Bütövləşmiş son türk şairi
Zirvədən
enmədin, vətən,
Kədərə
sinmədin, vətən
Sən gördün, dinmədin, vətən,
Səndə məni
öldürdülər.
Deyən - kövrək səsli, şirin ləhcəli, incə ruhlu, pərişan könüllü, ağırtaxtalı, bütövləşmiş türk kişisi Akif Səməd yaşasaydı 55 yaşı tamam olacaqdı. Düz on il bundan öncə bu gidi dünyanın qapısını birdəfəlik çırpıb getdi Akif Səməd. Keçmişdən gəlmişdi, Adəm babamızın yadigarı idi.
Çox da yollar buz qarıymış,
Fələklər bizə yarıymış,
Bircə qarış yol
varıymış
Adəmdən Akif Səmədə.
Bu dünyaya sözü olmadı, ürəkdən getdi, ürəynən getdi Akif Səməd. Getdi, getdi gələcəyə. Gələcəkdə gözləyəcək bizi. İndi oğul istəyirəm varsın o gələcəyə. Varsın da sofu suların salamını çatdırsın Akif Səmədə. Bir də aralı Təbrizin, yaralı Şuşanın... müjdəsini versin Ona.
Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi?
Kimə söyləyim
dərdimi?
Şuşaya gedə bilmirəm.
Sağlığında
özü gedə bilmədi Şuşaya, ruhu gedər,
inşallah. O ruhu ki, artıq
ona əbədilik verdi. O ruhu
ki, artıq onu ram etmək mümkün deyil. O ruhu ki, bir
göz qırpımında
İncəni, Şuşanı,
Borçalını, Təbrizi,
Göyçəni, Dərbəndi,
Kərkükü, Saxanı...
dolaşmağa qadirdir.
Ölümünü bilə-bilə yaşadı.
Bir də göstərdi ki, “öləndə son dəfə gülmək necolur”. Çox yaşamağı yox, yaşamağı üstün bildi. Bəlkə elə bu səbəbdən
də birinci boylandı qırxıncı
qapıya. “Ölüm ömürdə
bir olar” deyib ölənə kimi heç ölmədən gəldi,
uca haqqın yolunda Nəsimi taleyinə də hazır oldu.
Nəsimi olmadım,
Nəsibim olmadı...
***
Onun haqqında
söz demək çox çətindir. Cahilin dəlilik
adlandıracağı, aqilin
həsəd aparacağı
bir ömür yaşadı. Fikrində zərgər
idi. Ütülü geyinib, ütülü
salamlar verib, qoruq-qaytaq daxilində ziyalılıq eləmədi.
Azmı görmüşük su görəndə balıq,
dağ görəndə
keçi olanları.
Haşa,
min haşa indiki üzündən, heç
kəsə irişmədi,
qırışmadı, əyilmədi.
Ona gör də əyilməz oldu, ucalaşdı, xocalaşdı
Akif Səməd. Biləmmədik ozandımı,
ocaqdımı, pirdimi?
***
Türkü sevdi, insanı sevdi. O, türkü sevmək
məktəbiydi. “Nə mutlu türkəm
deyənə” misrası
sanki boyuna biçilmişdi. Akifi bilmək
üçün Mövlananı,
Yunusu, Füzulini, Dadloğlunu, Xətaini, Ələsgəri, Vaqifi, Vurğunu bilmək vacibdir. Akif onlardan yol almışdı. Akifi bilmək
üçün ürəyindən
keçirməlisən. Keçirsən biləcəksən
böyük türkün
sadəliyini və bu sadəliyin əzəmətli sufi qeyrətini.
***
Akif ruh adamıydı. O, möhtəşəm
türk ruhunun varılmamış qatlarına
vara bildi. Onun gizli kodlarını açdı. Sonra da şeirlərində bizə
çatdırdı. O şeirlərində ki, türk olmasan, onları duymazsan, duymasan qavramazsan. O şeirlərində ki, onlar insanı paklaşdıra və ucalda bilir. Akifin
elə şeirləri
var ki, onlara
hələ də vaqif ola
bilmirik. Ancaq oxuduqca ruhun
dincəlir, könlün
rahatlıq tapır.
