Bir yanı Daşkəsən, bir yanı Ləlvər...
(Şair Oruc Nikbinin 75 illik yubileyinə dost ərməğanı)
Özümü qanandan dilimin mübarək sözləri sırasında yer almış sözlərdən biri də Borçalıdır. Dəmir Qapı Dərbənd kimi, Təbriz kimi, Göyçə kimi... Görünür, elə bu səbəbdəndir ki, hər dəfə “Borçalı” sözü dilimə qonanda məni qəribə hisslər çulğayır. Ürəyim atlanır, qəlbim qübar eləyir, ulu sazımızın Borçalı kökünə köklənirəm. Yeddi arxa dönənimi xatırlamaq üçün bu bircə kəlməni dilimə gətirmək bəs eləyir... Bu dünyada heç nə boşuna baş vermir və mənim bu halım da yəqin ki, səbəbsiz deyil. Yoxsa, ustad Sadıq Sultanovun adı gələndə niyə ayağa durur, Dədə Əmrahın “Dilqəmi”si səslənəndə niyə varımdan yox olur, Hüseyn Saraclının “Ruhani”sini dinləyəndə niyə “Səsiyin sehrindən qara daş yanır...” söyləyirdim? Xan Kamandar Qəribi Hələbdən Qarsa, Qarsdan Sənan dağına, ordan Tiflisə gətirib çıxarınca, niyə haldan-hala düşürdüm?! Dağ Borçalıdan başlamış Qaraçöpəcən, Qaraçöpdən tutmuş Qazaxacan böyük bir ərazini mayalamış Nəqşibəndi müridləri Seyid Nigaridən oxuyanda niyə havalanırdım?!
İş bu ki, bütün bunların mayeyi-zatında Borçalı adlı ağır bir el, möhtəşəm bir elat və BORÇALI sözünün energetikası və təbii ki, mənim Borçalıya sevdalanmağımın kökündə də əcdadlarımın bu mətləbə dəxli olmağı dayanır. Mənə elə gəlir, bu beş-üç kəlmə ilə dəyərli oxucuya Borçalı sevgimin mahiyyətini qismən də olsa çatdıra bildim...
Burası da var ki, torpaq od qoruyanları ilə, onu canından artıq sevənləri ilə, adını ucaldanlarla şərəflənir, dillərdə dastan olur... Adını sadaladığım saz-söz korifeyləri məhz o kişilər olublar ki, bu yurdu şenəldib, özündən sonra gələn nəsillərə örnək olublar. Dədə Əmrah haqqında ən maraqlı xatirələri memar dostum Ömər Qoçulunun kitabından oxumuş, dilindən eşitmişəm. Ustad Hüseyn Saraclı ilə bağlı ən unudulmaz xatirələri isə mənə şair dostum Rövşən Nəsiboğlu söyləyib. Hər dəfə onlarla həmsöhbət olanda bir daha xəyalən ulu Borçalını gəzib dolaşmışam...
Tale bu dəfə uzun illərdir eyni şəhərdə yaşamağımıza baxmayaraq, şəxsən tanımadığım, lakin saz-söz məclislərində ismi tez-tez keçən, ulu Borçalımızın adı məşhuri-cahan olan Faxralı köyündə dünyaya göz açıb boya-başa çatmış, ömrünü sazımızın və sözümüzün başına pərvanə kimi dolanmaqla keçirən bir ağsaqqalımızla - Oruc Əlizadə ilə rastlaşdırdı. Əli Kərim adına Poeziya klubunda - mənim iş otağımda görüşdük. Harasa tələsdiyindən yaxından ünsiyyət bağlaya bilmədik. Sadəcə, tanış olduq və ayrıldıq. Bu ərəfədə Oruc müəllimlə uzun illərdir dostluq eləyən Arif müəllimlə görüşəndə, o, mənə Oruc müəllimin şeirlər kitabını verdi. Mən Oruc Əlizadənin sazımızın, sözümüzün təəssübünü çəkənlərdən, xiridarlardan olduğunu bilsəm də, onun “Oruc Nikbin” imzası ilə şeirlər yazdığından xəbərsiz idim. Amma sözün düzü, onun doğulub boya-başa çatdığı mübarək obanı xatırlayanda, cazibəsində olan insanların adını yadıma salanda bu məni heyrətləndirmədi. Kitaba ötəri nəzər yetirib onu sahibinə - Arif müəllimə qaytardım və Oruc müəllimi indiyəcən qiyabi də olsa tanıdığımı söylədim. Aradan uzun müddət keçəndən sonra biz yenə rastlaşası olduq. Tənqidçi dostum Vaqif Yusifli mənə telefon açıb Sumqayıtda olduğunu söylədi və iştirak etdiyi məclisdə mənim də arzu olunduğumu dedi. Mən Vaqif müəllimin dəvətini