İstedadlı bəstəkar, fədakar alim
Babək Qurbanovun həyat
və yaradıcılıq yolu
İyun ayının 10-da Azərbaycan və Türkiyə içtimaiyyəti, xüsusilə də musiqisevərlər və sənət adamları tanınmış həmyerlimiz, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, prof. dr. Babək Osmanoğlu Qurbanovun anadan olmasının 75 illiyini qeyd etdi. Bu böyük alim, böyük musiqi nəzəriyyəçisi və bəstəkar, təcrübəli pedaqoq, gündəlik həyatda sadə və təvazökar insan həyatının böyük bir parçasını elmə və Azərbaycan musiqisinin təbliğinə həsr etmişdir. Babək Qurbanov xalq şairi Osman Sarıvəllinin oğludur. O, 1939-cu ildə Bakıda anadan olmuşdur. İbtidai və orta təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki xüsusi musiqi təmayüllü məktəbdə almışdır. Liseydən sonra gənc musiqiçi eyni adlı konservatoriyaya daxil olur və 1962-ci ildə fərqlənmə diplomu ilə oranı bitirir. Konservatoriyanı o (elmi rəhbəri tanınmış folklorçu-alim, pedaqoq prof. M.S.İsmayılov idi) aşıq sənətinin nəzəri və estetik problemlərinə həsr edilmiş diplom işi ilə bitirir.
1967-ci ildə Babək Qurbanov “Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edir və musiqi estetikası sahəsində fəlsəfə elmləri namizədi alimlik dərəcəsi adına layiq görülür. 1981-ci ildə Moskvada, SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda fəlsəfə üzrə doktorluq dissertasiyasını müdafiə edir. “Proqramlı musiqinin estetik prinsipləri” adlı bu əsər mütəxəssislərin dərin marağına səbəb olmuşdur. Dissertasiyanın müdafiəsi zamanı görkəmli alimlərin və musiqiçilərin, o cümlədən V.Lomonosov adına Moskva Dövlət Universiteti Fəlsəfə fakültəsi dekanı prof. M.F.Ovsyannikov, akademik V.V.Vanslov, Rusyanın əməkdar elm xadimi, professor A.Y.Zis, prof. F.X.Kessidi, prof. E.G.Yakovlev, prof. N.L.Leyzerov, prof. E.Milstein, prof. E.Çyornaya və digərləri iştirak etmişlər. Babək Qurbanov 1981-ci ildən etibarən isə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda “Estetika və Etika” şöbəsinin müdiri vəzifəsində çalışmış və 1988-1992-ci illər arasında Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Mədəniyyət tarixi və nəzəriyyəsi” kafedrasına rəhbərlik etmişdir.
1992-ci ildə həmyerlimizi Türkiyəyə, Ərzurum Atatürk Universitetinə dəvət edirlər. Bu universitetdə 2008-ci ilə qədər məhsuldar çalışan B.Qurbanov iki fakültədə müxtəlif sosial və musiqi dərslərinə girməklə birlikdə elmi və bəstəkarlıq çalışmalarını da davam etdirməyi unutmur. O Türkiyənin bir çox ən mötəbər qəzet və dərgilərində sənət fəlsəfəsi, kulturologiya, musiqişünaslığa aid onlarca məqalə yayınlaya bilir. Təsadüfi deyil ki, B.Qurbanovun bu fəal yaradıcılıq yolu tezliklə mütəxəssislər tərəfindən diqqətə alınır və onu eyni zamanda bir çox dərgilərin idarə heyətinə üzv qəbul edirlər. “Turkeli”, “Güzel Sanatlar”, “Türkiyat”, “Çizgi” və s. kimi yayın orqanlarını örnək vermək mümkündür. Onun şəxsi təşəbbüsü ilə estetika və sənət fəlsəfəsi dərsləri üniversitenin dərs proqramına daxil edilmişdir. Prof. B.Qurbanov sənət fakültələrində musiqi nəzəriyyəsi, harmoniya, musiqi estetikası, musiqi əsərlərinin analizi dərslərini də vermişdir. O, eyni zamanda bu fənləri aspirantları ilə olan dərsləri zamanı da həyata keçirməkdədir. Bir neçə ildir ki, o, içtimai elm sahələri olan “Sosial Dəyişmə”, “Sosial Psixologiya”, “Fəlsəfə və Mədəniyyət”, “Çağdaş Türk Düşünce Tarixi” fənləri üzrə də mühazirələr oxumaqdadır.
