyiblər, ta tərifdən doymusan, özümüz arasıdı, ancaq yenə də tərif istəyirsən.

- Hə, qocaldıqca adam tərif xoşlayır,  deyə güldü Məmməd.

16-21 noyabr - Axşam mədəniyyət xəbərlərində Heydər Həsənoğlunu göstərdilər. “Məmməd Araz” mükafatı haqqında danışırdı. Bir cümləsini bura qeyd edirəm: “Məmməd Araz bizim tarixi abidəmizdir, necə o biri abidələrimizi qoruyuruq, Məmməd Arazı da qorumalıyıq”. Axşam Məmməd telefonla Heydərdən xahiş etdi:

- Heydər, mükafat bu il də qalsın, gələn il verərəsən. onsuz da vaxt keçib, il qurtarmaq üzrədir, lazım deyil.

Heydər narazılıq etdi:

- Xahiş edirəm, ssenariyə bir nəzər salasınız, sonrasını sonra danışarıq.

Heydər ssenarini göndərdi, ssenarini oxuyan Məmmədin rəyini soruşdum:

- Necədir, bir şey alınıbmı?

- Oxuyarsan, görərsən. Şeirimi oxudunmu?

- Köçürəndə oxuyaram, vaxtım olmadı.

- Oxu, yaxşı şeirdir.

Oxudum, şerin təsirindən özümə gələ bilmirdim:

Mənə gülən yanandan çox,

Məni qanmaz qanandan çox,

Məni danan ha çox...

Mən qəribəm, vallah, qərib.

 

Şeiri tam oxudum, həmin vərəqin arxasında bu misralar da vardı:

Qane oldum it damına,

Ta hürməyə nə var ki...

ya

 

Axar suya dedin axma.

25 noyabr - Köçmək gözümdə durub. Adam nə qədər köç gəzdirər, bilmirəm. Axşam hansı şairdənsə veriliş gedirdi.

- Məmməd, Nizami Xudiyev babat şairlərdən də veriliş təşkil edir, nə əcəb qayınatası Hikmət Ziyadan yox.

- Nizami onu yerdən çox hörmətlə götürdü. Yəqin veriliş də hazırlamış olar. Yadındadır, sənə demişdim, Hikmət Ziya mənə həmişə deyərdi ki:  “Sən təkcə oxucuların şairi deyilsən, həm də şairlərin şairisən”. Mən də onun haqqında yazmışdım ki,  Hikmət Ziya ağır bir janrın yükünü çiynində aparan bir şairdir”.

3 dekabr - Gecə yuxumda gördüm ki, suda boğuluram. Sudan güclə canımı qurtarıram. Səhər yuxudan ustanın zənginə oyandım:

- Xala, yuxarı mərtəbədən üstümüzə su töküblər, bütün otaqlar suyun içindədi. Təmirimiz heç olub getdi.

Deyəsən, üst mərtəbədəki qonşuların üstümüzə su axıtması bizim alnımıza yazılıb.

4 dekabr - Əzizə xanım Əhmədova “Günay” qəzeti üçün belə bir sual diqtə etdi:

- “Yeni ildə Azərbaycan xalqına nə arzulardınız?”

Məmmədin cavabı: “... “Arzu edərdim ki, yeni ildə bir qarış torpağımız, bir ağacımız da, bir daşımız da tapdaq altında qalmasın...

Dünyanın dilindən eşidək: öz doğma ocağınıza xoş gəlmisiniz, insanlar!

Milli müstəqilliyimiz, milli dövlətçiliyimiz möhkəm, möhkəm, daha da möhkəm olsun.

M.Araz 4. 12. 1997”

Sabah bu sözləri Əzizə xanıma diqtə edəcəyəm.

12 dekabr - Telefona Məmməd özü cavab verdi. Soruşdum: - Kim idi?

- Azərbaycan gözəlinin əri.

- Mən o Azərbaycan gözəlini tanımadım axı?

- Vallah, mən də tanımıram, deyir ki, arvadım sizi “Bakı” metrosunun qarşısında görüb, indi mənimlə yaxından tanış olmaq arzusundadırlar.

Axşam qapını açdım, bir nəfər cavan idi:

- Mən sizə bayaq zəng edən adamam, Məmməd müəllimlə görüşüb tanış olmaq istəyirəm.

İçəri dəvət etdim, danışmağa başladı, özü də çox məntiqsiz. Guya onun arvadı vaxtilə “Azərbaycan gözəli”  prizini alıb, xanımı Məmmədi “Bakı” metrosunun qabağında görüb, o da vəd verib ki, cavan ailə olduğunuz üçün sizə kömək edərəm, hər ikimiz şeiri xoşlayırıq.