Kəskin mübahisələri kəsən
dəmir məntiqi var idi. Yəqin ki,
hamının yadında
olar. Adı özündən qorxulu türkün ərgənəkon
bayramı məhərrəmliklə
üst-üstə düşəndə
mollaların səməniyə
qara bağlayaraq bayramsız keçinmək
təklifinə Akif Səməd aşağıdakı
şəkildə məntiqli
və susdurucu cavab vermişdi: “Mən dindar deyiləm, dini hisslərə hörmət
edən adamam. Xahiş və tələb edirəm, onlar da mənim bayramıma
hörmət etsinlər.
Yaşıl səmənimə qara bağlamaq fikrinə düşməsinlər.
Onsuz da bacarmazlar. Dünya yaşıllaşır. Yer, göy,
çöl, çəmən.
Sizdə
o qədər qara hardandı ki?”
Akif Səmədin
fəhminin, mütaliəsinin,
səmimiyyətinin, halallığının
gücü ilə çatdığı nöqtələr
vardı ki, hələm-hələm heç
bir “mənəm” deyən nə şair çata bilib, nə siyasətçi. Heç kəs müasirimiz
olan heç bir şairin Akif Səmədin halallığı ilə,
qeyrətli vətəndaş
mövqeyi ilə, millət sevgisi ilə, vətən sevgisi ilə müqayisədə üstünlüyündən
danışa bilməz.
Qarabağa da, hakimiyyətə
də yol halallıqdan keçir deyirdi Akif Səməd.
Etirazı olan varmı? Ölkədə cərəyan edən
bütün hadisələrə
anındaca açıq
münasibətini sərgiləyirdi.
Vətəni canından çox
sevirdi. Təbrizdən,
Şuşadan, Dərbənddən,
Tiflisdən... Narahat getdi.
Ancaq bizə - türk gəncliyinə umudlanırdı.
Hərbi xidmətdə
olanda mənə ünvanladığı məktubunda
yazırdı: “Həmid
bəy! İnan yaradanın birliyinə,
mən özümdən
(“mənəm-mənəm deyən
Xuruşşov nəslindən”)
də, bizim nəsildən də (qarğışa gəlmiş
durğunluq və keçid dövrü nəsli) sonra gələn sizin nəsli (azadlıq, müstəqillik dövrü)
çox sevirəm və umudluyam. Bizlər bacardığımızı etdik.
Sizlər istədiyinizi edəcəksiniz.
Nəsillər qarşı-qarşıya durmamalı, bir-birinin dayağı və davamı olmalıdırlar.
Həmid,
sənin qopub gəldiyin Borçalı
da Azərbaycandır.
Durduğun sərhəddən
beş addım
o yandakı Dəmirqapı
Dərbənd də, yaralı Qarabağ da, aralı Təbriz də sizi gözləyir. Bu gün dünyanın
diqqət mərkəzinə
dönən Kərkük
də. “Harda Kərkük gəlir yadıma, boğazlanan bir türk gəlir yadıma”. Və unutmayaq ki, bu böyüklükdə
Azərbaycan çox böyük türk dünyasının ATA yurdudur.
Baba yurd Doğu
Türküstan da, Ana
yurdu Türkiyə də, bala yurd
Kıbrıs da sizlərə bel bağlayıb, Sizlərə
güvənib ayağa
qalxıb ayaqdadır.
Tanrı
bu yolda yar və yardımcı
olsun. Əmin Akif SƏMƏD”.
Bir də Akif Səmədin mənə bir sözü qaldı. Bu gün mən həmin sözü mürşidin müridinə
olan son tapşırığı
kimi qəbul edirəm. Mütləq edəcəm. Ruhun şad olsun mürşidim, başın sağ olsun, millətim!
Həmid ORMANLI
Təzadlar.- 2014.- 22 iyul.- S. 15.