2008-ci ildən bu günə kimi B.Qurbanov Gaziantep Universitetində Türk Musiqisi Dövlət Konservatoriyasının professoru vəzifəsində çalışmaqdadır. Burada o, eilmi kadrların yetişdirilməsi, inkişafı işinə xüsusi yer verməkdə və hər vasitə ilə Türkiyədə elmi potensiyalın inkişafı, özəlliklə də musiqişünaslıq, etnomusiqişünaslıq sahələrinin inkişafına xüsusi səy göstərir. Artıq bu 3-4 il ərzində onun rəhbərliyi ilə konsevatoriyanın üç pedaqoqu uğurla müdafiələrini edib, dokdorluq diplomlarını ala bilmişlər. B.Qurbanov Azərbaycan və Türkiyə arasında əsrlərdən gələn sosial-mənəvi əlaqələri daim inkişaf etdirmək, onu zənginləşdrimək yolunda fədakarcasına, yorulmadan çalışan alimlərimizdəndir. Onun Gaziantep üniversiteti ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Musiqi Akademiyası arasında elmi-yaradıcılıq əlaqələrinin yaradılması yolundakı fəaliyyətini bu baxımdan bir daha xatırlatmaq istərdik.
Prof.dr. Babək Qurbanovun əsərlərinin “ölü” əsərlərdən olmadığını sübut edən faktlardan ən önəmlisi, heç şübhəsiz, onun kitablarından, monoqrafiya və məqalələrindən iqtibas şəklində və tez-tez istifadə olunmasıdır. Onun musiqişünaslıq və folklorşünaslıq, həmçinin musiqi estetikası, sənət fəlsəfəsinə aid əsərləri tədqiqatçı alimlərin diqqətlərini çəkməsinin şahidi oluruq.
Babək Qurbanov dəfələrlə (Moskva, Sankt-Peterburq, Tiflis, Bakı, Kiyev, Daşkənd, Tallinn, Vilniyus, Varna, Stockholm, Ankara, Bursa, Konya, Sparta, Şanlı Urfa, Ərzurum, Van, Kars və s.) incəsənət və mənəvi mədəniyyət məsələlərinə aid milli və beynəlxalq elmi-nəzəri konfranslarda və simpoziumlarda iştirak etmişdir.
B.Qurbanov ardıcıl olaraq müxtəlif qəzet və jurnallarda çap etdirdiyi məqalələrdə əsasən Azərbaycan mədəniyyətinin təbliği, onun bədii və estetik xüsusiyyətlərinin zənginliyi, bəşəriliyi təbliğ olunur. B.Qurbanovun bu baxımdan, Türkiyədəki tanınmış yayın orqanları ilə olan yaradıcılıq mümasibətlərini qeyd etmək mümkündür. Məsələn, onun İstanbulda nəşr olunan və uzun zaman diqqət mərkəzində olan Türkiyənin professional musiqi jurnalı olan “Orkestra” dərgisi ilə olan münasibətlərini xüsusi olaraq xatırlatmaq yerinə düşər. Bu dərgidə bir çox musiqi estetikasına aid məqalələr yayımlayan B.Qurbanov eyni zamanda Azərbaycan bəstəkarlarını da unutmur (Üzeyir Hacbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Asya Sultanova, Arif Məlikov, R.Şəfəq), onlar haqqında türk oxucusuna məlumatlar verir.
Babək Qurbanov türk həmkarları və müəllifləri ilə yaradıcılıq əlaqələrinə də xüsusi önəm verir. Məsələn, onun 1997-ci ildə televiziyanın nəzəri və estetik məsələlərinə həsr olunmuş və prof.dr. Mehmet Takkaçla birlikdə yazdıqları kitabı örnək gətirmək mümkündür.