Yalan olduğunu duydum:

- Axı Məmməd işə maşınla gedir, maşınla gəlir və heç vaxt da metroya tərəf getmir. Necə oldu ki, arvadınızla ancaq və ancaq “Bakı” metrosunun qarşısında rastlaşdı və heç nədən başladı ki, ailəniz cavandı mən sizə kömək edərəm. Özün də deyirsən ki, arvadım Azərbaycan gözəlidir, necə oldu ona kömək eləyən olmadı?

Bir az sarsaqladıqdan sonra çıxıb getdi.

- Təəccüblüdür, ünvanımızı haradan bildi, telefonu kimdən alıb, görünür başdan xarabdır - əlavə etdi Məmməd.

13 dekabr - Xudu Məmmədov haqqında “Dünya, səndən kimlər getdi” adlı verilişə baxa-baxa danışdı:

- Xudu haqqında “Təzadlar” qəzetində mənim də kiçik bir yazım var. Əvəz olunmaz adam idi Xudu. Çox sakit, lakin sakitliyin altında fırtına. Mən nəşriyyatda müavin işləyəndə onun “Qoşa qanad” kitabını çap etdim. Özü təvazökarlıq edib deyirdi ki, bir şey deyil. Əksinə, kitabda çox gözəl fikirlər var. Heç bir sətrinə də toxunmadım, əslində toxunmaq olmazdı, buna mənəvi ixtiyarım da yox idi. Rəhmətlik Zeynal müəllimi Xudu ilə müqayisə etmək olar. Fərq isə bu idi ki, Zeynal müəllim bir az çılğın idi, Xudu isə sakit. Hər ikisi maraqlı adam idi.

Xudunun iş yoldaşlarından biri belə bir xatirə danışdı:

- Biz dərslikləri, proqramları müzakirə edirdik, bu haqda Xudu müəllimin fikrini öyrənmək üçün ona sual verdik.

Xudu müəllim gülə-gülə belə cavab verdi:

 - Kəndimizdə mənə bir naxırçı sual verdi ki, Xudu müəllim, mənə otardığım heyvanların sayına görə pul verirlər, bəs nə üçün müəllimlərə dərs dedikləri uşaqların sayına görə pul vermirlər? Bax bu məsələni proqrammaya salarsınız.

16 dekabr - Şamil müəllim Məmmədin 15 şeirini fransız dilinə tərcümə etmişdi. Sponsor axtardığını söylədi. Bu barədə acizliyimizi bildirdik.

Sinoptiklərin bu günə olan proqnozu düz çıxdı. Hava birdən tutuldu, külək qara, qar küləyə qarışıb dənizə tərəf tələsirdilər.

- Sənə lap mat qalmışam, yaman sakitsən. - deyindi Məmməd.

- Tutalım mən də əsəbləşdim, darıxdım, məgər buna görə qar yağmayacaq, qar məndən soruşmayacaq ki, yağım-yağmayım? Təbiət öz işindədir, əzizim.

20 dekabr - Təzə evə köçdük, deyəsən, daha buradan yolumuz ancaq məzara ola bilər. Məmməd qışqırıq saldı:

- Mənim otağıma pərdə salmayın, xahiş edirəm, mənimlə günəş arasında pərdə tutmayın.

- Ağa Məmməd, yaxşı ifadədir, bu fikri şeirə çevirmək olar.

27 dekabr - Özümə inana bilmirəm, mən də dinc mənzildə, az da olsa təmir edilmiş bir yerdə yaşaya bilərəmmiş.

Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə veriliş gedirdi, eyni zamanda azərbaycanlıların mərhələlərlə deportasiyasını araşdırmaq üçün qərar qəbul edilmişdi. Sual verdim:

- Azərbaycanlıların mərhələlərlə deportasiyasını araşdırmaq haqqındakı qərar gecikmiş qərar deyilmi, indi nəyə lazımdır ki?!..

- Nəsə yəqin bir iş var ki, Əliyev bu qərarı verib. Onu da deyim ki, 60-cı illərdə ermənilər bütün dünyada genosid kimi qeyd etmək istəyirdilər ki, guya onları qırıblar. Təkcə bizim kənddən və elə rayondan 200-dən yuxarı Moskvaya teleqram vuruldu. Naxçıvandan vurulan teleqramların hesabına da ermənilər genosidi qeyd edə bilmədilər.

Nənə, -  Tuncay soruşdu,-  elə sənin gündəliyin təkcə dədəyə aiddir?

- Mənim Tuncay balam, bir vaxt gələcək ki, sən özün bu kəlmələri çıraqla yox, çıraq köhnə sözdür, projektorla axtaracaqsan. Bəlkə sizlərdən biriniz çaşıb yazıçı oldunuz, hazır materialdır, məndən sonra qalır sizə.

29-31 dekabr - Ağır, yüklü, qayğılı günlərimdən biri - köhnə ilə vida. Bu ilin qazancı yeni mənzilə köçməyimiz oldu.

 

 

 

(Ardı var)

Təzadlar.- 2014.- 25 fevral.- S.10.