Moskvada böyük
mütəfəkkir xatırlandı
Bu günlərdə Moskvada Millətlər Evində görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin 220 illiyinə həsr olunmuş təntənəli ədəbi bədii gecə keçirilmişdir. Gecə “Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin təşəbbüsü və Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə baş tutmuşdur. Görüşdə ÜAK-ın icraçı direktoru İlqar Hacıyev, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi N.Axundova və Heydər Əliyev adına Fondun Moskva filialının nümayəndəsi Tamilla xanım və Moskvadakı azərbaycan diasporunun nümayənədləri iştirak etmişlər.
“Şəhriyar” ƏMC-nin sədri Vasif Məmmədov gecəni açaraq qonaqları salamladı və bu tədbirin keçirilməsində Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamı olduğunu qeyd edərək, Mirzə Şəfi Vazehin həyat yolu, yardıcılığı haqqında qonaqlara qısa məlumat verdi. Sonra geniş məruzə üçün Bakı Slavyan Universitetinin professoru, Moskva Linqivistika Universitetinin müəllimi Bella xanım Musayevaya söz verildi. Bella xanım Mirzə Şəfi yaradıclığının geniş təhlilini, onun klassik irsimizdən, Xaqani yaradıcılığından başlayaraq yaranmış ənənə və qaydalarından bəhs edərək, vaxtilə Tiflisdə fəaliyyət göstərmiş ədəbi məclisdə həm də A.Bakıxanov, M.F.Axundov kimi görkəmli ziyayılarımızın da iştirak etdiyini qeyd etdi. Həmçinin M.Ş.Vazehin qalmaqallı tərcüməçisi Bodenşdetin də bu məclisdə iştirak etməsi barədə məlumat verdi, onun Azərbaycan ədəbiyyatına marağından bəhs etdi. Bella xanım Mirzə Şəfi poeziayasının, hətta tərcümədə belə zərifliyinin, fəlsəfi incəliyinin duyulmasını qeyd edərək, həmçinin Almaniyada onun şeirlərinin yüzlərlə dəfə təkrar-təkrar nəşr olunduğunu, Raxmaninov kimi dahi rus bəstəkarının onun şeirləri əsasında 14 romans yazdığnı və bu romansları Şalyapinin ifasında səsləndiyini qeyd etdi. Bella Musayevanın tələbələri Mirzə Şəfinin şeirlərini rus, Azərbaycan və alman dillərində xüsusi bacarıqla ifa etdilər.
Ədəbi bədii gecədə “Şəhriyar” ƏMC-nin katibi, şair Sultan Mərzili Mirzə Şəfi dövrünü, Azərbaycan ədəbiyyatı tarixində onun tutduğu yeri, Azərbaycanın şərq aləmindən Rusiya vasitəsilə qərblə təmasını və bunun şairin yaradııclığında necə əks olunmasını diqqətləndirdi. Sənətkarlıq və peşəkarlıq baxımından yüksək mövqe tutan, ənənəyə sadiq qalan sənətkarın həm də xalqının, millətinin əsəb telləri kimi onun hər ağrı-acısını hiss etmyə, ifadə etməyə borclu olduğunu vurğuladı. Belə bir ənənənin bu gün də davam etdiyini, “Şəhriyar” ƏMC üzvlərinin onun daşıyıcıları olduğunu, bu cəmiyyətdə Ə.Hüseynli, Ə.Əvəz, İ.Bədəlbəyli, M.Bədəlbəyli, həmçinin N.Şıxlı, Y.Səfərov kimi istedadlı gənclərin də fəaliyyət göstədiyini qeyd etdi, sonda Azərbaycan və rus dillərində öz şeirlərini oxudu.
Gecədə ÜAK-ın nümayəndəsi Manaf Ağayev, “Şəhriyar” cəmiyyətinin üzvlərindən Maya Bədəlbəyli, İlham Bədəlbəyli. Əliş Əvəz, Yaşar Süleymanlı Mirzə Şəfi yaradıcılığı haqqında maraqlı çxışlar etdilər.
Gecənin bədi hissəsində beynəlxalq müsabiqələrin laureatı Riad Məmmədov, Nazim Hüseynov və başqaları çıxış edərk, klassik və müasir müsiqimizdən nümunələr ifa etdilər.
Tədbirin aparacısı isə gənc jurnalist İlahə Ələkbərova idi.
Təqdim etdi: Günel
Moskva
Təzadlar.- 2014.- 5 iyun.- S.15.