Bundan başqa, Babək Qurbanov türk, rus və Azərbaycan dillərində olan elmi-bədii ədəbiyyatla əlaqədar tərcümə problemlərinə də mühüm əhəmiyyət verən şəxsiyyətlərdəndir. Onun monumental epik kalmık qəhrəmanlıq dastanı “Canqar”ı türk və Azərbaycan dillərinə tərcüməsi (yayın mərhələsindədir), N.Berdyayevin “Rus kommunizminin mənbəyi və mənası”, P.Kozlovun “Musiqi formalarının təhlili”, Puqsçenkovanın “Orta Asiyanın şah əsərləri”, A.Y.Zisin “Estetikada konfrontasiyalar (qarşıdurmalar), bir çox Azərbaycan alimlərinin kitab və məqalələrinin türk dilinə tərcüməsi və s. bir daha müəllifin geniş maraq dairəsi və erudisiyasından xəbər verir.
B.Qurbanov özünü bir professional bəstəkar kimi görməsə də, onun əsərlərinin professional musiqiçilər, ifaçılar tərəfindən Ankarada, Ərzurumda, Karsda, Şanlı Urfada, Gaziantepdə və digər türk şəhərlərində ifa olunması və maraqla qarşılanması da onun bəstəkarlıq istedadının yüksək olmasına şübhə doğurmur.
Babək Qurbanovun bir çox türk xalq mahnılarının yorumlanması, armonizə edilməsi yolunda da maraqlı çalışmalarını misal gətirmək mümkündür. Heç şübhəsiz, bu qəbildən olan çalışmalar da onun qarşılıqlı zənginləşmə və sosial-mədəni əlaqələrimizin möhkəmlənməsi arzusundan irəli gəlməkdədir. 30-dan artıq kitab və təxminən 600-ə yaxın elmi-nəzəri-publisistik məqalələr müəllifi, onlarca kitabın redaktoru olmuş Babək müəllimin son illərdə yayımlanmış aşağıdakı kitablarını örnək verməklə bir daha bu nadir şəxsiyyətin geniş fəaliyyətini təsdiq etmiş olarıq: “İncəsənət və bədii estetik problemlər”, Bakı, 2000; “Azərbaycan incəsənəti: təriflər və təhriflər”, Bakı, 2001; “Musiqili - estetik tərbiyənin bəzi bədii-estetik məsələləri”, Ankara, 2005, “Çağdaş sanat eğitiminin problemleri” (dr.R.Məmmədəliyevlə birlikdə), Anakara, 2011; “Musiqi, mətn, ifaçılıq sənəti”, Bakı, 2014 və s.
Azərbaycan incəsənətini və mədəniyyətinin elmi-nəzəri problemlərinin təhlili, həmçinin Azərbaycan və Türkiyə arasında sosial-mədəni əlaqələrin möhkəmləndirilməsi, eləcə də məhsuldar pedaqoji və elmi fəaliyyətini nəzərə alaraq əlaqədar təşkilatlar və qurumlar prof.dr. Babək Qurbanovu bir çox mükafatlar və təşəkkürnamələr, fəxri fərmanlarla təltif etmişlər. Bu gün də çoxyönlü fəaliyyətindən, həmçinin xeyirxah yaradıcılıq əməllərindən qalmayan Babək Qurbanov əzmlə çalışmaqda, xalqımızın, respublikamızın demokratik yolla irəliləməsindəki nailiyyətlərimizi təbliğ etməkdədir. Təbii ki, bu qısa həcmli yazımda prof.dr. Babək Qurbanovun həyat və yaradıcılığını əhatə edə bilmək fikrindən çox uzağam, inanıram ki, gələcəkdə onun yaradıcılıq yolu tədqiqatçı alimlərimizin daha əhatəli və nəzəri cəhətdən daha yüksək səviyyəli tədqiqat işlərinin əsasını təşkil edəcək (Bir daha xatırlatmaq lazımdır ki, Türkiyədə müxtəlif zamanlarda Babək Qurbanovun yaradıcılığına həsr edilmiş üç diplom işi yazılmışdır. Mən bu yazımda isə imkan çərçivəsində bir daha prof.dr. Babək Qurbanov şəxsiyyətinin, xüsusilə də elmi-pedaqoji fəaliyyətinin nə qədər zəngin, genişmiqyaslı və faydalı olması fikrini vurğulamağa çalışdım.
Həsənova Nərgiz
Rəfael qızı,
sənətşünaslıq
elmləri namizədi,
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin müəllimi
Səs.- 2014.- 12 iyun.- S.15.