məmnunluqla qəbul eləyib professor Əmirxan Xəlilovun, Oruc müəllimin yaxın dostu Paşa bəyin və Rəfayıl Laçınlının da iştirak etdiyi həmin məclisə gəldim. Oruc müəllimin qurduğu məclisdə bu dəfə onunla daha yaxından tanış olduq və bəlli oldu ki, bu yaxınlarda Oruc Nikbinin 75 yaşı tamam olur, dostlar da elə bu münasibətlə bir araya gəliblər. Aradan az bir müddət keçmiş Oruc müəllimin 75 illik yubileyi münasibətilə düzənlənmiş möhtəşəm bir yubiley gecəsinin iştirakçısı olduq. Aşıq Şaiq İncəlinin sazının və ustadlarla yanaşı, Oruc Nikbinin də sözlərinin süslədiyi məclisdə görkəmli şairlərimiz, alimlərimiz, aydınlarımız da iştirak edirdi. Ustadımız şair Məmməd Aslanın dilə gətirdiyi xatirələr məclisdə iştirak edən hər kəsi bir daha keçmiş günlərə qaytardı, hamının gözləri önündə bir daha Oruc müəllimin bağ evi, bu ocağın bir-birindən mübarək qonaqları, sazlı-sözlü məclislər canlandı. Bu anda hər kəsin ürəyində şair Zəilmxan Yaqubun “Belə qocalasan qocalanda da...” misrası əks-səda verirdi. Oruc müəllimlə bərabər mənim də çox yaxın dostum və eloğlum Səməd İsgəndərov isə şair Ağamalı Sadiq Əfəndinin “Ağaclar qorxudan əyri göyərir...” şeirinə istinadən Oruc müəllimin ünvanına xoş sözlər söylədi və onu heç zaman əyilməyən, tufanlara sinə gərən palıda bənzətdi. Oruc müəllimin palıd ömrü yaşadığını nəzərə çatdırdı.
Əlbəttə, bütün bunlar məclisdə iştirak edən hər kəs kimi mənim də “ürəyimə sarı yağ kimi yayılırdı...” Oruc müəllim kimi bir ağsaqqalımızla yaxından tanış olduğuma sevinirdim. Amma əsas diqqətim, böyük təvazövkarlıqla “mən şair deyiləm, sadəcə, könlümdən keçənləri qələmə alıram” söyləyən Oruc Nikbinin şeirlərində idi. Aşıq Şaiqin saza qaldırdığı şeirləri dinlədikcə, nədənsə, ulu Aşıq Şenliyin “Səməd bəy ismində bir igid gördüm, Vəsfini qaldırdım saza, əfəndim!” misralarını xatırlayırdım ki, aşıq dostum elə bil ürəyimdən keçənlərdən duyuq düşdü və həmin şeiri oxumağa başladı. Bunu ardından isə aşığın ifasında Zarıncı havası üstə Oruc Nikbinin öz doğma kəndinin əlamətlərini nişan verən “Faxralı” qoşması səsləndi:
Əziz dostum, elimizi soruşdun,-
Hamı deyir ağır eldi Faxralı.
Babalardan miras qalıb bizlərə,
Qonaqsevər əhli haldı Faxralı.
Bir yanı Daşkəsən, bir yanı Ləlvər,
Ortada göylərə ucalır Səngər.
Gözəldağı Ərafata bərabər,
Gözün doymaz bir mahaldı Faxralı.
Hər yanı cənnətdi qış da, bahar da,
Xəyal orda gəzər olsam da harda.
Canım
qurban olsun o gözəl yurda,
Deməyin Orucsuz qaldı Faxralı.
Bu yazı el ağsaqqalı, saz-söz xiridarı, dəyərli insan, millət və məmləkət sevdalısı, yuxarıda sitat gətirdiyim qoşmaya nisbət gözəl şeirlər müəllifi Oruc Nikbinlə tanışlığımızdan aldığım xoş təəssüratın yalnız bir qismidir desəm, doğru olar. Mən Oruc müəllimi bir daha 75 illik yubileyi münasibətilə canı-dildən, sidq-ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, könül xoşluğu, bir sözlə - mənalı bir ömür arzulayıram.
Yüz yaşa, Oruc müəllim! Sizin kimi müdrik ağsaqqalların yaşadığı ömür bizlər üçün örnəkdir. Uca Tanrı millətimizi hürr yaşatsın, məmləkətimizi bütöv eləsin! Allah “Bir yanı Daşkəsən, bir yanı Ləlvər” olan doğma Faxralını sizə, sizi də doğma Faxralıya çox görməsin! Zatən, sizin ən böyük arzularınız da elə bunlardır. Allah arzularınıza çatdırsın!
Sayğılarla:
İbrahim İLYASLI
Təzadlar.-
2014.- 5 iyun.- S.15.